Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Şah İsmayıl Xətai: imtina etmək, yoxsa tarixin gizlin və gerçəklərinə baxmaq

Şah İsmayıl Xətai: imtina etmək, yoxsa tarixin gizlin və gerçəklərinə baxmaq

25.08.2026 [10:35]

Nihal Atsıza görə Osmanlı-Səfəvi müharibəsi bir iç savaşıdır...

1966-cı ildə yazdığı bir məqaləsində Nihal Atsız “Osmanlı-Səfəvi savaşı bir iç savaşıdır” deyir və əlavə edirdi ki, “Türklərin bəzilərini milli düşmən deyə göstərmək həm tarixi dəyişdirmək, həm də sabahkı türk birliyini indidən baltalamaq olur. Bu baltalama tarixi düşmənlərimizin çörəyinə yağ sürtməkdir”.

Bu sözlərin deyildiyi vaxtdan altmış il keçib. Nihal Atsız “sabahkı türk birliyi”ndən danışırdı. İndi isə Türk birliyinin ərəfəsindəyik. Mehmet Akif demişkən, “Tarix yola düşərkən, yol üstündə yatılmaz”. Orta əsrlərdə bu coğrafiyada milli qovğa yoxdur. Məzhəb qovğası var. Bəzən heç məzhəb qovğası da yoxdur. Hakimiyyət iddiaları var.

Hətta Şah İsmayıl ona pənah gətirmiş Muradın oğlu Əhmədi əmisi Səlimin qəzəbindən qorumuşdu. Çaldıran ərəfəsində isə Səlimin qardaşı şahzadə Əhməd də, Əhmədin oğlu Murad da Anadoludakı ələvi qiyamlarının önündə gedirdilər. Yəni II Bəyazidin oğlu da, nəvəsi də qızılbaş hərəkatının içindəydilər. Bəzən hətta önündəydilər... Xətai şeyx idi. Anadolunun içərilərində də onun şeyxliyinə, təriqətinə bağlı insanlar yetişirdi. Bütün hallarda Xətainin təlqinləri var, torpaq iddiası yoxdur. Bu təlqinlər də Səlimin atası Sultan II Bəyazid tərəfindən hirslə qarşılanmır, əksinə, vaxtilə osmanlı taxtında oturmaq xatirinə qardaşı Cem Sultanın başına müsibətlər gətirən II Bəyazid də Xətaiyə “böyük padişah, Türk və Dəyləm diyarlarının, əcəm məmləkətlərinin əzəmətli hökmdarı, dövrümüzün Cəmşidi, böyük Allahın yardım etdiyi Şah İsmayılın Allah dövlətinin əsaslarını gücləndirsin” deyə məktublar yazır, Ərdəbil təkkəsinə yardımlarda bulunmaqdan geri qalmır. Çünki sultanın özünü də bəzən sufi sultan adlandırırdılar.

Səlim və Xətainin ixtilafına Əli bəy Hüseynzadənin baxışı

Orta əsrlər nöqteyi-nəzərindən bu məqamda Xətai, əgər deyildiyi kimi, suçludursa, Səlim də o qədər suçludur. Bir az geniş aspektdə götürəndə, bunların iddialarının timsalında türk aləmi deyil, islam aləmi bölünüb, İslam təqsim olunub. Bunu da ilk dəfə 1908-ci ildə Əli bəy Hüseynzadə yazdı: Sultan Səlimlə Şah İsmayıla qədər islam ölkələrində inzibati idarətmə (hökuməti-cismaniyyə) bölünmüşdü. Amma bunlar İslamı mənəvi baxımdan, yəni ruhən böldü. “Çünki Sultan Səlim ilə Şah İsmayıla qədər nə səltənətlər məzhəb davasında və nə də məzhəblər böylə əsaslı surətdə səltənət davasında olmamışlardır”.

(Burda bir məsələni də yada salmağa ehtiyac var. Hüseynzadənin 2500 illik türk tarixindən bəhs edən “Siyasəti-fürusət” əsərinin “Teymurnamə” fəsli “Səfəvilər” fəsli ilə davam edir.)

Türk ülküçülərinin məsələyə baxışı

Ülküçü türk şairi olan Niyazi Yıldırım Gencosmanoğlu: “Ta ezelden hür milletiz, / Soyu-sopu gür milletiz, / Kandan, candan bir milletiz, / Bir temel, bir duvar, bir taş / Alevi, Sünni, Kızılbaş!” deyə yaza bilirsə, deməli, tarixin o səhifəsi çoxdan qapanmışdır.

Səlim dövrü tarixçilərinin rəyinə əsasən Xətaiyə qiymət vermək

Təəssüf ki, son günlər Xətai mövzusunda diskussiyada iştirak edənlərin çox azı istisna, əksəriyyəti orta əsrlərə məxsus osmanlı tarixlərinə istinad edir. Amma orta əsr saray tarixçilərinin yazdıqlarında təhriflər, mübaliğələndirmələr olmayıbmı? Onlardakı düşmən intonasiyadan sərf nəzər edilməsə, əks təqdirdə, babalarımızın simasında ortaya nəinki faşist, hətta adamyeyən vampir bir zümrənın çıxması ehtimalı da çox yüksəkdir. Məsələn, Hoca Sadəddinin, yaxud Solakzadənin kitablarında yazılanlar kimi: “Şah İsmayıl, Alaüddövlənin paytaxtını yaxıb yıxdı; əcdadının məzarlarını açıb sümüklərini atəşə verdi. Nəql edirlər ki, Alaüddövlənin oğlunu və qızını kabab etdirmiş və İranilər bir-birinin əllərindən qapıb yemişlər”. Mən bu sitatı Hammerin “Böyük Osmanlı tarixi” kitabından gətirdim. Amma diqqət yetirilməli bir nöqtəni də gözardı etməyək. Osmanlı müəllifləri “gördüm” demir, “nəql edirlər” deyir... Amma fakt Hammerin kitabına tarixi gerçək kimi düşür. Sadəddin, yaxud Solakzadə hər deyiləni yazıya almasaydı, şübhəsiz ki, onların İranilər adlandırdığını Hammer İran mərdumxorları (adamyeyənləri) deyə mübaliğələndirməyəcəkdi.

Franz Babingerin “Osmanlı Tarih Yazarları” kitabı və bir kürd diplomatı İdris Bitlisi

Franz Babingerin “Osmanlı Tarih Yazarları” əsərindəki xronoloji ardıcıllığa diqqət yetirsək, belə bir qənaətə gəlmək olur ki, Sultan Səlimlə bağlı ilk əsəri İdris Bitlisi yazıb. İdris Bitlisi Osmanlı tarixindən bəhs edən farsca “Həşt Behişt”, “Səlimnamə” əsərlərinin müəllifidir. Franz Babinger qeyd edir ki, Bitlisi əvvəl Ağqoyunluların sarayında sultan Yaqubun katibi olub, Şah İsmayıl səltənətini qurduğu ilk günlərdə II Bəyazidin yanına qaçıb, onun himayəsinə sığınıb, Çaldıran savaşında Səlimi müşayiət edib və Çaldırandan sonra Sultan onu Kürdüstan hakimi təyin edib. Babingerin bildirdiyinə görə, Bitlisi “Bir kürd ordusunun başında... Mardini fəth edib” və s. Şah İsmayılla Sultan Səlim arasındakı savaşın ilk tarixçiliyini edən İdris Bitlisidir. Sultan Səlim dövrü barədə yazılanların əksəriyyəti İdris Bitlisidən sonra qələmə alınıb. Təkcə osmanlı qaynaqları deyil, Şahin Fazilin “Azərbaycan XV-XVI əsrlərdə” (1983) kitabında da yazdığı kimi, azərbaycanlı Həsən bəy Rumlunun “Əhsənüt təvarix” əsəri üçün də qaynaqlardan biri İdris Bitlisinin “Həşt behişt” əsəri olmuşdur.

Xətainin məzhəb faşizmi, yoxsa Osmanlı müftisinin fitvası?

Xətaini məzhəb faşizmində suçlayanlara professor İsmayıl Hakkı Uzunçarşılının “Büyük Osmanlı Tarixi” kitabında Xoca Sadəddinin “Tacüt Təvarih” əsərində verilmiş belə bir məlumatı xatırladıram: “Padişah Anadoluda aram edən Qızılbaşları təftiş üçün hükkami-məmalikə hökmlər göndərib, yeddi yaşından yetmiş yaşına varınca Qızılbaş olduğu sabit olanların isimlərini dəftərə qeyd ilə kəndisinə göndərilməsini əmr etmişdi. Padişahın əmri üzərinə təhqiq və təftiş nəticəsində qırx min adam tevkif olunaraq kimi qətl edilmiş və kimisi həbs olunmuşdur”.

Səfəvi təriqətinin saliklərinə ilk öncə Səlim tərəfindən belə amansız divan tutulub.

Bu, Xətainin silahsız-filansız ruhi təlqinlərlə Anadoluya sirayət etdiyi illərin birində və Sultan Səlimin hakimiyyətinin ilk ilində baş verənlərdir. İsmayıl savaş açmır, torpaq istəmir. Səlim isə onu ortadan qaldırmaq üçün bütün tədbirləri görür. Tekindağ “Yeni qaynaq və vəsiqələrin işığı altında Yavuz Sultan Səlimin İran səfəri” məqaləsində belə faktların bir neçəsini təqdim edib: Osmanlı müftisi Müfti Həmzə fitva verir ki, “Ey müsəlmanlar! Biliniz ki, rəisləri Ərdəbil oğlu İsmayıl olan qızılbaş taifəsi, Peyğəmbər Əfəndimizin şəriətini, İslam dinini və Qurani-Mübini xor görməkdədir. Cənab Allahın haram qıldığı xüsuslara halal deyən, Qurani-kərimi atəşə atan, məscidləri, camiləri yıxan, şahlarını büt yapıb səcdəyə gələn... bu qızılbaş taifəsinə qarşı hərb elan edilməsinə fitva verdik... Qızılbaşlarla işbirliyi yapan, onların etdiyini edən də kafirdir. Öldürülən qızılbaşlar cəhənnəmlikdir. Onların nikahları batildir” və s. Göründüyü kimi, müfti Həmzə Xətaiyə münasibətdə rəngləri çox tündləşdirir. Kərbəlada İmam Hüseyn türbəsini, Nəcəfdə Hz. Əli məscidini və b. ziyarətgah və məbədləri azərbaycanlı memarlar Xətainin dövründə, təbii ki, onun istəyi ilə inşa etmişdilər. Amma fitvada o, osmanlı cameəsinə, az qala, dövrün dəccalı kimi təqdim edilirdi.

Osmanlının möhtərəmlərindən olan Kamal Paşazadə bu fitvanı əsaslandıran digər fitva verib. Bu fitvaya görə də qızılbaşların öldürülməsi caiz, malları halal, nikahları batil hesab olunurdu və s.

Vaxtilə Valther Hinz qızılbaşlarla nasistləri müqayisə edir, qızılbaşların “Bismi-Şah”ını nasistlərin “Heil Hitler”i ilə qiyaslandırırdı. Müqayisə tamamilə yanlış idi. Tutaq ki, Şah İsmayıl Bağdadı savaşsız almışdı. Əgər Şah İsmayılın qızılbaşları Bağdada faşist kimi girirdilərsə, şəhər nə üçün savaşsız təslim olurdu? Tahsin Yazıçının “Şah İsmayıl” məqaləsində bu məsələyə aydınlıq gətirilmişdir: “Bağdad valisi, içində çox sayda şiə bulunan şəhəri müqavimət göstərmədən Şaha təslim etdi”.

Xətainin özünü Allah, ya da peyğəmbər məqamında gördüyünü kim deyir?

Prosesin axarında anonim tarixlər dövriyyəyə daxil oldu. Yunan dilində yazılmış və osmanlının 1373-1512-ci illərini əhatə edən anonim Osmanlı tarixinin müəllifi yazırdı ki, “İranda qızılbaş İsmayıl ayaqlandı... Ordu topladı. Bir çoxları ona inandılar. Onu peyğəmbər yapdılar. Bu həvalinin sarasinləri öz ölkələrindən peyğəmbər çıxmasından dolayı böyük sevinc duydular. Peyğəmbər olaraq gəldiyinə dair ağlına gələnləri söylədi”. Yəni XVI əsrin yunanca yazılmış tarix kitabı Xətai barədə bu qədər föhş və böhtan uydurmuşdu.

Belə yanaşmalar təəssüf ki, 2000-ci ildən sonra Azərbaycanda da müşahidə olunub. 2003-cü ildə Bakıda çap olunmuş bir kitabın ilk yazısı “Atəşlə xaçın izdivacından yaranmış bic” adlanırdı və həmin yazı Şah İsmayıl Xətaini hədəfə almışdı. Xətainin anasını xristian missioneri adlandıran müəllif, diqqəti Xətaini himayə edən erməni kilsəsinə yönəldir və “Yer yox ikən, göy yox ikən ta əzəldən var idim” misrasının da yer aldığı qəzəlini xristianlıqdakı üç üqnumdan, yəni “Ata Allah, Oğul Allah və Müqəddəs Ruh görüşündən daha da kafircəsinə iddia” adlandırırdı. (O vaxt cavab olaraq “Yol daşını yol quşuna atma, qardaş, kərəm eylə” adlı məqalə yazıb 2 iyul 2004-cü il tarixli “Ədəbiyyat qəzeti”ndə dərc etdirmişdim).

Böyük alman alimi Karl Brokkelman “İslam ulusları və dövlətləri tarixi” əsərində bildirir ki, Şah İsmayıl Mesopotamiyanı və İraqı fəth edəndən sonra, yəni Nəcəfə və Kərbəlaya sahib çıxandan sonra Hüveyzada Əlini Allah olaraq tanıyan, rəhbərlərinə Allah olaraq tapınan müfrid bir şiə təriqəti vardı ki, Xətai bu təriqətin mənsubları ilə çox sərt davranmışdı. Bilmirəm, bunu Brokkelmandan başqası da yazıbmı?

Xətai müridlərini bəzən əliilahilikdə suçlayırlar. Dində fəsad törətməsinin bir səbəbi kimi də, yuxarıda da göründüyü kimi, bunu deyirlər. Amma həmin misralar yalnız kontekstdən çıxarılanda deyilən təsəvvürü verir. Qəzəlin son beyti isə belədir: “Mən Xətaiyəm, həqqi həqq tanımışam bigüman, / Onun üçün ol yaratdı, mən ona dərkar idim”. Bu, təkcə Xətaidə deyil, Xətaiyə qədərki bütün sufi mətnlərində keçən doktrindir. “Allah özünü bəyan etmək istədi və insanı yaratdı”. Xalq yazıçısı Anar 1985-ci ildə yazdığı “Şairin zəfəri” adlı essesində Xətainin bu misralarında Nəsiminin panteist, vəhdəti-vücud görüşləri ilə səsləşmələr görürdü.

Nihal Atsız deyirdi ki, “Bir az eşələsəniz... yunan fəlsəfəsindən, buddizmdən və sairədən gələn ünsürlərlə Tanrılıq iddiasına qədər qalxan mütəsəvvüflər məlumdur. Mənsur bu çılğınların ən tanınmışıdır...”

Xətai də daxil olmaqla, İslam aləminin hansı şairi üçün Mənsur örnək deyil?

Digər tərəfdən, osmanlı qaynaqlarında göstərilir ki, Şah İsmayıl Bağdada daxil olanda guya Mənsur Həllacın məzarını dağıdıb. Şah İsmayıl Mənsurun məzarını necə dağıda bilərdi ki, özü:

Çün təcəlli nurını görmək təmənna eylərəm,

Şimdi Mənsurəm, məni bir darə göndərmək gərək,

- deyirdi. Belə bir Şah İsmayıl Bağdada girəndə necə ola bilərdi ki, Mənsur Həllacın məzarı dağıdılaydı?!

Azər TURAN

Paylaş:
Baxılıb: 91 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31