Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Türkiyədə yalançı İslam təəssübkeşliyi

Türkiyədə yalançı İslam təəssübkeşliyi

18.10.2026 [16:13]

Qısa müstəqillik tarixində Azərbaycan böyük uğurlara imza atıb. Bu gün respublikamız bütün sahələrdə dünyaya nümunəvi modellər təqdim edir. Tarixi zəfərləri ilə regionda sülh və sabitlik üçün münbit zəmin formalaşdıran Azərbaycan eyni zamanda qlobal həmrəyliyin möhkəmlənməsini hədəfləyən təşəbbüslər irəli sürür, ciddi çağırışlarla üzləşən ayrı-ayrı regionlarda geniş əhatə dairəsinə malik olan humanitar diplomatiya həyata keçirir. Bütün bunların nəticəsi olaraq beynəlxalq səviyyədə Azərbaycana maraq və hörmət artır. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) paytaxtımızda baş tutan son Zirvə görüşündə ölkəmizin quruma sədrliyinin daha iki il uzadılması bunun daha bir təsdiqinə çevrildi.

Respublikamızın daxili və xarici siyasətdə qazandığı böyük uğurlar dostlarımızı sevindirdiyi kimi, buna qısqanclıqla yanaşan qüvvələr də var. Aydın şəkildə görünür ki, bəzi xarici dairələr respublikamızın dünyada orta güc dövləti kimi qəbul edilməsini sinirə bilmirlər və buna görə də Azərbaycanın inkişafına və nüfuzuna hansı yollarlasa xələl gətirməkdən ötrü müxtəlif planlar hazırlayırlar. Hazırda bu bədniyyətli proses daha da intensivləşib. Təəssüf doğuran odur ki, ölkəmizin dövlət maraqlarına, ümummilli məqsədlərimizə xələl vurmağa hesablanan bu proseslərdə qardaş Türkiyənin hazırkı iqtidarına yaxın olan çevrələri təmsil edən bir sıra şəxslər də fəallıq göstərirlər. 

Türkiyə xalqı bizim can qardaşımız, sevincimizi, kədərimizi bölüşdüyümüz xalq olsa da...

Azərbaycan Türkiyə dostluğu əbədidir və dünyada xalqlarımızın qardaşlığına xələl vura biləcək hansısa bir qüvvə yoxdur. Bu dostluq tarixə söykənir və yüz illiklər boyunca sınaqlardan çıxaraq daha da bərkiyib. Çünki biz eyni bir ağacın budaqlarıyıq. Tarix boyunca iki xalq bir-birinə güvənib, kədərini və sevincini birlikdə yaşayıb. Bu, gələcəkdə də belə olacaq. 

Ancaq Türkiyənin hazırkı iqtidarının bəzi təmsilçilərinin, eləcə də hakimiyyətə yaxın olan ayrı-ayrı çevrələrin son günlərdə artan manipulyativ davranışlarının məntiqi əsla iki xalqın tarixən formalaşan qonşuluq, qardaşlıq münasibətlərinin ruhuna əsla uyğun gəlmir.  

Bəli, Azərbaycana qarşı çirkin kampaniyada Türkiyədəki müəyyən çevrələrin yer alması acı təəssüf hissi doğurur. Azərbaycan Türkiyə ilə qardaşlıq münasibətlərini nəzərə almaqla səbr nümayiş etdirsə də, böhtanlara cavab verməməyə çalışsa da, qarşı tərəf bunu adekvat dəyərləndirmir. Artıq neçə gündür ki, Türkiyənin hakim elitasında, siyasi dairələrində, ictimaiyyət arasında və mediada Azərbaycana qarşı əsası olmayan, şər-böhtan kampaniyası səngimək bilmir.

Məsələn, Prezident Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral X platformasındakı paylaşımında qeyd edib ki, Azərbaycanda hicablı şagirdlərin təhsil hüququnun məhdudlaşdırılması qəbuledilməzdir.

“Müxalif” CHP lideri Kılıçdaroğlu da açıq şəkildə daxili işlərimizə müdaxilə cəhdlərində bulunub. “Qadınları azad buraxın, qoyun istədiyi paltarı geyinsin”, - deyə o, absurd çağırış edir. 

Eləcə də Türkiyənin qeyri-hökümət təşkilatlarından Gənclər Hərəkatı, Dəvət və Qardaşlıq Fondu, Yeddi Aypara, Bingöl İslam Qardaşlığı və Həmrəylik Platforması, Türkiyə İmam Hatip Məktəbləri Fondu (TİMAV) və Milli Türk Tələbə Birliyi (MTTB) Azərbaycandakı məktəbli forması tətbiqinə yanlış yöndə qiymətləndirərək inanc azadlığının qorunmasının vacibliyini vurğulayan bəyanatlar yayıblar.

Göründüyü kimi, Türkiyədə ölkəmizə qarşı başlayan haqsız və çirkin kampaniyada iştirak edənlərin siyahısı kifayət qədər genişdir. Sanki, bir xor dərnəyi yaradılıb və  dirijor çubuğu da hakim elitanın əlindədir. Hamı eyni havanı çalıb oxuyur.

İslam dini manipulyasiya predmetinə çevrilməməlidir

Bu dəfə Azərbaycana qarşı kampaniyada yer alan qüvvələr din pərdəsi arxasında gizlənirlər və abır-həya etmədən İslam dinini manipulyasiya predmetinə çevirməyə çalışırlar. Türkiyədəki adını çəkdiyimiz və çəkmədiyimiz dairələr məsələni qəsdən konteksdən çıxarırlar. Özünü İslamın tək və mübariz təəssübkeşi kimi göstərməyə çalışan bəlli dairələr bütün dəyərləri ayaqlar altına atırlar. Belə çirkin kampaniya Türkiyə -Azərbaycan münasibətlərinin tarixində heç zaman müşahidə olunmayıb.  

Türkiyədəki ayrı-ayrı çevrələrin yanaşmasının nə qədər absurd və ziddiyyətli olduğunu göz önündə canlandırnmaq üçün müqayisə aparmaq yerinə düşər. Beləliklə, gündəmə gətirilən hicab məsələsi haradan qaynaqlanır? Xəbis niyyətli kampaniya Azərbaycan Nazirlər Kabinetinin ümumi təhsil müəssisələrində vahid məktəbli geyim formasının tətbiqi ilə bağlı müvafiq qərarlarının icrasına başlanılması fonunda intensivləşdirilib. Bəs verilən qərarların gerçək mahiyyəti nədən ibarətdir? Hökumətin qərarlarına əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir. Eyni zamanda, təhsilverənlər qarşısında da tələblər qoyulur. Onların da geyimi pedaqoji fəaliyyətə adekvat olmalıdır. Hazırkı Türkiyə iqtidarına yaxın çevrələrin apardığı şər kampaniyasında isə Azərbaycan hökumətinin yanaşması dini kontekstdə dəyərləndirlir. Qərarların gerçək mahiyyəti məktəblərdə sosial bərabərliyin təmin edilməsini, təhsil mühitinin daha da optimallaşdırmasını hədəfləyir.  Ancaq təəssüf ki, Türkiyədən verilən bəyanatlarda Azərbaycanın maraqlarının güdüldüyünü söyləmək mümkün deyil. Elm, təhsil, şagirdlərin biliklərə təşviq edilməsi kənarda saxlanılır, məktəbli geyminə keçid edilməsi ideoloji müstəviyə çıxarılır.  Hicab mövzusu qabardılır.  Guya Azərbaycanda hicaba qadağa qoyulmaqla İslam dininə basqı edilir. Belə bir yanaşmanın heç bir əsası yoxdur. Islam dini bizim müdəddəs inanc yerimizdir. O cümlədən Azərbaycan dövləti İslam ənənələrinin və abidələrinin qorunmasına güclü siyasi iradə nümayiş etdirir. Təsadüfi deyildir ki, ölkəmizdə bütün dini bayramlar yüksək səviyyədə qeyd olunur. Ölkə boyunca İslam dininə aid məscidlər təmir olunub, yeniləri tikilib. Vətən müharibəsi başa çatandan sonra azad ərazilərimizdə zamanında erməni vandalizminə məruz qalmış dini abidələrimizin bərpa olunması da Azərbaycan dövlətinin İslam dininə çox həssas yanaşmasının təzahürüdür. Eləcə də respublikamız dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə davamlı töhfələr verir və bu məsələdə yüksək fəallıq göstərir.

 Bütün bu kimi faktlar Türkiyə hakimiyyətinə də yaxşı bəllidir. Bununla belə, bəlli dairələr dini manipulyasiya predmetinə çevirməklə Azərbaycanı İslam dəyərlərindən uzaqlaşmaqda günahlandırır və hansısa qadağalardan bəhs edirlər. Məlum qərarlarda heç hicabın adı da çəkilmir. Söhbət vahid, hamı üçün əlçatan geyim formasına keçid edilməsindən gedir. Hicab isə ölkəmizdə qadağan olunmayıb. Yeri gəlmişkən, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bu günlərdə “Real TV”-yə müsahibəsində, Azərbaycanda hicab qadağsının olmadığını bir daha təsdiqləyib. Onun sözlərinə görə, hicabdan necə və hansı yaşlarda istifadə etməsi ilə bağlı fiqh alimləri, müctəhidlər çox gözəl bilirlər. Dini təhsil müəssisələrində qızlar hicabla təhsil alırlar. Amma dövlət təhsil müəssisələrində vahid forma ilə bağlı qərar qəbul olunub. 

Beləliklə, problem nədədir? Azərbaycanda dinlə bağlı hansısa bir narahatlıq doğuran məqam yoxdur. Problem Türkiyədəki qeyd etdiyimiz dairələrin Azərbaycanın daxili işlərinə qarışmağa cəhd göstərmələrindən qaynaqlanır. Diqqətçəkən odur ki, qardaş Türkiyədə aparılan çirkin kampaniya vahid mərkəzdən idarə olunur. Xoş niyyət güdməyən məqsəd də ortadadır -  Azərbaycanın müstəqil qərarlar vermək hüququna kölgə salmaq və ölkəmizi öz yolundan döndərmək. Ancaq Azərbaycan kifayət qədər güclü dövlətdir, cəmiyyətdə sarsılmaz harmoniya var və belə hücum cəhdləri də mütləq qaydada uğursuzluğa məhkumdur.

Mübariz Abdullayev

Paylaş:
Baxılıb: 78 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Sosial

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

17 Oktyabr 08:35  

YAP xəbərləri

Xəbər lenti

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31