Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Fransada İslamofobiyanın yeni dalğası

Fransada İslamofobiyanın yeni dalğası

31.12.2023 [11:22]

Mübariz FEYİZLİ

Bu günlərdə Fransada müsəlman din xadimlərinin fəaliyyətinin daha da məhdudlaşdırılacağı ilə bağlı yeni xəbərlər yayılıb. Verilən məlumatda bildirilir ki, əcnəbi imamlar 2024-cü il aprelin 1-dən Fransada öz səlahiyyətləri daxilində işləyə bilməyəcəklər. “France Presse”in Fransanın daxili işlər naziri Cerald Darmaninin bir sıra ölkələrə məktubuna istinadən yaydığı məlumata görə, 2024-cü il yanvarın 1-dən Fransa yeni əcnəbi imamları qəbul etməyəcək, aprelin 1-dən isə ölkədə yerləşən bütün əcnəbi imamlar bu statusda öz fəaliyyətlərini qanuni şəkildə həyata keçirə bilməyəcəklər. Xəbərdə Fransa hakimiyyətinin ölkə daxilində təlim keçmiş imamların nisbətinin artırılmasına da diqqət yetirdiyi bildirilir.

Müsəlmanlar Fransada

Avropa İttifaqının (Aİ) aparıcı dövlətlərindən biri sayılan Fransanın digər qitələrdəki müstəmləkə ərazilərində yaşayanlarla birlikdə əhalisinin sayı 68 milyon nəfərə yaxındır. “The World Factbook” sorğu-almanaxının məlumatına görə, ölkə əhalinin 7-9 faizi İslam dininə etiqad edənlərdən ibarətdir. BBC rus xidmətinin saytında 14 noyabr 2020-ci ildə yerləşdirilən məqalədə isə Fransada 5,7 milyondan çox müsəlmanın yaşadığı qeyd edilir. Bildirilir ki, bu da ölkə əhalisinin təxminən 8,8 faizi deməkdir. Bu göstəricilərə görə Fransa Aİ məkanında İslam dininə etiqad edənlərin ən çox yaşadığı ölkədir.

Digər Avropa ölkələri ilə müqayisədə Fransada müsəlmanların say nisbətinin çox olmasının özəl səbəbləri var. Məlumdur ki, Fransa 500 illik müstəmləkəçilik tarixinə malikdir. Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Atlantik və Hind Okeanı regionunda, Latın Amerikasında onlarla ölkəni işğal altına alan, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törədib, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoyub. Fransanın fəal surətdə məşğul olduğu qul ticarəti insanlığın ən utancverici səhifələrindən biridir. Milyonlarla afrikalı Fransanın qul siyasətinin qurbanı olub.

Müsəlman əhalinin tarixin müxtəlif dönəmlərində Fransaya köç etmələrinin ən mühüm səbəblərindən biri də məhz bu ölkənin müstəmləkəçilik siyasətinin təzahürüdür. Fransanın nəzarətində olan müstəmləkə ölkələrinin böyük əksəriyyətinin etiqadı İslam dininə bağlıdır. Müxtəlif dövrlərdə mərkəzi hakimiyyət müstəmləkə ölkələrindən Fransaya ucuz işçi qüvvəsi axınını təmin edib. Ölkəyə gətirilən müsəlmanları burada heç də yaxşı həyat gözləmirdi - onlar aşağı ödənişlər müqabilində ən ağır, əksər hallarda isə zərərli istehsalatllarda işləməyə məcbur edilirdilər. Burada, həmçinin “beyin axını” prinsipi də işləyib. Belə ki, xüsusi istedada və bacarıqlara malik müsəlmanlar şirnikləndirilib, onlara potensiallarından yüksək inkişaf səviyyəsinə malik Fransada  daha yaxşı bəhrələnəcəkləri barədə vədlər verilib.

Müsəlmanların Fransada məskunlaşmalarının “qızıl dövrü” Birinci Dünya müharibəsi ilə bağlı olub. Həmin ərəfədə Şimali Afrikadakı müstəmləkələrdən (Əlcəzair, Tunis və Mərakeş) çox sayda müsəlman əhali metropoliyanı müdafiə etmək üçün gətirilib. Təbii ki, onların böyük əksəriyyəti müxtəlif döyüşlərdə Fransa uğrunda həyatlarını itiriblər. Sağ qalanlar isə sonradan Fransa ilə əbədilik bağlanıb.  Bu gün Fransada ən böyük məscid sayılan Paris cümə məscidi də məhz 1926-cı ildə Birinci Dünya müharibəsində həlak olan müsəlman əsgərlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa edilib. Həmin məscidin açılışına hətta Fransa Prezidenti Qaston Dumerqin də qatılıb...

Fransanın rasizm siyasəti

Fransa “Azadlıq, bərabərlik, qardaşlıq” şüarını özünə deviz seçib. İlk baxışda təqdir olunmağa layiq seçimdir. Ancaq təəssüf ki, xüsusilə də Em?anuell Makron iqtidarının dönəmində Fransa bu dəyərlərdən çox uzaqlaşıb. Ölkənin ictimai-siyasi həyatında, dövlət siyasətində qeyd olunan prinsiplərin gözlənildiyini söyləmək mümkün deyil. Çünki dövlət-vətəndaş münasibətlərində milli, dini, etnik, hətta regional mənsubiyyət amillərinə ciddi önəm verildiyi açıq-aydın sezilir. Sözdə “demokratiya”, “insan haqları” deyən hakimiyyət praktiki müstəvidə icmaların fəaliyyətinə seçim prinsipi ilə yanaşır - hansısa toplumlara hər cür imtiyazlar verilir, fəaliyyət sərbəstliyi təmin olunur, digərlərinin isə hərəkətləri sərt çərçivələrə salınır. Hətta bunu leqallaşdıran və hüquqi əsaslar yaradan qanun və qərarlar da qəbul olunub

E.Makron iqtidarı müsəlmanların zamanında Fransanın müdafiəsində yaxından iştirak etmələrini  ən yaxşı halda pis yuxu kimi yada salır və minnətdarlıq jestləri etmək barədə heç düşünmür də. Bunun əvəzində Fransada rasizm siyasəti, xüsusilə də İslamafobiya getdikcə daha eybəcər formada təzahür edir. Deyə bilərik ki, E.Makron iqtidarı son vaxtlarda Avropada İslamofobiyanın genişlənməsində bir növ katalizator qismində çıxış edir. Avropada İslam dəyərlərini aşağılayan ölkələrin siyahısında Fransa öndə gəlir.  Biz bilirik ki, Fransanın siyasi hakimiyyəti İslam dünyasına nifrətlə yoğrulan münasibətini adətən bu ölkədə nəşr olunan “Charlie Hebdo” jurnalı vasitəsilə ifadə edir. Bu nəşr Fransa rəsmilərinin danışan dillərinə və görən gözlərinə çevrilib. Nəşrin səhifələrində dəfələrlə İslam dini, Məhəmməd Peyğəmbərlə bağlı karikaturalar yerləşdirilib. Cari ilin əvvəlində qardaş Türkiyə dəhşətli zəlzələ xəbəri ilə silkələndi. Zəlzələnin kədərli izlərinin aradan qaldırlmasında dünya Türkiyəyə dəstək verdiyi bir məqamda Fransa yenə də İslamofobiya siyasətinin əsiri olduğunu ortaya qoydu. Belə ki,  “Charlie Hebdo” nəşri  sosial şəbəkələrdə Türkiyədəki zəlzələ ilə bağlı nifrət dolu paylaşım edib. Nəşrin hazırladığı karikatura jurnalın “Tvitter” hesabında “Günün fotosu” həştəqi ilə paylaşılıb. Paylaşılan fotolara “Türkiyədə zəlzələ”, “Tank göndərməyə ehtiyac yoxdur” yazıları ilə şərhlər verilib.

İslamafobiya həmçinin Fransanın Azərbaycana qərəzli münasibətinin təməlində dayanan amillərdən biridir. Azərbaycan dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə sanballı töhfələr verən və uğurla inkişaf edən ölkədir. E.Makron hakimiyyəti isə bir İslam dövlətinin milli maraqlarını qətiyyətlə qorumasını, müstəqil siyasət həyata keçirməsini və qlobal səviyyədə böyük uğurlar qazanmasını, hətta Aİ məkanının özündə belə böyük hörmət göstərilən ölkəyə çevriilməsini sinirə bilmir.

Paylaş:
Baxılıb: 609 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30