Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / ATƏT-in Minsk qürubu

ATƏT-in Minsk qürubu

02.12.2025 [08:11]

Bakının hərbi qələbəsinin siyasi təsdiqi...

Laçının azad edildiyi gün Minsk Qrupu tarixə qovuşdu

Vətən müharibəsində qazandığımız qələbə siyasi cəhətdən tam təsdiqləndi - artıq bütün dünya Qarabağ adlı münaqişə olmadığını təsdiqləyir, bu münaqişənin tarixə qovuşduğunu etiraf edir. Belə ki, Azərbaycanın və Ermənistanın ATƏT-in Finlandiya Sədrliyinə birgə müraciətindən sonra təşkilat Nazirlər Şurasının 2025-ci il sentyabrın 1-də qəbul edilmiş qərarına uyğun olaraq 2025-ci il noyabrın 30-da saat 23:59-da Minsk Prosesi və onun əlaqədar strukturlarının bağlanmasını yekunlaşdırıb. Bu barədə ATƏT-in bəyanatında bildirilib. Qeyd edilib ki, bütün zəruri inzibati prosedurların başa çatdırılması bağlanma prosesinin başa çatması deməkdir. Bu proses 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın imzaladığı və ABŞ Prezidenti Donald Trampın da şahidi olduğu tarixi Birgə Bəyannamənin ardınca ATƏT-in bütün 57 iştirakçı dövlətinin 1 sentyabr tarixli konsensus qərarını həyata keçirdi.

ATƏT-in Minsk Qrupunun fəaliyyətinin və strukturlarının tam şəkildə ləğv olunması Azərbaycanın 30 ildən artıq davam edən siyasi və diplomatik mübarizəsinin məntiqi yekunu kimi dəyərləndirilməlidir. Bu addım yalnız bir institutun formal olaraq fəaliyyətini dayandırması deyil, eyni zamanda, regionda yaranmış yeni reallıqların beynəlxalq səviyyədə təsdiqi mənasına gəlir. Minsk Qrupu uzun müddət ərzində münaqişənin həlli üçün mandat daşımış, lakin faktiki olaraq nəticə əldə etməmişdi. Azərbaycanın 2020-ci il qələbəsi, daha sonra isə suverenliyinin tam bərpası bu strukturun artıq gərəksiz olduğunu bir daha ortaya qoydu. İndi ATƏT-in rəsmi qərarı həmin geosiyasi reallığın hüquqi-siyasi təsdiqidir. Bu həm də onu göstərir ki, Cənubi Qafqazda sülh və təhlükəsizlik modelini artıq Azərbaycanın qətiyyəti müəyyən edir - beləliklə, Minsk Qrupunun ləğvi Azərbaycanın diplomatik qələbəsinin növbəti mərhələsi olmaqla yanaşı, beynəlxalq institutların da yeni şərtlərə uyğunlaşmasının vacibliyini ortaya qoyur.

Vasitəçi olaraq yaradıldı, həll yarada bilmədi...

Minsk Qrupu 1990-cı illərin əvvəllərində regionda gərginliyi azaltmaq və siyasi həll mexanizmi yaratmaq üçün təsis edilmişdi. Lakin illər ərzində bu qurum prosesin moderatorundan daha çox, onun dondurulmasına xidmət edən passiv format kimi yadda qaldı. Həm həmsədrlərin maraqlarının toqquşması, həm də Ermənistanın prosesdən sui-istifadəsi nəticəsində qurum konkret nəticə ortaya qoya bilmədi.

SSRİ-nin dağılması ilə müstəqillik əldə edən Ermənistan və Azərbaycan 30 yanvar 1992-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM 1995-ci ildən etibarən Avropada Təhlükəsizlik və əməkdaşlıq Təşkilatı və ya ATƏT adlandı) işinə qoşulublar. Qrupun tarixi ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 24 mart 1992-ci il tarixlində Helsinkidə keçirilmiş görüşündən başlayır. Həmin görüşdə regiondakı vəziyyət müzakirə olunmuş, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilmişdi. Minsk Qrupunun əsası isə 1994-cü ildə keçirilən ATƏM-in Budapeşt Zirvə toplantısı zamanı qoyuldu. Həmin toplantıda Ermənistan-Azərbaycan münaqişəsinə dair Budapeşt sammitinin işinin konkret yekunu olaraq “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi” adlı qərar qəbul olunub. Budapeşt Sammitinin nəticələrinə əsasən, 20 dekabr 1994-cü ildə Vyanada Ermənistan-Azərbaycan münaqişəsi üzrə ATƏT-in üzv ölkələrinin təyin etdiyi hərbi nümayəndələrdən ibarət Yüksək Səviyyəli Planlaşdırma Qrupu (YSPQ) təsis olunub. 28 avqust 1995-ci ildə isə ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının müzakirəsində olan münaqişə üzrə Şəxsi Nümayəndəsi (ŞN) vəzifəsi təsis olunub. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq ediblər.

Azərbaycan isə bütün bu dövr ərzində həm diplomatik mübarizəni davam etdirdi, həm də öz hərbi-siyasi gücünü gücləndirdi. 2020-ci il qələbəsi göstərdi ki, problemin həllinin real açarı beynəlxalq mexanizmlərdə deyil, Azərbaycanın öz iradəsindədir. Suverenliyin 2023-cü ildə tam bərpası isə Minsk Qrupunun vasitəçilik modelinin sona çatdığını rəsmiləşdirir.

Vaşinqton prosesinin rolu...

Bu prosesdə Vaşinqton görüşünün rolu danılmazdır. Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin, ABŞ Prezidenti Donald Trampın və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın görüşü çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflamaqla yanaşı ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciəti də imzalayıblar. Bu müraciət ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə idi. Qərarın verilməsi isə sülh yolunda ən mühüm addımlardan biri kimi tarixə yazıldı. Bu, həm də Azərbğaycanın bölgədə formalaşdırdığı yeni arxitekturanın real təsdiqi idi...

Laçının azad edildiyi gündə...

Minsk Qrupunun fəaliyyətinin rəsmi olaraq sona çatması Azərbaycanın regiondakı təşəbbüslərinin güclənməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir. Postmünaqişə dövründə Bakı həm regional nəqliyyat layihələrində, həm enerji təhlükəsizliyində, həm də sülh danışıqlarında əsas söz sahibinə çevrilib. Ermənistanla aparılan sülh prosesi bir daha göstərdi ki, vasitəçilərin iştirakı deyil, birbaşa dialoq real nəticə gətirir. Azərbaycanın “region ölkələri arasında əməkdaşlıq” modelini irəli sürməsi də bu yeni tendensiyanın davamıdır. Minsk Qrupunun ləğvi Bakının suveren sülh təşəbbüslərinin beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir. Artıq heç bir xarici format Cənubi Qafqazın siyasi gündəmini müəyyən etmir; proseslərin mərkəzində Azərbaycan dayanır.

Beləliklə, ATƏT-in Minsk Qrupunu tam şəkildə ləğv etməsi yalnız texniki qərar deyil, Azərbaycanın uzun illər apardığı mübarizənin qalibiyyətlə başa çatmasının siyasi təsdiqidir. Bu addım həm 2020-ci ildə əldə olunan qələbənin, həm də 2023-cü ildə suverenliyin tam bərpasının beynəlxalq legitimləşməsi kimi qiymətləndirilməlidir. Artıq Cənubi Qafqazda yeni reallıq formalaşıb və bu reallığı müəyyən edən əsas aktor Azərbaycan dövlətidir.

Əsas məqamlardan biri isə bu qərarın Laçın rayonunun işğaldan azad edilməsinin 5-ci ildönümü gününə təsadüfi etməsidir.  Bu bir daha onu göstərir ki, ədalət mütləq məna daşıyan bir dəyərdir - bu səbəbdəndir ki, məhz Laçının azad edildiyi gündə ATƏT-in Minsk Qrupu öz fəaliyyətini yeknlaşdırdı. Azərbaycan 2020-ci ildə ədalətin bərpasının son mərhələsini bir güllə atmadan başa çatdırdı - üstündən beş il ötəndən sonra isə bütün dünya bu ədalətin bərpasını siyasi qərarla təsdiq edir...

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 146 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Hadisə

Analitik

YAP xəbərləri

Xəbər lenti

Siyasət

Təhrif, yoxsa qəsd?

03 Dekabr 11:45  

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

MEDİA

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31