Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Valyuta rejimi təkmilləşdirilib

Valyuta rejimi təkmilləşdirilib

09.05.2026 [11:17]

Milli və xarici valyutada əməliyyatların aparılması qaydalarında dəyişiklik edilib

Mərkəzi Bankın (MB) İdarə Heyətinin sədrinin imzaladığı yeni qərara əsasən, “Rezidentlərin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişiklik edilib. Belə ki, yeni qərarla Azərbaycana idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə köçürmələrin icrası üçün Nazirlər Kabinetinin xüsusi tapşırığı (qərarı, sərəncamı, müraciəti, dərkənarı) olduqda köçürmə əməliyyatları idxal müqaviləsi, gömrük bəyannaməsi və hər hansı digər sənəd tələb olunmadan icra ediləcək. Bu halda xüsusi tapşırığı təsdiq edən sənədin surəti bankda saxlanılacaq.

Həmçinin, yeni əlavə olunan maddə ilə avans ödənişi müdafiə təyinatlı malların (döyüş təyinatlı hərbi texnika, hərbi silah, döyüş sursatı, onların layihələndirilməsi və istehsalı üçün avadanlıq, dəstləşdirici və ehtiyat hissələr, həmçinin elmi-texniki məlumat, xammal, material və texnologiyalar) Azərbaycana idxalı, habelə bu cür mallarla əlaqədar işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün nəzərdə tutulduqda bu barədə Müdafiə Sənayesi Nazirliyinin məktubu banka təqdim edilə bilər. Bu halda məktubun surəti bankda saxlanılacaq.

Valyutanın ölkədən kənara çıxarılmasına qarşı nəzarət artırılıb

Valyuta rejimi ilə bağlı qaydalar xarici valyutanın Azərbaycana gətirilməsi və ölkədən çıxarılmasının çərçivəsini müəyyən edir və gömrük prosedurlarına əməletməni tənzimləyir. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər müəyyən edilmiş limitlər üzrə xarici valyutanı gömrük orqanında şifahi formada bəyan etməklə yanaşı, müvəkkil banklar və poçt rabitəsinin milli operatoru vasitəsilə köçürmə yolu ilə həyata keçirmək hüququna malikdirlər. Bu qaydaların tətbiqi valyuta nəzarətini təmin etmək məqsədi daşıyır və bir sıra hallarda biznes iştirakçılarının fürsətçilliyinin qarşısını almağa xidmət edir.  Belə ki, “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na əsasən, ixrac əməliyyatları zamanı əldə olunmuş vəsait 180 gün ərzində ölkəyə gətirilməlidir. Bəzi ixracatçılar ixrac etdikləri mal və xidmətlərin real ixrac dəyərinə uyğun həmin vəsaiti geri qaytarmır, müxtəlif sahələrə yönəldərək faktiki olaraq öz mənfəətləri naminə Azərbaycanın pul siyasəti hədəflərinə, valyuta tənzimlənməsi qaydalarına qarşı çıxırlar.

Azərbaycanın pul siyasəti hədəflərində daha çox valyutanın ölkədə qalması başlıca yer tutur, hökumətin ixracla məşğul olan biznesə dəstəyi, onlara təşviqedici alətlərlə güzəştləri, digər motivasiyaların da əsas məqsədi onların ixrac etdikləri malların dövriyyəsini artırmaq, ölkəyə daha çox valyuta gəlməsini təmin etməkdir. Bu proses müvafiq qaydalar əsasında tənzimlənir. Xarici ölkələrə pul köçürmələri Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında qaydalara əsaslanır. Həmin qaydalar “Valyuta tənzimi haqqında” Qanununa əsaslanır və müvafiq olaraq rezident və qeyri-rezidentlərin Azərbaycanın kredit təşkilatları vasitəsilə aparılan valyuta əməliyyatlarının rejimini tənzimləyir. Qaydalara əsasən, malların, işlərin və xidmətlərin idxalı və ixracı üzrə əməliyyatların müddəti, yəni 180 gün müəyyən olunub. Həmin əməliyyatların hər birinin müqavilə, kontrakt və ya əqd üzrə mənşəyini təsdiq edən sənədlərin hər biri Azərbaycanın gömrük orqanlarının elektron sistemində, eləcə də bank sisteminin reyestrində öz əksini tapır. Eləcə də qeyd edilən əməliyyatlar üzrə ölkədən çıxarılmış valyutanın dəyəri müvafiq qurumların e-sistemində görünür, habelə həmin malın satışından əldə edilmiş valyutanın dəyər və miqdarı ölkənin xarici ticarət balansından aydın olur.

Beləliklə, mövcud çərçivəyə əsasən, sahibkarlar ixrac etdikləri malların satışından qazandıqları valyutanı 180 gün müddətinə geri qaytarılmasını təmin etmirlərsə, həmin fiziki və hüquqi şəxslər barədə müəyyən şübhələr meydana çıxır, bu, kapitalın ölkədən çıxarılması anlamına gəlir.

Ümumilikdə, Mərkəzi Bankın uzaqgörən və çevik siyasəti sayəsində monetar tənzimləmə funksiyaları son illərdə gücləndirilib. Qeyri-rezidentlərin apardığı pul əməliyyatlarının mənşəyi ilə bağlı bir sıra yeni tədbirlər həyata keçirilib ki, bu siyasət “çirkli pulların” yuyulmasının qarşısının alınmasında hökumətin qətiyyətli iradəsini göstərir.

Sənədləşmə sadələşdirilib, avans ödənişi imkanı yaradılıb

MB tərəfindən “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda müvafiq dəyişikliklər edilməsi sayəsində fiziki şəxslərin məqsədli köçürmələrinə nəzarət artırılıb. Fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilib, köçürmə formasından (hesab açmadan və yaxud hesab vasitəsilə) asılı olmayaraq 20.000 ABŞ dolları ekvivalentinə qədər aylıq limit müəyyən edilib, həmçinin fiziki şəxslərin təkcə özünün deyil, digər şəxslərin də xaricə səfərləri ilə bağlı nəqliyyat və otel (gecələmə) xərclərini ödəmək imkanı nəzərdə tutulub.

Eyni zamanda, bazar iştirakçılarının rəy və təklifləri nəzərə alınmaqla, idxal olunan mallar üzrə köçürmələr zamanı sənədləşmə prosesi sadələşdirilib, ticarət vasitəçiliyi əməliyyatlarında isə vasitəçi tərəfindən əvvəlcədən köçürmə qaydasında satıcıya 180 günə qədər avans ödənişinin həyata keçirilməsi imkanı müəyyən edilib. Bu zaman vasitəçi müvəkkilə banka ödənişi təmin edən geri götürülməyən akkreditiv və yaxud bank zəmanəti təqdim etməlidir.

Bununla yanaşı, beynəlxalq təcrübə də nəzərə alınmaqla ölkə ərazisində emissiya olunmuş ödəniş kartları vasitəsilə rezident fiziki şəxslərin ölkə hüdudlarından kənarda təqvim ayı ərzində 10.000 ABŞ dolları ekvivalentinə qədər məbləğdə pul vəsaitini nağdlaşdırması müəyyən edilib. Bu mexanizmlər valyuta rejiminin təkmilləşdirilməsini təmin etməklə, biznes iştirakçıları üçün daha optimal fəaliyyəti təşviq etməkdədir.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 126 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31