Zirvələrə yüksələn, möhtəşəm zəfərlər qazanan müstəqil Azərbaycan!
27.05.2026 [12:23]
Müstəqil dövlətə sahib olmaq, BMT-də bayrağının dalğalanması, dünyanın mötəbər auditoriyalarında himninin səsləndirilməsi hər bir xalqın müstəsna arzusudur. Bu mənada Azərbaycan xalqı xoşbəxt xalqdır ki, hazırda onun dünyada nüfuzu getdikcə artan, regional aktordan qlobal aktora çevrilən müstəqil dövləti var.
Bu gün dünya azərbaycanlılarının sonsuz qürur mənbəyi olan müstəqilliyimizin təməli isə 108 il bundan əvvəl qoyulub. Yüzilliklər boyunca qəlbində azadlıq arzuları daşıyan, tarixin müxtəlif dönəmlərində bu ideya uğrunda mücadilələrə qatılan Azərbaycan xalqı 28 may 1918-ci ildə müstəqil dövlətinin - Azərvaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasını dünyaya bəyan edib. Böyük ideallarla yaradılan AXC müsəlman Şərqində demokratik əsasda qurulan ilk parlamentli respublika idi.
Tarixi hadisə - itirilmiş dövlətçiliyin bərpası
Azərbaycan bəhs olunan tarixdə müstəqilliyini çox çətin və ziddiyyətli hadisələrin baş verdiyi bir dönəmdə qazanıb. Həmin dövrdə imperiyalar bir-birinin ardınca süqut edirdi, dünya nizamı yenidən müəyyənləşirdi, xalqlar üçün çox mühüm çağırışlar yaranmışdı. Belə bir şəraitdə1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurasının Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycanın istiqlaliyyəti haqqında bəyannaməni qəbul etməsi və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması xalqımızın zəngin dövlətçilik tarixində mühüm bir həlqəni təşkil edir. Bununla xalqımız milli şüurunda zəngin dövlətçilik ənənələrinə sadiq qaldığını bir daha nümayiş etdirdi. Əslində, AXC-nin bəyan edilməsi 1828-ci ildə baş tutan işğaldan sonra xalqımızın itirilmiş dövlətçiliyinin bərpası idi. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev müxtəlif auditoriyalar qarşısındakı çıxışlarında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını və iki il ərzində fəaliyyətini tarixi hadisə kimi səciyyələndirib.
Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirib. Birinci respublikanın qısa mövcudluğu ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılıb, dövlət atributları təsis olunub, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynayıb. Azərbaycan vətəndaşlığı institutunun, dövlət atributlarının təsis edilməsi kimi faktlar dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırıb. Milli ordu qurulub və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edilib. AXC dövründə olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qüvvəyə minib.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti dünyaya tanıtmaq idi. Milli hökumətin qarşısında dayanan əsas vəzifələrdən biri Paris Sülh Konfransında, dünyanın siyasi nizamının yenidən quruluş aldığı tarixi mərhələdə müttəfiq dövlətlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi. Buna görə də ilk növbədə, Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin qurulması barədə rəsmi məlumat göndərildi və AXC dünya birliyi tərəfindən tanındı.
Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən AXC xalqımızın milli və siyasi şüurunun nəticəsi idi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan AXC xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci ilin avqustunda “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərarla tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlanması böyük nailiyyət idi. 1919-cu ilin sentyabrında Xalq Cümhuriyyəti parlamenti tərəfindən Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul edildi. Bakı Dövlət Universitetinin Nizamnaməsinin təsdiqlənməsi və onun fəaliyyətə başlaması milli və peşəkar kadrların hazırlanması istiqamətində atılmış mühüm addım oldu. Xalq Cümhuriyyətinin dövründə universitet ilə yanaşı, digər ali və orta təhsil müəssisələrinin, habelə mədəniyyət ocaqlarının açılması üçün hazırlıqlar görülürdü.
Birinci respublika hökumət quruculuğunda ədliyyə sahəsinə xüsusi önəm verib və məhz 1918-ci il mayın 28-də - Cümhuriyyətin yarandığı gün Ədliyyə Nazirliyi də təsis edilib. Eyni zamanda, ədliyyə orqanları və məhkəmələrin fəaliyyətini tənzimləyən bir sıra qərarlar qəbul olunub. Belə ki, 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib.
Bir əsrdə ikinci dəfə qazanılan müstəqillik - AXC-nin varisliyinin təmin edilməsi
XX yüzilliyin əvvəllərində regionda cərəyan edən ziddiyyətli geosiyasi proseslər fonunda, təəssüf ki, AXC-nin ömrü də qısa oldu. Belə ki, müasir dövlətçilik tariximizdə mühüm mərhələni təşkil edən Birinci Respublika cəmi 23 ay yaşayıb və 1920-ci il aprelin 28-də süqut edib. Sonrakı mərhələdə respublikamız təxminən 70 il keçmiş SSRİ-nin tərkibində qalsa da, xalqımız müstəqillik ideyalarını həmişə qəlbində yaşadıb və müstəqil dövlətini qurmağa can atıb. Belə tarixi fürsət isə ötən əsrin doxsanıncı illərinin əvvəlində yaranıb.
Ali Sovet 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Bu, tarixi bir qərar idi. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.
Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən “Müstəqillik Günü haqqında” qanun təsdiqlənib.
Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün və 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib. Belə ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.
Müstəqilliyin yenidən itirilməsi təhlükəsinin qarşısı alındı
Hər bir dövlətin və xalqın taleyində ideyaları ilə zamanı qabaqlayan liderlər əvəzsiz rol oynayırlar. Müstəqil Azərbaycan Respublikası üçün belə həmişəyaşar Lider böyük siyasətçi, xalqını və Vətənini çox sevən Heydər Əliyev olub. O, XX yüzilliyin sonlarında müstəqilliyimizin bərpası və möhkəmlənməsi naminə müstəsna missiya yerinə yetirib.
XX yüzillikdə Azərbaycanın ikinci dəfə müstəqilliyinə qovuşmasının əsası məhz bu dahi şəxsiyyətin səyləri və cəsarəti sayəsində Naxçıvanda qoyulub. Muxtar Respublikanın Ali Sovetinin 17 noyabr 1990-cı il tarixində Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Onun cəsarəti, milli təəssübkeşliyi, xalqına bağlılığı bütün cəhətləri ilə bir daha özünü büruzə verdi. Sessiyada Onun təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarıldı. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı.
Bu gün Heydər Əliyevin o dövrdə atdığı bu kimi cəsarətli addımlar kimlərə isə adi görünə bilər. Lakin bu, belə deyil. Bəhs olunan dövrdə hələ sovet ittifaqı, kommunist partiyası fəaliyyət göstərirdi və belə addımların atılması çox təhlükəli idi. Heydər Əliyev isə təhdidlərdən çəkinməyərək respublikamızın gələcək taleyi baxımından müstəsna əhəmiyyət daşıyan qərarların qəbul olunmasına nail oldu. Bir qədər sonra-1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi.
Tale elə gətirdi ki, Azərbaycanın ötən əsrin 90-cı illərinin əvvəllərində ikinci dəfə əldə etdiyi müstəqilliyini qorumaq missiyası da Heydər Əliyevin üzərinə düşdü. O dövrdə AXC - “Müsavat” iqtidarının səriştəsiz rəhbərliyi respublikamızı vətəndaş qarşıdurması, müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qoymuşdu. Həmin böhranlı günlərdə xalq son ümidini sınanmış oğlu Heydər Əliyevə bağlayaraq təkidlə Onun Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini tələb etdi. Bütövlükdə Azərbaycanın inkişaf salnaməsini yazan Heydər Əliyev bu dəfə də xalqının yanında olmağa qərar verərək 1993-cü il iyunun 9-da Bakıya gəldi və çətin vəziyyətə düşmüş ölkəyə rəhbərlik etməyə başladı. Onun müdrik və uzaqgörən siyasəti sayəsində Azərbaycanda hadisələr tezliklə müsbət məcraya yönəldi, ölkənin parçalanması təhlükəsi aradan qaldırıldı, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu. Bəhs olunan tarixi dövrə ekskurs edən Prezident İlham Əliyev vurğulayıb: “Azərbaycan tarixinin bu ağır dönəmində Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdı. Yalnız bundan sonra müstəqilliyin yenidən itirilməsi təhlükəsinin qarşısı alındı”.
Milli maraqlarını qətiyyətlə qoruyan, dünya arenasında böyük hörmət qazanan müstəqil Azərbaycan
Azərbaycanın ötən əsrin doxsanıncı illərinin əvvəlində bərpa olunan müstəqilliyinin yaşı elə də çox deyil. Ancaq bu qısa zaman kəsiyində ölkəmiz qərinələrə bərabər yol keçib. Təsadüfi deyldir ki, bu gün müstəqil Azərbaycan zirvələrə yüksələn və möhtəşəm zəfərlər qazanan dövlət kimi səciyyələndirilir. Bunu şərtləndirən əsas amil isə Ulu Öndərin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirlməsidir. Müqayisələr apardıqda görürük ki, bəzi ölkələr de-yure müstəqilliklərini bəyan etsələr də, de-fakto öz məsələlərini həll etməkdə acizdirlər və başqa dövlətlərdən, güc mərkəzlərindən asılıdırlar. Azərbaycanın nümunəsi isə tamam fərqlidir. Dövlətimizin başçısının qətiyyətli siyasi iradəsi və uzaqgörənliyi sayəsində reallaşdırılan islahatlar ölkənin iqtisadi müstəqilliyini təmin edib. Bu gün Azərbaycan dünyada heç bir maliyyə mərkəzindən asılı deyil, bütün məsələlərini sırf öz gücünə həll etməyə qadirdir. Bu da siyasi müstəqilliyimizi şərtləndirir.
Müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı ən böyük uğur isə, heç şübhəsiz ki, öz gücünə ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsidir. Bu, Müzəffər Ordumuzun 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ildə 23 saatlıq lokal xarakterli antiterror əməliyuyatında qazandığı şanlı qələbələr sayəsində mümkün olub. Bu zəfərlər son 200 illik tariximizin ən böyük qələbələridir və tariximizdə əbədi qalacaq. Artıq altıncı ildir ki, Azərbaycan müstəqillik gününü qalib dövlət kimi qeyd edir. Ölkəmiz 44 günlük müharibə başa çatandan dərhal sonra işğaldan azad edilmiş ərazilərin bərpasına və yenidən qurulmasına başlayıb. İcra olunan irimiqyaslı layihələr, Böyük Qayıdışın uğurla davam etdirilməsi və tarixi şəhərlərimizin qısa müddətdə məskunlaşdırlması müstəqil Azərbaycanın gücünün və əzminin təntənəsidir.
Müstəqil Azərbaycanın dünyada nüfuzunun getdikcə artması da son dərəcə qürurvericidir. Beynəlxalq birlik ölkəmizə və onun Liderinə böyük etimad bəsləyir və dərin hörmətlə yanaşır Bunu bu günlərdə Müstəqillik Günü münasibətilə ayrı-ayrı ölkələrin dövlət və hökumət başçılarından Prezident İlham Əliyevin ünvanına gələn təbrik məktublarında ifadə olunan fikirlər bir daha təsdiqləyir. Dövlət başçımıza dünya liderlərinin ünvanladığı təbrik məktublarında ölkəmizin regionda rolu yüksək qiymətləndirilir və gələcək əməkdaşlıq üçün münbit zəmin olduğu vurğulanır.
Belə təbrik məktublarından biri qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğandan gəlib. Məktubda vurğulanır ki, Türkiyə ilə Azərbaycan arasında öz gücünü tarixdən alan dərin köklü qardaşlıq və həmrəylik əlaqələri Ümummilli Lider Heydər Əliyevin bizə mirası olan “Bir millət, iki dövlət” prinsipi əsasında hər gün daha da güclənir. Türkiyə olaraq, güclü əlaqələrimiz əsasında qardaş Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın və həmrəyliyimizin inkişafına davam edəcəyik.
Türkiyə və Azərbaycan dedikdə hər zaman sevincini və kədərini bir-biri ilə bölüşən iki qardaş dövlət və xalq başa düşülür. Müstəqilliyimizin möhkəmlənməsinə, uğurlarımızın artmasına ən çox sevinən də məhz qardaş Türkiyədir. “Zati-alinizin bacarıqlı liderliyi və uzaqgörən siyasəti sayəsində Can Azərbaycanın davamlı şəkildə güclənməsindən, regionda və beynəlxalq miqyasda nüfuzunun artmasından böyük qürur və iftixar hissi keçiririk”, - deyə R.T.Ərdoğan məktubunda vurğulayıb.
Müstəqillik Günü münasibətilə dövlətimizin başçısının ünvanına qonşu Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən gələn təbrik məktubunda da Azərbaycanın uğurlarına xüsusi diqqət çəkilib. Bildirlib ki, Azərbaycan iqtisadi və sosial sahələrdə böyük uğurlar əldə edib, dünya arenasında layiqli hörmət qazanıb. “Biz Bakı ilə dostluq və müttəfiqlik münasibətlərimizə böyük əhəmiyyət veririk. Əminəm ki, müxtəlif sahələrdə ikitərəfli səmərəli əməkdaşlığın, həmçinin regional və beynəlxalq məsələlərdə tərəfdaşlıq qarşılıqlı fəaliyyətinin birgə səylərlə daha da inkişafını təmin edə bilərik”, - deyə Rusiyanın dövlət başçısı bildirib.
Dünyanın güc mərkəzlərindən biri olan Çin Xalq Respublikasının Sədri Si Cinpindən gələn məktubda da səmimi fikirlər ifadə olunub. Məktubunda dövlətimizin başçısının şəxsində dost Azərbaycan xalqına ölkəmizin Müstəqillik Günü münasibətilə səmimi təbriklərini və ən xoş arzularını ifadə etməkdən şərəf duyduğunu bildirən Si Cinpin eyni zamanda Çin-Azərbaycan əlaqələrinin inkişafına böyük önəm verdiyini diqqətə çatdıraraq vurğulayıb: “Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır. Bizim birgə planlaşdırmamız və rəhbərliyimiz ilə Çin-Azərbaycan münasibətləri yeni səviyyəyə yüksəlib, müxtəlif sahələrdə əməkdaşlıq böyük nəticələr verib. Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm, iki ölkənin xalqlarının rifahı naminə yüksək səviyyədə ikitərəfli əlaqələrin dinamikasının gücləndirilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
26 May 23:30
Sosial
26 May 23:19
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55

