Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Pan-Avropa enerji təchizatçısı

Pan-Avropa enerji təchizatçısı

05.06.2026 [10:51]

Cənub Qaz Dəhlizinin genişləndirilməsi

Azərbaycandan qaz alan ölkələrin sayını artıracaq

Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində çıxışı zamanı Azərbaycanın mövcud neft və qaz ehtiyatlarının qlobal enerji təchizatında xüsusi əhəmiyyət daşımasına diqqət çəkdi. Xüsusilə də Yaxın Şərqdəki böhranın bir çox ölkələrin, istehsalçı və istehlakçıların enerji təhlükəsizliyinə ciddi zərbə vurduğu vaxtda ölkəmizin yanacaq tədarüklərində etibarlı və məsuliyyətli təminatçı kimi artan roluna toxundu. Qeyd edildiyi kimi, Xəzər dənizini Aralıq dənizi ilə ilk dəfə birləşdirən Bakı-Tbilisi-Ceyhan, Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəmərləri kimi irimiqyaslı infrastruktur layihələri, eləcə də TANAP və TAP qaz marşrutları sayı artmaqda olan ölkələrin enerji təhlükəsizliyini təmin edir.  Bu gün Avropa enerji bazarını Cənub Qaz Dəhlizi olmadan təsəvvür etmək çətindir. Həmin dəhlizin həmmüəlliflərindən olan Azərbaycan bu marşrutla 16 ölkəyə qaz nəql edir ki, onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir.

Suriyanı enerji böhranından qurtaran dövlət

Azərbaycan etibarlı və sadiq qaz təchizatçısı kimi həcm və coğrafiya baxımından yanacaq ixracını artırmaqdadır. Respublikamızın yürütdüyü enerji siyasəti birbaşa yaxın tərəfdaşlıq və həmrəylik konseptinə əsaslandığından enerji sıxıntısı ilə üzləşən ölkələrə dəstək göstərilməsi xüsusi diqqətdə saxlanılır. Bu, ötən illər ərzində qonşu Gürcüstanın, Ukrayna, Belarus və digər dövlətlərin timsalında özünü təsdiqləyib. Ölkəmizin şaxələndirilmiş boru kəməri sistemi və etibarlı təchizatçı statusu qazın bir çox ölkələrin enerji təhlükəsizliyində daha mühüm rol oynamaqdadır.

Ötən il Azərbaycan Suriyada geoiqtisadi tablonu nəzərə alaraq bu ölkənin də enerji problemlərinin həllinə dəstək göstərən ilk dövlətlərdən biri oldu. Bu ölkədə yaranmış enerji böhranını aradan qaldırmaq üçün öz dostluq əlini uzadan Azərbaycan Suriyaya qaz ixrac etməklə Yaxın Şərq bölgəsində də etimadlı təminatçıya çevrildi. Bu addım xarici enerji koalisiyası tərəfindən də yüksək dəyərləndirildi və ildə 1 milyard kubmetr həcmində Suriyaya ötürülən qazın həmin ölkə üçün həyati vacib əhəmiyyəti alqışlandı.

Çünki Azərbaycan qazının Suriyaya nəqli təkcə iqtisadi deyil, həm də geosiyasi məsələdir. Suriyanın qaz nəqli şəbəkəsi “Ərəb qaz şəbəkəsi” adlandırılan sistemə qoşulub, bu şəbəkəyə Suriya, Livan, İordaniya və Misir daxildir. Bu isə o deməkdir ki, Azərbaycan qazı bu ölkələrin hamısına ixrac edilə bilər və körfəz dövlətləri blokunda yeni enerji alyansı formalaşması qaçılmazdır. Çünki həmin ölkələr elektrik enerjisi istehsalı üçün ciddi şəkildə xammala ehtiyac duyurlar və bu baxımdan Azərbaycan yanacağı Suriya ilə yanaşı, digər ərəb dövlətlərinin də enerji infrastrukturunun dayanıqlılığına töhfə verə bilər.

Ukraynanın enerji təminatçısı

Azərbaycanın enerji böhranından çıxardığı ölkələrdən biri də Ukraynadır. Ötən il Ukraynanın “Naftogaz” Şirkətlər Qrupu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) qrupuna daxil olan “SOCAR Energy Ukraine” şirkəti ilə Azərbaycan təbii qazının alınması haqqında imzalanmış müqaviləyə əsasən, ilk dəfə Azərbaycan qazının Bolqarıstan-Rumıniya-Ukrayna dəhlizi üzərindən Transbalkan marşrutu ilə sınaq tədarükünə başlanılıb. Rus qazının tranziti dayandığından Ukraynanın qazpaylayıcı sistemi işləksiz qaldığı halda tamamilə iflic ola bilərdi və Azərbaycan Bolqarıstan-Rumıniya-Ukrayna dəhlizi üzərindən Transbalkan marşrutu ilə sınaq tədarükü həyata keçirməklə Ukraynanın enerji infrastrukturunu sıradan çıxmaqdan xilas edib.

Azərbaycan bu nümunəvi addımı ilə bir daha sübut edir ki, regionda əsil enerji əməkdaşlığı və dostluğu halqası yaradan qüdrətli dövlətdir. Bunu mühüm hadisə kimi dəyərləndirən “Naftogaz”ın baş direktoru Sergey Koretski bildirib ki, qaz tədarükü həcm baxımından kiçik olsa da, strateji cəhətdən mühüm addımdır və uzunmüddətli əməkdaşlığa yol açır. Saziş, həmçinin tədarük mənbələrinin şaxələndirilməsi və Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsinin daha bir nümunəsidir.

Cari ilin yanvar ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Avstriya və Almaniyaya qaz tədarükünə başlanması bu coğrafi əhatəni bir qədər də genişləndirərək qazın birbaşa Qərbi Avropaya qədər nəqlinə səbəb olur. Belə ki, SOCAR Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə nəql edilən əhəmiyyətli həcmdə qazın Cənubi və Mərkəzi Avropa bazarlarından Qərbi Avropaya keçidini də təmin edib. Bu isə Azərbaycanın Avropa regionunda ən güclü təchizatçı və Pan-Avropa təminatçısı olduğunu bir daha təsdiqləyir.

Ehtiyatlar artır, nəql coğrafiyası genişlənir

Azərbaycanda qaz hasilatında əsas mənbə olan “Şahdəniz -2” layihəsi üzrə hasilat hər il artır və təkcə bu mənbədən hazırda illik 16 milyard kubmetr qaz istehsal edilir. “Şahdəniz”in əlavə ehtiyatlarından başqa Xəzərdə kəşf edilmiş “Abşeron” və “Ümid” yataqları, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundakı dərin qaz ehtiyatları, olduqca perspektivli “Şəfəq-Asiman”, “Babək”, “Zəfər-Məşəl” və başqa strukturlar da ölkəmizin potensialının artmasında mühüm rol oynamaqdadır. Əsas perspektivli yataqlardan biri olan “Abşeron” yatağında da hasilatın həcmində əhəmiyyətli artımlar müşahidə edilməkdədir. 2025-ci ildə bu yataqdan 1,5 milyard kubmetrdən çox qaz hasil edilib ki, bu, əvvəlki illə nisbətdə 2 dəfəyə yaxın artım deməkdir. Yataqda 350-360 milyard kubmetr qaz ehtiyatlarının olduğu ehtimal edilir. Digər qiymətləndirmələr bu yatağın ehtiyatlarının 400 milyard kubmetrdən də çox olduğunu deməyə əsas verir. Bu isə təkcə, “Abşeron”un Aİ-yə ən azı 20-25 il qaz nəqlində perspektiv mənbə olacağını təsdiqləyir.

Kəşf edilən qaz ehtiyatları ilə bağlı xarici şirkətlər və beynəlxalq qurumlar tərəfindən fərqli rəqəmlər təqdim edilsə də, Azərbaycan dünyanın ən çox qaz rezervləri olan dövlətləri sırasındadır. “EnergyNow Media” təşkilatının qiymətləndirmələrinə görə, Azərbaycan dünyada ən çox qaz ehtiyatları olan ilk 12 dövlət sırasında qərarlaşıb. BP şirkətinin qiymətləndirmələrinə görə, Azərbaycanda kəşf edilən qaz ehtiyatları 2,5 trilyon kubmetrdir. ABŞ Enerji İnformasiya İdarəsində də ehtiyatlarımızın 2 trilyon kubmetrdən çox olduğunu düşünürlər.

Mövcud proqnozlara görə, 2028-ci ildə ölkəmizin Avropa regionuna ixracı 20 milyard kubmetrə çata bilər. Növbəti illərdə ixracın artırılması üçün digər mənbələr də səfərbər olunacaq. Bu isə “Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nda nəzərdə tutulmuş hədəflərə çatmağı təmin edəcək.

Cənub Qaz Dəhlizinin genişləndirilməsi sözsüz ki, Azərbaycandan qaz alacaq ölkələrin sayını da artıracaq. Prezident İlham Əliyevin bildirdiyi kimi biz qaz təchizatımızı artıracağıq: “Biz Xəzər dənizinin şərq sahillərində yerləşən dost və tərəfdaşlarımız üçün mühüm tranzit imkanları təqdim edirik. Mərkəzi Asiyadan hasil olunan neft Azərbaycan ərazisindən keçərək beynəlxalq bazarlara çıxarılır. Ümid edirəm ki, yaxın gələcəkdə təbii qazla bağlı da eyni sözləri deyə biləcəyik”.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 3 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Gündəm

Xəbər lenti

Siyasət

Sosial

Hadisə

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30