Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan-Türkmənistan münasibətləri yeni inkişaf mərhələsində

Azərbaycan-Türkmənistan münasibətləri yeni inkişaf mərhələsində

24.06.2026 [14:30]

Bu gün Azərbaycanın xarici siyasət kursunda demokratik ölkələrlə çoxtərəfli münasibətlər sistemi üstünlük təşkil edir. Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu günü-gündən yüksəlir və dünya dövlətləri ilə dostluq münasibətləri möhkəmlənir. Bu kontekstdə Türkmənistan ilə münasibətlər də xüsusi əhəmiyyət kəsb edir.

Məlumdur ki, Azərbaycanla Türkmənistanı bir-birinə ortaq din, tarix, dil və mədəniyyət bağlayır və bu amillər iki ölkə münasibətlərinin möhkəm təməl üzərində qurulmasına şərait yaradıb. Tarixi köklərə bağlı olan Azərbaycan-Türkmənistan münasibətləri hələ sovetlər dövründə dinamik inkişaf edib. Azərbaycan müstəqillik əldə etdikdən sonra hər iki ölkə arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, Türkmənistan 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanıyıb və həmin dövrdən etibarən iki ölkə arasında münasibətlərin inkişafı istiqamətində mühüm addımlar atılıb. Tərəflər arasında imzalanmış sənədlər əlaqələrin normativ-hüquqi bazasını təşkil etməklə, siyasi və iqtisadi sahələrdə birgə mübadilələri genişləndirib.

Xüsusi qeyd etmək lazımdır ki, zamanında Ümummilli Lider Heydər Əliyevin Türkmənistana səfərləri Azərbaycan-Türkmənistan münasibətlərinin formalaşmasında mühüm rol oynayıb. Ulu Öndər 1994-cü ildə Türkmənistanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirlərdə iştirak edib və sonrakı dövrdə də dövlət başçılarının qarşılıqlı səfərləri baş tutub, beynəlxalq platformalarda birgə iştirak təmin olunub və siyasi dialoq davamlı şəkildə inkişaf edib. 

Bu xüsusda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun 2026-cı il iyunun 22-də Azərbaycana səfəri zamanı keçirilmiş görüş və mətbuata verilmiş bəyanat iki ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha təsdiqlədi.

Bu görüş yalnız diplomatik protokol xarakteri daşımır, eyni zamanda, gələcək əməkdaşlığın strateji istiqamətlərini müəyyən edən mühüm siyasi hadisə kimi qiymətləndirilir. Görüş zamanı  Türkmənistanın beynəlxalq uğurlarına sevindiyini ifadə edən Prezident İlham Əliyevin Qarabağın bərpasında köməyə və Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində fəal dəstəyinə görə Türkmənistan rəhbərliyinə təşəkkür etməsi tərəflər arasında müzakirələrin məhsuldarlığı və əhatə dairəsi əlaqələrin artıq yüksək səviyyəyə çatdığını göstərir. Siyasi dialoqun fəallığı, qarşılıqlı səfərlərin intensivləşməsi və gündəlikdə olan məsələlərin genişliyi Azərbaycan ilə Türkmənistan arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirir. Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əlaqələrin davamlı inkişafı üçün siyasi dialoq mühüm rol oynayır. Azərbaycan ilə Türkmənistan arasında bu istiqamətdə müşahidə olunan dinamika xüsusi diqqət çəkir. Görüş zamanı regional təhlükəsizlik, beynəlxalq əməkdaşlıq, iqtisadi əlaqələr və enerji siyasəti kimi mühüm mövzular ətrafında geniş fikir mübadiləsi aparılması tərəflərin ortaq maraqlarının çoxşaxəli olduğunu göstərir.

Qeyd edək ki, Türkmənistan Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunda fəaliyyət göstərərək müxtəlif məsələlərin müzakirəsində öz mövqeyini ifadə edib və təşkilatın inkişafına maraq göstərib. Bu baxımdan gələcəkdə Türkmənistanın Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv kimi qoşulması ehtimalı kifayət qədər yüksəkdir. "Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığını davamlı şəkildə genişləndirir. Son illər formalaşan C5+Azərbaycan formatı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın bu platformada təmsil olunması Mərkəzi Asiya ölkələri, o cümlədən Türkmənistanla münasibətlərin inkişafına yeni impuls verib. Azərbaycan və Türkmənistan beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin mövqeyini daim dəstəkləyiblər. Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov işğaldan azad edilmiş Azərbaycan ərazilərinə səfər edib və Qəbələdə TDT tədbirində iştirakı çərçivəsində dövlət başçıları ilə bir yerdə Füzuli rayonunda Türkmənistan tərəfindən inşa edilən məscidin onlayn təməlqoyma mərasimində iştirak edib. Bu, iki ölkə arasında dostluğun və qardaşlığın növbəti təzahürü kimi qiymətləndirilir. Bu gün Azərbaycan-Türkmənistan münasibətləri siyasi müstəvidə yüksək səviyyədə inkişaf edir. İki ölkə arasında siyasi dialoq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək münasibətlərin əsas sütunlarından biridir. İqtisadi sahədə də əməkdaşlığın inkişafı üçün geniş hüquqi baza formalaşdırılıb. İndiyədək iki ölkə arasında 120-dən çox sənəd imzalanıb. Bu sənədlər arasında 2017-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə xüsusi yer tutur və münasibətlərin strateji xarakter daşıdığını təsdiqləyir. Azərbaycan və Türkmənistan qədim İpək yolunun üzərində yerləşərək, "Şərq-Qərb" nəqliyyat dəhlizinin mühüm iştirakçıları kimi çıxış edirlər. Türkmənistan Çindən və Mərkəzi Asiyadan gələn yüklərin Türkmənbaşı Beynəlxalq Dəniz Limanı vasitəsilə Azərbaycana çatdırılmasında mühüm rol oynayır. Bu yüklər Xəzər dənizi vasitəsilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına gətirilir və daha sonra Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropa istiqamətinə daşınır. Ticarət əlaqələrinə nəzər saldıqda da müsbət dinamikanı görmək mümkündür. Son illərdə iki ölkə arasında ticarət dövriyyəsində əhəmiyyətli artım qeydə alınıb. Bu artım nəqliyyat, logistika, enerji, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişlənməsi ilə bağlıdır.

Onu da qeyd etmək lazımdır ki, Türkmənistan dünyanın ən böyük təbii qaz ehtiyatlarına malik ölkələrindən biridir və bu baxımdan türkmən qazının Azərbaycan üzərindən Avropa bazarlarına çıxarılması məsələsi xüsusi aktuallıq daşıyır. Yeri gəlmişkən, hazırda Xəzər dənizinin dibi ilə mümkün qaz kəmərinin çəkilməsi və Türkmənistan qazının "Cənub qaz dəhlizi"nə inteqrasiyası perspektivləri müzakirə olunur. Layihənin reallaşması həm Avropanın enerji təhlükəsizliyinə töhfə verə, həm də Azərbaycan və Türkmənistan üçün əlavə iqtisadi dividendlər yarada bilər. Bununla yanaşı, Azərbaycan, Türkmənistan və Qazaxıstan arasında Xəzər dənizi üzərindən "Yaşıl dəhliz" layihəsinin həyata keçirilməsi istiqamətində də işlər aparılır. Layihənin reallaşması nəticəsində "yaşıl enerji" ötürülməsi, rəqəmsal əlaqələrin genişləndirilməsi və fiber-optik xətlərin çəkilməsi mümkün olacaq. Eyni zamanda Zəngəzur dəhlizinin açılması perspektivi də Mərkəzi Asiya ölkələri üçün yeni logistika və nəqliyyat imkanları yaradacaq.

Bu gün ölkəmizlə Türkmənistan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji və nəqliyyat layihələri, mədəni-humanitar əlaqələr və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək münasibətlərin əsas istiqamətlərini təşkil edir.

Bir sözlə hər iki ölkə arasında olan dostluq və qardaşlıq münasibətləri əsas verir ki, tərəflər arasında əlaqələrin institusional əsasları daha da möhkəmlənəcək və yeni inkişaf mərhələsinə qədəm qoyan əməkdaşlığın davamlılığı təmin ediləcək.

Vüqar İsayev,

YAP Göygöl rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 140 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Ədalətsiz qərar

24 İyun 10:19

Analitik

Ədəbiyyat

Sosial

Xocalının cəngavəri

24 İyun 08:38  

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30