Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Korsikaya muxtariyyət verilir

Korsikaya muxtariyyət verilir

01.07.2026 [10:51]

Fransa parlamenti bununla bağlı konstitusiya qanunu qəbul edib

Özünü demokratiyanın beşiyi kimi təqdim etməyə çalışan Fransanın əslində, tarixən müxtəlif xalqlara qarşı müstəmləkəçilik siyasəti həyata keçirdiyi bütün dünyaya məlumdur. Bu müstəmləkəçilik siyasətindən müxtəlif xalqlar hələ də əziyyət çəkir. Fransa bir sıra xalqları hələ də öz müstəmləkəsi altında saxlayır. Təəssüf ki, beynəlxalq ictimaiyyət rəsmi Parisin bu siyasətinə qarşı adekvat reaksiya vermir.

Lakin Azərbaycan bu məsələdə prinsipial mövqe nümayiş etdirir və Fransanın müxtəlif xalqlara qarşı repressiv siyasətinə etiraz səsini ucaldır. Eyni zamanda, müstəmləkəçiliyə qarşı aparılan  mübarizəyə siyasi və mənəvi dəstək verilir. Bakı Təşəbbüs Qrupunun yaradılması da bu məqsədə xidmət edir. Belə ki, Bakı Təşəbbüs Qrupu  Qoşulmama Hərəkatının  2023-cü il iyulun 5-6-da Bakıda keçirilmiş nazirlər toplantısı çərçivəsində baş tutan tədbirin nəticəsi olaraq yaradılıb.

271 lehinə, 202 əleyhinə...

Hazırda Fransa Afrikada, Karib adaları, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı bəzi ərazilərdə müstəmləkəçilik siyasətini davam etdirir. Bakı Təşəbbüs Qrupu isə Fransanın bu siyasətinə qarşı müxtəlif yerli və beynəlxalq səviyyəli tədbirlər keçirir. Həmin tədbirlərdə fransız müstəmləkəsindən əziyyət çəkən xalqların nümayəndələri də fəal iştirak edirlər. Artıq Azərbaycanın həmin xalqlara siyasi və mənəvi dəstək göstərməsi öz nəticəsini verməkdədir.

Belə ki, bugünlərdə Fransa Milli Assambleyası Korsikanın respublika daxilində muxtariyyət əldə etməsini nəzərdə tutan konstitusiya qanunu layihəsini 271 lehinə, 202 əleyhinə səslə qəbul edib. Bu qərar Fransanın nəzarətindəki bir ərazi üçün ilk belə təşəbbüs hesab olunur. Səsvermə 2022-ci ilin martında həbsxanada öldürülən korsikalı millətçi İvan Kolonnanın ölümündən sonra adada baş verən iğtişaşların ardınca başlayan siyasi prosesin mühüm mərhələsi kimi qiymətləndirilir. Məhz həmin hadisələrdən sonra hökumət Korsikanın seçilmiş nümayəndələri ilə dialoqa başlayıb.

2023-cü ilin sentyabrında Fransa prezidenti Emmanuel Makron Korsikaya səfəri zamanı ilk dəfə olaraq, “Respublika daxilində Korsika muxtariyyəti” prinsipini dəstəklədiyini və bunun Konstitusiyada əks olunmasının mümkünlüyünü bəyan etmişdi. Dövlət və Korsika nümayəndələri arasında iki ilə yaxın davam edən danışıqlardan sonra 2024-cü il martın 11-də tarixi razılaşma əldə olunub. Qanun layihəsi Konstitusiyaya yeni maddə əlavə edilməsini nəzərdə tutur. Bu maddə Korsikaya adanın coğrafi, dil və mədəni xüsusiyyətlərinə uyğun normativ və qanunvericilik səlahiyyətləri verəcək. Bununla belə, müdafiə, ədliyyə və xarici siyasət kimi dövlətin əsas səlahiyyətləri Parisin nəzarətində qalacaq.

İslahat tərəfdarları hesab edirlər ki, bu addım nəqliyyat, mənzil, yüksək yaşayış xərcləri, ətraf mühitin qorunması və korsika dilinin yaşadılması kimi problemlərin həllinə kömək edəcək, eyni zamanda, onilliklərdir davam edən gərginliyin azalmasına şərait yaradacaq.

“Korsika xalqı üçün mühüm mərhələdir”

Azərbaycan Milli Məclisinin Korsika Xalqına Dəstək Qrupu isə Fransa Milli Assambleyasında qəbul edilmiş konstitusiya qanunu layihəsinə dair bəyanat yayıb. Bəyanatda bildirilir ki, Fransa Milli Assambleyasında Korsikanın Fransa Respublikası daxilində xüsusi muxtariyyət statusunun təsbit edilməsini nəzərdə tutan konstitusiya qanunu layihəsinin qəbul olunması Korsika xalqı üçün mühüm mərhələdir. Qanun layihəsi adanın tarixi, mədəni, sosial və coğrafi xüsusiyyətləri nəzərə alınmaqla Korsikaya daha geniş özünüidarəetmə səlahiyyətlərinin verilməsini nəzərdə tutur və bu baxımdan Korsika xalqının uzun illər ərzində apardığı dinc, demokratik və ardıcıl mübarizənin mühüm siyasi nəticəsi kimi qiymətləndirilir.

“Biz, Milli Məclisin Korsika Xalqına Dəstək Qrupu olaraq, Korsika xalqının bu əzmini, qətiyyətini və demokratik prinsiplərə sadiqliyini yüksək qiymətləndirir, onları səmimi qəlbdən alqışlayırıq. Korsika xalqının öz gələcəyini müəyyənləşdirmək istiqamətində nümayiş etdirdiyi əzm və qətiyyət bir daha göstərir ki, xalqların legitim tələbləri gec-tez siyasi müstəvidə öz əksini tapır. Bu baxımdan Fransa Milli Assambleyasında qəbul olunmuş qərar yalnız qanunvericilik aktı deyil, həm də Korsika xalqının uzunmüddətli mübarizəsinin mühüm siyasi nailiyyətidir. Ümidvarıq ki, Fransa Senatı da tarixi məsuliyyət nümayiş etdirərək Fransa Milli Assambleyasının qəbul etdiyi qərarı dəstəkləyəcək və bununla da Korsika xalqının demokratik iradəsinə hörmət ifadə edəcək. Azərbaycan Milli Məclisinin Korsika Xalqına Dəstək Qrupu bundan sonra da Korsika xalqının qanuni hüquqlarının, demokratik iradəsinin və dinc siyasi mübarizəsinin beynəlxalq ictimaiyyət tərəfindən obyektiv qiymətləndirilməsini dəstəkləməyə davam edəcək”,-deyə bəyanatda vurğulanıb.

BTQ və “Nazione” Hərəkatı əməkdaşlıq edir

Xatırladaq ki, ötən il mayın 13-də İtaliyanın paytaxtı Romada Bakı Təşəbbüs Qrupunun (BTQ) və Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan “Nazione” Hərəkatının birgə təşkilatçılığı ilə “Milli kimlik, müqavimət və suverenlik: Korsika üçün perspektivlər” adlı tematik konfrans keçirilmişdi. Konfransda “Nazione” Hərəkatının rəhbər və səlahiyyətli nümayəndələri, eyni zamanda, Azərbaycan Milli Məclisində fəaliyyət göstərən Korsika Xalqına Dəstək Qrupunun üzvü Tural Gəncəliyev iştirak etmişdi. Konfrans çərçivəsində “Nazione” Hərəkatının üzvləri Fransa müstəmləkə siyasətindən əziyyət çəkən Korsika xalqının qarşılaşdığı əsas çağırışlar - Korsika milli kimliyinin və Korsika dilinin Fransa hökuməti tərəfindən məqsədli şəkildə assimilyasiya edilməsi siyasətini kəskin pisləyib, eləcə də qarşılaşdıqları iqtisadi və sosial diskriminasiya faktlarını diqqətə çatdırmışdılar.

 “Nazione” Hərəkatının gənclər bölməsinin rəhbəri Kilianu Beqliomini çıxışını Korsika xalqının milli kimliyində böyük rol oynayan Korsika dilinə həsr edərək korsikalı yazıçı Lisandru Bassaninin “Korsika dili Korsika xalqının milli kimliyinin məbədidir” fikrini səsləndirib. O, Korsika xalqının öz ana dilində danışmaq istəyinin kolonial Fransa tərəfindən qarşısının alındığını vurğulayaraq beynəlxalq ictimaiyyətin bu məsələyə diqqətini cəlb etmək üçün beynəlxalq mexanizmlərə müraciət edildiyini bildirmışdı.

Çıxış edənlər Fransa hüquq-mühafizə orqanlarının diktəsi ilə adada fəaliyyət göstərən qeyri-rəsmi dəstələr (Barbouzard) vasitəsilə Korsika xalqının müstəqilliyi uğrunda mübarizə aparan şəxslərin qətlə yetirilməsi cəhdləri və həmin xidmətin əməkdaşlarının medallarla təltif edildikləri barədə də danışmışdılar.

Həmin konfrans zamanı Bakı Təşəbbüs Qrupu və “Nazione” Hərəkatı arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədə əsasən, BTQ və “Nazione” kolonializm və neokolonializmə qarşı mübarizə aparmaq və insan hüquqlarının müdafiəsi məsələsində əməkdaşlıq etməyə dair razılığa gəliblər.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 104 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31