Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qlobal iqtisadi əməkdaşlıq və sərmayə cəlbi üçün yeni mərhələ

Qlobal iqtisadi əməkdaşlıq və sərmayə cəlbi üçün yeni mərhələ

11.08.2026 [10:15]

Ölkəmizdə keçirilən Beynəlxalq İnvestisiya Forumu davamlı və nümunəvi tədbir kimi davam etdiriləcək

Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun davamlı beynəlxalq platforma kimi inkişaf etdirilməsi məqsədilə Təşkilat Komitəsi yaradılıb. Komitə İnvestisiya Forumunun uğurlu nəticələrini və formalaşmış əməkdaşlıq əlaqələrini mütəmadi əsasda təşkil edəcək, bu tədbirin qlobal iqtisadi əhəmiyyətinin təşviqi istiqamətində müvafiq işlər görəcək.

Qeyd edək ki, Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu 2025-ci il sentyabrın 22-23 tarixlərində İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı, Avropa Evi - “Ambrosetti”nin (TEHA) strateji tərəfdaşlığı, həmçinin “Euronews”in media və təşkilati dəstəyi ilə Bakıda keçirilib. Forum dövlət rəsmiləri, biznes liderləri və beynəlxalq investorları bir araya gətirib.

Qlobal biznes icması üçün nümunəvi platforma

Azərbaycan paytaxtında toplanan beynəlxalq investorlar qrupu Şərq və Qərbin strateji qovşağında yerləşən ölkələrin investisiya imkanlarını araşdırmaq, qlobal ticarətin və dayanıqlı təchizat zəncirlərinin gələcəyini formalaşdırmaq üçün unikal platforma olan Bakı Forumunda mühüm görüşlər keçirib, faydalı müzakirələr aparıb. Tədbirdə 50-dən çox ölkənin sərmayədarları yeni qlobal rəqabətlilik paradiqmalarına dair dəyərli biliklər əldə etməklə yanaşı, yüksək səviyyəli əlaqələr qurmaq, strateji sazişlər bağlamaq və yeni tərəfdaşlıqlar formalaşdırmaq imkanları qazanıblar.

Forumda regionların strateji inteqrasiyası, tranzit imkanları, enerji və infrastruktur layihələri, innovasiyalar, “yaşıl” enerji, daşınmaz əmlak, şəhərsalma və dayanıqlı inkişaf mövzularında plenar iclas və dörd panel sessiyası baş tutub. Tədbirin ikinci günü isə dövlət-özəl tərəfdaşlığı, maliyyə, səhiyyə, biotexnologiya, əczaçılıq və rəqəmsal sağlamlıq, kənd təsərrüfatı, aqrobiznes, ərzaq sənayesi, sənayeləşmə, kiçik və orta sahibkarlıq, “yaşıl” keçid, eləcə də sahibkarlığın inklüzivliyi mövzularına həsr olunan panel sessiyaları keçirilib. Bu isə investorlar arasında sərmayə bağlantılarının təşviqi və reallaşması baxımından mühüm əhəmiyyət kəsb edib.

Birinci İnvestisiya Forumu ötən il mühüm sənədlərin imzalanması baxımından da əlamətdar olub. Belə ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında imzalanan “Şəhər içində şəhər” Konsepsiyasının inkişafı üzrə əməkdaşlıq sazişi imzalanıb ki, müasir şəhərsalma prinsipləri, “yaşıl şəhərsalma”ya keçid və digər qabaqcıl sənaye texnologiyalarının tətbiqi üçün imkanlar yaradır. Habelə, Azərbaycan və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında “Xəzər dənizində Suyun Duzsuzlaşdırılması Zavodunun layihələndirilməsi, tikintisi, istismarı və texniki xidməti üzrə saziş” imzalanıb. Saziş dizayn, tikinti, maliyyələşdirmə, istismar və texniki xidmət mərhələlərini əhatə edir. Layihə regionda su ehtiyatlarının səmərəli idarə olunmasına və içməli su təminatının artırılmasına yönəlib. Bundan əlavə, forumda “Emal olunmuş suyun alınmasına dair saziş” sənədi də imzalanıb.

2004-2025-cü illər ərzində iqtisadiyyata 350 milyard dollar investisya qoyulub

Müstəqilliyi qazandıqdan etibarən Azərbaycan xarici investorlarla əməkdaşlığa xüsusi önəm verərək dünyanın aparıcı şirkətləri ilə birlikdə həm ölkəmiz, həm də region üçün mühüm əhəmiyyət kəsb edən layihələrə imza atıb. Ölkəmizdə həyata keçirilmiş sosial-iqtisadi islahatlar və qlobal iqtisadiyyata inteqrasiya aparıcı beynəlxalq şirkətlər üçün ölkəmizdə geniş və əlverişli imkanlar yaradıb. Bu sağlam və münbit investisiya iqlimi sayəsində 2004-2025-cü illər ərzində iqtisadiyyata 350 milyard dollardan çox sərmayə qoyulub, onun əhəmiyyətli hissəsi və ya 220  milyard dolları qeyri-neft sektorunun inkişafına yönəldilib. Bu, xarici investorların Azərbaycana olan etimadı, ölkəmizdə hökm sürən təhlükəsizlik və sabitlik mühitinin bariz göstəricisidir.

Hazırda Azərbaycanda minlərlə xarici kapitallı şirkət fəaliyyət göstərir. Bu, ölkəmizdə müasir korporativ idarəetməyə əsaslanan, rəqabətli və dayanıqlı iqtisadiyyatın formalaşmasına mühüm töhfədir. Əldə edilmiş dayanıqlı etimad sayəsində əksər xarici şirkətlər mənfəətlərini ölkə iqtisadiyyatına təkrar investisiya etməkdə düzgün yol kimi seçməkdədir.

Ölkəmizin ərazi bütövlüyü təmin olunandan sonra Azərbaycanın səyləri ilə regionda uzunmüddətli sülh, sabitlik və dayanıqlı inkişafın əsası qoyuldu. Hazırda Azərbaycan xarici siyasətində artıq iqtisadi diplomatiyaya üstünlük verərək diqqətini yeni əməkdaşlıq əlaqələrinin qurulmasına, qeyri-neft sahələrinin, xüsusilə də ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir.

Ölkəmizdə iqtisadi artımın uzunmüddətli sabit trendə çevrilən qeyri-neft sektoru əsas inkişaf drayveri kimi həm yerli, həm də xarici investorların diqqətini cəlb edir. Qeyd edək ki, 2021-2025-ci illərdə qeyri-neft sektoru hər il orta hesabla 6-7 faiz artıb və ümumi iqtisadiyyatda payı 70 faizə yüksəlib. Eləcə də qeyri-neft ixracı son altı ildə demək olar ki, iki dəfə artıb. Bu amil də ölkəmizin rəqabət qabiliyyətinin yüksəlməsinin əyani göstəricisidir.

“Fitch” və “Moodys” ölkəmizin reytinqini investisiya dərəcəsinə yüksəldib

Qabaqcıl biznes ideyalarının tətbiqi, dövlət-özəl tərəfdaşlıq mexanizmləri və həyata keçirilən islahatlar nəticəsində özəl sektorun iqtisadiyyatda payı 82 faizə  yüksəlib. İqtisadiyyatın davamlı inkişafı əhalinin rifahını yüksəltmiş və ölkənin maliyyə gücünü artırıb. Son 23 ildə dövlət büdcəsinin gəlirləri 24 dəfə, strateji valyuta ehtiyatları 25 dəfədən çox artıb, dövlətin xarici borcunun ümumi daxili məhsula nisbəti isə 6 faizə düşərək dünya üzrə ən aşağı göstəricilərdən birinə çevrilib.

Azərbaycanın güclü maliyyə bazasına, makroiqtisadi və makromaliyyə sabitliyinə, əlverişli biznes mühitinə malik olması dünyanın nüfuzlu institutlarının hesabatlarında da öz əksini tapır. “Dünya Bankının ‘Business Ready” sorğusunun nəticələri, eləcə də aparıcı beynəlxalq kredit reytinq agentliklərinin qərarları göstərir ki, Azərbaycanın mövqeyi son illərdə əhəmiyyətli dərəcədə yaxşılaşıb. “Fitch” və “Moodys” beynəlxalq reytinq agentlikləri ölkəmizin reytinqini investisiya dərəcəsinə yüksəldib.

Zəngəzur dəhlizi qlobal daşınmaları artıracaq

Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizi regional iqtisadi siyasətin strateji mərkəzinə çevirir. Orta Dəhliz üzrə tranzit yük daşımalarının həcmi ildən-ilə artır. Gələcək illərdə, xüsusilə də Zəngəzur koridorunun işə düşməsi ilə bu göstəricinin daha da artması gözlənilir. Ölkədə yaradılmış müasir infrastruktur, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və müasir dəmir yolu infrastrukturu sərmayədarlara qlobal bazarlara birbaşa çıxış və yüksək tranzit səmərəliliyi təklif edir.

Ölkəmizdə qanunun aliliyinin təminatı, hökm sürən siyasi sabitlik və sərmayələrin qorunması iqtisadi siyasətimiz üçün fundamental amil rolunu oynayır və investorlar üçün uzunmüddətli etimad mühiti yaradır. İnvestorların hüquq və mənafelərinin qorunması, yerli və xarici sahibkarlara əlverişli münbit şəraitinin yaradılması, Rəqabət Məcəlləsinin qüvvəyə minməsi sərmayə cəlbediciliyinin artırılmasında yeni mərhələ açıb.

Yaradılmış infrastruktur və hüquqi təminatlar əsasında Azərbaycan biznes layihələrini dəstəkləməyə, texnologiya, investisiya və təcrübə gətirən tərəfdaşlıqları irəli aparmağa tam hazırdır. Eyni zamanda dövlət-özəl tərəfdaşlıq mexanizmləri sərmayədarlara dayanıqlı layihələrə qoşulmaq imkanı verir. Ənənəvi enerji sahəsindəki uğurlarımız bu gün rəqəmsal iqtisadiyyat və texnoloji transformasiya ilə tamamlanır. Bulud texnologiyalarının genişləndirilməsi, rəqəmsal məlumat infrastrukturunun inkişafı və innovativ həllərin iqtisadiyyatın əsas sahələrinə inteqrasiyası Azərbaycanın gələcəkdə yüksək texnologiyalar və süni intellekt sahəsində strateji mərkəz rolunu oynamaq üçün mövqelərini daha da möhkəmləndirir.

Bütün bu mühüm amillər beynəlxalq sərmayə ailəsinin Azərbaycana olan marağını, investisiya təşviqlərini daha da artırır. Məhz bu baxımdan ölkəmizdə ötən il keçirilmiş ilk İnvestisiya Forumu beynəlxalq əməkdaşlıq və sərmayə cəlbinin yeni mərhələsi üçün başlanğıc deməkdir. Forum innovativ biznes ideyalarının reallaşdırılması və əlverişli işgüzar imkanların genişləndirilməsi, kapital, texnologiya və ideyaların Azərbaycana gətirilməsi baxımından mühüm tədbir kimi yadda qalıb.

Bir sözlə, Azərbaycanda ilk dəfə keçirilən Birinci İnvestisiya Forumu qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi, yeni tərəfdaşlıq əlaqələrinin qurulması, qabaqcıl ideyaların və layihələrin müzakirəsi, ölkəyə yeni investisiyaların cəlb olunması üçün mühüm platforma kimi tarixə düşüb. Qlobal biznes icmasının tələb və marağı nəzərə alınaraq Forumun davamlılığının təmin edilməsi nəzərdə tutulur. Bu məqsədlə yeni yaradılan Təşkilat Komitəsi bu qlobal tədbirin daha geniş formatda və daha çox investisiya şirkətlərinin iştirakı üçün zəruri tədbirləri həyata keçirəcək.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 13 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31