Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Oralar, daş küçələr və unudulmayan tarix...

Oralar, daş küçələr və unudulmayan tarix...

10.10.2026 [09:45]

Göz gözü görməyən dumanlı yollarla üz tuturuq Qobustan tərəfə - Diri Baba Türbəsinə. Hava bir qədər əlverişsizdir. Duman dağların üzərinə çöküb, yol boyu mənzərə gah görünür, gah da sisin içində itib gedir. Məncə belə hava səfərimizə başqa bir ovqat qatacaq. Qarşıda bizi əsrlərdir öz sirrini qoruyan bir abidə və məkan gözləyir.

Diri Baba Türbəsinə qalxmaq, qayaların arasındakı mağaraları gəzmək çətin olmadı. Əksinə, hər addımda yeni bir sual yaranırdı.

Niyə məhz Diri Baba?

Rəvayətə görə, burada xəlvətə çəkilən şeyx dünyasını dəyişdikdən sonra onun bədəni uzun müddət çürüməyib. Yerli əhali də onu “Diri Baba” adlandırıb. Türbənin adı da əsrlərdir bu adla yaşayır.

Sizə deyim ki, Diri Babanı maraqlı edən təkcə rəvayət deyil.

1402-ci ildə Şirvanşah hökmdarı I İbrahimin əmri ilə inşa edilən türbə qayanın içərisinə sanki oyulub. Abidənin təbiətlə bu qədər vəhdət təşkil etməsi onu Azərbaycanın ən qeyri-adi memarlıq nümunələrindən birinə çevirir.

Bu məkan əsrlər boyu səyyahların da diqqətindən yayınmayıb.

1636-cı ildə alman səyyahı Adam Oleari burada olub, türbənin qravürünü çəkib. 1647-ci ildə Osmanlı səyyahı Övliya Çələbi Diri Babanı ziyarət edib və “Səyahətnamə”sində haqqında yazıb. 1703-cü ildə isə holland səyyahı Kornelius de Bruin buraya gəlib.

XIX əsrdə isə Diri Baba artıq elmi araşdırmaların obyektinə çevrilir. 1861-ci ildə akademik Dorn və akademik Bartolomey burada olurlar. Dorn türbənin iki fotosunu çəkir. Türbənin birinci və ikinci mərtəbələri arasında yerləşən daş kitabə də həmin ekspedisiya zamanı aparılır. Sonradan Dornun fondu yanır və kitabə it-bata düşür.

Lakin tarix bəzən itirdiyini də geri qaytarır. 1965-ci ildə tarixçi-tədqiqatçı Məşədixanım Nemət Sankt-Peterburqdakı Ermitaj Muzeyində həmin kitabənin surətinə rast gəlir. Kitabədə türbənin hicri 805-ci ildə, yəni miladi 1402-ci ildə Şeyx İbrahim Xəlilullahın əmri ilə inşa edildiyi qeyd olunur.

Bütün bunları “Diri Baba” abidə kompleksinin direktoru Yusif Məmmədovdan dinləyirik.

Bizim yolumuz burada bitmir.

Dövlət Turizm Agentliyinin təşkil etdiyi mediaturda istiqamətimiz bir tərəfli deyil. Diri Babadan sonra bizi Basqal, daha sonra isə Lahıc gözləyir. Bu, bir neçə saatın içində Azərbaycanın fərqli tarixi qatlarına səyahət deməkdir.

Basqal - ipəyin, daş küçələrin və köhnə qapıların yaddaşı

Dumanlı yollar arxada qalır. Qarşıda isə dağların qoynunda Basqal görünür.

Bakıdan təxminən 160 kilometr məsafədə, dəniz səviyyəsindən 965 metr yüksəklikdə yerləşən Basqal 240 hektarlıq ərazini əhatə edir. Ərazinin 50 hektarı isə Dövlət Tarix-Mədəniyyət Qoruğunun payına düşür.

Basqala daxil olan kimi ilk hiss etdiyim şey sakitlikdir. Burada zaman sanki tələsmir.

Daş döşəməli yollar, pilləkənvari küçələr, qədim taxta qapılar, darvazalar və ənənəvi hasarlar bir-birinə qarışaraq qəsəbənin özünəməxsus simasını yaradır. Tarixi Basqalın mərkəzində səkkiz məhəlləni birləşdirən Bazar meydanı yerləşir. Bu küçələr sadəcə küçə deyil. Hər biri keçmişdən bu günə uzanan bir yol kimidir. Basqalın tarixində ipəkçilik və dəmirçilik xüsusi yer tutur. Burada hazırlanan kəlağayılar əsrlər boyu Azərbaycan sənətkarlığının ən tanınmış nümunələrindən biri olub.

Kəlağayının hazırlanma prosesini izləyirik.

İpək parçanın rəngə boyanması, xüsusi qəliblərlə naxışlanması və sonda zərif bir sənət əsərinə çevrilməsi bir daha göstərir ki, bir parça parçada bütöv bir xalqın yaddaşı yaşayır.

Kəlağayı sənəti 2014-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Basqalın bugünkü görünüşündə dövlət qayğısının da izi aydın görünür.

Prezident İlham Əliyevin 3 oktyabr 2018-ci il tarixli Sərəncamından sonra qoruqda tarixi mühitin qorunması və turizm imkanlarının inkişaf etdirilməsi istiqamətində geniş işlər görülüb. Bazar meydanı, daş küçələr, divarlar, qapı və darvazalar bərpa olunub, XVII əsrə aid hamam isə Hamam Muzeyi kimi yenidən həyata qaytarılıb.

Növbəti dayanacağımız Lahıcdır.

Dağlar arasından, sıldırım qayaların yanından keçərək bu qədim qəsəbəyə doğru irəliləyirik. Lahıca ilk dəfə gəlmirəm. Bura mənim üçün artıq tanış ünvandır. Maraqlısı budur ki, Lahıc hər gəlişimdə mənə başqa cür görünür.

Bəlkə havadan, bəlkə küçələrdəki səsdən, bəlkə də insanlardan...

Daş döşəməli küçələr, qədim evlər, misgərlərin çəkic səsləri və yerli sakinlərin gülərüz qarşılaması qəsəbəyə çatan kimi adamı özünə çəkir. Burada zamanın səsi var. Bir tərəfdən turistlərin danışığı, digər tərəfdən misə dəyən çəkicin səsi... Sanki Lahıcın ürəyi məhz bu səslərlə döyünür.

Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğu 1980-ci ildə yaradılıb və hazırda qəsəbə ilə Ərəgit kəndinin 80 hektarlıq ərazisini əhatə edir. Qoruqda dövlət qeydiyyatına alınmış 103 tarixi və mədəniyyət abidəsi qorunur. Onların arasında məscidlər, hamamlar, körpü, su dəyirmanı və müxtəlif tarixi yaşayış evləri var.

İkimərtəbəli qədim evlər çay daşlarından tikilib. Hörgünün arasında müəyyən məsafələrlə yerləşdirilən taxta dirəklər həm konstruksiyanın möhkəmliyinə xidmət edib, həm də Lahıc memarlığına özünəməxsus görünüş verib.

Qədim taxta qapılardakı dəmir “zınqırov”lar isə bu evlərin başqa bir maraqlı detalıdır. Lahıc deyəndə ilk yada düşən, əlbəttə, misgərlikdir.

Qəsəbənin Bazar küçəsi əsrlərdir sənətkarların ünvanıdır. Bu gün də mis mağazalarının və emalatxanaların böyük hissəsi məhz burada yerləşir. Turistlər yalnız suvenir almaq üçün deyil, sənətkarın iş prosesini izləmək üçün də bu küçəyə üz tuturlar. Ustanın çəkici misə toxunduqca bir qab formalaşır.

Dolça, satıl, sərnic, sərpuc, güyüm, teşt, məcməi, sini, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq... Adları sadalamaq asandır.

Hər birinin arxasında saatlarla davam edən zəhmət, nəsildən-nəslə ötürülən ustalıq və əsrlərlə formalaşmış sənət ənənəsi dayanır. Lahıc misgərlik sənəti 2015-ci ildə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Bu küçələrdə gəzərkən bir daha anladım ki, turizm yalnız gəlib görmək deyil.

Turizm həm də bir xalqın sənətini tanımaq, onun hekayəsini dinləmək və həmin hekayənin yaşamasına şahid olmaqdır. Hər dəfə Lahıcdan qayıdanda yeni təəssüratlarla ayrılıram. Lahıc həm qədimdir, həm də canlıdır. Həm keçmişi qoruyur, həm də bu günü yaşayır. Əminəm ki, mənimlə bu yolu gələn yoldaşlar da razılaşacaq. Lahıca bir dəfə gəlmək kifayət etmir. Bura gələn bir daha gəlmək istəyir.

Havar Şəfiyeva

Paylaş:
Baxılıb: 22 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Siyasət

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Sosial

MEDİA

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31