Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan–Laos münasibətlərində yeni əməkdaşlıq imkanları

Azərbaycan–Laos münasibətlərində yeni əməkdaşlıq imkanları

19.10.2026 [11:34]

Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsi, müxtəlif regionları təmsil edən dövlətlərlə əlaqələrin genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindəndir. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət Azərbaycanın dostluq münasibətlərini qarşılıqlı maraqlar və konkret əməkdaşlıq imkanları əsasında inkişaf etdirməsinə şərait yaradır.

Oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanatda Prezident İlham Əliyev iki ölkə arasındakı münasibətlərin mövcud vəziyyətinə və gələcək inkişaf perspektivlərinə diqqət çəkib. Dövlət başçısı əminliyini ifadə edib ki, bu səfər Azərbaycan-Laos əlaqələrinin daha da dərinləşməsinə mühüm töhfə verəcək. Prezidentin vurğuladığı kimi, ölkələrimiz arasında otuz ildən artıqdır davam edən diplomatik münasibətlər beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək və həmrəyliklə müşayiət olunub.

Bəyanatda iqtisadi əməkdaşlığın genişləndirilməsi xüsusi yer tutub. Prezident İlham Əliyev qeyd edib ki, mövcud ticarət dövriyyəsi iki ölkənin potensialını və niyyətlərini əks etdirmir. Bu səbəbdən iqtisadi əlaqələrin fəallaşdırılması, ticarət dövriyyəsinin artırılması və qarşılıqlı investisiya imkanlarının araşdırılması qarşıda duran mühüm vəzifələrdəndir. Dövlət başçısı Azərbaycanın xarici ölkələrə investisiya yatırmaq imkanlarının genişləndiyini bildirərək, Laos tərəfindən konkret layihələr təqdim olunacağı təqdirdə, onların Azərbaycan investorları tərəfindən maraqla nəzərdən keçiriləcəyini diqqətə çatdırıb. Enerji, kənd təsərrüfatı, dağ-mədən sənayesi və digər sahələrdə əməkdaşlığın inkişafı üçün də geniş imkanların olduğu vurğulanıb.

Prezident İlham Əliyevin bəyanatında humanitar əlaqələrin gücləndirilməsi, təhsil sahəsində ənənələrin bərpası və nəqliyyat-logistika əməkdaşlığı da mühüm istiqamətlər kimi qeyd olunub. Sovet dövründə Laosdan iki mindən çox tələbənin Azərbaycanda təhsil aldığını xatırladan dövlət başçısı bu ənənənin yenidən canlandırılmasını və təqaüd mexanizminin yaradılmasını təklif edib. Eyni zamanda, minalarla mübarizə sahəsində təcrübə mübadiləsinin, yeni texnologiyaların tətbiqinin və təlim proqramlarının əhəmiyyəti diqqətə çatdırılıb. Azərbaycanın nəqliyyat infrastrukturunun imkanları fonunda yeni yük mənbələrinin cəlb edilməsi və daşımaların həcminin artırılması perspektivləri də müzakirə olunub.

Ümumilikdə, Prezident İlham Əliyevin bəyanatı Azərbaycan-Laos münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyması üçün real imkanların mövcudluğunu nümayiş etdirir. Dövlət başçısının səsləndirdiyi fikirlərdən aydın görünür ki, Azərbaycan dost ölkələrlə əlaqələrin yalnız siyasi müstəvidə deyil, iqtisadi, humanitar və digər sahələrdə də konkret nəticələrlə zənginləşdirilməsində maraqlıdır. Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəri qarşılıqlı etimadın möhkəmləndirilməsi və uzunmüddətli əməkdaşlıq üçün yeni perspektivlərin açılması baxımından əlamətdar hadisədir.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 24 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31