Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Tarixi Zəfərin və Böyük Qayıdışın təntənəsi

Tarixi Zəfərin və Böyük Qayıdışın təntənəsi

19.10.2026 [12:26]

Hər il oktyabrın 17-si Azərbaycan xalqı üçün mühüm tarixi əhəmiyyət daşıyan günlərdən biri kimi qeyd olunur. 17 Oktyabr – Füzuli şəhəri günü xalqımızın qəhrəmanlığını, əzmini, Vətən sevgisini və tarixi torpaqlarımıza qayıdış iradəsini özündə əks etdirir. Bu əlamətdar gün Füzulinin işğaldan azad edilməsinin rəmzi olmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində qazandığı tarixi Qələbənin də mühüm səhifəsidir.

Füzuli şəhəri 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal nəticəsində şəhər və rayonun yaşayış məntəqələri dağıdılmış, minlərlə insan doğma yurd-yuvasından didərgin düşmüşdü. Uzun illər ərzində füzulililər doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşamış, bu arzunun gerçəkləşəcəyinə inamlarını itirməmişdilər. Azərbaycan xalqı isə bütün bu illər ərzində öz torpaqlarının işğaldan azad olunacağına və ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə inanırdı.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın şanlı hərb tarixinə qızıl hərflərlə yazıldı. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etmək uğrunda əks-hücuma keçdi. Gərgin döyüşlər nəticəsində Azərbaycan əsgəri böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirdi. Oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad edilməsi Azərbaycan xalqının iradəsinin, ordumuzun gücünün və milli birliyimizin təntənəsinə çevrildi.

Füzulinin azad olunması hərbi-strateji baxımdan da mühüm əhəmiyyət daşıyırdı. Bu qələbə Azərbaycanın digər ərazilərinin azad edilməsi üçün əlverişli imkanlar yaratdı və Vətən müharibəsinin gedişində mühüm dönüş nöqtələrindən biri oldu. Şəhərin azad edilməsi uğrunda döyüşlərdə iştirak edən hərbçilərimizin fədakarlığı, şəhidlərimizin canı bahasına əldə edilən bu Zəfər xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

Doğma yurdlarına qayıdan sakinlərin rahat yaşayışının təmin edilməsi, yeni iş yerlərinin yaradılması, təhsil və səhiyyə müəssisələrinin fəaliyyətinin təşkili qarşıda duran əsas vəzifələrdəndir. Füzulinin dirçəlişi təkcə bir şəhərin yenidən qurulması deyil, həm də onilliklər ərzində yurd həsrəti ilə yaşayan insanların arzularının gerçəkləşməsi deməkdir.

Füzuli bu gün yenidən qurulur, inkişaf edir və öz tarixi simasını bərpa edir. Əminliklə demək olar ki, şəhərin hər bir küçəsi, hər bir yeni binası və həyata keçirilən hər bir quruculuq layihəsi Azərbaycan xalqının qətiyyətinin və Zəfərinin təcəssümüdür. 17 Oktyabr – Füzuli şəhəri günü bundan sonra da xalqımızın qürurla qeyd etdiyi, azadlığın, dirçəlişin və Böyük Qayıdışın rəmzi olan əlamətdar gün kimi yaşayacaqdır.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Paylaş:
Baxılıb: 36 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31