Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanın beynəlxalq nüfuzu

Azərbaycanın beynəlxalq nüfuzu

19.10.2026 [12:27]

Müasir dünyada beynəlxalq münasibətlər sisteminin mürəkkəb sınaqlarla üzləşdiyi, geosiyasi gərginliklərin artdığı və dövlətlər arasında etimadın möhkəmləndirilməsinə böyük ehtiyac duyulduğu bir dövrdə çoxtərəfli əməkdaşlıq platformalarının əhəmiyyəti daha da artır. Belə bir şəraitdə Azərbaycanın beynəlxalq dialoqun inkişafına, regional sabitliyin qorunmasına və qarşılıqlı faydalı tərəfdaşlığın genişləndirilməsinə verdiyi töhfələr xüsusi diqqət çəkir. Prezident İlham Əliyevin 15 oktyabr 2026-cı il tarixində Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə çıxışı da bu baxımdan mühüm siyasi əhəmiyyət daşıyır.
Azərbaycanın paytaxtında keçirilən belə bir yüksək səviyyəli tədbir ölkəmizin beynəlxalq münasibətlər sistemində tutduğu mövqenin, diplomatik imkanlarının və müxtəlif dövlətlər arasında əməkdaşlığa verdiyi önəmin göstəricisi kimi qiymətləndirilə bilər. Zirvə görüşünün əsas mahiyyəti yalnız dövlət başçılarının bir araya gəlməsi ilə məhdudlaşmır. Bu platforma həm də ortaq problemlərin müzakirəsi, qarşılıqlı anlaşmanın gücləndirilməsi, təhlükəsizlik məsələlərinə birgə yanaşmaların formalaşdırılması və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi üçün mühüm imkan yaradır.
Prezident İlham Əliyevin xarici siyasət kursunda Azərbaycanın milli maraqlarının qorunması ilə yanaşı, beynəlxalq hüquqa, suverenliyə, dövlətlərin ərazi bütövlüyünə və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərin inkişafı mühüm yer tutur. AQEM kimi çoxtərəfli platformalarda iştirak və bu platformaların fəaliyyətinə verilən siyasi dəstək həmin prinsiplərin beynəlxalq müstəvidə təşviqinə xidmət edir. Azərbaycanın Asiya ilə Avropanın qovşağında yerləşməsindən irəli gələn strateji üstünlüklər və bu üstünlüklərin səmərəli reallaşdırılmasıdır. Ölkəmizin əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu, enerji resursları və genişlənən beynəlxalq əlaqələri Azərbaycanı Avrasiya məkanında mühüm əməkdaşlıq mərkəzlərindən birinə çevirir. Dövlət başçısının vurğuladığı kimi, siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə qurulan tərəfdaşlıqlar regionda təhlükəsizlik və sabitliyin möhkəmlənməsinə də xidmət edir. Azərbaycan öz coğrafi imkanlarını yalnız milli iqtisadiyyatın inkişafı üçün deyil, həm də dövlətlər arasında əlaqələrin genişləndirilməsi məqsədilə istifadə edir. Nəqliyyat dəhlizlərinin inkişafı, yükdaşımaların səmərəliliyinin artırılması, enerji əməkdaşlığının genişləndirilməsi və rəqəmsal bağlantıların yaradılması ölkələr arasında qarşılıqlı asılılığı faydalı tərəfdaşlığa çevirən əsas amillərdəndir. Müasir beynəlxalq münasibətlərdə iqtisadi əlaqələr dövlətlər arasında etimadın möhkəmləndirilməsinin mühüm vasitəsidir. Birgə layihələr həyata keçirən, ticarət əlaqələrini genişləndirən və ortaq infrastruktur quran ölkələrin uzunmüddətli əməkdaşlıq imkanları da artır. Bu baxımdan Azərbaycanın irəli sürdüyü təşəbbüslər regional inkişafla yanaşı, daha geniş Avrasiya məkanında iqtisadi inteqrasiyanın güclənməsinə şərait yaradır.

Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin diplomatik potensialını nümayiş etdirməklə yanaşı, müxtəlif mövqelərə malik dövlətlərin eyni masa ətrafında müzakirələr aparması üçün imkan yaradır. Bu, Azərbaycanın yalnız regional proseslərin iştirakçısı deyil, həm də dialoqun təşkilinə və əməkdaşlığın inkişafına töhfə verən dövlət kimi rolunu ön plana çıxarır.Prezident İlham Əliyevin çıxışının mühüm istiqamətlərindən biri beynəlxalq münasibətlərdə ikili standartların yolverilməzliyi və beynəlxalq hüququn bütün dövlətlərə eyni qaydada tətbiq olunması məsələsi idi. Dövlət başçısı Azərbaycanın müstəqil xarici siyasətinin bərabərhüquqluluq, dövlətlərin daxili işlərinə qarışmamaq, suverenliyə və ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslandığını vurğuladı. Bu prinsipial mövqe beynəlxalq münasibətlər sisteminin sağlam əsaslar üzərində qurulması baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlətlərin böyüklüyündən, iqtisadi və hərbi imkanlarından asılı olmayaraq, onların hüquqlarına eyni səviyyədə hörmət edilməlidir. Beynəlxalq təşkilatların qərarları yalnız qəbul olunmaqla kifayətlənməməli, həm də yerinə yetirilməlidir. Əks halda, beynəlxalq hüquqa inam zəifləyir, münaqişələrin həlli çətinləşir və yeni gərginlik ocaqlarının yaranması üçün zəmin formalaşır.
Prezident çıxışında Ermənistanın uzun illər Azərbaycan torpaqlarını işğal altında saxlamasına, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin uzun müddət icra edilməməsinə və münaqişənin həlli üçün yaradılmış mexanizmlərin nəticəsiz qalmasına diqqət çəkdi. Bu faktlar beynəlxalq qərarların həyata keçirilməsi üçün təsirli mexanizmlərin vacibliyini bir daha gündəmə gətirdi. Burada əsas məsələ yalnız Azərbaycanın üzləşdiyi tarixi ədalətsizliyin xatırladılması deyil. Daha geniş mənada söhbət beynəlxalq sistemin gələcək təhlükəsizliyindən gedir.
2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının böyük hissəsi işğaldan azad edildi. 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri ilə ölkəmizin suverenliyi bütün ərazisində tam bərpa olundu. Prezident müharibənin Azərbaycan üçün seçim olmadığını, lakin ölkəmizin öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdiyini vurğulayaraq sülhün qorunmasının vacibliyini diqqətə çatdırdı.
Azərbaycan AQEM-in fəaliyyətini yalnız siyasi müzakirələr çərçivəsində məhdudlaşdırmaq niyyətində deyil. Ölkəmizin sədrliyi müddətində nəqliyyat və bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlığın təşviqinə xüsusi diqqət yetirilib.
Azərbaycanın sədrliyinin daha iki il müddətinə uzadılmasına üzv dövlətlərin dəstək verməsi ölkəmizin bu istiqamətdəki fəaliyyətinə göstərilən etimadın mühüm ifadəsidir. Bu, eyni zamanda, başladılmış təşəbbüslərin davam etdirilməsi və uzunmüddətli əməkdaşlıq planlarının həyata keçirilməsi üçün əlavə imkanlar yaradır.

Azər Ağayev
YAP Tərtər rayon təşkilatının sədr müavini

Paylaş:
Baxılıb: 67 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31