Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qayalar Qoynunda Yenidən Doğan Günəş: Qubadlı Həsrətindən Zəfər Təntənəsinə

Qayalar Qoynunda Yenidən Doğan Günəş: Qubadlı Həsrətindən Zəfər Təntənəsinə

21.10.2026 [13:46]

Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub-şərq ətəklərində zamanın və tarixin dərin izlərini daşıyan müqəddəs bir torpaq var – Qubadlı. Bərgüşad və Həkəri çaylarının coşqun suları ilə nəfəs alan, sıldırım qayaları, uca dağları, zümrüd meşələri və əsrarəngiz təbiəti ilə göz oxşayan bu diyar əsrlər boyu qəhrəmanlıq salnamələrinin, ozan-aşıq sənətinin, xalqımızın sarsılmaz ruhunun beşiyi olmuşdur. Qubadlı təkcə bərəkətli torpaqları, buz bulaqları, bənzərsiz flora və faunası ilə deyil, həm də azadlıqsevər insanları, Vətən yolunda canından keçməyə hər an hazır olan mərd, cəsur övladları ilə ad çıxarmışdır. Hələ əsrlər öncəsindən bu sıldırım qayalıqlar Qaçaq Nəbi və Həcərin qəhrəmanlıq nərəsinə şahidlik etmiş, azadlıq və ədalət rəmzinə çevrilmişdir. Qubadlı torpağı hər zaman mərdlik, ləyaqət və sarsılmaz Vətən sevgisi ilə döyünən qəlblərin unudulmaz yurdu olmuşdur.

Qubadlının hər bir guşəsi, hər bir kəndi qədim tariximizin canlı şahididir. Muradxanlı kəndindəki IV əsrə aid Qalalı qala abidəsi, Qayalı kəndindəki 'Göy qala', Əliquluuşağı kəndindəki 'Göyşən' qalası, eləcə də Həkəri və Bərgüşad çayları üzərində ucaldılmış Laləzar və Hacı Bədəl körpüləri bu torpağın nə qədər zəngin arxitektura və mədəniyyət irsinə malik olduğunu aydın göstərir. Bu diyar əsrlərlə elmin, mədəniyyətin, maarifçiliyin mərkəzlərindən biri kimi inkişaf etmiş, yetirdiyi görkəmli şəxsiyyətləri, elm və incəsənət xadimləri ilə Azərbaycanın mədəni xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir.

Lakin 1993-cü ilin 31 avqust tarixi bu cənnət məkanın təqviminə qara hərflərlə yazıldı. Ermənistan Silahlı Qüvvələrinin hərbi təcavüzü nəticəsində Qubadlı rayonu işğal olundu; Onun 1 şəhəri və 93 kəndi, neçə-neçə tarixi-mədəni abidəsi, qədim türbələri, körpüləri, məktəbləri və məscidləri yerlə-yeksan edildi. 30 mindən çox Qubadlı sakini öz doğma ocağından, dədə-baba torpağından, uşaqlıq xatirələrindən didərgin düşərək məcburi köçkünlük həyatının ağır sınaqları ilə üz-üzə qaldı. Düşmən vandalizmi nəticəsində Qubadlının zəngin meşələri qanunsuz olaraq qırıldı, təbiətinə və ekologiyasına unudulmaz yaralar vuruldu. Tam 28 il boyunca qubadlılar Bərgüşadın, Həkərinin həsrətini çəkdi, hər bir daşı, hər bir ağacı üçün nisgil bəslədi. Lakin bu uzun və ağrılı illər ərzində xalqımızın qəlbindəki inam, torpaq sevgisi və zəfər ümidi bir an olsun belə sönmədi, əksinə daha da alovlandı.

2020-ci ilin zəfər payızında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun başladığı 44 günlük Vətən Müharibəsi bu 28 illik nisgilə, həsrətə və haqsızlığa əbədi olaraq son qoydu. Cənub cəbhəsində düşmən istehkamlarını yararaq, dağlıq relyefin bütün çətinliklərinə sinə gərərək irəliləyən igid əsgər və zabitlərimiz oktyabrın 25-də Qubadlı şəhərini düşmən tapdağından tamamilə azad etdilər. Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən Müharibəsində də Qubadlı övladları, Milli Qəhrəman Əliyar Əliyevin yolu ilə gedən igidlərimiz böyük şücaət göstərdilər. 25 Oktyabr tarixi təkcə bir şəhərin düşməndən təmizlənməsi deyil, həm də Şuşaya, Laçına və tam Zəfərə gedən yolda mühüm strateji dönüş nöqtəsi, milli ləyaqətimizin, qürurumuzun və tarihi ədalətin təntənəli bərpası kimi şanlı tariximizə qızıl hərflərlə yazıldı.

Dövlət başçısının müvafiq Sərəncamı ilə hər il 25 oktyabr tarixinin 'Qubadlı Şəhəri Günü' kimi təntənəli şəkildə qeyd olunması bu şanlı Zəfərə, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş azadlıq məşəli olan şəhidlərimizin əziz xatirəsinə və qubadlıların yenidən doğuluşuna verilən en yüksek dövlət ehtiramıdır. Bu gün Qubadlı xarabalıqların içindən, küllərindən yenidən doğulur, boy verir. Şərqi Zəngəzur iqtisadi rayonunun tərkibində sürətlə bərpa olunan, modern infrastrukturu, beynəlxalq standartlara cavab verən Xudafərin-Qubadlı-Laçın avtomobil yolları, müasir məktəbləri və 'yaşıl enerjiyə' əsaslanan Baş Planı ilə Qubadlı öz əvvəlki əzəmətini və gözəlliyini artıqlaması ilə bərpa edir. 'Böyük Qayıdış' proqramı çərçivəsində doğma yurdlarına dönən sakinlərin sevinci bu torpaqlara yeni həyat nəfəsi verir.

Artıq Qubadlı dağlarının qoynundan həsrət və nisgil nəğmələri deyil, quruculuq, inkişaf və şanlı Zəfər avazı ucalır. 25 Oktyabr – Qubadlı şəhəri günü yenidən doğuşun, milli həmrəyliyin, dirçəlişin və əbədi azadlığın bayramıdır. Bu bayram hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur, gələcəyə sonsuz inam və sarsılmaz Vətən sevgisi hissləri oyadır.

Səbinə Əliyeva

YAP Ordubad rayon təşkilatının məsləhətçisi
 

Paylaş:
Baxılıb: 68 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31