Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Müstəqil xarici siyasət və iqtisadi qüdrət: Azərbaycanın yeni dövrdəki yeri

Müstəqil xarici siyasət və iqtisadi qüdrət: Azərbaycanın yeni dövrdəki yeri

21.10.2026 [15:33]

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin nitqinin geniş hissəsi Azərbaycanın beynəlxalq mövqeyinə və iqtisadi potensialına həsr olundu. Partiya Sədrinin təqdim etdiyi faktlar və rəqəmlər bir həqiqəti aydın göstərdi: ərazisi və əhalisi o qədər də böyük olmayan Azərbaycan bu gün dünya siyasətində müstəqil və nüfuzlu oyunçuya çevrilib.
Xarici siyasətin əsas prinsipi qurultayda açıq şəkildə ifadə edildi: Azərbaycan heç bir düşərgəyə qoşulmur və qoşulmayacaq. Bir çox ölkələrin müxtəlif bloklara üzv olduğu və ya olmağa çalışdığı bir dövrdə bu mövqe həm cəsarət, həm də böyük diplomatik ustalıq tələb edir. Lakin nəticələr bu xəttin düzgünlüyünü təsdiqləyir. Son dövrdə Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşlıq münasibətləri qurub: Çinlə hərtərəfli strateji tərəfdaşlıq bəyannaməsi, Amerika Birləşmiş Ştatları ilə isə Strateji Xartiya imzalanıb. Bundan əlavə, Avropa İttifaqının 10 üzv ölkəsi ilə strateji tərəfdaşlıq formatı mövcuddur.
Prezident İlham Əliyev bu uğurun səbəbini belə izah etdi: bizə inam var, sözümüz imzamız qədər dəyərlidir. Azərbaycan heç vaxt ikibaşlı oyun oynamayıb, heç bir ölkəyə qarşı ikiüzlülük göstərməyib. Buna görə də bir-birinə düşmənçilik edən ölkələrin yüksək vəzifəli nümayəndələri məhz Azərbaycanda görüşür, beynəlxalq riskləri azaltmaq üçün məhz ölkəmiz məkan kimi seçilir.
Qurultayda Azərbaycanın beynəlxalq təşkilatlardakı nailiyyətləri də xatırlandı. Ölkəmiz BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisata dörd il yekdil qərarla rəhbərlik edib. Keçən ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qəbul edildi - Cənubi Qafqazda yerləşən ölkə üçün presedenti olmayan hadisə. 30 il ərzində heç bir yeni üzv qəbul etməyən D-8 təşkilatına ilk dəfə məhz Azərbaycan üzv oldu. Gələn il ölkəmizdə İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü keçiriləcək və Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsində birləşdirici rol oynamağa davam edəcək. Partiya Sədri vurğuladı ki, bundan sonra xarici siyasət müdafiəyönümlü deyil, daha aktiv və fəalyönümlü olmalıdır.
Bu fəallıq Azərbaycanın sülh gündəliyində də özünü göstərir. Ermənistanla sülhün Ağ Evdə möhürlənməsi, sülh müqaviləsinin paraflanması, iki ölkə arasında ticarətin başlanması regionda yeni dövrün başlandığını göstərir. Bu sülh Azərbaycanın şərtləri əsasında, qalib dövlətin iradəsi ilə əldə olunub.
Güclü xarici siyasətin təməlində güclü iqtisadiyyat dayanır. Qurultayda səsləndirilən rəqəmlər təsirlidir: valyuta ehtiyatları 90 milyard dollara çatıb və xarici borcdan təxminən 20 dəfə çoxdur; xarici borc ümumi daxili məhsulun cəmi 5,6 faizini təşkil edir, halbuki inkişaf etmiş ölkələrdə bu göstərici 100–120 faiz arasındadır. Son iki ildə keçirilən Beynəlxalq İnvestisiya Forumlarında 20 milyard dollardan çox kontrakt imzalanıb, ikinci forumda idarəçiliyində 30 trilyon dollardan artıq vəsait olan aparıcı investisiya qurumları iştirak edib.
Enerji amili Azərbaycanın geosiyasi çəkisini daha da artırır. Prezident qeyd etdi ki, ölkəmiz xam neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrələr - bütün növ enerji resurslarını istehsal və ixrac edən nadir dövlətlərdəndir. Neft məhsulları üzrə potensialımız 30 milyon tona çatıb: 7 milyon ton ölkədə, 23 milyon ton isə xaricdəki zavodlarda emal olunur. Regionda yaşanan böhranlar fonunda bir çox ölkələr Azərbaycana müraciət edir. Partiya Sədrinin sözləri ilə desək, enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyi deməkdir və bu sahədə Azərbaycanın rolu artacaq. Yeni imzalanan kontraktlar hasilatı təkcə sabitləşdirmək deyil, artırmaq imkanı da verəcək; yalnız bir qaz kontraktı əlavə 5 milyard kubmetr qaz deməkdir.
Nəqliyyat sahəsində də ciddi irəliləyiş var. Bu il Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin 16 milyon tona çatması gözlənilir, orta müddətdə isə hədəf 30 milyon tondur. Vaxtilə 3-4 milyon ton arzulanırdısa, bu gün Orta Dəhliz və Şimal-Cənub Dəhlizi Azərbaycanın səyləri ilə daha cəlbedici olub, yeni iş yerləri və əlavə gəlir mənbələri yaranır.
Bütün bu uğurların son məqsədi xalqın rifahıdır. Qurultayda elan olundu ki, gələn il minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlər artırılacaq. Qarabağda və Şərqi Zəngəzurda isə artıq 96 min insan yaşayır, 48 yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşıb, bərpaya 28 milyard manat vəsait yönəldilib. Müstəqil xarici siyasət, güclü iqtisadiyyat və sosial rifah - VIII Qurultayın müəyyən etdiyi bu üçlük Azərbaycanın yeni dövrdəki inkişaf modelinin əsasını təşkil edir.

Hüseyn Məsimov,
YAP Mirəsədulla Mirqasımov küçəsi 1 (KTM PHŞ) üzrə ƏPT sədri,
 “Kliniki Tibbi Mərkəz” PHŞ-in baş həkimi

Paylaş:
Baxılıb: 43 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31