Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / İsa Qəmbərin Fridrix Nauman Fondu ilə işbirliyi nəyə xidmət edir?

İsa Qəmbərin Fridrix Nauman Fondu ilə işbirliyi nəyə xidmət edir?

23.05.2014 [09:08]

Yaxud anti-Azərbaycan dairələrin ölkəmizdə “beşinci kolon”u yenidən dirçəltmək cəhdləri əbəsdir
Uzun illərdir ki, özünün düşüncə tərzində, məsələlərə yanaşmasında dəyişiklik edə bilməyən, hər zaman antidövlət, antimillət mövqeyi ilə yadda qalan radikal düşərgənin birmənalı şəkildə Azərbaycanın dövlət maraqlarını düşünmədiyi, xarici qüvvələrin təsiri altında öz korporativ maraqlarının müdafiəsi ilə məşğul olduğu hər kəsə bəllidir. Gündəmə gəlmək üçün bütün yollara “baş vuran”, ən xırda məsələdən belə böyük piar kampaniyası yaratmaq istəyən radikal düşərgə partiyaları və onların rəhbərləri yeni spekulyasiyalara əl atırlar. Təbii ki, Azərbaycan vətəndaşlarının, seçicilərinin İsa Qəmbər də daxil olmaqla radikal düşərgədə kök salmış və müxalifətçiliyi özünə peşə seçmiş insanlara münasibətləri bəllidir. Azərbaycan vətəndaşları hər zaman dövlətinə qarşı olan, xarici fondların, mərkəzlərin yerlərdəki “canişini” vəzifəsini yerinə yetirməyə çalışan bu zümrəyə layiqli yerini göstərir. Siyasi təfəkkürdə, ictimai münasibətlərin qurulmasında, siyasi davranış qaydalarının mənimsənilməsində müasir dünyadan düz 20 il geridə qalan, şəxsi və maddi maraq qarşılığında ölkəsinin milli maraqlarını satmağa hazır olan, hakimiyyətə gəlmək üçün dövlətçiliyimizə qarşı olan bütün ermənipərəst dairələrlə işbirliyinə gedən radikal düşərgə bir daha fiaskoya uğradığını anlayır. Təsadüf nəticəsində Azərbaycan dövlətinin əsas strukturlarından birini ələ keçirdiyi zamandan bu günə qədərki fəaliyyəti xalqına, dövlətinə xəyanətlə müşayiət olunan İ.Qəmbər və başındakı komanda elə həmin dövrdən də anti-azərbaycançı, ermənipərəst mərkəzlərin “beşinci kolon”u funksiyasını yerinə yetirməyə başlayıb.
“Keşiş Qapon” yenidən Fridrix Nauman Fondu ilə işbirliyində...
Görünən budur ki, bu gün “Keşiş Qapon” rolunda çıxış edən İ.Qəmbər ötənilki prezident seçkilərindən sonra yenidən öz “vəzifəsini” icra etmək üçün səfərbər olub. İ.Qəmbərin əsas “sifarişçilərindən” sayılan Almaniyanın Fridrix Nauman Fondu deyəsən “təqaüdçü başqana” yeni işlər tapşırmaq niyyətindədir. Və ya İ.Qəmbər onu maddi cəhətdən təmin edən rəhbərlərinə hələ “canısulu olduğunu” sübut etməyə çalışır.
Xatırladaq ki, bir neçə gün öncə Müsavat Partiyasının başqanı İsa Qəmbər Almaniyanın Fridrix Nauman Fondunun Cənubi Qafqaz təmsilçisi Yurgen Vikkertlə görüşüb. İ.Qəmbər bu “sevincli xəbəri” sosial şəbəkələrdə paylaşmaqla həm özünün hələ də “işə yaradığını” göstərməyə çalışıb, həm də ona rəqib olan digər “beşinci kolon”a aid partiyaların sədrlərinə “yanmışlıq” verib. Beləliklə, İ.Qəmbər bildirib ki, “Bu gün Nauman Fondunun ən təcrübəli nümayəndələrindən biri Dr. Wickert’lə görüşdük. Onunla Brüsseldə fondun təmsilçisi olduğu zamanlardan tanışlığımız, söhbətlərimiz başlamışdı. İndi fondu Cənubi Qafqazda təmsil edir. Hər zamankı kimi çox ətraflı söhbətimiz oldu. Dünyada, postsovet məkanında, Cənubi Qafqazda, Azərbaycanda gedən və gedəcək proseslərdən tutmuş yaxın günlərdə keçiriləcək Avropa Parlamentinə seçkilərə qədər bir çox mövzuda fikir mübadiləsi apardıq. Maraqlı və zövqlü bir söhbət idi”.
Birincisi, İ.Qəmbər Yurgen Vikkertlə köhnə “dostluğunu” xatırlatmaqla digər “müttəfiqlərinin” bazarını öldürdüyünə işarə vurur. Bununla yanaşı, guya fərqli müstəvilərdə inkişaf edən məsələləri fond təmsilçisi ilə “müzakirə etdiyini” deməklə, İ.Qəmbər hələ də radikal düşərgənin “əsas siması” olduğunu ortaya qoymağa çalışır.
Fridrix Nauman Fondunun fəaliyyətinin və onun radikal müxalifətlə əməkdaşlığının gerçək mahiyyəti
Şübhəsiz, hakimiyyətə gəlmək uğrunda anti-Azərbaycan dairələrə Dağlıq Qarabağı ermənilərə güzəştə gedəcəyini vəd edən, Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş təcavüzkar ermənilərlə əməkdaşlıq edən, ölkənin milli mənafeyini özlərinin və xidmət etdikləri qüvvələrin korporativ maraqlarına qurban verməyə çalışan, ictimaiyyəti manipulyasiyaya məruz qoyan, cəmiyyətin ən dinamik təbəqəsi olan gəncləri radikallığa və təxribata çağıran və bunlar kimi bir çox antimilli hərəkətləri fəaliyyətlərində əsas istiqamət kimi götürən “Müsavat” sədrinin Fridrix Nauman Fondunun nümayəndələri ilə görüşməsi və əməkdaşlığa can atması təəccüblü deyil. Çünki bu fond öz növbəsində ayrı-ayrı ölkələrdə xaos yaratmaq, ictimai rəylə manipulyasiya etmək üçün maliyyə donoru qismində çıxış edir. Bundan öncə dəfələrlə Fridrix Nauman Fondunun ölkəmizdə də radikal ünsürlərlə işbirliyi çərçivəsində göstərdiyi fəaliyyət barədə faktlar ortaya qoyulub. Bunlardan birinə nəzər salaq: Gürcüstanın internet saytlarında gedən məlumata görə, 2012-ci ilin martında Tbilisidə keçirilən tədbirdə Azərbaycanda insan haqları, söz və mətbuat azadlığı ilə bağlı müzakirələr aparılmışdı. Tədbirdə çıxış edən fondun Cənubi Qafqaz layihəsinin rəhbəri Yasemin Pamuk Azərbaycanı sərt tənqid etmiş və təmsil olunduğu qurumun həyata keçirmək istədiyi bəzi layihələr barədə danışmışdı. “Support Free Future” (Azad Gələcəyi Dəstəklə) adlı layihə “Eurovision” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda insan hüquqları və “siyasi məhbus”larla bağlı kampaniyanın təşkil olunmasını, xüsusi videoçarxın hazırlanması və yayılmasını, müxtəlif Avropa ölkələrində yürüşlərin keçirilməsini nəzərdə tuturdu. Ümumiyyətlə, o zaman Fridrix Nauman Fondu Azərbaycandakı radikal qüvvələrin mövqeyinin xarici mətbuata çıxarılması üzərində fəal iş aparırdı. Təsadüfi deyil ki, məhz bu fondun təşkilatçılığı ilə Azərbaycanda səfərdə olmuş Almaniya KİV-lərinin təmsilçiləri AXCP, “Müsavat” rəhbərləri, fəalları, hakimiyyətə qarşı radikal mövqeləri ilə seçilən QHT təmsilçiləri, media nümayəndələri ilə görüşlər keçirirdilər.
Əslində, bu cür beynəlxalq fondlarla əməkdaşlıq edən subyektlərin müxtəlif siyasi vədlər qarşılığında maliyyə axtarışında olmaları sirr deyil. Ümumiyyətlə, “Müsavat” və digər radikal ünsürlərin timsalında dağıdıcı müxalifətin maliyyələşməsində iki mənbə xüsusi çəkiyə malikdir. Birincisi, beynəlxalq təşkilatlar, xarici fondlar və ayrı-ayrı dövlətlər tərəfindən gizli yollarla birbaşa və ya dolayısı ilə müxtəlif QHT-lər, hətta mətbuat orqanları vasitəsilə maliyyələşmə. Bu sırada digər fondlarla yanaşı, Fridrix Nauman Fondu da xüsusi çəkiyə malikdir. İkincisi isə, qeyri-qanuni əməllər törətməklə əldə edilmiş vəsaitlər.
Beləliklə, İsa Qəmbərin timsalında radikal müxalifət nümayəndələrinin xarici fondlarla işbirliyi ölkəmizdə xaos mühiti yaratmaq, ictimai rəyə neqativ təsir etmək və digər dağıdıcı məqsədlərə xidmət edir. Ümumiyyətlə, bəzi dairələrin fəaliyyətində müxtəlif ölkələrə qarşı “beşinci kolon”dan istifadə etmək xüsusi yer tutur. Bunun üçünsə fondlardan xüsusi vasitə kimi istifadə edilir. Araşdırmaçı Michael Pinto-Duschinsky qeyd edir ki, beynəlxalq fondlar və onların xaricdəki nümayəndəlikləri xarici ölkələrdə müxalifət nümayəndələri ilə əlaqə yaratmaqla hakimiyyətə təsir mexanizmi formalaşdırmağa çalışırlar. Bu istiqamətdə “demokratiya” və “insan haqları” kimi məsələlərdən təzyiq vasitəsi kimi istifadə edilir. Fondlar müxalifətə maliyyə yardımı etməklə onlardan siyasi vasitə kimi istifadə edirlər. Hər fondun öz ölkəsi müəyyən olunur və ya eyni ölkədə fondların hər biri müxtəlif siyasi qüvvələri dəstəkləyir. Nəticə etibarilə, “Müsavat” sədrinin sözügedən fondla işbirliyi də bu qəbildəndir.
Pərviz SADAYOĞLU
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 1281 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30