Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Hər döyüntü həyatdır...

Hər döyüntü həyatdır...

29.09.2026 [08:50]

Ürəyin ritmini pozan gündəlik vərdişlər

Nələri dəyişməliyik?

İnsanın həyatında elə bir səs var ki, onu eşitmirik, amma hər an bizimlədir. Ürəyimizin döyüntüsü kimi... Sakitlikdə, gündəlik qayğılarda, sevinc və həyəcan anlarında ürəyimiz fasiləsiz işləyir. Bəzən onun varlığını yalnız narahatlıq olanda xatırlayırıq. Bəlkə də buna görədir ki, hazırda dünyada ürək-damar sistemi xəstəliklərindən ölüm halları birinci yerdədir. Bütün dünya kardioloqları ürəyin qayğısına qalmağa, onun fasiləsiz işini pis vərdişlərlə pozmamağa çağırır.

Bu gün Dünya Ürək Günüdür. Bu əlamətdar gün ilk dəfə 1999-cu ildə Ümumdünya Ürək Federasiyasının təşəbbüsü ilə qeyd edilib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), UNESCO və digər aparıcı təşkilatlar həmin təşəbbüsü dəstəkləyiblər.

2030-cu ildə 23 milyonu ötəcək

Ürək-damar xəstəlikləri hər il 18 milyondan çox insanın həyatına son qoyur. ÜST-nın proqnozuna görə, bu göstərici 2030-cu ildə 23 milyonu ötəcək. Təşkilatın yaydığı məlumata görə, insult və ürəyin işemik xəstəliyi dünya üzrə bütün ölümlərin 31%-ni təşkil edir. Ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin sayının ildən-ilə artması bir sıra sosial faktorlar, ətraf mühitin təsiri, ekoloji amillər, düzgün qidalanmamaq, artıq çəki, piylənmə, oturaq həyat tərzi və son illər artan psixi-emosional gərginliklə əlaqədardır.

Həmçinin Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, infarkt və insult nəticəsində baş verən ölümlərin 80%-nin qarşısı sağlam qidalanma, pis vərdişlərin: siqaret və alkoqoldan istifadənin məhdudlaşdırılması, keyfiyyətli yuxu və fiziki aktivliyin artırılması ilə alına bilər.

Yalnız yaşlıların problemi deyil...

Cəmiyyətdə ürək-damar xəstəliklərinin yalnız yaşlı insanlara aid olduğu barədə yanlış təsəvvür mövcuddur. Əslində isə ürək sağlamlığına təsir edən bir sıra risk amilləri daha erkən yaşlardan formalaşır. Az hərəkət etmək, balanssız qidalanmaq, həddindən artıq duz və şəkər qəbul etmək, siqaret çəkmək, artıq çəki, yüksək qan təzyiqi və xolesterin səviyyəsinin yüksəlməsi ürək-damar sağlamlığı üçün risk yarada bilər.

Müasir həyatın tempi də bu məsələyə öz təsirini göstərir. Saatlarla kompüter və telefon qarşısında qalmaq, gündəlik fiziki aktivliyin azalması və davamlı stress insanın həyat tərzini dəyişdirir. Buna görə ürək sağlamlığının qorunması yalnız tibbi məsələ deyil, həm də gündəlik həyat vərdişləri ilə bağlı məsələdir.

Kiçik addımlar da yetərli ola bilər

Sağlam həyat tərzinə keçid bəzən mürəkkəb və əlçatmaz görünür. Əslində isə ürəyimizi qorumaq üçün gündəlik həyatımızda atdığımız kiçik addımlar da əhəmiyyətlidir. Daha çox hərəkət etmək, mümkün olduqda piyada gəzmək, tərəvəz və meyvələrə, tam taxıllara və digər faydalı qidalara üstünlük vermək, duz qəbulunu azaltmaq, siqaretdən uzaq durmaq və çəkini nəzarətdə saxlamaq ürək sağlamlığı baxımından mühüm vərdişlərdir.

Ən əsası isə mütəmadi tibbi müayinələri unutmaq olmaz. Qan təzyiqinin, xolesterinin və qan şəkərinin nəzarətdə saxlanılması bəzi risklərin vaxtında müəyyənləşdirilməsinə kömək edə bilər.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 137 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Dünya

YAP xəbərləri

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30