Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ermənistan gələn il də büdcəni xaricdən alacağı sədəqələr hesabına doldurmaq niyyətindədir

Ermənistan gələn il də büdcəni xaricdən alacağı sədəqələr hesabına doldurmaq niyyətindədir

01.11.2016 [09:29]

Serj Sarkisyan isə indidən parlamentdə “yer alacaq” deputatların siyahısını hazırlamaqla məşğuldur
Serj Sarkisyan hakimiyyətinin işğalçı ölkədə yürütdüyü səbatsız daxili və xarici siyasət Ermənistanı uçurumuna sürükləməkdədir. İqtisadi tənəzzül, işsizlik səviyyəsinin durmadan yüksəlməsi gündən-günə işğalçı ölkə vətəndaşlarının güzəranının daha da pisləşməsinə səbəb olur. Hələ bu azmış kimi, ölkənin xarici borclarının təqribən 6 milyard ABŞ dollarına çatması Ermənistan hakimiyyətini çətin duruma salıb. İndi nəinki özəl sektorda, hətta dövlət müəssisələrində çalışanlar belə maaşlarını vaxtlı-vaxtında ala bilmirlər. Hələ ilin əvvəlində müstəqil iqtisadçılar həyəcan təbili çalaraq, Ermənistan hakimiyyətini ölkəni yuvarlatdıqları bu acınacaqlı vəziyyətdən xilas etməyə çağırsalar da, bir nəticəsi olmadı, kriminal rejim aşağıdan gələn bütün təşəbbüsləri yenə də qulaqardına vurdu. Görünən odur ki, qarşıdan gələn 2017-ci il də Ermənistan üçün xoş heç nə vəd etməyəcək - yenə də ümidini günəmuzd qazanca bağlayan ac-yalavac xalq, artan işsizlik ordusu, ölkədən miqrasiya axını, boşalmış dövlət xəzinəsi, taleyinə uğursuzluq yazılan ordu. Parlamentdə gedən dövlət büdcəsinin müzakirələrindən belə aydın olar ki, məhz budur 2017-ci ilin Ermənistan mənzərəsi!
Oktyabrın 31-də Ermənistan parlamentində 2017-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam edərkən, bəlli olub ki, əvvəlki illərdə olduğu kimi, gələn il də büdcə kəsirlə yerinə yetiriləcək. “News.am” saytının yazdığına görə, parlamentdə çıxışı zamanı maliyyə naziri Vardan Aramyan bildirib ki, gələn il dövlət büdcəsinin gəlirlərinin 2,6 milyard ABŞ dolları, xərclərinin isə 2,9 milyard təşkil edəcəyi nəzərdə tutulur. Bu isə o deməkdir ki, büdcədən maliyyələşən təşkilatlar gələn il də aylarla əməkhaqlarını ala bilməyəcəklər.
Serj Sarkisyanın rəhbərlik etdiyi kriminal rejim isə ölkəni daha bir il müddətində xaricdən alacağı sədəqələr və qrantların hesabına birtəhər dolandırmağa çalışacaq.
Yerli ekspertlər isə belə hesab edirlər ki, Ermənistanda hökm sürən kriminal rejimin sayəsində, hər il olduğu kimi, növbəti ildə də bu yardımlardan xalqa bir xeyir dəyməyəcək, qrantlar təyinatları üzrə xərclənməyəcək, əksinə yenə də hakim klanın cibinə axacaq. Çünki seçki ilində Sarkisyanın belə “cibxərcliyi”nə böyük ehtiyacı olacaq.
“Tert.am” portalı yazır ki, Serj Sarkisyan artıq indidən gələn il keçiriləcək parlament seçkilərində “mandat alacaq” kəslərin siyahısını dəqiqləşdirib. Belə ki, noyabrın 26-da hakim Respublika Partiyasının qurultayı keçiriləcək və partiyadan parlament üzvlüyünə namizədlərin adları açıqlanacaq. Sayt yazır ki, “namizədlər” ayrı-ayrılıqda prezidentin iqamətgahına dəvət edilərək, onlarla məsləhətləşmələr aparılır. Dəvətlilərin arasında sahibkarlar üstünlük təşkil edirlər. Onların məqsəd və bacarıqları diqqətlə öyrənilir. Sarkisyan həmçinin daha üç qadın “namizəd” barədə də fikrini qətiləşdirib. Bunlar parlamentin hazırkı sədr müavini Erminə Naqdalyan, ədliyyə naziri Arpinə Ovannisyan və redaktor Satik Seyranyandırlar.
Yerli analitiklərin fikrincə, ötən ilin dekabrında saxta referendumla ölkə konstitusiyası və Seçki Məcəlləsində dəyişikliyə nail olan Serj Sarkisyan 2017-ci ildə keçiriləcək parlament seçkilərinin nəticələrini də rəhbəri olduğu hakim partiyanın xeyrinə həll etmək niyyətindədir. Belə ki, hazırkı parlamentdə hakim partiya proporsional sistem üzrə seçilmiş 90 yerdən 69-na sahibdir. Referendumdan sonra ölkədə majoritar seçki sisteminin ləğv olunması ilə parlamentdəki 41 deputat yerinin əksəriyyətinə də iqtidar partiyasının sahib olacağı gözlənilir. Başqa sözlə, istənilən halda, 2017-ci ildəki parlament seçkisinin nəticələrinin saxtalaşdırılacağı indidən gün kimi aydındır. Məqsəd isə parlamentdə hakim partiyadan olan namizədlərin sayını maksimum həddə çatdırmaqdır. Çünki ötən ilin dekabrında keçirilən saxta referendum Ermənistanı prezident üsul-idarəli respublikadan parlament respublikasına çevirib. Prezidentin əsas səlahiyyətləri bundan sonra baş nazirə keçib. Müharibə şəraitində ölkənin ali baş komandanı da baş nazir olacaq. Hökumət başçısını isə parlament üzvləri seçəcək. Daha dəqiq desək, 2017-ci ildə keçiriləcək parlament seçkilərini saxtalaşdırmaqla iqtidarda olan Respublika partiyası Serj Sarkisyanı ölkənin baş naziri etməyə hazırlaşır. Doğrudur, Serj Sarkisyanın prezidentlik müddəti hələ 2018-ci ildə başa çatır. Yerli ekspertlər belə hesab edirlər ki, məhz bu səbəbdən də 2017-2018-ci illər ölkədə keçid dövrü elan olunacaq, keçid hökuməti qurulacaq. Bundan sonrakı mərhələdə isə Serj Sarkisyanın hakimiyyətdə yenidən zühur etməsi üçün heç bir əngəl qalmayacaq. Və parlament səsverməsi ilə S.Sarkisyan yenidən ölkənin birinci şəxsi - baş nazir postuna gətiriləcək.
Analitiklərin fikrincə, son günlər Azərbaycanın işğal olunmuş ərazilərində erməni qoşunlarının fəallaşması da məhz bu məqsədə xidmət edir - Serj Sarkisyan hakim partiyanın qurultayı ərəfəsində diqqəti ölkə daxili iqtisadi və sosial problemlərdən, həmçinin siyasi proseslərdən yayındırmağa çalışır. Amma unudur ki, Azərbaycanın güclü ordusu vardır və aprel döyüşlərində olduğu kimi, ordumuz düşmənin istənilən təxribatının qarşısını almağa hər an hazırdır.
O ki qaldı Serj Sarkisyanın gələcək hakimiyyəti ilə bağlı xəyallarına, burada məsələ bir qədər qəlizdir. Əgər ölkənin konstitusiya quruluşunu dəyişmək Serj Sarkisyan üçün belə asan oldusa da, bu, hələ hər şeyin bitməsi demək deyil, əksinə hakimiyyət uğrunda mübarizə ölkədə hələ bundan sonra daha da qızışacaq. Xəyanət etdiyi sələfləri - Levon Ter-Petrosyan və Robert Köçəryan, eləcə də onları dəstəkləyən qüvvələr bir yana, müxalifətdən olan partiyaların hakimiyyət arzusu ölkədə qüvvələr balansını hər an dəyişə bilər. Bu isə Serj Sarkisyan üçün heç də xoş olmayan nəticələrə yol aça bilər. Yerli ekspertlərin bu proqnozlarının nə qədər real olduğunu isə zaman göstərəcək.
Səlim LOĞMANOĞLU

Paylaş:
Baxılıb: 1004 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30