Keçmişi indiyə çağırmaq
06.05.2025 [09:05]
Marsel Prustun “İtkin zamanın sorağında” epopeyası haqqında
Gəncliyimin ucsuz-bucaqsız kainatda özümə bir istinad nöqtəsi tapmaq üçün həqiqət sorağına çıxdığım illərində yollar, cığırlar, izlər məni tez-tez hansısa filosofun qapısına aparırdı. Onların arasında antik filosoflar da vardı, qədim Şərq müdrikləri də, orta çağ mütəfəkkirləri, klassik alman fəlsəfəsi nümayəndələri də, yeni dövrün fikir cərəyanlarını yaratmış düşüncə azmanları da. Onda elə bilirdim həqiqət haradasa bəzəkli-düzəkli gəlin kimi hazırca oturub məni gözləyir, sadəcə, onun yerini-yurdunu tapmaq lazımdır; ola bilməz ki, bunca dahilər yetirmiş dünyada haqqın ünvanı, mütləq həqiqətin düsturu hələ də gizli qalsın.
Ruhuma çox yaxın dini-fəlsəfi təlimlə tanış olanda bir müddət özümü sonsuz kosmik okeanın sirrini qarmağa keçirmiş balıqçı kimi xoşbəxt sanırdım, günlərlə, həftələrlə yeni kəşfimin zövqünü sinirlərimdə, yeni həqiqətimin dadını damağımda gəzdirirdim, düşünürdüm, aha, bax bu nədirsə, əsl mən axtardığımdır, xalis mənə lazım olandır. Çox keçməmiş pəjmürdəlik dönəmi başlayırdı, bağçasında dolaşdığım təlimin dadı canıma yatan, qoxusu doğma gələn meyvələrindən, çiçəklərindən sonra dadından-qoxusundan zövq almadığım, könlümü dalayan bar-bəhərinə də toxunanda öz-özümə deyirdim: yox, bu da mən deyən deyil, bu da o deyil. Ardınca haqqın tikanlı gülüstanına yeni ayaqyalın yürüşlər başlanırdı, həqiqət çiçəyini qoxulamaq üçün mütləq o tikanlığı ayaqlayıb keçməliydin.
Sonralar anladım ki, mən axtardığım hazır resept dünyanın heç harasında yoxdur, heç bir vaxt da olmayıb, nə qədər soraqlasam da, o düstur heç kimin sandığından çıxmayacaq. Onu yarada bilsən, özün yaratmalısan...
***
Həmin illərdə özümə çox doğma sandığım fikir adamlarından biri də yəhudi əsilli fransız filosofu Anri Berqson (1859-1941) idi. Maarifçi babaların hələ ondan yüz il qabaq taxta çıxardıqları rasional düşüncənin, pozitivizmin hökmranlıq elədiyi epoxada Berqsonun intuitivizmə önəm verməsi, ruhani fəhmi əqli-gerçəkçi təfəkkürdən, intellektdən uca tutması dediyim doğmalığa rəvac verən başlıca səbəb olmuşdu.
Əslində, Berqsonun nəzəriyyəsi o qədər də yeni deyildi, Platondan, Plotindən, Avqustindən, Dekartdan, Spinozadan, Kantdan, Şellinqdən üzübəri gələn böyük fəlsəfi məktəbin, oturuşmuş mistik-idealist düşüncə sisteminin yeni dil-üslubla, yeni metodlarla, həm də ən “uyğunsuz” vaxtda ehya olunmasıydı. Klassik müsəlman Şərqinin sufiləri, mistikləri özlərindən əvvəlki oxşar təcrübələri Quranın başlıca müddəalarının bazası üzərində sintez eləməklə, onları islam fəlsəfəsinin ətrafına yığıb toplayıb calaşdırmaqla bu düşüncəni misli görünməmiş zirvələrə qaldırmışdılar.
Şopenhauerin, Nitsşenin təkan verdiyi (onlardan fərqli olaraq Berqson vahid ilahi başlanğıca inanırdı), sonradan “həyat fəlsəfəsi” adlandırılan irrasional fəlsəfi dünyagörüş Berqsonun yaradıcılığında pik nöqtəsinə çatdı, özündən sonra gələn, hətta özüylə təxminən eyni vaxtda yaranmış fenomenologiya, ekzistensializm kimi nəhəng düşüncə məktəblərinə böyük təsir göstərdi. Üstəlik, onun təsiri fəlsəfəylə çəpərlənmir, Berqsonun yaradıcılığı iyirminci əsrin ədəbiyyatına, incəsənətinə, elminə, hətta siyasi dünyagörüşünə bu günəcən silinməmiş izlər salıb. “Yaradıcı təkamül” adlı traktatına görə o, 1927-ci ildə Nobel mükafatına layiq görülmüşdü - bu, Nobelin verilmə tarixində yeganə belə haldır, Rassel, Kamü, Sartr kimi filosoflar ən yüksək mükafatı sırf fəlsəfi yox, məhz ədəbi-bədii, yaxud bədii-publisistik əsərlərinə görə almışdılar.
***
Öz traktatlarını ədəbi üsluba yaxın bir tərzdə, obrazlı dillə yazdığına baxmayaraq Anri Berqsonun fəlsəfəsini şərh eləmək asan deyil. Onun sisteminin mərkəzində “həyat coşqusu” (“həyat eşqi”, “həyat püskürtüsü”, “yaşamaq impulsu”, “olum arzusu” kimi də tərcümə oluna bilər) adlandırdığı kosmik proses yer alıb. Bu, təxminən Tanrıdan vəhy olunan ilahi ilhama bənzər aramsız yaradıcılıq aktıdır, onun əvvəli-sonu yoxdur, onu ağılla qavramaq mümkün deyil, yalnız intuisiya vasitəsilə o nəhəng kosmik prosesə qoşulmaq, metafizik axınla təmasa girmək olar.
Berqson intellekti həyatın ayrı-ayrı epizodlarını qeydə alan fotoqrafiyaya bənzədir, həyatı bütöv şəkildə qavramaq üçünsə intuisiya ilə silahlanmaq lazımdır, bu da qırıq-qırıq kadrları bütöv bir fasiləsiz proses kimi gözümüz önündə canlandıran kino lentinə bənzəyir. İntellekt gözlə görünən məkan reallıqlarını, cismlər, hadisələr arasında praktiki əhəmiyyətli zəruri əlaqələri qeydə alır, ancaq onların mahiyyətinə dala bilmir. Həyatın mahiyyətinə yalnız intuisiya vasitəsilə nüfuz eləmək olar, insan özünü də yalnız intuitiv olaraq tanıya bilər. Varlığın nüvəsinə belə bir müdaxilə isə ancaq simpatiya, sevgi sayəsində baş tutur. Bunlar elə sufilərin eşq, fəhm, vəcd kimi təməl anlayışlarının firəng dilində versiyalarıdır.
İntellekt məkana, intuisiya zamana bağlıdır. Berqsonun zaman haqqında təsəvvürü də maraqlıdır. Bizim illərə, aylara, saatlara, dəqiqələrə böldüyümüz vaxt ondan ötrü maddi-fiziki aləmə uyğunlaşdırılmış elmi-statistik zamandır - bu, “kəmiyyət zamanı”dır. Gerçək zaman bir bütöv, bölünməz, parçalanmaz əbədi prosesdir, Berqson bu metafizik prosesi “müddət” (aramsız sürəc, davamlı proses, bitməyən dövran anlamında) adlandırır - bu isə “keyfiyyət zamanı”dır. Sadələşdirib desək, zaman ruha, məkan materiyaya xas anlayışdır. Zaman ələgəlməzdir, onun nə keçmişi var, nə gələcəyi, keçmiş də, gələcək də daim indiki halda cərəyan eləyən “müddət”in içindədir. Kainatı vücuda gətirmiş kosmik həyat coşqusu fasiləsiz təkamül prosesidir - Berqson Darvinin təkamül nəzəriyyəsini mexaniki xarakter daşıdığına görə tənqid eləyirdi, onun fikrincə, təkamül mexaniki yox, yaradıcı prosesdir, həm də bu proses səbəb-nəticə (determinizm) qanunlarına qətiyyən tabe deyil, azad yaradıcılıq aktıdır.
“Müddət” bütün keçmişi yumağına sarıyıb indiki zaman boyunca gələcəyə doğru öz ətrafında fırlanır. Bölünməz zaman (“müddət”) müdam indiki zamanda axır, keçmiş də, gələcək də onun içindən indiki zamanda çıxıb vücuda gəlir. Ali Şüurdan, Mütləq Varlıqdan törəmiş bu nəhəng axın elə əbədiyyətin özüdür. Bu prosesin başında duran Allah, Paskalın dediyi kimi, fəlsəfi tanrı, filosofların allahıdır. Tanrıdan qaynaqlanıb hüdudsuz “müddət” ərzində, sonsuz zaman uzunu axan “həyat coşqusu” adlı işıqlı, hərarətli yaradılış dalğası tutqun, durğun, bərk materiyanın, soyuq, qaranlıq şər yuvasının müqavimətini qıra-qıra daim yeni formalar yaradır, təkamül prosesi boyunca özünü ideal şəkildə ifadə eləməyə can atır.
“Müddət” həm də psixoloji, subyektiv zaman sayılır, onu elmi-statistik zamanla ölçmək olmaz, yəni “müddət” həmişə eyni sürətlə axmır - uşaqlıqda ləng gedir, qocalıqda yeyin axır, xoş günlərdə şütüyür, pis günlərdə ağır axır. Bütün bunlar “müddət”in fərdin subyektiv həyatının aparıcı ünsürünə, daxili yaşamın melodiyasına çevrilməsi nəticəsində baş verir. Modernist nəsrin baş istilahı sayılan “şüur axını” (“şüur seli”, “düşüncə seli” də demək olar) anlayışını da Anri Berqson yaradıb. “Şüur axını” dalğaları məhz “müddət”lə kontakta girmək, “həyat seli”nə baş vurmaq sayəsində hərəkətə gəlir. Bu baxımdan yüz neçə il bundan qabaq ədəbiyyatda, incəsənətdə modernləşmə prosesinin başlanmasında Berqsonun birbaşa əli, əvəzsiz xidməti var.
Davamı növbəti sayımızda...
F.Uğurlu
Xəbər lenti
Hamısına baxDünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18
Hərbi
07 Noyabr 16:18
Siyasət
07 Noyabr 16:11

