Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Şənbə üçün nəzm

Şənbə üçün nəzm

16.08.2025 [13:19]

Oktyabr şeiri...

Kəsib tullayasan qollarını da,

yetim saxlayasan qucaqlarını.

Biryolluq hamıdan çıxıb gedəsən,

bir it qucaqlaya ayaqlarını.

Ay ağac, yazıqsan - qış ağacısan,

bu bekar torpağın boş ağacısan,

bilsəydim anamın baş ağacısan,

o vaxt sındırmazdım budaqlarını.

Qırmızı kəndirdə boynun dincələ,

ölüm də gələndə gülərüz gələ.

Bir gün uzaqlardan bir payız gələ,

deyə ki, “Qaytarın yarpaqlarımı...”

***

Sən axı bilmirsən

üzündən iraq -

it kimi darıxmaq nə təhər olur...

Sən axı bilmirsən

sənin yoxluğun

hamıdan, hər şeydən

beş-betər olur.

Sən axı bilmirsən

əlim qurusun -

sənə açmadığım zəng zəhər olur.

Günəş zəhər olur,

gün zəhər olur,

yağış zəhər olur

yol zəhər olur,

bir qurtum araqla

bir siqaretlə

uzanır gecələr

taa... səhər olur.

Sən axı bilmirsən

hardan biləsən

üzündən iraq -

it kimi darıxmaq nə təhər olur...

Gün gəlir bədənindəki ağrıların

xatirələrə çevrildiyinə inanırsan.

Məsələn, yaxşı bilirsən

Ki, nevrozun sarışan halları

kimin gedişidi,

kimin gəlməyişidi,

kimdəki keçmişindi...

Xatırlandıqca

daha çox inanırsan ağrılarına,

daha çox ağlayırsan keçmişinə,

daha çox udur səni miyanə boşluq...

Bir də

daha çox hamılaşırsan,

daha çox heçkimləşirsən,

daha çox yadlaşırlar

dost-doğma adamlar.

Və Allaha bir ömürlük

bu duanı pıçıldayırsan:

İlahi, məni bütün bədənlərdə unutdur...

Pıçıltı...

dəcəl uşaq bir daş atıb

bu yuvanı uçursa,

gələn bahar bu eyvanda bir qaranquş kəm gələr.

nəsə çatmaz göy üzündə, bir quş yeri boş qalar,

səni də başqa şəhərin yağışları isladar...

səni də başqa şəhərin yağışları isladar,

başqa küçəyə açılar sərxoş pəncərələrin.

kimsə çatmaz bu şəhərdə hər gecə “səhv düşməyə”:

“bu sevgini qışqırma... pıçıltısında

qalsın...”

bu sevgini qışqırma... pıçıltısında qalsın,

bu gedişin, bu yoxluğun

bir adı da olmalı.

bir adı da olmalıdı

bir ömür yorğunluğun,

bu təkliyə yoluxmağın

bir adı da olmalı...

bu təkliyə yoluxmağın bir adı da olmalı,

bir əlinlə başına döy, o biriylə sığal çək.

güzgüyə bax, gülümsə, de ki: “səndə alınmadı,

nəsə... nəsə... olmadı! nəsə... nəsə...

olmadı”...

1, 2 və başqa rəqəmlər...

belə olmalı deyildi, dostum,

bunca hündür olmayacaqdı divarlar,

indi mənim qısıldığım küncdən

heç kimsə görünmür

deyirəm ki, belə olmur...

onda lap çoxdan idi

onda hamı sağ idi

yaxşı yadımdadı

anamızın qarğışı da heç kimsəni tutmazdı

Allah da heç kimi öldürməzdi

sən deyirdin: uzaqlar olmayacaq...

amma

mən qorxurdum

qorxurdum ki, hamı birdən susa bilər...

qorxuram

qorxuram ki

hamı birdən susa bilər

səsini itirə bilərəm, dostum

“hardasan”ını, “necəsən”ini

eşitməyə bilərəm

bir də görərsən ki

heç kimin səsi yoxdu

mən sənin səsinə sığınıb

bir ömür ovunduraram özümü

deyirəm ki, məni səsinsiz qoyma...

mən sənin nə etdiyini

hara getdiyini

kiminlə içdiyini bilmək istəyirəm

bilmək istəyirəm nə geyindiyini, nəyə baxdığını

niyə gülümsədiyini...

əllərinin hərəkətini görmək istəyirəm

bilirsənmi

indi gələn yoxdu - quruca yollar var

qucaq yoxdu - quruca qollar var

büsbütün yiyəsiz bədənlərdi

indi yataqlar...

bir də görərsən ki

heç kimin əli qalmayıb

mən sənin əlindən tutub

bir ömür yeriyə bilərəm

deyirəm ki, məni əllərinsiz qoyma...

belə olmalı deyildi, dostum

belə olma...

lll

əlin hər yerdən üzülər

və heç kimsəyə çatmaz

oturub ağlayarsan əllərinin

bu çarəsiz halına.

taleyin işinə bax...

gör bir səni necə tutmuş llahının qarğışı

dodaqların cadar-cadar və

öpüşsüzləmişlər.

gör qarşıda necə quru, necə yorğun ömür var

bəs deyirdin göz yaşları

yağışı da isladar...

bəs deyirdin göz yaşları yağışı da isladar

bəs deyirdin ümidlər taa

bizə gərək olmaz

niyə belə küsürsən?

hərdən lap xırda şeylərdən

başlayır unudulmaq

deyirlər ki,

arzuları öldürməsən

heç nə düzəlməyəcək...

bizə də gərək olmayacaq

bir cüt uşaq əlləri

yar telləri gərək olmayacaq

baxıb ovunmağa

aldanıb yaşamağa

bu qara dünyanın bər-bəzəyinə

bizə bir ana tapılmayacaq

yığışıb köçməyə dünyadakı

bütün künclərimizdən

duzlaşmış dizlərinə

daha heç nə şəkillərdəki kimi olmayacaq

bizi aldadan quşlar

çoxdan öldülər fotoaparatların

tətik səslərində...

lll

günəşi oğurlanmış ömürlər var

açılmaz sabahları

tanrının unutduğu adamlar var

eşidilməz ahları

nədən ki

məscidlərdən gələn səslərə qarışıb itdi

palatalardan ucalan dualar

mən sizə demişdim axı

Allahın da tərs damarı var...

lll

gün gəlir

bədənindəki ağrıların

xatirələrə çevrildiyinə inanırsan

məsələn, yaxşı bilirsən

ki,

nevrozun sarışan halları

kimin gedişidi

kimin gəlməyişidi

kimdəki keçmişindi...

xatırlandıqca daha çox

inanırsan ağrılarına

daha çox ağlayırsan keçmişinə

daha çox udur səni qapqara boşluq...

bir də

daha çox hamılaşırsan

daha çox heçkimləşirsən

daha çox yadlaşırlar dost-doğma adamlar...

Və Allaha bir ömürlük bu duanı

pıçıldayırsan:

İlahi, məni bütün bədənlərdə unutdur...

lll

bir az da qalsaydın deyəcəkdim ki

lap deyəcəkdim ki, sənsiz alınmır

guya çətin olur təklik dediyin

guya gecələrin ünəşi olmur

bir az da qalsaydın

bir az qalsaydın

deyəcəkdim ki

sabaha şaxta var

əynini qalın elə

üşüməyim...

Şəhriyar Del Gerani

Paylaş:
Baxılıb: 176 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Ədəbiyyat

Şənbə üçün nəzm

13 Sentyabr 08:28  

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

İqtisadiyyat

TransXəzər reallaşır

12 Sentyabr 11:15

Sosial

Analitik

Ədəbiyyat

MÜƏLLİMLƏR UNUDULMUR

12 Sentyabr 09:14  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30