Barını çürüdən ağac
29.10.2025 [09:51]
Onore de Balzakın “Yevgeniya Qrande” romanı haqqında
Əvvəli ötən saylarımızda...
Yevgeniya Qrande əyalət şəhəri Somürdə gəlinliyə ən parlaq namizəddir. Onun atası - sadə bir çəlləkçi Feliks Qrande inqilab zamanı müsadirə olunmuş kilsə mülkiyyətini - üzüm bağlarını, fermaları fürsətdən yararlanıb dəyər-dəyməzinə almaqla varlanıb. Konsulluq zamanında bu usta maxinator şəhər meri seçilib, imperiya dövründə isə “cənab Qrande” olub. Heç kim onun nə qədər sərvəti olduğunu bilmir, arada-bərədə danışılanlara inansaq, Qrande atanın altı-yeddi milyonluq var-dövləti var. Bu xəbərin doğruluğunu-yanlışlığını yalnız iki nəfər təsdiqləyə bilər - bunlardan biri notarius Krüşo, o biri bankir de Qrassendir, ancaq onlar sirr saxlamağı bacarırlar. Hər iki nüfuzlu şəxs Qrandeyə sayğıyla yanaşdığından bütün şəhər qocaya hörmət-ehtiram göstərir. Notarius Yevgeniyanı birinci instansiya məhkəməsinin sədri vəzifəsini tutan qardaşı oğluna almaq niyyətindədir. Öz növbəsində bankirin arvadı da oğlu Adolf üçün bol cehizli qıza elçi düşmək istəyir.
Somür əhli iki varlı ailə arasında aparılan rəqabəti maraqla izləyir: görəsən, bu yağlı tikə kimə qismət olacaq? Şəhərdə belə bir şayiə də gəzir ki, Qrande ata qızını Parisdə yaşayan əmizadəsi, şərab alverindən milyonlar qazanmış Giyom Qrandenin oğluna verəcək. Ancaq belə şayiələrə inanan azdır, hamı düşünür ki, Giyom Qrande paytaxtdakı hersoqları, vikontları, baronları qoyub əyalət alverçisiylə quda olmaz, çox da yaxın qohumudur.
Qrande atanınsa bütün bunlarla bağlı öz fikirləri var, o, niyyətini hamıdan gizlətsə də, qərarında qətidir: “Onlar buraya mənim pulumdan ötrü toplaşıblar. Bizim evdə darıxsalar da, qızımı almağın xətrinə bu sıxıntıya dözürlər. Ha-ha! Mənim qızım nə onun, nə də o birinin yemidir, bu cənablar özləri mənim tilovumun qarmağına taxılmış yemdirlər”. Sonuncu varianta gəlincə, notariusla söhbətində qoca simic belə deyir: “Mən qızımı bu ədabaz parisliyə verməkdənsə çay aşağı axıdıb, çay yuxarı axtararam. Bu fikrimi hər kəsə car çəkə bilərsiniz, qoy camaat nə istəyir danışsın”.
1819-cu ilin əvvəllərində Qrande ata Krüşo ailəsinin yardımıyla markiz de Fruafonun möhtəşəm mülkünü də ələ keçirir, ancaq bu biznes zəfəri də qocanın həyat tərzini dəyişmir, o, arvadı, qızı, bir də qulluqçusu Nanetayla birgə yenə əvvəlki köhnə, təmtəraqsız, qaranlıq evində yaşayır.
Naneta ağasına it kimi sədaqətlidir, otuz beş il qabaq bu kimsəsiz kəndçi qızı qapılardan qovulanda Qrande evində ona cüzi donluqla da olsa iş verib, onun ayağını küçələrdən yığıb ailəsinin bir üzvünə çevirib, odur ki, ucaboy, kişisifət, herti-perti Naneta bu evə, bu ailəyə bütün varlığıyla bağlıdır, ağasının hər xasiyyətini götürüb, evdə-bayırda nökər yerinə də, qulluqçu yerinə də durmadan çalışır, bu yaşayışına görə şükür eləməyi də heç vaxt unutmur.
Yevgeniya ilə anası da bütün günü pəncərənin qabağında oturub tikmələr tikir, hörmələr hörürlər. Qoca xəsis onlara şamı belə sayla, qənaətlə verir. Bu evdə heç kim bekar, işsiz-gücsüz oturmur, yalnız axşamlar evə qonaq gələndə loto oynamağa, dincəlməyə fürsət tapırlar.
***
1819-cu ilin oktyabr ayının birinci yarısında, Yevgeniyanın doğum günündə ailənin gündəlik nizamını pozan bir hadisə baş verir. Həmin gün Qrande ata gözünün ağı-qarası bir qızının dünyaya gəlişi münasibətiylə buxarını yandırmaqla bağlı çətin bir qərar qəbul eləyir, hələ noyabr girməsə də, qoyduğu qaydanı bircə günlük pozmağa canı çıxa-çıxa məcbur olur. Üstəlik, hər ad günündə olduğu kimi qızına bir qızıl sikkə bağışlayır.
Axşama Krüşolarla Qrassenlər də qonaq gəlirlər. Loto oyununun qızğın çağında qapı döyülür, parisli milyonçu əmizadənin oğlu Şarl Qrande içəri girir. Atasının məktubunu əmisinə çatdıran gənc, yaraşıqlı oğlan qohumlarının yaşadığı şəraiti görəndə təəccüblənir, ilk təəssüratı bu olur ki, əmisigil çox kasıb həyat sürür, çətinliklə keçinirlər. Əslində, nəinki başqaları, Yevgeniya özü də atasının nə qədər sərvəti olduğundan, özünə düşən cehizin, mirasın dəyər-qiymətindən xəbərsizdir, indiyəcən qapalı ömür sürdüyündən çöldəki həyatla da düz-əməlli bağlantısı yoxdur, ona görə də Parisdən gələn əmoğlu qıza göydən düşmüş kimi görünür. Şarlın görkəminə, ədalarına heyran qalan Yevgeniya Nanetaya oğlanın gecələyəcəyi otaqda ocağı qalamağı tapşırır - bu evdə belə özbaşınalığa hələ-hələ kimsənin cəsarəti çatmaz.
Qrande atanın iyirmi üç ildən bəri üzünü görmədiyi parisli Qrandeninsə məktubunda qara xəbər var: yazır ki, iflasa uğrayıb, külli miqdarda borca düşüb, başqa çıxış yolu qalmadığından intihar eləmək qərarına gəlib, məktub qohumuna çatanda o, həyatda olmayacaq, başına gələnlərdən xəbərsiz oğlunu da buna görə onun yanına göndərib, tək təmənnası budur ki, qohumu onun oğlundan muğayat olsun, yağ-bal içində böyümüş oğlan dar gündə kimsəsiz qalmasın, yoxsa bu rüsvayçılığa davam gətirməz. Ertəsi gün Giyom Qrandenin intihar xəbəri Somür şəhərinə də yayılır. Amansız qoca simic valideyninin ölüm xəbərini birbaşa gənc Şarlın üzünə oxuyur, anasını illər əvvəl itirmiş oğlan sevimli atasının faciəsindən bərk sarsılır.
Bundan sonra Yevgeniya da, həlim xasiyyətli madam Qrande də Şarlı sevgi, mərhəmət haləsinə bürüyürlər, hərçənd ana qızının Şarla həddən artıq həssas münasibətindən ehtiyatlanmağa başlayır, Yevgeniyanı sevginin astanasına gəlmiş şəfqətin fəsadından qorumağa çalışır. Bibisinin, əmisi qızının səmimiyyəti Şarlın qəlbinin dərinliklərinə işləyir, oğlan yaxşı anlayır ki, indi Parisdə olsaydı, kübar cəmiyyət onu hansı istehzalı təbəssümlə, biganə nifrətlə, laqeyd ikrahla qarşılayardı.
***
Əmisinin iflasından xəbər tutandan sonra Yevgeniya təsadüfən Şarlın Parisdəki rəfiqəsinə, dostuna yazdığı məktubları oxuyub oğlanın çarəsiz vəziyyətindən halı olur. Qız düşünür ki, atası istəsə, Şarla əl tuta bilər, ancaq bunu dilə gətirmək belə kişini havalandırar. Doğrudur, bir müddət sonra Qrande ata yumşalıb nəslinin ad-sanını, şərəfini qorumaq fikrinə düşür, bir şərtlə ki, bu işdə onun heç bir xərci çıxmasın. Bu məqsədlə Qrande bankir de Qrasseni öz nümayəndəsi kimi Parisə göndərir ki, orada kreditorlarla bağlı məsələləri yoluna qoysun. Qrandedən belə bir fədakarlıq gözləməyən şəhər əhli onun tərifini göylərə qaldırır.
Davamı növbəti sayımızda...
F.Uğurlu
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34

