Panteizm tanrısının xəstəlikləri
12.03.2024 [11:15]
Knut Hamsunun “Pan” romanı haqqında
Hamsunun “Pan” romanı, adından da göründüyü kimi, başdan-ayağa panteizm saplarıyla toxunub. Sivilizasiyadan, saxta şəhər mühitindən qaçan leytenant Qlan meşədə bir daxmaya çəkilib ovçuluğa qurşanır, bitkilərlə, heyvanlarla qohumlaşır, lal-kar təbiətlə doğmalaşır, meylini meşəyə salır. İnsanlarla münasibət onu idillik cənnətindən ayırana qədər Pan adlı qədim tanrının - vəhşi təbiət, bar-bərəkət ?llahının kölgəsində yaşayır. Qlan, əslində meşələr tanrısının öz bətnindən doğduğu, içinin milyon illik qaranlıqlarından zühura gətirdiyi canlı təcəllasıdır. Ağacların kök atdığı o qaranlıq qatlarda nə zəlzələlər, vulkanlar qaynadılırsa, hamısı Qlanın xarakterində, davranışlarında özünü büruzə verir.
“Günəşin qatilliyi” yazısından
Norveç xalqının dünya ədəbiyyatına verdiyi iki ən böyük qələm adamından biri olan Hamsun uzun ömür yaşayıb çox yaratsa da, daha çox on doqquzuncu əsrin doxsanıncı illərində yazdığı dörd romanı - “Aclıq” (1890), “Misteriyalar” (1892), “Pan” (1894), “Viktoriya” (1898) adlı əsərləriylə, bir də 1920-ci ildə Nobel mükafatına layiq görülmüş “Torpağın bərəkəti” (1917) romanıyla tanınır. Yazıçı uşaqlığında, gəncliyində çox travmalar alıb çox ehtiyac çəkmişdi, əsəbləri pozulmuşdu, xasiyyəti korlanmışdı. Ancaq yüz minlərlə özü kimi, özündən də betər zədəli insandan fərqli olaraq çəkdiyi ağrı-acını sənətin dəyirmanında üyüdüb halal nemətə çevirə bilmişdi, həyatın ona vurduğu yaralara gül-çiçək toxumu əkmişdi, yaraları gül açmışdı. Əzab da, işgəncə də gerçək sənət adamının əlində xammala, əmtəəyə çevrilir, bəxti yeyin olanlara hətta qazanc gətirir.
Knut Hamsun təbiətin dilini dərindən duyan panteist idi. Əminəm ki, Avropada faşist hərəkatını dəstəkləməsi də bu düşüncədən irəli gəlirdi, instinktlərin tüğyanı ona təbiət tanrısının gərnəşib oyanması, özünə qayıtması, maskasını çıxarıb gerçək üzünü, əsl varlığını nümayiş etdirməsi kimi görünürdü. Bəli, panteizm maraqlı, sentimental olduğu qədər də təhlükəli dünyagörüşüdür. Qoca tarix duyğulu, sentimental, elsevər, yurdsevər, təbiətsevər tiranlara, atlara-itlərə, quşlara-böcəklərə can yandıran insan cəlladlarına az şahidlik eləməyib. Elə Hitlerin, Mussolininin, Frankonun başkəsənləri arasında da Motsartın, Bethovenin, Şubertin musiqisindən vəcdə gələnlər, Servantesə, Hegelə, Şopenhauerə, Nitsşeyə pərəstiş eləyənlər, antik dövrün ideallarından ilham alanlar az deyildi.
Panteistik düşüncə xeyirlə şəri bir-birindən ayırmır, Tanrıyla Şeytan arasından sərhəd çəkmir, ana təbiətin püskürtülərini, fırtınalarını heyranlıqla alqışlayır.
***
Hamsuna bənzər sənətkarların, düşüncə adamlarının gözüylə baxanda görürsən ki, faşizm də zəlzələ kimi, sunami kimi, vulkan kimi təbiət hadisəsidir. İnsan bədəni maddi aləmin bir zərrəsidir, məxluqatın cismən ən zəif olanı insandır. Fəqət o zəif vücud əzəmətli insan ruhunun kəşf elədiyi vasitələrlə silahlananda son dərəcə zalım, son dərəcə təhlükəli olur. Uzağa getməyə gərək yoxdur, planetimizin yaxın tarixi buna sübutlarla doludur.
Həm Allaha inanasan, həm də Hitleri dəstəkləyəsən, onu “xalqların hüquqları uğrunda savaşan mübariz insan” adlandırasan, anqlosakslara nifrət, onlarla eyni kökdən gələn almanlara rəğbət bəsləyəsən, Nobel mükafatının üstündə aldığın medalı Göbbelsə peşkəş verəsən - bunlar bir araya sığışa bilməz. Demək, sənin allahın hələ mükəmməl deyil, onun qədim zamanlardan, ibtidai cəmiyyətdən qalma budanmamış qol-budağı, yonulub hamarlanmamış düyünləri, peyvəndi tapılmamış xəstəlikləri var.
Panteizm də bəşəriyyətin erkən yaşayış mərhələsi olan animizm erasının xurafatından, şamanizmin mövhumatından, kollektiv ovun isteriyasından hələ tam arınmayıb. Odur ki, əvvəl öz tanrını, idealını mükəmməl şəklə salmalı, yalnız bundan sonra ona sitayiş eləməlisən. Ümumiyyətlə, yer üzündə hələ də ideal Tanrı surəti yoxdur, əvvəl onu yaratmaq, ardınca da ona layiq olmaq lazımdır.
***
Knut Hamsunun panteizm ruhunu ən yaxşı, dərindən-dərin ifadə eləyən əsəri “Pan” romanıdır. Roman təbiətin qoynuna sığınmış bir gəncin xislətindəki, davranışındakı qəribəlikləri maraqlı detallarla, dəqiq ştrixlərlə bizə göstərir.
Əsər sevgi mövzusunda yazılsa da, buradakı eşq, məhəbbət alışdığımız sevgi münasibətlərindən xeyli fərqli donda özünü büruzə verir. Burada sevgi yalnız xoşbəxtliyin müjdəçisi, ilahi gözəlliyin təcəllası, fədakarlığın təməli kimi göylərdən nazil olmur, əksinə, yırtıcı bir ehtiras, qurban istəyən fəlakət, qapıları döyən bəd xəbər kimi yerin şeytani dərinliklərindən, təbiətin bətnindən, torpağın qaranlığından zühur eləyir. Otuz yaşlı leytenant Qlanın sığındığı təbiət cənnətə bənzəsə də, öz qadir əlləriylə hər yerdə, hər evdə, hər canda cəhənnəm odu qalayır.
Epiloqu çıxmaq şərtilə roman Qlanın xatirələri, qeydləri kimi qələmə alınıb, yəni təhkiyə birinci şəxsin dilindən aparılır. Hansısa səbəbə görə sivilizasiyadan küsüb istefaya çıxmış leytenant Norveçin şimalında bir meşənin qoynuna çəkilib buradakı gözətçi daxmasında yaşayır. Onun yeganə həmdəmi ov tulası Ezopdur. Qlan ov ovlayıb quş quşlamaqla, bunlar mövsümə görə yasaqlananda balıq tutmaqla ruzisini çıxarır, özü də çox usta ovçudur, necə deyərlər, quşu gözündən vurur.
Ovçu ana təbiətin övladlarını doğma bacı-qardaşı kimi sevir, amma öldürməmiş onlara yiyələnə bilmir. Ovçunun təbiətə sevgisinin paradoksal cəhəti budur.
***
Tənhalıq onun vətəni, doğma evidir. Qlan təbiətə mümkün olduğundan da artıq yaxınlaşıb, hətta belə demək olarsa, onun sərhədini keçib, özünü onda əridib. Burada onun ruhu həm azad, həm də rahatdır. Meşədə hər yarpaq, hər böcək, hər quş onu, o da onları yaxşı tanıyır. Onun təbiət təsvirləri Turgenevlə yanaşı qoyulacaq dərəcədə mükəmməldir, leytenant canlı-cansız bütün meşə sakinlərindən öz doğması, əzizi kimi söz açır. Norveçin ən qədim allahlarından olan meşələr, çöllər, dənizlər tanrısı idillik Pan ovçu Qlanın tapındığı tək tanrıdır.
Yaxınlıqda balıqçı qəsəbəsi var, burada Mak soyadlı varlı tacir yaşayır. Onun Edvarda adlı gənc, gözəl bir qızı da var. Bir gün Qlan təsadüfən onlarla, bir də cənab Makın evinin daimi qonağı, qonşu icmada yaşayan axsaq həkimlə tanış olur. Bu görüş onun qəlbində xüsusi bir iz qoymur. Sahildə poçt gəmisini gözləyəndə gördüyü Yeva adlı cavan gəlinsə onun diqqətini dərhal çəkir, Qlana nədənsə elə gəlir o, dəmirçinin qızıdır. Əslində isə Yeva dəmirçinin qızı yox, arvadıdır.
Bu təsadüfi görüşlər yavaş-yavaş leytenantın sərhədini pozmağa, onun təkliyini doldurmağa başlayır. Yazın qüdrətiylə canına eşq havası dolan Qlan tədricən əlindən qaçdığı insan cəmiyyətinə sarı dartınır, onun qəlbində yeni tanışlıqlara, ünsiyyətə, sevib-sevilməyə ehtiyac yaranır.
***
Bir gün Edvardayla doktor Qlanın daxmasını ziyarətə gəlirlər. Edvarda leytenantın özü üçün yaratdığı şəraitə heyran qalır, onun nəylə, necə qidalandığıyla maraqlanır, təklif eləyir ki, Qlan bundan sonra naharını onların evinə salsın. Həkim onun ov əşyalarını, yaraq-əsləhəsini gözdən keçirəndən sonra nəzəri barıt qabının üstündəki fiqura - meşələr, çöllər, coşqun ehtiraslar tanrısı Panın əksinə ilişib qalır. Həkimlə ovçu arasında Panla bağlı geniş, maraqlı söhbət alınır.
Az keçmiş Qlan anlayır ki, Edvarda haqqında lazım olduğundan çox düşünməyə başlayıb. O, qızı yenidən görməyə bəhanə axtarır, günün birində cənab Makın qapısını döyür. Amma getdiyinə peşman olur, kart oynayan, mənasız söhbətlərlə vaxt öldürən qonaqların arasında vəhşi Qlan sıxılır. Edvarda isə ona xüsusi diqqət göstərmir. Gecənin bir yarısı daxmasına qayıdanda Qlan görür ki, cənab Mak dəmirçinin evinə sarı addımlayır. Bu, leytenantı çox təəccübləndirir.
Artıq Edvardanın da könlündə çırtıltı yaranıb, Qlanı görmək üçün tez-tez onun daxmasına gəlir, onunla meşədə görüşə çıxır. Qlan onu inandırmağa çalışır ki, ovçuluqla öldürmək xatirinə yox, dolanmaq, acından ölməmək naminə məşğul olur. Bunu deməklə yəqin o, qıza özünü soyuqqanlı qatil yox, əlini qana batırmağa məcbur qalan təbiət aşiqi kimi qələmə verməyə çalışır. Bax, tezliklə ov mövsümü bitəcək, quşları, heyvanları ovlamaq qadağan olunacaq, bundan sonra o, balıq tutmağa, dəniz sakinləriylə qidalanmağa başlayacaq. Edvardayla hər görüşündə Qlan ona meşədə yaşadıqlarını elə şirin dillə nağıl eləyir ki, qız ovçunun keçirdiyi duyğulara yoluxmağa başlayır.
Edvarda Qlanı kiçik adalardan birində keçirəcəkləri piknikə dəvət eləyir. Qız həmin gün onunla çox ərkyana davranır, onun boynuna atılıb dodağından öpməkdən belə çəkinmir. Leytenant bundan sıxılır, qızın ehtiyatsız davranışına düzəliş verməyə çalışır. Ertəsi gün tacir qızı onu sevdiyini dilə gətirəndə Qlan uçmağa qanad axtarır.
F.Uğurlu
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

