Prezident İlham Əliyev respublikamızın cənub bölgəsinə səfər edib
01.08.2012 [21:58]
Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Prezident İlham Əliyevə məlumat verib ki, bu park hazırda rayon sakinlərinin və qonaqların istirahəti üçün ən çox üz tutduqları məkandır. ümumi sahəsi dörd hektar olan parkda geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, fəvvarələr quraşdırılıb. Heydər Əliyev xatirə parkında asudə vaxtın səmərəli keçirilməsi və mənalı istirahət üçün hər cür şərait var.
Lənkərana səfəri çərçivəsində Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin yenidənqurmadan sonra açılışında iştirak edib. Dövlətimizin başçısına məlumat verilib ki, yenidənqurma işlərindən əvvəl mərkəzin ümumi sahəsi 300 kvadratmetr olub. Hazırda isə binanın ümumi sahəsi üç min kvadratmetrdir. Mərkəzin ikimərtəbəli binasının interyeri nəfis tərtibatda işlənib.
Heydər Əliyev xatirə parkında yerləşən mərkəzin muzeyində Ulu öndərin büstü qoyulub. Muzeydə görkəmli dövlət xadiminin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərinə aid maraqlı sənədlər və fotolar toplanıb. Burada Ulu öndər Heydər Əliyevin uşaqlıq, gənclik və tələbəlik illəri, eləcə də dövlət təhlükəsizlik orqanlarında çalışdığı dövrlərə aid maraqlı fotolar var. Bu fotolardan aydın görünür ki, bütün həyatını xalqının inkişafına həsr edən ümummilli lider istər sovet hakimiyyəti, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi dövründə ölkəmizi tərəqqi yoluna çıxarıb. ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlərdə Lənkərana səfərləri rayonun tərəqqisi ilə xarakterizə olunur. Bu səfərlər Lənkəranın tarixinə yeni inkişaf mərhələsinin başlanğıcı kimi düşüb.
Mərkəzdə dahi şəxsiyyətin ordu quruculuğuna göstərdiyi diqqət və qayğı, eləcə də Prezident İlham Əliyevin Lənkərana səfərlərini əks etdirən fotolar da var.
Burada, həmçinin 3D avadanlığı ilə təchiz edilmiş kinozal, elektron kitabxana, internet klub, kafe, linqivistika otağı, rəsm studiyası, fotostudiya, sərgi salonu, şahmat və intellektual oyun otaqları, virtual sinif var.
Binada yaradılan tədqiqatçılar qrupunda ümummilli lider Heydər Əliyevin 1973-1998-ci illərdə Lənkərana səfərlərinə dair fotolar, qəzetlər, sənədlər toplanıb. Həmin səfərlər zamanı Ulu öndər Heydər Əliyev ilə görüşən insanların xatirələri və səs yazıları burada toplanıb.
Mərkəzdəki 300 yerlik akt və 80 yerlik konfrans zallarında rayonun ictimai-siyasi və mədəni həyatında, əlamətdar günlərdə müxtəlif tədbirlərin keçirilməsi üçün geniş şərait yaradılıb. Zallar müasir akustika sistemləri ilə təchiz olunub.
Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Mənsur Ağayev göstərdiyi diqqət və qayğıya görə rayon ictimaiyyəti adından dövlətimizin başçısına minnətdarlıq edib.
Sonda xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev Lənkəranda Heydər Əliyev xatirə parkında inşa olunacaq Gənclər Mərkəzinin təməlqoyma mərasimində iştirak edib. Dövlətimizin başçısına məlumat verilib ki, yeni yaradılacaq Gənclər Mərkəzinin ümumi sahəsi bir hektar, tikintialtı sahəsi isə 850 kvadratmetr olacaq. Burada geniş abadlıq-quruculuq işləri görüləcək. İkimərtəbəli binada gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılacaq. Mərkəzin birinci mərtəbəsində kafe, diskoteka, tir və kino zalları fəaliyyət göstərəcək. Burada, həmçinin inzibati otaqlar da yaradılacaq. Binanın ikinci mərtəbəsində isə kompyuter və oxu zalları, yaradıcılıq studiyaları üçün otaqlar yerləşəcək. Mərkəzdə müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı da inşa ediləcək.
Diqqətə çatdırılıb ki, bu gün gənclərimizin intellektual və yaradıcı potensialının üzə çıxarılması və ümummilli məsələlərə yönəldilməsi, xüsusilə regionlarda yaşayan gənclərin fəallığının artırılması istiqamətində dövlətimiz tərəfindən məqsədyönlü iş aparılır. Respublikamızın bölgələrində, o cümlədən Lənkəranda yaradılacaq Gənclər Mərkəzi də bu xoşməramlı məqsədə xidmət edəcək.
Prezident İlham Əliyev Gənclər Mərkəzinin təməlini qoyub.
Dövlətimizin başçısı görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Prezidentinə Lənkəran şəhərində yeni inşa edilən yaşayış kompleksi barədə də məlumat verilib. Bildirilib ki, kompleks hər biri yeddimərtəbəli 14 binadan ibarətdir. Burada 133 mənzil var. Onlardan beşi bir otaqlı, beşi iki otaqlı, 49-u üç otaqlı, 29-u dörd otaqlı, 45-i isə beş otaqlıdır. Yaşayış sahəsi 20 min 941 kvadratmetr olan kompleks üçün ümumilikdə 2,39 hektar sahə ayrılıb.
Azərbaycan Prezidenti İlham Əliyev respublikamızın cənub bölgəsinə səfəri çərçivəsində Lənkərandakı Bayraq Meydanında yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, ölkəmizdə dövlət atributlarına hörmət və ehtiram ən yüksək səviyyədədir. Paytaxt Bakı ilə yanaşı, ölkəmizin bir çox bölgələrində yaradılan Bayraq meydanları dövlət atributlarımıza olan sevgi və hörmətin göstəricisidir. Lənkəranda yaradılan Bayraq Meydanı da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Qeyd olunub ki, Bayraq Meydanının inşasına bu ilin mayında başlanılıb. Meydan şəhərin giriş hissəsində, Heydər Əliyev prospektində yerləşir. Bayraq dirəyinin hündürlüyü 70, bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Təbii mərmərlə üzlənmiş iki metr hündürlüyündəki postamentin üzərində Azərbaycanın dövlət himni və gerbi əks olunub. Burada, həmçinin Azərbaycanın dövlət bayrağı, himni, gerbi, 1843-cü il mayın 2-də təsdiq edilmiş Lənkəran şəhərinin gerbi barədə məlumatların əks olunduğu guşələr yaradılıb. Bundan başqa, burada Azərbaycan Prezidenti İlham Əliyevin dövlət bayrağına ehtiramını əks etdirən ayrıca guşə də fəaliyyət göstərir.
Bildirilib ki, Bayraq Meydanının ərazisində geniş abadlıq işləri aparılıb, yaşıllıq zolağı salınıb. Mərmər plitələr və tamet üzlüklər döşənmiş meydanda müasir işıqlandırma sistemi quraşdırılıb.
Sonra Azərbaycan Prezidenti Lənkəran şəhərinin inkişafına dair yeni layihələrlə bağlı stendlərə baxıb.
Dövlətimizin başçısı Bayraq Meydanında görülmüş işləri yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin cənub bölgəsinə səfəri çərçivəsində Lənkəran şəhərindəki Heydər Əliyev prospektində inşa olunacaq otel kompleksinin təməlinin qoyulması mərasimində iştirak edib.
Dövlətimizin başçısı otel kompleksinin baş planını əks etdirən stendlərə baxıb.
Məlumat verilib ki, 4,7 hektar ərazidə tikiləcək otelin 114 nömrəlik yeddimərtəbəli binasından əlavə, beşi VİP olmaqla 22 kottec inşa ediləcək. Burada, həmçinin disko-klub, uşaq-əyləncə kompleksi, 40 yerlik avtodayanacaq, 80 yerlik kafe, 300 yerlik konfrans zalı, 1400 kvadratmetrlik hovuz, park, idman meydançaları və s. yaradılacaq.
Kompleksin təməlini qoyan dövlətimizin başçısı metal gilizi bünövrəyə buraxıb, beton qarışığı tökən qurğunun düyməsini basıb.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsi qarnizonunun əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.
Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.
Dövlətimizin başçısı qarnizonda yaradılmış şəraitlə yaxından tanış olub.
Azərbaycan Prezidentinə Dövlət Sərhəd Xidmətinin digər hərbi hissələrində aparılan tikinti işlərinin layihələri barədə məlumat verilib.
Prezident İlham Əliyev qarnizonun istifadəsində olan hərbi texnikaya da baxıb. Bildirilib ki, qarnizonun müasir hərbi texnika ilə təchiz olunması sərhəd mühafizəsinin yüksək səviyyədə həyata keçirilməsinə imkan verir.
Dövlətimizin başçısı qarnizonda yaradılmış şəraiti yüksək qiymətləndirib.
Azərbaycan Prezidenti İlham Əliyev Lənkərana səfərini başa çatdırdıqdan sonra Cəlilabad rayonuna gəlib. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq işləri barədə məlumat verilib. Bildirilib ki, rayonun mərkəzində yerləşən bu ərazidə geniş abadlıq işləri görülüb, yaşıllıq zolağı salınıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabad şəhərinin mərkəzindəki istirahət parkında həyata keçirilən yenidənqurma işləri ilə də tanış olub. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov dövlətimizin başçısına məlumat verib ki, 1952-ci ildə salınan bu parkda ilk dəfədir ki, belə əsaslı yenidənqurma tədbirləri görülüb. Burada 1941-1945-ci illər müharibəsində iştirak edən soydaşlarımızın xatirəsinə abidə kompleksi ucaldılıb. İkinci Dünya müharibəsində faşizm üzərində qazanılan misilsiz qələbədə Azərbaycan xalqı da xüsusi rol oynayıb. Cəlilabadlılar da həmin müharibədə rəşadət göstəriblər. Faşizm üzərində qələbənin qazanılmasında payı olan soydaşlarımızın xidmətlərini həmişə yüksək qiymətləndirən Ulu öndər Heydər Əliyev onların cəmiyyətdə nüfuzunun daha da qaldırılması üçün ardıcıl tədbirlər həyata keçirib. Bu insanlara hərtərəfli dövlət qayğısı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan Prezidenti 1941-1945-ci illər müharibəsində iştirak edən soydaşlarımızın xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstəsi qoyub.
Diqqətə çatdırılıb ki, parkda Cəlilabad sakinlərinin, o cümlədən veteranların hərtərəfli istirahəti üçün hər cür şərait yaradılıb. Burada müxtəlif iaşə obyektləri də fəaliyyət göstərir. Yenidənqurma tədbirləri zamanı müasirlik başlıca meyar götürülüb. İdmançıların məşq etmələri üçün burada müvafiq qurğular quraşdırılıb. Bu qurğularda həndbol, voleybol, basketbol və idmanın digər növləri ilə məşğul olmaq mümkündür.
Prezident İlham Əliyevə bildirilib ki, bu park yenidənqurmadan sonra füsunkarlığı, müasirliyi və səliqə-sahmanı ilə diqqəti cəlb edir. çoxlu sayda dekorativ daş, gül və digər landşaft kompozisiyalarından ibarət guşələr parka xüsusi yaraşıq verir. Parkda milli memarlıq üslubu beynəlxalq təcrübə ilə məharətlə uzlaşdırılıb. Müasir işıqlandırma sistemi, rəngarənglik və layihənin mükəmməlliyi parkın cəlbediciliyini daha da artırır.
Yaradılmış şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı tapşırıqlarını verib.
Azərbaycan Prezidenti İlham Əliyev Cəlilabadda istirahət parkının yaxınlığında inşa olunmuş Heydər Əliyev adına Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, mərkəzin tikintisinə ötən il başlanıb. İnşaat işləri daxili imkanlar hesabına aparılıb. Ərazisi 1200 kvadratmetr olan bina orijinal memarlıq üslubu ilə diqqəti cəlb edir.
Mərkəzin birinci mərtəbəsində Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Cəlilabad rayonuna səfərlərini əks etdirən fotoguşələr var. Bu fotolar ümummilli lider Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin Cəlilabad rayonunun sosial-iqtisadi inkişafını daim diqqət mərkəzində saxlamaları barədə dolğun təəssürat yaradır.
Birinci mərtəbədəki “Cənub palitrası” təsviri incəsənət studiyasında rayon gənclərinin rəsm və digər əl işləri nümayiş etdirilir. Burada rəssamlığın sirlərinə dərindən yiyələnmək üçün müvafiq dərnək fəaliyyət göstərir. Gənclərə ağac üzərində oyma, toxum və meyvə tumlarından müxtəlif əl işlərinin hazırlanmasının incəlikləri də öyrədilir. Mərkəzdə gənclər milli və müasir rəqslərin sirlərinə də dərindən yiyələnmək imkanı əldə edirlər. Burada üç inzibati otaq var. Ən müasir avadanlıqdan istifadə edilməklə kompyuter kursları da yüksək səviyyədə tədris olunacaq. Fotostudiyada bu sənətin qədimdən indiyə qədərki tarixi dərindən öyrədiləcək. Bu dərnəkdə məşğul olanlar videoçəkilişlərin aparılmasını da öyrənəcəklər. Xarici dil studiyasında tədris linqvistik avadanlıq əsasında dörd dildə aparılacaq. Xalçaçılıq studiyasında gənclərimiz Azərbaycan xalçaçılıq məktəblərinin ənənələri ilə yaxından tanış olacaq və bu qədim sənətin sirlərinə yiyələnəcəklər. Muğam studiyasına da cəlilabadlı gənclər xüsusi maraq göstərirlər. Burada onlara məşhur xanəndələr və tanınmış bəstəkarlar haqqında geniş məlumat veriləcək, dünya mədəni irs siyahısında müstəsna yeri olan Azərbaycan muğamının incəlikləri tədris olunacaq.
Mərkəzdə yetkinlik yaşına çatan qızlar üçün “Gənc analar” studiyası fəaliyyət göstərəcək. Burada gənc analar Azərbaycan mətbəxi ilə yaxından tanış olacaq, gündəlik ev işlərini daha dərindən yerinə yetirmək üçün təcrübəli müəllimlərdən dərs alacaqlar. Mərkəzin orijinallığı ilə seçilən dərnəklərindən biri də moda studiyasıdır. Burada gənc xanımlara toxuma və tikiş sənəti barədə dolğun məlumat veriləcək, kəsmə, biçmə və tikmə ilə bağlı digər vərdişlər öyrədiləcək.
Diqqətə çatdırılıb ki, ümumilikdə respublikamızın regionlarında bu cür müasir mərkəzlərin yaradılmasına böyük ehtiyac var. Dövlət siyasətinə uyğun olaraq bu istiqamətdə tədbirlər daha intensiv xarakter alır.
Prezident İlham Əliyev mərkəzdə yaradılmış şəraiti yüksək qiymətləndirib.
Azərbaycan Prezidenti İlham Əliyev Cəlilabad şəhərində yenidən qurulan Gənclər Parkında yaradılan şəraitlə və Bayraq Meydanı ilə tanış olub.
Dövlətimizin başçısına məlumat verilib ki, ölkəmizin hər yerində olduğu kimi, Cəlilabadda da gənclərlə iş sahəsində və onların istirahətinin səmərəli təşkili ilə bağlı əməli tədbirlər görülür. Gənclər Parkı əsaslı bərpa və yenidənqurmadan sonra Cəlilabadın gözəlliyini daha da artırıb.
Prezident İlham Əliyevə bildirilib ki, Gənclər Parkı və burada yaradılmış Bayraq Meydanı Cəlilabadın mərkəzində, 50 metr yüksəklikdə daxili imkanlar hesabına inşa olunub. Burada yaradılan şəraitlə tanışlıq zamanı diqqətə çatdırılıb ki, iki hektar ərazini əhatə edən park başdan-başa yenidən qurulub.
Kompleks Gənclər Parkı, Bayraq Meydanı, restoran və tikinti işləri davam etdirilən üçmərtəbəli, 30 yerlik oteldən ibarətdir. Burada mədəni-kütləvi tədbirlərin və el şənliklərinin keçirilməsi üçün 200 nəfərlik restoran da inşa edilib. Parkda gənclər və rayon sakinləri üstüörtülü 22 istirahət guşəsindən istifadə edə biləcəklər. Burada möhtəşəm şəlalə və fəvvarə kompleksləri qurulub.
Gənclər Parkında uşaqlar üçün maraqlı attraksionlar quraşdırılıb. Gənclər burada bilyard, tennis, şahmat, dama və digər oyunlar oynaya biləcəklər.
Bildirilib ki, yaşıllaşdırma işləri aparılarkən əvvəldən mövcud olan həmişəyaşıl bitkilər saxlanıb, minədək yeni dekorativ ağaclar və gül kolları əkilib, müasir işıqlandırma sistemi qurulub.
Sonra dövlətimizin başçısı Bayraq Meydanı ilə tanış olub.
Diqqətə çatdırılıb ki, şəhərin ən yüksək nöqtəsində inşa olunan bayraq dirəyinin hündürlüyü 41, bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Meydanın ətrafı abadlaşdırılıb, yaşıllıq zolağı salınıb.
Prezident İlham Əliyev Gənclər Parkında və Bayraq Meydanında yaradılan şəraiti yüksək qiymətləndirib, müvafiq tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabad Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.
Dövlətimizin başçısı Cəlilabad Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsdikdən sonra burada yaradılmış şəraitlə tanış olub.
Binanın foyesində xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin Cəlilabad rayonuna səfərlərini, eləcə də ölkəmizdə idmanın inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşələr nümayiş olunur.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev komplekslə bağlı Azərbaycan Prezidentinə məlumat verib.
Azərbaycan Prezidenti kompleksin ərazisində inşa edilmiş üçmərtəbəli mehmanxana ilə də tanış olub. Birinci mərtəbədə konfrans zalı fəaliyyət göstərir. Prezident İlham Əliyevə bildirilib ki, ərazidə süni örtüklü futbol meydançası yaradılıb. Futbol meydançasının tribunalarında 963 tamaşaçı yeri var.
Prezident İlham Əliyev Cəlilabad Olimpiya İdman Kompleksi ilə yaxından tanış olduqdan sonra burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Azərbaycanın basketbol üzrə milli komandasının üzvü Zaur Paşayev rayonun inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə cəlilabadlılar adından dövlətimizin başçısına minnətdarlığını bildirib.
Sonda xatirə şəkli çəkdirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidənqurmadan sonra istifadəyə verilmiş “Cəlilabad Broyler” ASC-nin quş əti istehsalı müəssisəsi ilə tanış olub. Dövlətimizin başçısı respublika üzrə quşçuluq təsərrüfatları barədə məlumatları, müəssisənin planını, yenidənqurmadan əvvəlki və sonrakı vəziyyətini, eləcə də 1976-cı ildə Ulu öndər Heydər Əliyevin iştirakı ilə quşçuluq fabrikinin açılışını əks etdirən fotoşəkillərdən ibarət stendlərə baxıb, hazır məhsulların nümunələri ilə tanış olub.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verib ki, müəssisənin yenidən qurulması işlərinə 2010-cu ilin dekabrında başlanıb, bu ilin iyulunda başa çatdırılıb.
Azərbaycan Prezidenti “Cəlilabad Broyler” ASC-nin yeni inşa olunan yem istehsalat sahəsini işə salıb və yem zavodunun istehsal prosesini əks etdirən filmi izləyib.
Dövlətimizin başçısı respublikada mövcud və tikilməkdə olan quşçuluq təsərrüfatlarını əks etdirən stendlə də tanış olub.
Müəssisədə yaradılmış şəraitdən razılığını bildirən Azərbaycan Prezidenti kollektivə uğurlar arzulayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabad-Hamarqışlaq-Sadatlı kəndlərararası avtomobil yolunun açılışında iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə yolun texniki göstəricilərini əks etdirən stendlərə baxıb. Sonra Azərbaycan Prezidenti yolun rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev Cəlilabad-Hamarqışlaq-Sadatlı yolunda sakinlərlə görüşüb. Sakinlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Prezident İlham Əliyev yeni yolun açılışı münasibətilə sakinləri təbrik edib, tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Prezidenti İlham Əliyev Cəlilabadda “Avanqard” MMC-nin un fabrikinin açılışında iştirak edib. Dövlətimizin başçısı müəssisəni işə salıb. Azərbaycan Prezidenti hazır məhsulların nümunələrinə baxıb.
Müəssisədə yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev kollektivə uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

