Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan beynəlxalq platformalarda fəal təmsil olunur

Azərbaycan beynəlxalq platformalarda fəal təmsil olunur

03.09.2026 [09:41]

Qoşulmama Hərəkatının əsas prinsipləri ölkəmizin xarici siyasətinin fundamental istiqamətləri ilə tam uzlaşır

Azərbaycanın xarici siyasət kursunda parlament diplomatiyasının da mühüm rolu var. Ümumən, müasir beynəlxalq münasibətlər sistemində parlament diplomatiyasının artan nüfuzu artıq reallıqdır. Məhz bu tendensiyanın nəticəsidir ki, son illərdə qanunverici orqan vasitəsilə atılan addımlar Azərbaycanın dövlət strategiyasının mühüm komponentinə çevrilib. Parlament diplomatiyasının məqsədi dövlətlər və regionlar arasında əlaqələrin və inteqrasiyanın dərinləşdirilməsinə nail olmaqdır.

Azərbaycan parlamenti hər zaman dövlət başçısının yürütdüyü daxili və xarici siyasi kursu birmənalı şəkildə dəstəkləyir. Görülən məqsədyönlü işlər nəticəsində ölkəmizin beynəlxalq platformalardakı mövqeyi daha da sarsılmaz hala gəlib, dünya ölkələri ilə qarşılıqlı etimada əsaslanan əməkdaşlıq münasibətləri dərinləşib. Hakimiyyətin mühüm qolu olan parlamentin işində beynəlxalq fəaliyyət prioritet istiqamət kimi ön plana çıxır. Milli Məclisin beynəlxalq fəaliyyəti dövlətin xarici siyasət prioritetlərinin qlobal müstəvidə müdafiəsi missiyasıdır. Bu istiqamətdə ikitərəfli və çoxşaxəli parlament təşkilatları ilə əlaqələrin inkişafı istiqamətində sistemli tədbirlər görülür. Eyni zamanda, millət vəkilləri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və milli maraqlarımızın təbliği istiqamətində üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirirlər.

Milli Məclis bir çox nüfuzlu təşkilatların - ATƏT PA, MDB PA, Asiya PA, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı PA, İslam Əməkdaşlıq Təşkilatı PA, GUAM PA, TÜRKPA, Parlamentlərarası İttifaq və NATO PA-nın işində aktiv təmsil olunur. Məhz bu təşkilatlar çərçivəsində aparılan uğurlu əməkdaşlıq fəaliyyəti nəticəsində vaxtilə Ermənistanın apardığı işğalçılıq siyasətini ifşa edən qərarlar qəbul edilib. Eyni zamanda, Milli Məclis dünyanın bir çox ölkələrinin parlamentləri ilə əlaqələri genişləndirir. Parlament diplomatiyasının əsas göstəricilərindən biri də Milli Məclisin müxtəlif beynəlxalq platformalarda və tədbirlərdə təmsilçiliyidir.

Yeri gəlmişkən, bugünlərdə Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Birinci Konfransının 65 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Xatirə Görüşündə iştirak etmək üçün Serbiyaya işgüzar səfərdə olub və həmin tədbirdə çıxış edib. O qeyd edib ki, ötən 65 il ərzində Qoşulmama Hərəkatı üzv dövlətlərin ortaq maraq və məramlarının irəlilədilməsi, habelə qlobal çağırışların həllinə kollektiv töhfə verilməsi üçün mühüm beynəlxalq platformaya çevrilib. Qoşulmama Hərəkatının əsas prinsipləri Azərbaycanın xarici siyasətinin fundamental istiqamətləri ilə tam uzlaşır. Azərbaycan 2019-2024-cü illərdə Hərəkata sədrliyi dövründə də bu prinsipləri rəhbər tutaraq təşkilatın həmrəyliyinin, beynəlxalq nüfuzunun və institusional imkanlarının gücləndirilməsinə mühüm töhfələr verib.

S.Qafarova diqqətə çatdırıb ki, 2019-cu ildə Bakıda keçirilmiş Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə Prezident İlham Əliyev Azərbaycanın Bandunq Prinsiplərinə, beynəlxalq hüquqa və ədalətə sadiqliyini, eləcə də Hərəkatın birliyinin, həmrəyliyinin və beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə qətiyyətli münasibətini bir daha təsdiqləyib.

Milli Məclisin sədri Azərbaycanın sədrliyi dövründə Hərəkatın üzv dövlətləri arasında həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirildiyini bildirib. Onun sözlərinə görə, bu dövrdə Qoşulmama Hərəkatı ilə BMT arasında yüksəksəviyyəli görüşlərin keçirilməsi təşəbbüsü irəli sürülüb, COVID-19 pandemiyasına və onun nəticələrinə qarşı əlaqələndirilmiş beynəlxalq reaksiyanın formalaşdırılmasına mühüm töhfə verilib. Azərbaycan sədrliyi dövründə 80-dən artıq dövlətə maliyyə və humanitar yardım göstərib, müxtəlif ölkələrə texniki dəstək və təhsil qrantları təqdim edib. Bununla yanaşı, Hərəkatın institusional inkişafına, onun fəaliyyətinin gələcək nəsillər və müxtəlif təsisatlar arasında genişləndirilməsinə xüsusi diqqət göstərilib.

S.Qafarova Qoşulmama Hərəkatının qarşısında duran əsas vəzifələrə də toxunub. O bildirib ki, Hərəkat öz birliyini və həmrəyliyini qorumaqla yanaşı, beynəlxalq səsini daha da gücləndirməli, sülhə, davamlı inkişafa və daha ədalətli, bərabərhüquqlu dünya nizamının formalaşmasına töhfəsini artırmalıdır.

Qeyd edək ki, səfər çərçivəsində Milli Məclisin sədri Serbiya Milli Assambleyasının sədri Anna Brnabiçlə də görüşüb. Görüşdə Azərbaycan-Serbiya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, parlamentlərarası əlaqələrin genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Sahibə Qafarova ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu qeyd edərək, qarşılıqlı etimad və hörmətə əsaslanan münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. Parlamentin sədri yüksəksəviyyəli qarşılıqlı səfərlərin və görüşlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb. O, Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə həyata keçirdiyi təşəbbüslərdən, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyətindən danışıb.

Anna Brnabiç Azərbaycan-Serbiya münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib, parlamentlərarası əlaqələrin də müsbət dinamika ilə davam etdiyini bildirib. O, ötən ilin sentyabrında Azərbaycana rəsmi səfərini məmnunluqla xatırlayaraq, səfər çərçivəsində keçirilmiş görüşlərin ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Tədbir çərçivəsində Somali Prezidenti Həsən Şeyx Mahmudla görüş zamanı isə dövlətlərarası münasibətlərin mühüm istiqaməti olan parlamentlərarası əlaqələrin mühüm əhəmiyyəti qeyd olunub. Spiker Sahibə Qafarova Azərbaycan Milli Məclisinin Somali parlamenti ilə əlaqələri daha da inkişaf etdirməyə hazır olduğunu bildirib. Milli Məclisin sədri Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin gördüyü işlər barədə fikirlərini bölüşüb.

Azərbaycana səfərini və Prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayan Prezident Həsən Şeyx Mahmud həmin səfər zamanı aparılmış danışıqların və imzalanmış sənədlərin əhəmiyyətini diqqətə çatdırıb.

Bundan əlavə, S.Qafarova  Qana Respublikasının Prezidenti Con Dramani Mahama, Uqandanın Vitse-prezidenti Cessika Alupo, Mozambik Respublikasının Baş naziri Maria Benvinda Levi və s. ölkələrin rəsmi şəxsləri ilə görüşüb. Görşlərdə ikitərəfli əlaqələr və parlamentlərarası münasibətlər müzakirə olunub.

Göründüyü kimi, son illər həyata keçirilən parlament diplomatiyası nəticəsində Azərbaycanın beynəlxalq münasibətlər sistemində və beynəlxalq platformalarda mövqeyini daha da möhkəmlənib. Artıq Azərbaycanda beynəlxalq və regional təşkilatların parlament şəbəkələrinin toplantılarının keçirilməsi ənənəsi də formalaşıb. Son illər parlament diplomatiyası çərçivəsində Azərbaycan bir çox beynəlxalq səviyyəli tədbirlərə və toplantılara ev sahibliyi edib. Eyni zamanda, dünyanın ən müxtəlif ölkələrinin parlament nümayəndələri ölkəmizə səfər edir və bu səfərlər qarşılıqlıdır. Dünya ölkələrinin parlamentləri ilə sıx əməkdaşlıq və dostluq münasibətləri formalaşır. Təbii ki, bu cür əlaqələrin qurulması ölkələr arasında münasibətlərin inkişafına xidmət etməklə yanaşı eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin beynəlxalq platformalarda dəstəklənməsində təsirli amildir.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 175 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Sosial

Gündəm

Bişkek görüşü...

02 Sentyabr 11:36  

İqtisadiyyat

Gündəm

Siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30