Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / O, əvvəlcə Naxçıvanı, sonra isə bütün Azərbaycanı qorudu

O, əvvəlcə Naxçıvanı, sonra isə bütün Azərbaycanı qorudu

03.09.2026 [11:47]

Ulu Öndər Heydər Əliyev 3 sentyabr 1991-ci ildə Naxçıvan Ali Sovetinin sədri seçilib

Hər bir ölkənin və xalqın həyatında zaman-zaman onların taleyini dəyişən mühüm hadisələr baş verir. Tarixin bu günündə - 3 sentyabr 1991-ci ildə  Ulu Öndər Heydər Əliyevin Naxçıvan Ali Sovetinin sədri seçilməsi də belə müstəsna önəm daşıyan hadisələrdən biridir. Bütün Naxçıvan əhalisinin böyük etimadına əsaslanan bu seçimlə o dövrdə ağır blokada vəziyyətində qalan Muxtar Respublikanın tənəzzülünün, işğalının, bütünlüklə süqutunun qarşısı alındı və onun sabitliyi, təhlükəsizliyi, sonrakı mərhələdə isə inkişafı təmin edildi.

Bu tarixi seçimin, həmçinin bütün Azərbaycan üçün müstəsna önəmi var idi. Bugünkü qüdrətli müstəqil Azərbaycanın təməli məhz həmin seçimlə qoyuldu. Aradan on illər ötəndən sonra Ulu Öndər Heydər Əliyevin Naxçıvanın rəhbərliyinə gəlməsinin strateji əhəmiyyəti daha aydın şəkildə dərk olunur. Hazırda Azərbaycan cəmiyyətində belə bir möhkəm və əsaslı qənaət formalaşıb ki, əgər ötən əsrin əvvəllərində Ulu Öndər əvvəlcə Naxçıvana, sonrakı mərhələdə isə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə qayıtmasa idi, bugünkü milli maraqlarını qətiyyətlə qoruyan, dünya miqyasında orta güc dövləti kimi qəbul olunan müstəqil Azərbaycandan söhbət aça bilməzdik. Böyük siyasətçi Heydər Əliyevin müstəsna missiyası heç vaxt unudulmayacaq, hər zamam minnətdarlıqla xatırlanacaq. O, Naxçıvanda siyasi fəaliyyətə qayıdışı ilə əvvəlcə Naxçıvanı, sonra isə bütün Azərbaycanı xilas etdi, müstəqilliyimizi qorudu. Heydər Əliyevin xilaskarlıq missiyası bir tərəfdən Onun zəngin dühasına, siyasətçi bacarığına, uzaqgörənliyinə və uzun illərin təcrübəsinə əsaslanırdısa, digər tərəfdən də bu fədakarlığın təməlində xalqa, Vətənə sonsuz bağlılıq, vətənpərvərlik, azərbaycançılıq dayanırdı.

Doğma diyar sədaqətli oğlunu böyük sayğı ilə qarşıladı

O dövrdə baş katib M.Qorbaçovun yanlış siyasətinə etiraz əlaməti olaraq keçmiş ittifaqdakı tutduğu bütün yüksək vəzifələrdən istefa verən Heydər Əliyev bir müddət Moskvada yaşadı. Ancaq qürbət Onu sıxırdı, xalqının, doğma insanların əhatəsində olmaq istəyirdi. Onun mənalı həyatının ən qaynar çağları ötən əsrin 70-80-ci illərində bütün varlığı ilə Azərbaycana xidmətdə keçmişdi. O dövrün ideoloji müxtəlifliyinə, tələblərin və çağırışların fərqli olmasına baxmayaraq, Heydər Əliyev vicdanla, Vətəninə sonsuz məhəbbətlə çalışaraq Azərbaycanın sabahı, gələcək inkişafı, xalqın milli özünüdərki üçün zəruri olan fundamental əsaslar yaratmağa nail olub. Bugünkü qüdrətli müstəqil Azərbaycan məhz həmin möhkəm əsaslar üzərində dayanaraq inkişaf edir, zəfərlərə doğru irəliləyir. Vətənə, xalqa sədaqətli oğul olan Heydər Əliyev yenə də Azərbaycana xidmət etmək barədə düşünürdü. Beləliklə, O, Moskvadan Bakıya dönməyə qərar vermişdi. Bu qayıdış 1990-cı il iyulun 20-də gerçəkləşdi.

Həmin dövrdə Heydər Əliyev yaxşı başa düşürdü ki, keçmiş ittifaq rəhbərliyi tərəfindən Azərbaycana qarşı məkrli planlar qurulub həyata keçirilə bilər. O, bununla bağlı müxtəlif mənbələrdən siqnallar almışdı. Elə onun özünün də həyatı təhlükə qarşısında idi. Erməni - M.Qorbaçov mafiyası Heydər Əliyevin varlığını Azərbaycana qarşı məkrli planlarını həyata keçirmək yolunda ən böyük maneə hesab edirdi. Belə bir şəraitdə Heydər Əliyev xalqı ilə bir yerdə olmaq, ona arxa-dayaq durmaq istəyirdi. Lakin imperiya nökərləri - bəhs olunan dövrdə Azərbaycanın rəhbərliyində təmsil olunan şəxslər Heydər Əliyevin Bakıya qayıdışını kresloları üçün təhlükə hesab edərək Onun paytaxtda qalmasını əngəllədilər. Bu, nankorluq idi. Xatırladaq ki, həmin “kreslo aşiqləri”nin bir çoxunu zamanında məhz Heydər Əliyev irəli çəkərək yüksək vəzifələrə təyin etmişdi.

Bakıda qalmasına imkan verilməyən Ulu Öndər doğulduğu Naxçıvana üz tutdu və burada doğma diyarın insanları Onu böyük sayğı ilə qarşıladılar. Heydər Əliyev bacısının kiçik evində yerləşmişdi. Ancaq bu kiçik ev böyük bir ziyarət məkanına çevrilmişdi. Qədim diyarın hər bir bölgəsindən bura insanlar axın edir, Heydər Əliyevlə görüşməyin xoşbəxtliyini yaşamaq istəyirdilər. İnsanlar el adətincə əziz qonaqlarına özlərinin hazırladıqları sovqatları gətirir, Onun gəlişi münasibətilə qurbanlar kəsirdilər.  22 iyul 1990-cı il tarixdə axşamüstü Naxçıvan şəhərinin mərkəzi hissəsi, Azadlıq meydanı insan selinə qərq olmuşdu. Burada Ulu Öndərin doğma diyara qayıdışı münasibətilə izdihamlı mitinq keçirildi. Heydər Əliyevin qayıdışı sonsuz məhrumiyyətlərlə üzləşən Naxçıvan əhalisində sabaha böyük inam yaratmışdı.

Ulu Öndərin böyük cəsarəti - Naxçıvanda Azərbaycanın gələcək müstəqilliyi naminə mühüm addımlar atıldı

Həmin ilin payızında Heydər Əliyev Babək rayonunun Nehrəm kəndindən Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçildi. Ulu Öndər, eyni zamanda, Naxçıvan Ali Sovetinə də deputat seçilmişdi. Muxtar Respublikanın Ali Sovetinin seçkilərdən bir qədər sonra - 17 noyabr 1990-cı il tarixində çağırılan sessiyasına sədrlik Heydər Əliyevə həvalə olundu. Sessiyada Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək onun Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarıldı, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı. Eyni zamanda, Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi.

Uzaqgörən lider Heydər Əliyev daim xalqa müstəqillik ideyaları aşılayırdı. O, Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 7 mart tarixli sessiyalarında böyük cəsarət nümayiş etdirərək Dağlıq Qarabağla, respublikamızın müstəqilliyi ilə bağlı fikirlərini açıq şəkildə dilə gətirdi. 1991-ci il martın 17-də keçmiş sovet ittifaqının saxlanması ilə bağlı keçirilən referendumu yada salaq. Respublikanın o vaxtkı rəhbərlərinin loyallığının, qətiyyətsizliyinin, müstəqillik ideyalarından uzaq olmalarının nəticəsi idi ki, Azərbaycan da həmin referenduma qoşuldu. Lakin burada da Heydər Əliyev nə qədər qətiyyətli olduğunu nümayiş etdirdi. Ulu Öndər Naxçıvanın referendumda iştirak etməməsi ilə bağlı çağırış etdi və keçmiş ittifaqın, Azərbaycanın sabiq rəhbərliyinin təkidlərinə, hədə-qorxularına rəğmən bu çağırışını geri götürmədi. Beləliklə də, Naxçıvan saxta referenduma qoşulmadı. Naxçıvanda Ulu Öndər tərəfindən belə bir cəsarətli qərarın verilməsi bütün Azərbaycan miqyasında müstəqilliyimizin bərpasına böyük inam yaratdı, xalqda mübarizə əzmi formalaşdırdı.

1991-ci il avqustun 30-da Ali Sovetin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etdi. Bunun nəticəsində həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. Azərbaycan parlamenti 1991-ci il oktyabr ayının 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi və bununla da respublikamız XX yüzillikdə ikinci dəfə müstəqilliyinə qovuşdu.

O dövrdə Ulu Öndərin Naxçıvana və bütün Azərbaycan xalqına böyük məhəbbətlə atdığı bu kimi addımlar əsl cəsarət nümunəsi idi. Qeyd etmək yerinə düşər ki, bəhs olunan dövrdə hələ Sovet İttifaqı Kommunist Partiyası fəaliyyət göstərirdi. Heydər Əliyev isə təhdidlərdən, özü və ailəsi üçün yarana biləcək təhlükələrdən çəkinməyərək, respublikamızın gələcək taleyi baxımından müstəsna əhəmiyyət daşıyan qərarların qəbul olunmasına nail olurdu.

Möhkəm həmrəylik mühitində muxtar respublikanın xilası

Həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, mərkəzi hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri seçilən Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdı. Müharibənin davam etdiyi, sənaye və ərzaq məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı şəraitdə Naxçıvan MR Ali Sovetinin Sədri seçilən Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər sayəsində muxtar respublikada  sabitlik və həmrəylik təmin olundu.

Heydər Əliyev Özünün şəxsi nüfuzundan və yüksək diplomatik bacarığından istifadə edərək qonşu Türkiyənin, İranın siyasi rəhbərliyi ilə təmasları gücləndirdi və blokada şəraitində yaşayan muxtar respublikanı erməni təcavüzündən, aclıqdan, səfalətdən qorudu. Xüsusilə də 24 mart 1992-ci il tarixində Ankarada Naxçıvan MR-lə Türkiyə Cümhuriyyəti arasında işbirliyi protokolunun imzalanması bu baxımdan müstəsna əhəmiyyətə malikdir.

Naxçıvanda, sözün əsl mənasında, “Xalq-Heydər” və “Heydər-Xalq” birliyi yaranmışdı. Bu sarsılmaz birlik istənilən arzuolunmaz cəhdin qarşısını almağa qadir idi.  24 oktyabr 1992-ci il tarixində AXC-Naxçıvan şöbəsinin silahlı dəstələri və Ordubad rayon polisi tərəfindən Naxçıvanda dövlət çevrilişinə cəhd göstərildi. Silahlı dəstələr ultimatum dili ilə danışır, o cümlədən də Daxili İşlər Nazirliyinin və Teleradio Verilişləri Komitəsinin binasını boşaltmağı tələb edirdilər. Lakin onlar vacib bir faktoru - xalqın Heydər Əliyevə rəğbətini yaddan çıxarmışdılar. Minlərlə Naxçıvan sakini dövlətçiliyin müdafiəsinə qalxdı və Heydər Əliyevin ətrafında birləşdi. Məhz xalqın Ulu Öndərlə sıx həmrəyliyi sayəsində xəyanətkarların mənfur planı pozuldu və dövlət çevrilişi cəhdinin qarşısı alındı. Xalqının Ona olan sonsuz rəğbətindən, məhəbbətindən vəcdə gələn Ulu Öndər rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının (YAP) 1999-cu ildə keçirilən qurultayında bunu çox təsirli şəkildə ifadə edərək deyib: “Nə Qorbaçov hakimiyyəti, nə Vəzirov hakimiyyəti, nə Mütəllibov hakimiyyəti, nə də Əbülfəz Elçibəy hakimiyyəti - heç birisi Heydər Əliyevi Azərbaycan xalqının qəlbindən çıxara bilmədi...”

YAP-ın yaranması - bütün ölkəyə rəhbərliyin məsuliyyəti

Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın müstəqillik yolunda mühüm bir mərhələni təşkil edir. O dövrdə ölkəni bürüyən xaos şəraitində 1992-ci il oktyabr ayının 16-da 91 nəfər ziyalı Heydər Əliyevə müraciət ünvanladı. Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Heydər Əliyev partiyanın Sədri seçildi.

YAP-ın yarandığı vaxtdan cəmi 6 ay sonra hakim patiyaya çevrilməsi xalqın Heydər Əliyevə böyük inamının ifadəsi idi. Ölkənin vətəndaş müharibəsi, xarici təcavüzlə üz-üzə qaldığı bir dönəmdə xalq təkidlə Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə qayıtmasını tələb etdi. Naxçıvanı qoruyan Heydər Əliyev xalqın inamının qırılmasına imkan vermədi, 1993-cü ilin yayında Bakıya gəldi və ölkəyə rəhbərliyin məsuliyyətini öz üzərinə götürdü. Bu dəfə Heydər Əliyev xilaskarlıq missiyasını bütün Azərbaycan miqyasında həyata keçirdi. Onun aldığı müdrik qərarlar sayəsində ölkəmiz sabitliyə, həmrəyliyə və inkişafa istiqamətləndi.

Zirvələrə yüksələn Azərbaycan

Yeni mərhələdə də müstəqilliyimiz etibarlı əllərdədir. Son 22 ildə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyini möhkəmlətməklə, milli maraqlarını qorumaqla zirvələrə yüksəlib. Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın qazandığı ən böyük uğur isə ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsidir.

Bu gün qalib Azərbaycan xalqı qürurla yaşayaraq böyük inamla daha güclü Azərbaycan qurur. Ölkəmizdə uzunmüddətli sabitlik və möhkəm həmrəylik mühiti var. Eyni zamanda, qalib Azərbaycanın sülh gündəliyi beynəlxalq birlik tərəfindən qəbul olunub. Müharibə başa çatandan sonra Prezident İlham Əliyevin irəli sürdüyü sülh təşəbbüsü ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında razılaşdırılmış yekun sülh sazişinin paraflanması ilə məntiqi sonluğa çatıb. Hazırda regionda real sülh şəraiti var. Azərbaycanla Ermənistan arasında iqtisadi əsasda təmaslar qurulur, cəmiyyətlərdə etimad mühiti formalaşdırılır. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərin sürətlə bərpası, Qarabağın yenidən dirçəldilməsi, burada məskunlaşmanın uğurla həyata keçirilməsi müstəqil Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirir.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 124 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Sosial

Gündəm

Bişkek görüşü...

02 Sentyabr 11:36  

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30