Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Güclənən Azərbaycanın milli güc əsasları

Güclənən Azərbaycanın milli güc əsasları

24.10.2012 [01:03]

Dövlətin gücünün əsasını təşkil edən bütün komponentlərin paralel və balanslı inkişafı daxili sabitliyi təmin edir, ölkənin beynəlxalq nüfuzunu möhkəmləndirir, onu regional güc mərkəzinə çevirir və qlobal miqyasdakı rolunu artırır
Cəmi 21 ildir ki, müstəqil dövlət olan Azərbaycanın siyasi, iqtisadi, sosial, hərbi, demoqrafik, elmi, texnoloji, humanitar və digər sahələrdə əldə etdiyi uğurlar ölkənin əhəmiyyətli milli gücə sahib olduğunu deməyə əsas verir. Milli güc dedikdə, çox zaman dövlətin qarşıya qoyduğu hədəflərinə çatmaq məqsədilə istifadə edə bildiyi maddi və mənəvi resurslarının cəmi başa düşülür. Milli gücü təşkil edən ünsürlər kəmiyyət və keyfiyyət baxımından fərqləndirilir. Milli gücün kəmiyyət ünsürlərinə əsas etibarilə, coğrafi məkan, təbii ehtiyatlar, iqtisadiyyat, hərbi güc və əhali, keyfiyyət ünsürlərinə isə milli xüsusiyyət, milli mənəviyyat, milli diplomatiya təcrübəsi, milli hökumətin keyfiyyəti daxildir.
Bütün sahələrin balanslı inkişafı milli gücün əsasıdır
Azərbaycanın bugünkü inkişafına nəzər saldıqda milli gücün kəmiyyət və keyfiyyət ünsürlərinin eyni vaxtda inkişafının şahidi oluruq. Ölkənin hərtərəfli inkişafı dedikdə, məhz bu amil nəzərdə tutulur. Dövlətin milli gücünün əsasını təşkil edən bütün komponentlərin paralel və balanslı inkişafı daxili sabitliyi və irəliləyişi təmin edir, ölkənin beynəlxalq nüfuzunu möhkəmləndirir, dövləti regional güc mərkəzinə çevirir, tədricən onun qlobal miqyasdakı rolunu və təsir imkanlarını artırır.
Bu gün Azərbaycan daxili sosial-iqtisadi inkişafa nail olub, hərbi cəhətdən güclənib, eləcə də, bütün göstəricilərinə görə Cənubi Qafqaz regionunda lider dövlətə çevrilib. Ərazisinin 20 faizi işğal altında olan bir dövlət kimi, Azərbaycan özünün hərtərəfli müdafiə imkanlarını genişləndirib. Bütün bunların əsasında isə ölkənin coğrafi, iqtisadi, sosial və digər resurslarından səmərəli və məqsədyönlü istifadə dayanır.
Əvvəlcə qeyd edək ki, Azərbaycan strateji əhəmiyyətli coğrafi məkanda, eyni zamanda, olduqca mürəkkəb geosiyasi mühitdə yerləşir. Qlobal və regional güclərin maraqlarının toqquşduğu regionda yerləşən Azərbaycan şimal-cənub və şərq-qərb dəhlizi üzərindəki əlverişli mövqeyindən, təbii resurslarından, iqlim və relyef şəraitindən milli mənafeləri naminə maksimum istifadə edir. Bunun nəticəsi olaraq, Azərbaycanın makroiqtisadiyyatının, eləcə də, xarici ticarət əlaqələrinin sürətli inkişafının şahidi oluruq. Azərbaycanın ümuminkişaf yolunu, eləcə də, iqtisadi prioritetlərini düzgün müəyyənləşdirən Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf xəttinin davam etdirilməsi bu gün Azərbaycan iqtisadiyyatını inkişaf sürətinə görə dünyada ön sıralara çıxarıb.
İqtisadi güc dövlətin suverenliyi və müstəqil siyasət yürütməsi üçün vacib şərtlərdəndir
Bu yaxınlarda Azərbaycanın bir sıra bölgələrinə səfər edən Prezident İlham Əliyev Tərtərdə gənclərlə görüşündə ölkəmizin güclü iqtisadiyyata malik olduğunu vurğulayıb. Dövlət başçısı bildirib ki, rəqabət qabiliyyətliliyə görə ölkəmiz dünya miqyasında 46-cı, MDB məkanında isə birinci yerdədir.
Bu məqamda qeyd edək ki, iqtisadi güc demək olar ki, bütün sahələrə, o cümlədən, sosial rifaha və demoqrafik göstəricilərə birbaşa təsir göstərir. Təsadüfi deyil ki, Azərbaycanda milli gücün mühüm kəmiyyət ünsürlərindən olan demoqrafik inkişafa önəm verilir.
Ümumiyyətlə, dünya təcrübəsi göstərir ki, əhalinin say faktoru dövlətin gücünə müsbət və mənfi təsir göstərə bilər. İqtisadiyyatı inkişaf edən, təbii və insan resurslarından düzgün istifadə olunan, ərzaq təhlükəsizliyi təmin edilən ölkələrdə əhali artımı dövləti gücləndirən amil kimi çıxış edir. Əks təqdirdə, əhalinin say çoxluğu dövlət üçün əlavə problemlər qaynağına çevrilə bilir. Azərbaycana gəldikdə isə, ölkənin hərtərəfli inkişafı, iqtisadi təhlükəsizliyin təmin olunması, sosial rifahın yüksəlməsi, hər bir vətəndaşın, xüsusən də gənclərin müxtəlif sahələr üzrə öz potensialını gerçəkləşdirməsi üçün yaradılan şərait sayəsində respublikada əhalinin artımı ilə milli gücün səviyyəsi düzmütənasiblik təşkil edir. Bu yaxınlarda dövlət başçısının Yevlaxa səfəri zamanı yerli sakinlərlə görüşündə səsləndirdiyi fikirlərdən də görünür ki, dövlət əhalinin artımında maraqlıdır: “Əhali də çox vacibdir. Demoqrafiya vacibdir. Bizim əhalimiz 15 milyon, 20 milyon olmalıdır. İnşallah, o günləri də biz bərabər görəcəyik və daha da güclü, daha da təsirli dövlət yaradacağıq”.
Heç şübhəsiz, əhalinin sayı ilə yanaşı, onun intellektual səviyyəsi də inkişaf göstəriciləri baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısının hər zaman vurğuladığı kimi, ölkədə həyata keçirilən siyasətin mərkəzində insan amili dayanır. Bu isə o deməkdir ki, dövlət öz vətəndaşının hərtərəfli inkişafına, yəni, onun sosial-maddi rifahına, sağlamlığına, intellektual və bilik səviyyəsinə diqqət ayırır. Azərbaycanın iqtisadi sahədə qazandığı uğurlar, artan büdcə gəlirləri və ona müvafiq həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi layihələr “neft kapitalı”nı “insan kapitalı”na çevirməyə imkan verir. Təsadüfi deyil ki, dövlət başçısı Yevlax sakinləri ilə görüşündə bu mühüm məsələyə bir daha toxunaraq, cəmiyyətin inkişafının intellektual səviyyə ilə birbaşa bağlılığını vurğulayıb, bu sahədə işlərin davam etdiriləcəyini bildirib. Şübhəsiz, təhsilin, elmin inkişafına edilən yatırım uzunmüddətli perspektivdə ölkənin gələcəyi üçün böyük dividendlər vəd edir.
Azərbaycanda milli birlik, yüksək mənəvi-psixoloji mühit var
Heç şübhəsiz, istənilən dövlətin milli gücə sahib olması üçün təbii resurslar, əhali, iqtisadi, hərbi güc faktorları ilə yanaşı, mənəvi-psixoloji və ideoloji amillər də həlledici rol oynayır. Müasir dünyaya inteqrasiya edən Azərbaycan qloballaşma və inteqrasiya proseslərinin müsbət cəhətlərindən yararlanır. Bununla belə, Azərbaycan xalqı özünün əsrlərdən gələn milli-mənəvi dəyərlərini qoruyur, doğma vətənə, ölkənin maraqlarına münasibətdə vətənpərvər, azərbaycançı mövqedə dayanır. Belə mənəvi-psixoloji şərait yeni nəslin milli ruhda böyüməsini, qloballaşmanın mənfi təsirlərindən qorunmasını təmin edir. “Bizim üstünlüyümüz ondan ibarətdir ki, vətəndaşlarımız, xalqımız öz milli-mənəvi dəyərlərinə çox bağlıdır”, - deyən Prezident İlham Əliyev məhz bu amili diqqətə çatdırır. Milli-mənəvi dəyərlərə bağlılıq, eləcə də, azərbaycançılıq ideologiyası xalqın özünəməxsusluğunun qorunub saxlanması, son nəticədə isə yeni dünya nizamının formalaşdığı bir dövrdə milli dövlətin mövcudluğunu sürdürməsi üçün həyati əhəmiyyət daşıyır.
Ölkənin əhalisinin eyni amallar və ideyalar ətrafında birləşməsi, bu ideya və amalların dövlətin siyasətinin məqsəd və prioritetləri ilə üst-üstə düşməsi milli gücün ən vacib ünsürlərindən olan milli birliyi təmin edən vacib təməldir. Dövlətin müxtəlif sahələr üzrə qəbul etdiyi qərar və proqramların, həyata keçirdiyi islahatların səmərə verməsi də, ilk növbədə, ictimai əhval-ruhiyyədən, xalqın dövlətin siyasətinə rəğbətindən və dəstəyindən asılıdır. Məhz milli birliyin hökm sürdüyü dövlətin sosial-siyasi sabitliyindən, davamlı inkişafından söz açmaq mümkündür. Dövlət başçısının Yevlaxda olarkən söylədiyi kimi, müstəqil siyasət aparmaq üçün güclü iradə, cəsarət, iqtisadi dayaqlar olmalıdır: “Amma ilk növbədə, cəmiyyətdə birlik olmalıdır, xalqla iqtidar arasında birlik. Bu birlik nə qədər güclüdürsə, o qədər də beynəlxalq arenada bizim söz deməyə gücümüz çatır”.
Xalq-dövlət birliyi Azərbaycan diplomatiyasının bugünkü uğurlarını təmin edən başlıca faktorlardan biri kimi çıxış edir. Belə ki, Azərbaycanın beynəlxalq səviyyədə nüfuzu möhkəmlənir, tərəfdaş ölkələrin sayı artır. Ölkəmizin 155 dövlətin dəstəyi ilə BMT TŞ-yə üzv olması buna ən bariz sübutdur. Digər tərəfdən, artıq Azərbaycan həqiqətləri dünyada tanınır, ayrı-ayrı dövlətlər ölkəmiz üçün ən ağrılı məsələlərdə böyük dəstək nümayiş etdirirlər. Təkcə, Xocalı soyqırımının 3 xarici dövlət tərəfindən tanınması buna sübutdur. Bu işdə, şübhəsiz, Azərbaycanın diplomatik strukturlarının milli diaspor təşkilatlarımızla sıx əməkdaşlığının da rolu vardır.
Beləliklə, bu gün Azərbaycan hər bir sahədə öz iradəsini müstəqil ifadə edir. Bütün sahələrin paralel inkişafı nəticəsində güclü dövlətə çevrilən Azərbaycanın səsi beynəlxalq səviyyədə daha aydın eşidilir.
Hülya MƏMMƏDLİ
Paylaş:
Baxılıb: 1117 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30