İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir
25.12.2012 [15:56]
Ötən dövr ərzində həyata keçirdiyi daxili və xarici siyasət strategiyasının səmərəlilik səviyyəsinə, bunun fonunda ölkəmizin milli inkişafının real nəticələrinə, Azərbaycanın müasir beynəlxalq münasibətlər sisteminin nüfuzlu və güclü aktora çevrilməsinə, eyni zamanda, Özünün liderlik keyfiyyətlərinə görə İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirib
Bu, bir gerçəklikdir ki, Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Bu inkişafın əsasında isə uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla və qətiyyətlə davam etdirilməsi bugünkü milli inkişafın fundamental təminatçı faktorunu təşkil edir. Müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması və digər bu kimi istiqamətlər dövlətimizin qarşısında duran prinsipial öhdəlikləri təşkil edir. Eləcə də, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin fonunda Azərbaycan dövləti bütün bu vəzifələrin öhdəsindən layiqincə gələrək ümummilli inkişafı ən yüksək səviyyədə təmin edir.
Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri, dəyərləri və normaları ehtiva edir. Məhz bunun qanunauyğun nəticəsidir ki, hər bir sahədə müşahidə edilən mütəmadi və sürətli inkişaf tendensiyası keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Digər tərəfdən, vətəndaşların maddi rifah halının daha da yaxşılaşdırılması, sosial müdafiə və təminat sisteminin gücləndirilməsi, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi kimi konkret faktlar ümummilli inkişafın təcrübi gerçəkliklərini təşkil edir. Qarşıda duran bütün sosial proqramların və infrastruktur layihələrinin uğurla icra edilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi kimi zəruri və təxirəsalınmaz tədbirlər də milli inkişafa təkan verməkdədir. Yəni, uğurlu sosial siyasətin fonunda əhalinin sosial şəraitinin yaxşılaşdırılması, sosial tələbatlar və ehtiyacların yüksək səviyyədə ödənilməsi, eyni zamanda, perspektiv inkişafın təməl strateji komponentlərini təşkil edir.
Bir məqama da xüsusilə diqqət yetirmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilib. Başqa sözlə, həyata keçirilən müstəqil və balanslaşdırılmış xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli şəkildə irəliləməsini təmin etməklə yanaşı, ölkəmizi dünya siyasətinin əsas konturlarını müəyyənləşdirən güc mərkəzlərinin başlıca strateji tərəfdaşlarından birinə çevirib. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı, inkişaf mənbəyi adlandırırlar.
Uğurlu gənclər siyasəti Azərbaycanın etibarlı gələcəyi deməkdir
Müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan birini də cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edən gənclərin potensialından səmərəli istifadə olunması təşkil edir. Ümumiyyətlə, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-2012-ci illər Azərbaycanda gənclər siyasətinin uğurları ilə yadda qalıb.
Bildiyimiz kimi, gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Hər bir ölkənin gələcəyi gənc nəslin təhsil, fiziki və mənəvi sağlamlıq səviyyəsindən xeyli dərəcədə asılıdır. Heç şübhəsiz, Azərbaycan gəncliyinin parlaq gələcəyinin təmin edilməsi, gənclərimizin istedadının, potensial imkanlarının aşkara çıxarılması və genişləndirilməsi, onların şəxsiyyət kimi formalaşmasına lazım olan hər bir şəraitin yaradılması dövlət əhəmiyyəti daşıyan strateji bir məsələdir. Bu baxımdan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. İldən-ilə təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə şərait yaradıb.
Dövlət başçısının gənclər siyasəti ilə bağlı imzaladığı proqramların əhatəliliyini, onların gənclərlə bağlı ən müxtəlif sahələrdə görüləcək işləri əks etdirməsini və yüksək səviyyədə icrasını nəzərə aldıqda, Azərbaycanda gəncliyə və gənclərə, həqiqətən də, böyük önəm verildiyi bir daha aydın olur.
Qeyd etmək lazımdır ki, 2005-ci ildə Prezidenti İlham Əliyev tərəfindən 2005-2009-cu illəri əhatə edən “Azərbaycan Gəncliyi Dövlət Proqramı” imzalanıb. Proqrama uyğun olaraq gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində, həmçinin, gənclərin sağlamlığının qorunması sahəsində tədbirlərin həyata keçirilməsi, kütləvi bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi, ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şəraitin yaradılması istiqamətində tədbirlər görülüb.
Eyni zamanda, dövlət başçısının Fərmanı ilə Gənclər və İdman Nazirliyi 2006-cı ildə yenidən təşkil edilib, gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr qoyulub. Azərbaycanda 2 Fevral - Gənclər Günü ilə bağlı hər il silsilə tədbirlər təşkil olunur, təhsil və digər sahələrdə yüksək nailiyyət qazanmış gənclərin xüsusi mükafatlarla təltif edilməsi, gənclər tərəfindən təqdim olunmuş layihələrin maliyyələşdirilməsi, istedadlı gənclərin beynəlxalq müsabiqələrdə, konfrans-seminarlarda iştirakı təmin edilir.
2007-ci ilin “Gənclər ili” elan edilməsi də bu sahədə görülən və görülməsi nəzərdə tutulan işlərin daha intensiv hal almasına və müsbət ənənələrin formalaşmasına təsir göstərib. Kadr hazırlığı çərçivəsində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası nəticəsində dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alaraq Vətənə qayıdan yüzlərlə gənc respublikada müxtəlif sahələr üzrə bilik və bacarıqlarını tətbiq etmək imkanı qazanıb. Dövlət başçısı hər zaman Azərbaycan gəncliyinin savadına, bacarığına, gələcəyinə böyük inamla yanaşdığını bildirib: “... Hər bir insanın gücü, əlbəttə ki, onun biliyindən asılıdır. Ona görə, mən əminəm, gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaqdır”.
Azərbaycan gənclərinin 3 oktyabr 2008-ci ildə keçirilən V forumunda çıxış edən Prezident İlham Əliyev dövlətin gənclərlə bağlı siyasətinin gələcəyə ünvanlandığını və gənclərin elmdə, təhsildə, mədəniyyətdə və idmanda əldə etdiyi göstəricilərin respublikamızın qüruru olduğunu bildirib.
O da qeyd edilməlidir ki, ölkəmizdə əhalinin müxtəlif təbəqələrindən olan vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin mərkəzində məhz gənclər dayanır. Təsadüfi deyil ki, bu gün ölkə gəncləri dövlətin onlara göstərdiyi hərtərəfli diqqət və qayğıdan yararlanır və məmnunluq ifadə edirlər. Bu diqqət və qayğının, eləcə də, dövlətin gənclər siyasətinin ardıcıl və məqsədyönlü xarakter daşıdığını göstərən mühüm faktlardan biri də Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramıdır. Dövlət Proqramında gənclərin təhsil, iş şəraitinin yaxşılaşdırılması, peşəkar gənc kadrların hazırlanması, gənc sahibkarların dəstəklənməsi, ailə institutunun möhkəmləndirilməsi, gənclərin inkişafına yönəlmiş infrastrukturun yaradılması və digər bir çox vəzifələrin həyata keçirilməsi qarşıya məqsəd kimi qoyulub.
Bundan əlavə, gənclər siyasəti üzrə proqramların həyata keçirilməsinin təmin olunması məqsədilə Gənclər Fondu da yaradılıb. Fond, eyni zamanda, peşəkar kadrların formalaşmasına, elm sahəsində çalışan gənclərin fəaliyyətinin dəstəklənməsinə, istedadlı gənclərin milli və beynəlxalq əhəmiyyət daşıyan layihələrdə iştirakının təmin olunmasına xidmət edir. Təsadüfi deyil ki, gənclərimizin, elm, mədəniyyət, idman sahələrindəki uğurları ildən-ilə artır.
Bu gün Azərbaycanda yüzə yaxın gənclər təşkilatı fəaliyyət göstərir. Onların fəaliyyətini genişləndirməsi, beynəlxalq əlaqələr qurması üçün lazımi şərait yaradılıb. Bütün bunlar onu göstərir ki, Azərbaycanda gənclər cəmiyyətin aktiv və aparıcı qüvvəsinə çevrilir. Eyni zamanda, gənclərimiz vətənpərvər, ölkəyə faydalı şəxsiyyət kimi formalaşır, milli şüurun yüksəlməsi ilə onlar üzərlərinə düşən məsuliyyəti daha yaxşı dərk edir, Azərbaycan dövlətçiliyi naminə daha çox çalışırlar. Gənclər həm də Prezident İlham Əliyevin ətrafında sıx birləşir, Onun həyata keçirdiyi daxili və xarici siyasəti dəstəkləyirlər. Bunun təzahürlərindəndir ki, ildən-ilə daha çox sayda gənc Yeni Azərbaycan Partiyasına və onun Gənclər Birliyinə üzvlüyə can atır. Təsadüfi deyil ki, partiya sıralarında 200 mindən artıq gənc yer alıb. Bu göstərici yalnız kəmiyyət deyil, keyfiyyət baxımından da Azərbaycan gənclərinin mühüm hissəsini özündə əks etdirir.
Ümumiyyətlə, Azərbaycan gəncliyinə yaradılan şəraiti və gənclərin hərtərəfli inkişafını nəzərə aldıqda ölkənin gələcəyinin etibarlı əldə olduğunu söyləmək olar.
Azərbaycan nüfuzlu idman ölkəsinə çevrilib
Yeri gəlmişkən, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətinin fonunda Azərbaycan həm də dünya miqyasında idman ölkəsi kimi tanınmaqda və ölkəmizdə idmanın inkişafı mütəmadi səciyyə daşımaqdadır. Əlbəttə ki, idmana dövlət səviyyəsində xüsusi diqqət və qayğının göstərilməsi həm cəmiyyətimizdə gənc nəslin sağlam yetişməsinə, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi tanınaraq nüfuzunun artmasına xüsusi töhfələr verir.
Dövlət tərəfindən idmana göstərilən xüsusi diqqət və qayğının məntiqi nəticəsidir ki, Azərbaycanın beynəlxalq idman yarışlarında əldə etdiyi göstəricilər ildən-ilə daha da yaxşılaşır. Beləliklə, Azərbaycanın idman müstəvisində beynəlxalq nüfuzu güclənməkdə və bu istiqamətdə beynəlxalq aləmdə ölkəmizin uğurları artmaqdadır. Bütün bunların nəticəsi kimi, bir sıra mötəbər idman yarışlarının təşkil olunmasında Azərbaycana etibar edilir. Məsələn, cari ildə London Olimpiadası başa çatdıqdan sonra avqust ayında Bakıda yeniyetmələr arasında sərbəst yunan-Roma qadın və çimərlik güləşi üzrə dünya çempionatı keçirildi. 16 ölkənin futbol komandalarının iştirakı ilə keçirilən FİFA U-17 qadınlararası dünya çempionatı isə artıq Azərbaycanın çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ənənəsinə sadiq olmasından xəbər verirdi. Məlumat üçün bildirək ki, FİFA prezidenti Yozef Blatter və digər rəsmi qonaqlar dünya çempionatının açılış mərasimində iştirak edərək mundialın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıblar.
Digər tərəfdən, uğurlardan bəhs edərkən 2012-ci ilin təkcə 9 ayı ərzindəki statistik rəqəmlərə diqqət çəkmək kifayət edər. Belə ki, bəhs edilən dövrdə ölkəmizdə 145 respublika, 33 beynəlxalq yarış keçirilib, 248 beynəlxalq yarışda və 83 təlim-məşq toplantısında idmançılarımızın iştirakı təmin olunub. Gənc və yeniyetmələrimiz dünya, qitə çempionatı və birinciliklərində 83 qızıl, 125 gümüş və 182 bürünc medal əldə ediblər.
Bir sözlə, sadalananların nəticəsi kimi qeyd etmək olar ki, Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti ilə Azərbaycanın hər bir bölgəsində idman arenalarının, müasir komplekslərin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını və idmanın inkişafını təmin edib. Eyni zamanda, biri-birini əvəzləyən idman yarışları Bakının daha böyükmiqyaslı yarışlara ev sahibliyi etmək imkanlarını artırıb. Ölkəmizin Olimpiya Oyunları kimi planetin bir nömrəli idman yarışına ev sahibliyi etmək iddiasını ortaya qoyması və namizədliyini rəsmi şəkildə irəli sürməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. Beləliklə, bu amilləri nəzərə alan Avropa Olimpiya Komitəsi 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul edib. Şübhəsiz, ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ölkəmizin çox böyük tarixi uğurudur. Prezident İlham Əliyev də xalqa təbrikində bu qərarı tarixi uğur kimi dəyərləndirib: “Bu, doğrudan da, tarixi hadisədir. Çünki bu vaxta qədər Avropa Olimpiya Oyunları keçirilməmişdir və ilk oyunların Bakıda keçirilməsi böyük tarixi hadisədir, ölkəmizin böyük uğurudur”.
Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin güclü və nüfuzlu aktoru kimi...
Azərbaycanın sürətli inkişafının və yüksək beynəlxalq nüfuzunun fonunda qeyd edilməsi zəruri olan məsələlərdən biri də ölkəmizin rasional və praqmatik xarici siyasət kursudur. Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilib. Eyni zamanda, bəhs olunan xarici siyasət strategiyası ölkəmizi müasir dünya siyasətində nəzərə alınan lokomotiv aktorlardan birinə çevirib. Qeyd etdiyimiz kimi, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı, inkişaf mənbəyi adlandırırlar.
Beləliklə, ilk növbədə, ölkəmiz tərəfindən reallaşdırılan müstəqil və balanslaşdırılmış enerji siyasəti regionun və regionətrafı coğrafiyanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Azərbaycanı dünyanın enerji bazarında aparıcı ixracatçılardan birinə çevirib. Belə ki, bu gün praqmatik siyasəti ilə Xəzər hövzəsinin bayraqdarı hesab edilən Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biri kimi çıxış edir. Ölkəmiz milli dövlətçilik prinsiplərinə müvafiq olaraq həyata keçirilən praqmatik və rasional əsaslara söykənən siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu qismində çıxış etməkdədir. Təsadüfi deyil ki, Xəzər dənizinə xarici sərmayədarları ilk dəfə dəvət etməklə uzunmüddətli qarşılıqlı-faydalı əməkdaşlığın sağlam təməlini atan Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir geostrateji layihə gerçəkləşdirilə bilməz. Bu da Azərbaycanın dünya dövlətlərinin strateji əməkdaşlıqlar perspektivində kəsb etdiyi önəmi aydın şəkildə əks etdirir. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə beynəlxalq münasibətlər sisteminin başlıca aktorlarının - dünyanın aparıcı dövlətləri və transmilli şirkətlərin uzunmüddətli perspektivdə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə can atdığı tərəfdaş ölkələrdəndir.
Digər tərəfdən, Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən balanslaşdırılmış xarici siyasət strategiyasının fonunda Azərbaycan Cənubi Qafqazın hərbi-siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Gerçəkləşdirilən bütün regional layihələrin mərkəzi oyunçusu qismində məhz Azərbaycan çıxış edir və bu layihələr Cənubi Qafqazın təhlükəsizlik sisteminin strateji korreksiyasında əhəmiyyətli faktor kimi dəyərləndirilir. Eyni zamanda, məhz bu cür layihələr ölkəmizin milli maraqlarına adekvat olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, heç bir dövlətdən, təşkilatdan asılı olmadığını da təsdiq edir.
Beləliklə, sadalananlardan belə bir qanunauyğun və məntiqi nəticəyə gəlmək olur ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizi dünya siyasətinin təmsilçisi qismində çıxış edən və müstəqil xarici siyasət yürüdən milli dövlətlərin etibarlı strateji tərəfdaşına çevirib.
Bir sözlə görünən odur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət kursunun fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Sadalananların qanunauyğun nəticəsi kimi, Azərbaycan beynəlxalq miqyasda ikitərəfli və çoxtərəfli münasibətlər kontekstində etibarlı strateji tərəfdaşlardan birinə çevrilib. Hazırda rasional xarici siyasət kursu həyata keçirən müstəqil milli dövlətlər ölkəmizi etibarlı tərəfdaş, güclü, nüfuzlu milli aktor kimi qəbul edirlər. Son olaraq ötən ilin oktyabr ayının 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən, Azərbaycanın 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhükəsizlik Şurasında (BMT TŞ) təmsil edəcək yeni qeyri-daimi (müvəqqəti) üzv seçilməsi və cari ildə bəhs olunan mötəbər quruma 1 ay müddətində sədrlik etməsi bunun başlıca göstəricisidir.
Dolayısıyla, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış etməkdədir.
Ölkəmiz mühüm mədəniyyət mərkəzi kimi tanınır
Ölkəmizin yüksək beynəlxalq nüfuzunu şərtləndirən digər faktor qismində Azərbaycanın qlobal miqyasda mədəniyyət mərkəzi kimi tanınması çıxış edir. Ümumiyyətlə, Azərbaycanda bütün sahələr üzrə müşahidə olunan yenidənqurma və inkişaf fonunda mədəniyyət sahəsindəki müsbət dəyişikliklər diqqəti cəlb edir. Mədəniyyət sferasında da Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələri davam etdirən Prezident İlham Əliyevin 2008-ci il 4 avqust tarixli Sərəncamı ilə təsdiqlədiyi “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” bu sahənin inkişafına mühüm təkandır. Mühüm mədəniyyət sahələrindən olan teatr sənətinin inkişaf etdirilməsi məqsədilə 2009-cu il 18 may tarixində imzalanan “Azərbaycan teatrı 2009-2010-cu illərdə” Dövlət Proqramı yüksək səviyyədə icrası ilə yadda qalıb. Belə ki, Azərbaycan Dövlət Filarmoniyasının bərpası, teatr binalarının, muzeylərinin təmir olunaraq ən müasir tələblərə uyğun hala gətirilməsi mədəniyyətimizin inkişafına böyük töhfədir. 2007-ci ildə Prezident İlham Əliyevin “Azərbaycan Bəstəkarlar İttifaqı üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Sərəncamı musiqi aləmində böyük əks-sədaya səbəb oldu. Həmin Sərəncamda öz əksini tapan məsələlər, yəni, Azərbaycan Bəstəkarlar İttifaqı üçün binanın ayrılması və onun əsaslı təmir olunması, yaradıcılıq evinin tikilməsi, bəstəkarların əsərlərinin nəşri və elektron daşıyıcılar vasitəsi ilə yayımlanmasının təmin olunması, gənc və yaşlı bəstəkarlara təqaüdlərin verilməsi haqqında maddələr Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ənənələrin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsinin bariz nümunəsi hesab oluna bilər.
Dövlətin mədəniyyət sahəsində həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsi isə mədəniyyətimizin beynəlxalq miqyasda təbliğidir. Azərbaycanın bu sahədə fəal əməkdaşlıq qurduğu beynəlxalq təşkilatlar içərisində BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələr xüsusi yer tutur. Dövlətimizin başçısı İlham Əliyevin və UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq muğam və aşıq sənəti, eləcə də, Azərbaycan xalçası UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Sirr deyil ki, son bir neçə ildə mədəniyyət sahəsində qazanılan nəhəng uğurlarla Azərbaycan artıq dünyada təkcə neft-qaz ölkəsi kimi deyil, həm də zəngin mədəniyyət mərkəzi kimi tanınır. Ölkəmizdə hər il beynəlxalq səviyyəli mədəni tədbirlər keçirilir. Ənənə halını alan Qəbələ Musiqi Festivalı böyük marağa səbəb olmaqla musiqi dünyasında özünə yer tapıb.
Azərbaycanın mədəniyyət sahəsində beynəlxalq miqyasda əldə etdiyi uğurlar sadalananlarla bitmir. “Eurovision-2011” mahnı müsabiqəsindəki qələbəsi ilə dünyanın diqqətini özünə yönəldən Azərbaycan özünün milli mədəniyyətini sözügedən platformada daha geniş səviyyədə təbliğ edə bildi. Bu ilin mayında Bakıda təşkil olunan “Eurovision-2012” şousu müsabiqənin tarixinə ən möhtəşəm şou kimi daxil oldu. Yüksək səviyyədə təşkil olunan müsabiqədə həm Azərbaycanın mədəniyyəti geniş təbliğ olundu, həm də şounun yüksək səviyyədə təşkili, əhalinin müsabiqəyə böyük marağı Azərbaycanın milli ənənələrini qorumaqla bərabər, Qərb mədəniyyətinə inteqrasiyasını nümayiş etdirdi.
Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü əsasında həll edilməsi başlıca strateji prioritet kimi...
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil xarici siyasət strategiyasının mühüm istiqamətlərindən birini də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi vəzifəsi təşkil edir. Beynəlxalq münasibətlər sisteminin aktoru kimi çıxış edən bəzi imperialist güclərin geostrateji planları və bu planların fonunda Ermənistanın təcavüzkar siyasətinin nəticəsində ortaya çıxan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi üçün ölkəmiz bütün resurslarından səmərəli surətdə istifadə etməkdədir.
Dövlətimizin başçısının rəhbərliyi ilə reallaşdırılan hücum diplomatiyasının fonunda Azərbaycan diplomatik cəbhədə əhəmiyyətli nailiyyətlər qazanıb, eləcə də, informasiya savaşında mühüm üstünlük əldə edib. Artıq münaqişənin həlli məsələsi mütəmadi qaydada beynəlxalq arenada gündəmə gətirilməkdə və bir sıra beynəlxalq toplantıların aktual müzakirə predmetlərindən birini təşkil etməkdədir. Müxtəlif zaman kəsiklərində Dağlıq Qarabağ münaqişəsinin həlli problemi istər BMT Baş Məclisinin geniş çərçivəli toplantılarında, istər digər beynəlxalq təşkilatların sessiyalarında, müxtəlif dövlətlərin qanunvericilik orqanlarında-parlamentlərində, istərsə də dövlətlərarası ikitərəfli və çoxtərəfli görüşlərdə ən yüksək səviyyədə gündəmə gətirilib. Təbii ki, bütün bunların əsasında dayanan fundamental amil Azərbaycan hakimiyyətinin uğurlu xarici siyasəti və yüksək diplomatik səriştəsidir. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu praqmatik, rasional və realist xarici siyasi-strateji kursun bu gün Prezident İlham Əliyev tərəfindən müasir beynəlxalq münasibətlər sisteminin tələblərinə müvafiq qaydada uğurla davam etdirilməsi, sözsüz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin olduqca intensivləşməsinə səbəb olub. Artıq Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsinə dair bəyanatlar birmənalı şəkildə, bu və ya digər səviyyədə bütün dövlətlər tərəfindən mütəmadi olaraq səsləndirilməkdədir. Qısacası, bütün bunların fonunda Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən-Azərbaycan dövlətinin ərazi bütövlüyü çərçivəsində həll ediləcəyinə dair son dərəcə optimist fikirlər səsləndirilməkdədir. Bu isə belə bir proqnoz verməyə əsas verir ki, Azərbaycan Respublikasının həyata keçirdiyi hücum diplomatiyasının qanunauyğun nəticəsi kimi, ölkəmizin ərazi bütövlüyü mütləq surətdə bərpa ediləcəkdir.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan hələlik problemin həlli yönündə sülh danışıqlarına, diplomatik vasitələrə üstünlük verir. Bu isə ona dəlalət edir ki, xarici siyasi fəaliyyətində daim beynəlxalq hüquq normalarını əsas götürən ölkəmiz dinc vasitələri hələlik optimal və effektiv mexanizm kimi görməkdə davam edir. Amma bu, o demək deyil ki, danışıqlar prosesi istənilən nəticəni verməyəcəyi halda, Azərbaycan digər bir metoda, hərbi güc tətbiqinə baş vurmayacaq. Bu mübarizənin məntiqi və qanunauyğun sonluğa çatması - ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi üçün Azərbaycan dövləti hər bir vasitə və metoda baş vuracaq. Bu, ölkəmizin beynəlxalq hüquq normalarına əsasən təsbit olunmuş ali hüququdur. Silahlı müdafiə metodu və mexanizminə istinad da Azərbaycanın qarşısında duran hüquqi alternativdir. Ölkəmizin bu hüququ 1975-ci ildə qəbul edilmiş ATƏT-in Helsinki Yekun Aktında da beynəlxalq hüquq normaları və prinsipləri ilə tanınır və təsdiqlənir. Helsinki Yekun Aktında məsələyə məhz bu cür yanaşılır: “Ərazi bütövlüyü beynəlxalq hüququn başlıca norma və prinsiplərinin əsasını təşkil edir. Hər hansı bir dövlətə, onun ərazi bütövlüyünə qarşı xarici təcavüzkarlıq aktı baş verərsə, bu zaman təcavüzə məruz qalmış dövlət öz təhlükəsizliyini təmin etmək üçün silahlı qüvvələrdən istifadə edə bilər...”
Azərbaycanda hərbi sənayenin yaradılması Prezident İlham Əliyevin adı ilə bağlıdır
Ərazisinin 20 faizi işğal altında olan, müharibə şəraitində yaşayan bir ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması, düzgün müdafiə siyasəti yürütməsi ölkənin və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir. Bu gün Azərbaycan cəmiyyətində və ordusunda yüksək psixoloji durum, öz gücünə inam, mübarizə əzmi hökm sürür. Ölkənin müdafiə gücünə, ordumuzun döyüş qabiliyyətinə olan inamın formalaşmasında rol oynayan başlıca amillərdən biri ölkənin bütün sahələrdə olduğu kimi, hərbi sferada da gücünün artmasıdır. Prezident İlham Əliyev ordu quruculuğunu ölkə üçün prioritet əhəmiyyət daşıyan sahələrdən biri elan edib. Son illər ərzində bu sahədə həyata keçirilən köklü islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilib.
Ordu quruculuğu sahəsində görülən işlər çərçivəsində hərbçilərin peşəkarlıq səviyyəsi artırılır, yeni növ silah-sursat, hərbi texnika alınır. Bunlarla yanaşı, hərbi hissələrdə möhkəm nizam-intizam yaradılıb, ordunun döyüş qabiliyyətinin artırılması üçün əsaslı tədbirlər görülüb. NATO ilə əlaqələr çərçivəsində ordumuz müasir tələblərə uyğunlaşdırılır, müdafiə qabiliyyəti artırılır və güclü hərbi kadrlar yetişdirilir.
Digər tərəfdən, demək olar ki, hər il keçirilən hərbi təlimlər ənənəvi hal alıb. Hərbi sahənin inkişafına göstərilən diqqətin göstəricisi olaraq son 8 ildə bu sahəyə ayrılan vəsaitin həcmi 25 dəfəyə yaxın artırılıb. Ötən ilə nisbətən 2012-ci ildə hərbi sahəyə dövlət büdcəsindən 1,2 faiz çox vəsait ayrılıb. 2013-cü ilin dövlət büdcəsində isə müdafiə xərclərinin 8,6 faiz artırılması nəzərdə tutulub.
Digər tərəfdən, Azərbaycan həm də öz müdafiə sənayesini inkişaf etdirir ki, bu da ölkəmizin hərbi məhsullar istehsal etməsinə imkan verir. Birmənalı olaraq qeyd edə bilərik ki, Prezident İlham Əliyev Azərbaycanda milli hərbi sənayenin yaradıcısıdır. Dövlətimizin başçısının 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Nazirlik tabeliyindəki müəssisələrdə istehsal olunan müdafiə təyinatlı məhsullar ordumuzu gücləndirməklə bərabər, Azərbaycanı dünyada istehsalçı ölkə kimi tanıdır. Belə ki, ölkəmizin iştirak etdiyi beynəlxalq sərgilərdə nümayiş etdirilən yerli məhsullarımız bir sıra dövlətlərin şirkətlərinin marağına səbəb olub və artıq bu istiqamətdə əməkdaşlıq əlaqələri də qurulub. Hazırda Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin nəzdində fəaliyyət göstərən istehsalat sahələrində müxtəlif kalibrli atıcı silahlar, döyüş sursatları, maskalanma torları, qumbaraatanlar, minalar, zirehli texnikalar, NATO standartlarına cavab verən “Zəfər” və “Zəfər-K”, “İnam” adlı tapançalar istehsal olunur.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu sahəsində xeyli işlər görülüb. Dövlətimizin başçısı bir vaxtlar Azərbaycanın hərbi xərclərinin Ermənistanın ümumi dövlət büdcəsinin həcminə çatdırılacağı ilə bağlı söylədiyi sözlərini artıqlaması ilə reallığa çevirib. Bu gün Azərbaycanın hərbi sənayesinə ayrılan xərclər Ermənistanın büdcəsindən 2 dəfə çoxdur. Təsadüfi deyil ki, ölkəmizin iqtisadi və hərbi cəhətdən inkişafı işğalçı ölkə olan Ermənistanda qorxu yaradır. Çünki Azərbaycan Silahlı Qüvvələri istər maddi-texniki baxımdan, istərsə də hərbçilərin mənəvi-psixoloji hazırlıq səviyyəsinə görə, bölgədə ən güclü ordudur, eləcə də, quruda, suda və havada döyüş aparmaq, ölkəni istənilən hücumdan müdafiə etmək gücündədir.
Prezident İlham Əliyev 2013-cü ildə keçiriləcək prezident seçkisində alternativsiz namizəddir
Bir sözlə, Prezident İlham Əliyevin respublikaya rəhbərlik etdiyi 2003-2012-ci illər dövründə bütün sahələrdə görülən işlər, qazanılan uğurlar onu göstərir ki, Azərbaycan doğru yolda irəliləyir, Azərbaycan xalqı düzgün seçim edib. Bu yol Ulu öndər Heydər Əliyevin yoludur. Ümummilli liderin əsasını qoyduğu inkişaf xətti Azərbaycan Respublikasının güclü dövlətə çevrilməsinə və əbədi mövcudluğuna, Azərbaycan xalqının rifahına, firavan yaşayışına və inkişafına görə dünya xalqları içərisində ön sıralarda dayanmasına hesablanıb. Ulu öndərin müəyyənləşdirdiyi yol aydındır və xalqımız bu yolun ölkəni hansı gələcəyə apardığını yaxşı bilir.
Məhz bu səbəbdəndir ki, Azərbaycan xalqı Ümummilli liderin yolunu davam etdirməyi qarşısına məqsəd qoyan cənab İlham Əliyevi özünün Prezidenti kimi gördü və zaman göstərdi ki, xalqımız öz seçimində yanılmayıb. Artıq Prezident İlham Əliyevin ölkəni idarə etdiyi 9 il ərzində görülən işlər sayəsində Azərbaycan bir zamanlar yalnız xəyal kimi görünən məqsədlərə çatıb. Bir vaxtlar haqqında yalnız gələcəyin arzu olunan nailiyyətləri kimi danışılan nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və digər məqsədlər artıq gerçəkliyə çevrilib, xalqımız arzu etdiyi işıqlı gələcəyinə qovuşub.
Əlbəttə, bu müddət ərzində Azərbaycanı yolundan döndərməyə, xalqı aldatmağa yönələn cəhdlər, ölkənin inkişafına yaradılan süni maneələr də olub. Lakin dövlət başçısının siyasi iradəsi, möhkəm dövlət-xalq birliyi, vətəndaşların Prezidentin ətrafında sıx birləşməsi və ümumi gücün bir məqsədə, amala yönləndirilməsi sayəsində ölkəmiz bütün sınaqlardan uğurla çıxıb. Bu səbəbdəndir ki, Azərbaycan öz yolunda sürətlə irəliləyir və ölkənin nailiyyətlərinin miqyası daha da genişlənir. Bütün uğurlarla yanaşı, qarşıda işlərin də çox olması hazırkı daxili və xarici siyasət xəttinin davam etdirilməsini stimullaşdırır.
Hələ dövlət başçısı kimi ilk andiçmə mərasimində “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən Prezident İlham Əliyev öz fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu tam sübuta yetirib. Bu səbəbdən də, Azərbaycan xalqı cənab İlham Əliyevi 2013-cü ildən sonra da özünün Prezidenti kimi görür. Azərbaycan xalqı 2013-cü ildən sonra ölkənin gələcəyini hansı formada görmək istədiyini də yaxşı bilir. Ölkənin 2020-ci il üçün müəyyənləşdirilən inkişaf konsepsiyasında qarşıya qoyulan məqsədlər və onların həyata keçirilməsi üçün hazırda mövcud olan möhkəm təməllər doğru seçimin nədən ibarət olmasına şübhə yeri qoymur. Əminliklə demək olar ki, Prezident İlham Əliyev 2013-cü ildə keçiriləcək prezident seçkisində alternativsiz namizəddir.
“Yeni Azərbaycan”ın Analitik Qrupu
Xəbər lenti
Hamısına baxMEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30

