Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan elminin görkəmli nümayəndəsi Mahmud Kərimov son mənzilə yola salınıb

Azərbaycan elminin görkəmli nümayəndəsi Mahmud Kərimov son mənzilə yola salınıb

12.02.2013 [02:19]

Prezident İlham Əliyev vida mərasimində iştirak edib
Fevralın 11-də ölkəmizin ictimaiyyəti tanınmış elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Mahmud Kərim oğlu Kərimovu son mənzilə yola salıb.
Mərhumun cənazəsi Azərbaycan Milli Elmlər Akademiyasının binasında matəmsayağı bəzədilmiş salonda postament üzərində qoyulub.
Divardan Mahmud Kərimovun portreti asılıb.
Monitorda mərhum akademikin elmi nailiyyətlərini, AMEA-nın prezidenti kimi keçirdiyi görüşləri, yerli və xarici elmi konfranslardakı çıxışlarını əks etdirən videomateriallar nümayiş etdirilirib.
Salonda Azərbaycan Prezidenti İlham Əliyevin adından əklillər qoyulub.
AMEA-nın binasının qarşısında da dövlət, hökumət və yaradıcılıq təşkilatları, ali təhsil ocaqları, müxtəlif kollektivlər, o cümlədən respublikanın elmi ictimaiyyəti adından əklillər düzülüb.
Salonda həzin matəm musiqisi səslənirib. Görkəmli alimin həmkarları, dostları, tanışları, elm ictimaiyyətinin nümayəndələri bu böyük elm təşkilatçısına, ziyalı insana son borclarını veriblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev akademik Mahmud Kərimovun vida mərasimində iştirak etmək üçün AMEA-nın binasına gəlib.
Dövlətimizin başçısı görkəmli alimin ailə üzvlərinə, qohum-əqrəbasına dərin hüznlə başsağlığı verib.
Sonra matəm mitinqi olub.
Matəm mitinqini Baş nazirin müavini Elçin Əfəndiyev açaraq, görkəmli alimin həyat və yaradıcılığından danışıb, onun vəfatının Azərbaycan elmi üçün ağır itki olduğunu bildirib. Qeyd olunub ki, böyük ziyalı və elm xadimi olan akademik Mahmud Kərimov ölkəmizdə ziyalılıq ənənələrini davam etdirən görkəmli alim idi. Mahmud Kərimov haqqında fikirləşəndə ilk növbədə, göz önündə sadə, mülayim, təmkinli, əsl ziyalı bir insanın surəti canlanır. Bütün bu yüksək insani keyfiyyətlər onun böyüklüyündən irəli gəlirdi.
Baş nazirin müavini deyib ki, akademik Mahmud Kərimovun ziyalılığı Ulu öndərimiz Heydər Əliyevin də diqqətindən yayınmamışdır. Böyük alimin AMEA-ya rəhbərliyi dövründə Azərbaycan elmi yeni bir inkişaf mərhələsinə qədəm qoyub. AMEA-nın prezidenti kimi bu görkəmli elm təşkilatçısının fəaliyyəti Azərbaycan elminin inkişafında böyük iz qoyub, bu qurumun beynəlxalq əlaqələrinin inkişafında mühüm rol oynayıb. Akademik Mahmud Kərimov Azərbaycan elmini ölkəmizin hüdudlarından kənarda yüksək ləyaqətlə təmsil edib.
Elçin Əfəndiyev Mahmud Kərimovun insanı keyfiyyətlərindən, dostluğa, elmə, Vətənə sədaqətindən, gənc alimlərə qayğısından da söz açıb.
Akademik Vaqif Fərzəliyev çıxış edərək deyib ki, Mahmud Kərimov Akademiyaya rəhbərlik etdiyi 12 il ərzində ölkəmizdə fizika elminin inkişafında müstəsna xidmətlər göstərib, Azərbaycan dövlətinin elm siyasətinə böyük töhfələr verib. Akademik Mahmud Kərimovun araşdırmalarının nəticələri Azərbaycanda və xaricdə nəşr edilmiş 200-ə yaxın elmi əsərdə əksini tapıb. O, elmi nailiyyətlərinə görə çoxsaylı patent və müəlliflik şəhadətnamələri almışdı. Alim mötəbər beynəlxalq simpozium, konfrans və forumlardakı çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil etmişdi. O, Azərbaycan elminin dünya elm strukturlarına sürətlə inteqrasiya olunmasına, xarici ölkələrdə əlaqələrin xeyli genişlənməsinə xidmət etmişdi.
Akademik Akif Əlizadə isə deyib ki, tanınmış elm xadimi Mahmud Kərimovun Azərbaycanda elmin inkişafında və idarə olunmasındakı gördüyü işlər heç vaxt unudulmayacaq. Bildirilib ki, ölkəmizdə radiasiya fizikası və informatika sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynayan, dielektriklər fizikası ilə bağlı fundamental tədqiqatlar aparan Mahmud Kərimov radioekologiya və radiasiya materialşünaslığı istiqamətlərində də elmi araşdırmaları ilə məşhur olub. Alimin bir çox istiqamətlər üzrə müəyyən etdiyi metodlar və gəldiyi elmi nəticələr həmişə öz aktuallığı, fundamental-nəzəri və tətbiqi əhəmiyyəti ilə seçilib. Onun uzun müddət rəhbərlik etdiyi Radiasiya Tədqiqatları Sektoru AMEA-nın nüfuzlu institutlarından birinə çevrilərək beynəlxalq aləmdə sanballı elmi qurum kimi qəbul olunub.
Görkəmli alim Mahmud Kərimovun nəcib xüsusiyyətlərindən danışan akademik İsmayıl Hacıyev onun mənəvi keyfiyyətlərinin elm adamlarının qəlbində daim yaşayacağını bildirib. Mahmud Kərimovun fəaliyyətinə nəzər salan İsmayıl Hacıyev deyib ki, MDB ölkələri və türkdilli dövlətlərin atom enerjisindən sülh məqsədi ilə istifadəsi üzrə komissiyalarının üzvü olan Mahmud Kərimov Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının sədri kimi dövlət qurumları və ali təhsil müəssisələrində elmi-tədqiqat proseslərinin səmərəli əlaqələndirilməsi prosesinə də mühüm töhfə verib.
Akademik bildirib ki, ömrünün 40 ilini Azərbaycan elminin inkişafına həsr edən Mahmud Kərimov AMEA-ya rəhbərliyi dövründə dövlətin elm siyasətinin regionlarda da uğurla tətbiqinə çalışıb. Məhz onun bu quruma rəhbərlik etdiyi dövrdə AMEA-nın Naxçıvanda və Gəncədə bölmələri, Şəkidə və Lənkəranda isə regional bölmələri yaradılıb.
Akademik Əhliman Əmiraslanov Azərbaycan elminin inkişafında yorulmadan çalışan Mahmud Kərimovun elmi irsinin hər zaman gələcək nəsillər üçün mənbə olacağını söyləyib. Bildirilib ki, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının idarə heyətinin sədri kimi fəaliyyət göstərən akademik Mahmud Kərimov Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeninə layiq görülmüşdü.
Qeyd edilib ki, iki il əvvəl dövlətimizin başçısının iştirakı ilə keçirilən AMEA-nın illik yığıncağında Azərbaycan elminin inkişaf etdirilməsi istiqamətində Mahmud Kərimovun cəsarətlə qaldırdığı məsələlərin çoxu tezliklə həyata keçirilməyə başlanıb.
Böyük alimin Azərbaycan elminin inkişafındakı xidmətlərini xatırladan akademik Vasim Məmmədəliyev diqqətə çatdırıb ki, ürəyi hər zaman Vətəni ilə döyünən Mahmud Kərimovun elmimizin tarixində böyük iz buraxıb. Bildirilib ki, Azərbaycanda fizika elminin inkişafında, bu sahədə sanballı uğurlu tədqiqatların aparılmasında böyük xidmətləri olan Mahmud Kərimovun AMEA-ya rəhbərlik etdiyi son dövr bu qurumun fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə nəticələnib. Qeyd olunub ki, görkəmli alim, bacarıqlı elm təşkilatçısı, akademik Mahmud Kərimovun əziz xatirəsi heç zaman unudulmayacaq.
Sonra Prezident İlham Əliyev mərhumun ailə üzvlərinə bir daha dərin hüznlə başsağlığı verib, onlara Tanrıdan səbir diləyib.
Akademik Mahmud Kərimovun ailə üzvləri, qohumları mərhumla vidalaşıblar.
* * *
Görkəmli alim, akademik Mahmud Kərimovun cənazəsi AMEA-nın binasından qaldırılaraq Fəxri xiyabana gətirilib. Burada mərhumun ruhuna dualar oxunub. Əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq böyük alim, əsl vətəndaş və gözəl insan Mahmud Kərim oğlu Kərimovun cənazəsi doğma torpağa tapşırılıb. Məzarın üzərinə əklillər, gül dəstələri düzülüb.
Tanınmış alim, bacarıqlı elm təşkilatçısı və xeyirxah insan Mahmud Kərimovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.
Allah rəhmət eləsin!

Paylaş:
Baxılıb: 1036 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30