Latviya Prezidenti Andris Berzinş Azərbaycana rəsmi səfərə gəlib
25.04.2013 [15:15]
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Latviya Respublikasının Prezidenti Andris Berzinşin aprelin 24-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verib.
Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Andris Berzinşi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Latviya Prezidentinə raport verib.
Latviyanın və Azərbaycanın dövlət himnləri səslənib.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Andris Berzinşə, Latviya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Prezidentlər rəsmi foto çəkdiriblər.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Andris Berzinşin təkbətək görüşü olub.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Yüksək səviyyəli səfərlərin Azərbaycan ilə Latviya arasında əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Andris Berzinşin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Azərbaycan Prezidenti İlham Əliyev görüş iştirakçılarını salamlayaraq deyib: “Hörmətli cənab Prezident! Hörmətli qonaqlar!
Mən sizin hamınızı ürəkdən salamlayıram, Azərbaycana xoş gəlmisiniz!
Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfərin çox yaxşı nəticələri olacaqdır və Latviya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcəkdir.
Bizim aramızda çox yaxşı əməkdaşlıq vardır. Bu əməkdaşlıq, demək olar ki, bütün sahələri əhatə edir. Həm siyasi, həm də iqtisadi əlaqələrimiz inkişafdadır. Beynəlxalq təşkilatlarda da biz çox fəal əməkdaşlıq edirik və bir-birimizi dəstəkləyirik. Yəni, iki ölkə arasında heç bir problem yoxdur, yalnız birgə səylərimizi gücləndirib daha da yaxşı əməkdaşlığa nail olmalıyıq. Əminəm ki, səfər zamanı aparılan danışıqlar və keçirilən fikir mübadiləsi bütün məsələlərin həlli üçün yaxşı zəmin yaradacaqdır.
Bir daha xoş gəlmisiniz”.
Latviya Respublikasının Prezidenti Andris Berzinş səmimi qəbul üçün minnətdarlığını bildirərək deyib: “Cənab Prezident, bizim nümayəndə heyətimiz burada olmağından olduqca şaddır. Bizim bu səfərə xüsusi marağımız vardır. Marağımız o qədər yüksəkdir ki, biz xüsusi olaraq böyük təyyarəni sifariş etdik. Buraya səfər zamanı və səfərdən öncə mən Sizin ölkəniz haqqında bir çox məlumatları toplamağa başladım. Məhz son 20 il ərzində ölkənizin keçdiyi inkişaf yolunu öyrəndim. Bu, sözün əsl mənasında böyük təəssürat bağışlayır.
Aramızda qurulmuş diplomatik münasibətlərin 20 illiyini bu yaxınlarda qeyd edəcəyik.
Hesab edirəm ki, biz artıq bütün məsələlər üzrə, bütün sahələrdə çox yaxşı münasibətlər qurmuşuq. Bu münasibətlərimiz çox yüksək səviyyədədir. Bu, özü-özlüyündə bizim gələcəkdə daha sıx iqtisadi əməkdaşlıq üçün yaxşı əsasdır”.
Nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Andris Berzinşin mətbuat konfransı olub.
Dövlət başçıları əvvəlcə bəyanatlarla çıxış ediblər.
Dövlətimizin başçısı bəyanatla çıxış edib: “Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar!
Bir daha Sizi səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz!
Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır. Bu gün keçirdiyimiz danışıqlar, aparılan fikir mübadiləsi bir daha göstərir ki, Latviya-Azərbaycan əlaqələri yüksək səviyyədədir. Bizim aramızda çox fəal siyasi dialoq aparılır. Siyasi müstəvidə aramızda heç bir problem yoxdur. Biz beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik. Əlbəttə, çalışırıq ki, bütün sahələrdə əlaqələr siyasi səviyyədəki əlaqələrə uyğun olsun. Mən ilk növbədə iqtisadi sahəni qeyd etmək istərdim. Baxmayaraq son illər ərzində iqtisadi sahədə böyük irəliləyiş vardır, eyni zamanda, hələ ki, ticarət dövriyyəsi bizi qane edə bilməz. Hesab edirəm ki, biz ticarət dövriyyəsinin artırılmasına birgə səylərlə nail olmalıyıq. Buna, hesab edirəm ki, imkanlar vardır. Bu gün keçiriləcək biznes forum biznes qurumları arasındakı əlaqələrin inkişafına da öz töhfəsini verməlidir. Hesab edirəm ki, biz iqtisadi sahədə investisiya layihələrinə baxmalıyıq. Artıq ilkin təkliflər vardır. Demək istəyirəm ki, Azərbaycan artıq öz investisiyalarını xarici bazarlara qoymağa başlamışdır. Bunun artıq gözəl nəticələri vardır. Konkret layihələr üzərində iş aparılmalıdır ki, biz ticarət dövriyyəsini artıra bilək.
Eyni zamanda, Latviya şirkətlərinin Azərbaycandakı fəaliyyətini genişləndirmək üçün əlavə imkanlar yaradıla bilər. Hesab edirəm ki, biznes forum çərçivəsində bu imkanlar da təqdim oluna bilər. Azərbaycanda son illər ərzində böyük inkişaf müşahidə olunur, çoxlu layihələr icra edilir. Əlbəttə, biz istərdik ki, Latviya şirkətləri podratçı, kontraktor kimi Azərbaycanda daha da fəal iştirak etsinlər.
Biz bu gün, eyni zamanda, energetika məsələlərinə toxunduq. Azərbaycan Avropa İttifaqı üçün enerji təhlükəsizliyi baxımından tərəfdaş ölkəyə çevrilmişdir. Bunu təsdiqləyən sənədlər də vardır. Azərbaycanın zəngin neft-qaz resursları dünya bazarlarına müxtəlif yollarla çatdırılır. Hesab edirəm ki, növbəti illərdə bu sahədə Avropa İttifaqı ilə əməkdaşlıq yeni müstəviyə qalxa bilər. Eyni zamanda, ikitərəfli formatda da energetika məsələlərinin həlli üçün yaxşı imkanlar vardır.
Bu gün nəqliyyat infrastrukturunun yaradılması və nəqliyyat sahəsində əməkdaşlıq haqqında da fikir mübadiləsi aparılmışdır. Bu layihələrin həyata keçirilməsi nəticəsində geniş mənada regional əməkdaşlıq məsələləri öz həllini tapa bilər. Xəzər dənizi, Qara dəniz, Baltik dənizi ölkələri arasındakı əlaqələr bir çox hallarda nəqliyyat infrastrukturundan asılıdır. Azərbaycan öz tərəfindən bu məsələlərin həlli üçün çalışır. Bizim təşəbbüsümüzlə həyata keçirilən böyük nəqliyyat layihələri öz bəhrəsini verməkdədir.
Biz xarici siyasətlə bağlı fikir mübadiləsi apardıq. Bir daha görürük ki, bu məsələlərlə bağlı heç bir fikir ayrılığı yoxdur. Ümumiyyətlə, bu gün artıq həm təkbətək görüşdə və nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə geniş mənada məsələlər müzakirə edildi. Humanitar sahəni qeyd etmək istəyirəm. Təhsil, səhiyyə məsələlərinin həlli üçün qarşılıqlı əməkdaşlığa ehtiyac vardır.
Cənab Prezident, ümumiyyətlə, hesab edirəm ki, səfəriniz Sizin üçün xoş keçəcəkdir. Bu, Sizin Azərbaycana ilk səfərinizdir. Mən Latviyada artıq dəfələrlə olmuşam. Əminəm ki, səfərin yaxşı nəticələri olacaqdır. Siz vətənə xoş təəssüratlarla qayıdacaqsınız.
Bir daha xoş gəlmisiniz”.
Daha sonra Prezident Andris Berzinşin bəyanatla çıxış edib: “Sağ olun, cənab Prezident!
Ölkənizə səfər etmək üçün yaratdığınız fürsətə görə minnətdaram.
Latviya Azərbaycanı Cənubi Qafqazda çox mühüm və etibarlı tərəfdaş hesab edir. Əslində verdiyiniz olduqca geniş təsvirə görə təşəkkür edirəm. Biz ölkələrimiz arasında diplomatik münasibətləri qurduqdan sonra gələcək irəliləyiş üçün yaxşı əsaslar yarandı. Fikrimcə, biz öz siyasi və iqtisadi münasibətlərimizdə mühüm bir potensial səviyyəsinə çatmışıq və bu inkişaf sürətlə gedir.
Mən Latviya adından demək istərdim ki, biz enerji məsələsinin müzakirəsindən başqa, digər sahələri də qeyd etdik, təhsil sahəsinə toxunduq. Çünki burada bizim, həmçinin təhsil sahəsinin nümayəndələri vardır və təhsil sahəsində əməkdaşlıq imkanlarını geniş şəkildə müzakirə edə bilərik. Latviyada 97 azərbaycanlı tələbə təhsil alır. Bu da, həmçinin bizim digər sahələrdə, o cümlədən iqtisadi sahədə münasibətlərimizin gücləndirilməsi üçün yaxşı zəmin yaradır. Bizim, həmçinin burada səhiyyə nazirimiz də vardır. Bu da əslində Latviya üçün olduqca mühüm bir sahədir. Bu, məhz insanların sağlamlığı, səhhəti ilə bağlı olan sahədir. Biz bu sahədə, həmçinin humanitar yardım göstərmək sahəsində çox fəalıq. Bu baxımından hesab edirəm ki, aramızda mübadilələr aparıla bilər. Həmçinin biz digər sahələrdə təcrübə mübadiləsini - tutaq ki, Avropa İttifaqı və Avropa təsisatları ilə iş sahəsində əldə etdiyimiz təcrübə ilə, sosial müdafiə sahəsindəki əldə etdiyimiz imkanlarla böyük məmnunluqla əslində mübadilə edə bilərik. Həmçinin pensiya sisteminin təkmilləşdirilməsinə və onun inkişafına dair fikir mübadiləsi apara bilərik.
Digər sahələrə gəldikdə, zənnimcə, sərhədlərə nəzarət, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə, insan alverinə qarşı mübarizə sahələrində də yaxşı təcrübə mübadiləsi baş tuta bilər.
Mən nəqliyyat sahəsinə toxunaraq aydın şəkildə qeyd etmək istərdim ki, Latviyada aviasiyanın inkişafı öz növbəsində bizim bu sahədəki qarşılıqlı apardığımız əməliyyatlara töhfə verə bilər. Bildiyiniz kimi, digər ticarət marşrutları vardır, biri “Zubr” adlanır. Bu, əslində konteyner daşıyan qatardır ki, bizim Baltik dənizi regionundan Qara dəniz regionuna çıxışı təmin edir. Bu da, zənnimcə, ən maraqlı fürsətlərdən biri ola bilər. Hesab edirəm ki, bu, Latviyanın potensialının açılmasında, onun daha cəlbedici olmasında irəliyə doğru atılmış bir addımdır.
2014-cü ildə Latviyanın paytaxtı Riqa Avropa mədəniyyəti şəhəri olacaqdır. Mən hesab edirəm ki, bu da mədəniyyət sahəsində əməkdaşlıq üçün müstəsna əhəmiyyət kəsb edir. Mənim fikrimcə, mədəniyyət sahəsi bizim üçün yaxşı potensial imkanlar açır. Zənnimcə, biz bütün dünyada özümüzü daha güclü şəkildə təmsil edə, mövqelərimizi gücləndirə bilərik.
Beləliklə, əlaqələrimizi inkişaf etdirmək üçün biz istərdik ki, cənab Prezidenti yenidən Latviyaya səfərə dəvət edək, bununla da aparacağımız ikigünlük işin nəticələrini daha da gücləndirək. Fikrimizcə, bu yolla biz bütün səviyyələrdə əlaqələrimizi daha da genişləndirə bilərik.
İqtisadiyyat sahəsində əlaqələrimiz çox geniş vüsət alıb. Hesab edirəm ki, dünyada təhlükəsizlik və ölkələrimizin təhlükəsizliyi üçün gördüyümüz işlər çox vacibdir. Hesab edirəm ki, bu baxımdan bizim bir çox potensial imkanlarımız vardır. Biz birgə işləyərək yaxşı səylərlə böyük nəticələr əldə edə bilərik. Mən öz tərəfimdən Azərbaycan tərəfindən iştirak edən bütün şəxslərə, həmçinin xüsusi olaraq, cənab Prezident Sizə minnətdarlığımı bildirirəm. Biz bilirik ki, nümayəndə heyətimiz səfərini artıq sabah başa çatdıracaqdır. Biz istərdik ki, səfərimizi konkret fikirlərlə və ideyalarla başa çatdıraq, ölkəmizə qayıdaq. Çünki bilirik ki, bəzi məsələlər kifayət dərəcədə, yəni istədiyimiz sürətlə inkişaf etməsə də, hesab edirik ki, biz bunu öz aramızda, cənab Prezident əlaqələndirəcəyik.
Çox sağ olun!”.
Sonra dövlət başçıları jurnalistlərin suallarını cavablandırıblar.
Aprelin 24-də Bakı Biznes Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Andris Berzinşin iştirakı ilə Azərbaycan-Latviya biznes forumu keçirilib.
Forum iştirakçıları Azərbaycan və Latviya prezidentlərini hərarətlə qarşılayıblar.
Azərbaycan Prezidenti İlham Əliyev forumda çıxış edərək deyib: “Hörmətli cənab Prezident.
Hörmətli xanımlar və cənablar.
Hörmətli qonaqlar.
Sizi bir daha Azərbaycanda salamlamaq istəyirəm. Bu gün bizim cənab Prezidentlə çox yaxşı görüşümüz oldu. Biz ikitərəfli münasibətlərimizə aid olan bir çox mühüm məsələləri müzakirə etdik. Əlbəttə ki, iqtisadi məsələlər müzakirə etdiyimiz ən vacib məsələlərdən biri idi. Bizim yaxşı uğurumuz və irəliləyişimiz vardır. Çünki əgər ticarət dövriyyəsinin artımının faiz nisbətinə baxsaq, görərik ki, irəliləyiş vardır. Lakin rəqəmlərə baxsaq, bunlar bizi razı sala bilməz.
Bizim əvvəllər də artıq biznesə aid görüşlərimiz olmuşdur. Ölkələrimiz, şirkətlərimiz arasındakı iqtisadi fəaliyyət və əməkdaşlıq əsasən bu görüşlər sayəsində mümkün olmuşdur. Hesab edirəm ki, bugünkü forum xüsusi əhəmiyyət kəsb edir. Çünki mənə məlumat verilmişdir ki, artıq mühüm razılaşmalara nail olunub, memorandumlar imzalanıb və əməkdaşlığın, çox ehtimal ki, yeni sahələri müəyyən edilib.
Çox güman ki, Azərbaycan tərəfi artıq Latviyanın işgüzar dairələrinə ölkədə iqtisadi inkişaf sahəsində gedən proseslər barədə məlumat verib. Bununla belə, fərəhləndiyimiz və gələcək üçün planlaşdırdığımız işlər barədə sadəcə bir neçə söz söyləmək istərdim. Biz olduqca sürətli iqtisadi artıma nail olmuşuq. Bu isə, əsasən nəhəng neft və qaz yataqlarının aşkar edilməsi və işlənilməsi ilə şərtlənir. Bunun sayəsində biz maliyyə vəsaitlərini toplaya bildik və bu, onları inkişaf etdirmək istədiyimiz sahələrə yönəltməyə imkan yaratdı. Bu sahələr əsasən insan kapitalı, təhsil, sosial proqramlar və infrastruktur sahələridir.
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi bizim bir nömrəli məqsədimizdir. Hesab edirəm ki, biz düzgün istiqamətdə addımlayırıq. Çünki enerji sektorundan asılılıq ildən-ilə azalır. Bu da bizim elə əsas məqsədimizi təşkil edir. Çünki biz davamlı iqtisadiyyat qurmaq fikrindəyik ki, o, neft qiymətlərindən asılı olmasın.
2013-cü ilin birinci rübünün nəticələrinə baxsanız, görərsiniz ki, qeyri-neft sektorunda 11 faizdən çox artım olmuşdur. Bu, islahatlar, şaxələndirmə siyasətimizin nəticəsidir. Avropada şaxələndirmə haqqında danışdıqda, insanlar əsasən enerji resurslarının təchizat yollarının şaxələndirilməsi haqqında düşünür. Bunu da tam anlamaq olar. Şaxələndirmə bizim üçün enerji resursları sahəsində ixrac imkanlarının və qeyri-enerji iqtisadiyyatının inkişafı deməkdir. Bu səbəbdən gələcəklə bağlı planlarımız strateji hesab etdiyimiz sahələrə sərmayələri cəlb etməkdir.
Məsələn, biz 1990-cı illərin ortalarında sərmayələri neft və qaz sektoruna cəlb edə bildik. Çünki münbit investisiya iqlimi yarandı. Bu, əslində elə bizim iqtisadi inkişafımıza səbəb oldu. Hazırda bizim xarici şirkətlərlə əməkdaşlığımızın artıq yerli mexanizmləri mövcuddur. Azərbaycan İnvestisiya Şirkəti bizim üçün strateji olan bəzi layihələrdə həmsərmayədar kimi iştirak edir. Biz xarici sərmayələrə və onların qorunmasına aid daxili qanunvericiliyimizi təkmilləşdirməkdə davam edirik.
Sizə deyə bilərəm ki, Azərbaycan uzun illərdir MDB və Mərkəzi Avropada adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə aparıcı ölkədir. Əgər əvvəlki illərdə biz əsasən neft-qaz sərmayələri haqqında danışırdıqsa, indi digər iqtisadi sahələrdə də sərmayələri müşahidə edirik. Bunlar xidmətlər, digər sahələr və kənd təsərrüfatıdır. Bütün bunlar bizə gələn illər ərzində uğurla inkişaf etmək imkanı yaradacaqdır. Təbii ki, iqtisadiyyatın enerji sahəsi əsas mövqedə qalacaqdır. Bu, tamamilə aydındır, çünki nəhəng neft və qaz ehtiyatlarını, şaxələndirilmiş təchizat marşrutlarını və enerji resurslarını, - mən burada əsasən təbii qazı nəzərdə tuturam, - nəhəng ehtiyatların Avropa istehlakçılarına çatdırılması ilə bağlı hazırda həyata keçirdiyimiz yeni planları nəzərə alsaq, bu, enerji sektorundakı şirkətlər üçün əlavə imkanlar yaradacaqdır. Lakin qeyri-neft iqtisadiyyatı birmənalı olaraq paralel şəkildə artacaqdır.
Biznes fəaliyyətinin təşviq edilməsi üçün Dövlət Proqramı həyata keçirilir. Azərbaycanın rayonlarındakı infrastruktur layihələrinin əksər hissəsi ya başa çatdırılıb, yaxud ki, həyata keçirilmənin sonuncu mərhələsindədir. Biz regionların inkişafına dair iki proqram qəbul etmişik. Hər biri beş illik müddət üçün nəzərdə tutulub. İkinci proqram cari ilin sonunda yekunlaşır. Gələn illər ərzində biz informasiya-kommunikasiya texnologiyaları, xidmətlər, turizm və sənaye kimi sektorların inkişafına daha çox diqqət yetirəcəyik. Çox güman ki, bizim sənaye zonalarının yaradılması ilə bağlı xüsusi planlarımız haqqında qonaqlara məlumat verilmişdir. Bu planlar həyata keçirilmək üzrədir. Bunun nəticəsində biz ağır sənaye sahəsində çox üstünlükləri olan qaydalar, güzəştli vergi rejimi ilə yeni ixrac imkanları yaradacağıq. Bunun sayəsində ixrac imkanlarımızı artıra biləcəyik, həmçinin ixrac strukturunun şaxələndirilməsinə nail olacağıq, çünki hazırda ixracımızın əsas hissəsi enerji ilə bağlıdır. Eyni zamanda, yerli istehsalın artırılması ilə bağlı planlarımız həyata keçirilməkdədir. Özəl sektorun stimullaşdırılması üçün fond kimi mexanizm sayəsində fermerlərə, kiçik və orta sahibkarlara maliyyə yardımı göstərilir.
Fikrimcə, gələn illər ərzində Azərbaycanda iqtisadi inkişaf, ümumən, uğurlu olacaqdır. Bu, həmçinin beynəlxalq maliyyə təsisatları tərəfindən qeyd olunur. Məsələn, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın yaxşı irəliləyiş əldə etdiyi bildirilir. Dünya İqtisadi Forumu iqtisadiyyatın rəqabətə davamlılığı baxımından Azərbaycanı 46-cı yerdə göstərir. Maliyyə və iqtisadi böhran illərində “Standard & Poor’s”, “Fitch” və “Moody’s” reytinq agentlikləri bizim kredit reytinqimizi yaxşılaşdırmışdır. Hesab edirəm ki, şirkətlərimiz arasında müxtəlif istiqamətlər üzrə gələcək əməkdaşlıq yaxşı nəticə verə bilər. Hazırda Azərbaycan öz hüdudlarından kənarda böyük sərmayələr yatırır. Biz Avropada böyük sərmayələr qoyuruq və bu proses davam edəcəkdir.
Əlbəttə ki, ölkənizdəki layihələr bizim üçün çox cəlbedici ola bilər. Biz diqqət yetirəcəyimiz sahələri daha dəqiq şəkildə müəyyən edə bilərik. Burada iştirak edən və yenicə qoşulmuş Latviya şirkətləri həyata keçirdiyimiz müxtəlif layihələrdə podratçı qismində fəal şəkildə iştirak edə bilər. Həmçinin fikrimcə birgə istehsalat imkanlarından həm Azərbaycanda, həm də Latviyada istifadə oluna bilər. Çünki bizim böyük qarşılıqlı marağımız vardır. Mən çox şadam ki, cənab Prezident, Sizi çoxsaylı latviyalı işgüzar adamlar müşayiət edir. Bu, həmin marağı göstərir. Bizim də Sizin ölkəyə eyni marağımız vardır. Əla siyasi münasibətlərimiz mövcuddur. Biz bir çox sahələrdə tərəfdaşıq. Bu gün cənab Prezidentlə müzakirə etdiyimiz kimi, bizim münasibətlərdə həll olunmamış heç bir məsələ yoxdur. Bundan başqa, Azərbaycan Latviyanın üzv olduğu təşkilatlarla fəal şəkildə əməkdaşlıq edir. Bu da ikitərəfli münasibətlərimizi gücləndirir. Fikrimcə, bu biznes forumun çox yaxşı nəticələri ola bilər. Qarşılıqlı maraq, siyasi dəstək vardır, hökumətlərarası komissiya fəaliyyət göstərir. Təbii ki, biznes dairələrimizin fəaliyyəti çox müsbət nəticələr verəcəkdir. Beləliklə, gələcəkdə biz bundan bəhrələnərək xalqlarımızın rifahı naminə ölkələrimiz arasında güclü iqtisadi tərəfdaşlıq quracağıq.
Cənab Prezident və hörmətli qonaqlar, Sizi ölkəmizdə bir daha salamlamaq istəyirəm. Sizə uğurlu səfər arzulayıram və ən xoş arzularımı çatdırıram. Sağ olun”.
Latviya Prezidenti Andris Berzinş biznes forumda çıxış edərək deyib: “Hörmətli cənab Prezident.
Xanımlar və cənablar.
Çox sağ olun cənab Prezident, Siz demək olar ki, bütün mövzuları əhatə etdiniz. Sadəcə bir neçə məsələni qeyd etmək istərdim. Bu, mənim Sizin ölkənizə ilk səfərimdir. Məndə müəyyən məlumat var idi, amma reallıq mənim gözləntilərimi xeyli üstələdi və müstəqilliyinizin 22 ili ərzində nə qədər böyük yol keçdiyinizi gördükdə çox məmnun oldum.
Biz burada bir sıra yerləri ziyarət etdik və gördük ki, keçmişdə çox oxşarlıqlarımız olub. Xalqlarımız arasında çox sıx münasibətlər mövcud olub. Eyni zamanda, biznesə gəldikdə, biz rəqabət aparan tərəflər deyilik. Əslində, bizim biznes işində tamamilə fərqlənən sahələr vardır. Eyni zamanda, əldə etdiyimiz təcrübə də çox fərqlidir. İyirmi iki il ərzində Latviya, həmçinin bundan çox bəhrələnib. Yəni, Avropa İttifaqı ilə fərqli tərzdə yeni qaydaların tətbiqi sahəsində müzakirələr aparılıb. Lakin fikrimcə bu, həmçinin çox müsbət bir təcrübədir. Bu, elə bir sahədir ki, biz qarşılıqlı surətdə yararlana bilərik. Biznes fəaliyyətinə gəldikdə, hər iki ölkə müəyyən sabitliyə nail olub, lazımi yerli və bəzi beynəlxalq təcrübə toplayıb.
Latviya kiçik ölkədir və biz bir-birimizə söykənən tərəfdaş olmalıyıq. Bu, bizim irəliyə getməyimiz üçün gözəl əsasdır. Əlbəttə ki, biz gələn illər ərzində əsas diqqətimizi elm, təhsil və sahibkarlıq sahələrinə yönəldəcəyik. Təhsil, həmçinin ixrac etdiyimiz məhsullardan biri olacaqdır.
Biz fərqli sənaye sahələrində güclüyük. Səylərimizi birləşdirib uğurlar qazana bilərik. Gələcək biznes əlaqələrimiz bu yolla genişlənə bilər. Səhiyyə və sosial sahələr çox böyük sahələrdir. Bizneslə birbaşa bağlı olmasa da, ölkələrimizin gələcəyi üçün bu sahələr də çox vacibdir. Bu gün səhər bizim çox dostcasına, çox açıq şəraitdə keçən müzakirələrimiz oldu. Tam əminəm, hər iki tərəf belə bir razılığa gəlib ki, biz ölkələrimizdə fəaliyyət göstərən şirkətlərimizi lazım olan dərəcədə dəstəkləyək. Bu cür lazımi əsas hər iki tərəf üçün mütləqdir. Bu, əslində qısa müddət ərzində sizinlə işgüzar əlaqələrin gücləndirilməsinə yönəlmiş biznes icmamızın atdığı ikinci addımdır. Tam əminəm ki, bir neçə ildən sonra nəticələr çox yüksək, Sizin inşaat sənayenizin uğuru qədər böyük olacaqdır. Sağ olun”.
* * *
Forumdan sonra prezidentlər İlham Əliyev və Andris Berzinş Dənizkənarı Milli Parkı gəziblər, paytaxtın mənzərəsini seyr ediblər.
Latviya Prezidentinə son illərdə sürətlə inkişaf edən Azərbaycanın paytaxtında görülən abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verilib.
* * *
Latviya Respublikasının Prezidenti Andris Berzinş aprelin 24-də Heydər Əliyev Fondu ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ali qonağa xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verib.
Ali qonağa Heydər Əliyev Fondunun xatirə hədiyyəsi təqdim edilib.
Prezident Andris Berzinş Fonddan zəngin təəssüratla ayrılıb.
* * *
Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Latviya Respublikasının Prezidenti Andris Berzinşin şərəfinə rəsmi ziyafət verilib.
Dövlət başçıları ziyafətdə çıxış ediblər.
Xəbər lenti
Hamısına baxSiyasət
14 Noyabr 11:49
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50

