Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Şirvan şəhərinə səfər edib

Prezident İlham Əliyev Şirvan şəhərinə səfər edib

02.07.2013 [02:42]

Dövlətimizin başçısı bir sıra obyektlərin açılışında iştirak edib
İyulun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şirvan şəhərinə səfərə gəlib.
Dövlətimizin başçısı əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin Şirvan şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyub.
Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov abidənin ətrafında görülmüş abadlıq işləri barədə Azərbaycan Prezidentinə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şirvana səfəri çərçivəsində “Cənub” Elektrik Stansiyasının açılışında iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, Ümummilli liderin stansiyanın həyətindəki abidəsi önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyev avtobusla stansiyanın ərazisini gəzib.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev “Cənub” Elektrik Stansiyasının fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verib.
Prezident İlham Əliyev “Sahil” nasos stansiyasında olub.
Azərbaycan Prezidentinə məlumat verilib ki, sutəmizləyici stansiya ən müasir avadanlıqla təchiz edilib.
Prezident İlham Əliyev stansiyanın idarəetmə mərkəzində yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, bu mərkəzdə stansiyanın idarə olunması, müşahidə kameraları ilə qurğunun ərazisinə nəzarət həyata keçirilir. Stansiyanın bütün avadanlığının qoşulub-açılması da buradan idarə olunur.
Dövlətimizin başçısı “Cənub” Elektrik Stansiyasını işə salıb.
Sonra Prezident İlham Əliyev şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib: “Əziz dostlar!
Bu gün çox gözəl və əlamətdar bir gündür. Şirvan şəhərində “Cənub” Elektrik Stansiyası işə başlayır. Bu əlamətdar hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu stansiyanın tikintisində iştirak etmiş bütün vətəndaşları salamlayıram, onlara minnətdarlığımı bildirirəm.
Bu stansiya müstəqillik dövründə tikilmiş ən böyük elektrik stansiyasıdır. 780 meqavat gücündə olan stansiya Azərbaycanın enerji potensialını gücləndirəcək, imkan verəcəkdir ki, ölkə iqtisadiyyatı bundan sonra da uğurla inkişaf etsin. Çünki elektrik stansiyalarının fəaliyyəti ümumi inkişafa təkan verir.
Son 10 il ərzində Azərbaycanda 14 elektrik stansiyası tikilmişdir. Ümumi stansiyaların sayı isə 23-dür. On il ərzində təxminən üç min meqavat gücündə stansiyalar tikilmişdir və hazırda ümumi generasiya gücümüz 6 min meqavatdır.
Bu stansiyada ən son texnologiyalar tətbiq edilmişdir, ən müasir standartlara cavab verir. Deyə bilərəm ki, bu, bölgənin ən müasir stansiyasıdır və burada quraşdırılmış bütün avadanlıq ən yüksək səviyyədədir. Sevindirici hal ondan ibarətdir ki, stansiyanın tikintisində Azərbaycan mütəxəssisləri işləmişlər, Azərbaycan şirkətləri bu stansiyanı tikmişlər. Bu da zəmanənin əlamətidir. İlk illərdə biz daha çox xarici şirkətlərə üz tuturduq, onları bu işlərə cəlb edirdik. Amma indi Azərbaycan şirkətləri belə nəhəng obyektləri tikə bilirlər və tikirlər də.
Əminəm ki, bu stansiyanın fəaliyyəti nəticəsində bölgə qarşısında, ölkə qarşısında duran bütün vəzifələr icra ediləcəkdir. Çünki Azərbaycanda gedən uğurlu inkişaf, sənayeləşmə prosesi diktə edir ki, bizdə generasiya gücləri yaradılsın. Əgər son 10 il ərzində 14 elektrik stansiyası tikilməsə idi, biz bu gün indiki iqtisadi inkişafa nail ola bilməzdik. Çünki Azərbaycanda hər il çoxlu sayda yeni müəssisə tikilir, yeni zavodlar, fabriklər açılır və beləliklə, ölkənin sürətli inkişafı təmin edilir. Generasiya gücləri, əlbəttə ki, bütün bu inkişafın təməlində durmalıdır və Azərbaycanda istehsal edilən enerji tələbatdan həmişə artıq olmalıdır. Bu gün bu, belədir. Bu gün bizdə hələ ehtiyat vardır ki, sənayenin inkişafı davam etsin. Eyni zamanda, yeni stansiyaların tikintisi də nəzərdə tutulur. Gələn illərdə 2 min meqavat gücündə olan yeni stansiyalar tikilməlidir.
Eyni zamanda, biz bərpa olunan elektrik enerjisinin yaradılması ilə ciddi məşğuluq. Su elektrik stansiyaları tikilir, günəş elektrik stansiyalarının tikintisi nəzərdə tutulur və beləliklə, Azərbaycanda enerji sektorunda bütün məsələlər uğurla inkişaf edir və uğurla öz həllini tapır.
Azərbaycanın inkişafı dünya miqyasında artıq bir reallıqdır. Bu inkişaf son 10 il ərzində özünü daha da çox göstərmişdir. Bu ilin 5 ayında qeyri-neft sektorumuz daha çox sənaye müəssisələrinin fəaliyyəti hesabına 11 faiz artmışdır. Əlbəttə, generasiya güclərinin yaradılması və inkişafı ümumi inkişafımıza xidmət göstərir.
Bununla bərabər, Azərbaycan hazırda elektrik enerjisini qonşu ölkələrə də ixrac edir və əlbəttə, bu da bizim iqtisadi gücümüzü artırır.
Energetika hər bir ölkənin əsas sahəsidir. Energetika inkişaf etmədən heç bir ölkə inkişaf edə bilməz. İnkişaf üçün mütləq generasiya gücləri lazımdır. Biz bu gücləri yaradırıq və yaradacağıq. Bununla bərabər, hazırda biz daha çox ötürücü xətlərə, paylayıcı şəbəkələrə diqqət yetiririk. Çünki generasiya gücləri yarandıqdan sonra əlbəttə ki, diqqət bu istiqamətə yönəldilməlidir. Biz bunu edirik ki, enerji məsələləri tam şəkildə həllini tapsın.
Ümumiyyətlə, Azərbaycanda enerji təhlükəsizliyi məsələləri uğurla icra edilir. Biz bütün vəzifələri ardıcıllıqla icra edirik. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, enerji təhlükəsizliyini özü 100 faiz təmin edir. Bu, təbii resursların işlənməsi sahəsində özünü büruzə verir, eyni zamanda, generasiya güclərinin yaradılması da bu istiqamətdə bizə kömək göstərir.
Enerji təhlükəsizliyi məsələləri hər bir ölkə üçün böyük əhəmiyyət daşıyır. Hər bir ölkə çalışmalıdır ki, enerji təhlükəsizliyini təmin etsin. Bunsuz inkişaf mümkün deyildir. Bunsuz müstəqil inkişaf mümkün deyildir. Azərbaycan nəinki öz enerji təhlükəsizliyini təmin edib, eyni zamanda, digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində də öz rolunu oynayır. Bu yaxınlarda qəbul edilmiş qərarlar Azərbaycanı dünya miqyasında, qlobal müstəvidə çox ciddi tərəfdaşa çevirir. Azərbaycan öz enerji resurslarını artıq neçə ildir ki, dünya bazarlarına çıxarır. Gələcəkdə təbii ehtiyatlarımızın dünya bazarlarına çıxarılması üçün əlavə imkanlar yaranır.
Bu, o deməkdir ki, Azərbaycan bundan sonra uzun illər ərzində öz iqtisadi gələcəyini təmin edir. Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafı üçün şərait yaradılır. Azərbaycanın dünyadakı rolu artır və yeri möhkəmlənir. Bu, ölkəmizin gücünü artıracaqdır. Çünki biz enerji siyasətimizi uğurla aparırıq və bu siyasət bəhrəsini verməkdədir. Biz bu siyasətdən əldə edilmiş gəlirləri bütün başqa sahələrə yönəldirik.
Bu stansiyanın tikilməsi də enerji siyasətimizin təzahürüdür. Düzdür, bu stansiyanın tikilməsində xarici banklar və fondlar bizə dəstək olmuşlar. Ancaq əgər Azərbaycanın güclü maliyyə və iqtisadi imkanları olmasaydı, biz bu kreditləri ala bilməzdik. Amma bununla bərabər, indi biz özümüz kreditlər veririk və Azərbaycanın maliyyə vəziyyəti çox möhkəmdir.
Biz bundan sonra da bütün işləri ardıcıllıqla görəcəyik. Azərbaycanın uğurlu inkişafı artıq reallıqdır, heç kimdə şübhə doğurmur. Azərbaycan hətta dünyanı bürümüş böhran illərində də öz inkişafını təmin etmişdir, inamla irəliyə getmişdir, insanların rifah halı yaxşılaşır, iqtisadiyyat artır. İqtisadiyyatın bütün sektorları inkişafdadır. Şaxələndirmə siyasəti öz nəticəsini verməkdədir. Beləliklə, uğurlu inkişaf üçün bütün imkanlar vardır. Sadəcə olaraq gələn illərdə də biz bu ardıcıl siyasəti aparmalıyıq. Biz bütün sahələrdə, o cümlədən enerji sahəsində yeni təşəbbüslər irəli sürəcəyik, yeni addımlar atacağıq ki, uzunmüddətli dayanıqlı inkişafı təmin edək.
Bu stansiyanın tikilməsi özlüyündə gözəl rəmzi xarakter daşıyır və onu göstərir ki, müstəqil Azərbaycan dövləti böyük işləri görməyə qadirdir. Bu stansiyanın işə salınması ilə biz demək olar ki, standartlara cavab verməyən bütün köhnə stansiyaları artıq dayandırırıq. Stansiyanın iqtisadi cəhətdən böyük səmərəsi vardır. Burada sərfiyyat əvvəlki stansiya ilə müqayisədə təxminən iki dəfə azdır və bu da ölkə iqtisadiyyatına böyük dəstək olacaqdır.
Mən bu gün bütün energetikləri xüsusi salamlamaq istəyirəm. Azərbaycanda energetika sahəsinə çox böyük diqqət göstərilir və mən Prezident kimi 2004-cü ildən başlayaraq bu sahəni daim diqqət mərkəzində saxlamışam. Bütün bölgələrdə modul tipli elektrik stansiyaları, böyük elektrik stansiyaları tikilmişdir. Əlbəttə, bu istiqamətdə dövlət siyasəti çox açıqdır, aydındır, birmənalıdır. Ancaq mən energetiklərin fəaliyyətini xüsusilə vurğulamaq istəyirəm. Çünki qısa müddət ərzində bu istiqamətdə çox böyük islahatlar aparılmışdır. Energetiklərin peşəkarlığı artmışdır. Azərbaycanda müasir texnologiyalar tətbiq edilir və bu texnologiyaları Azərbaycan mütəxəssisləri tətbiq edirlər. Stansiyaların işlədilməsində Azərbaycan mütəxəssisləri iştirak edirlər. Bu, kadr hazırlığı üçün də böyük dəstəkdir və bütün bu işləri görən energetiklər, inşaatçılar yüksək qiymətə layiqdirlər. Nəzərə alsaq ki, planlarımız çoxdur, Azərbaycanda texnoparklar tikilir, Bakıda, Sumqayıtda, Gəncədə və Mingəçevirdə böyük texnoparklar tikiləcəkdir, hələ energetiklər üçün işlər çox olacaqdır. Biz stansiyaları tikəcəyik, Azərbaycanın iqtisadi inkişafını təmin edəcəyik. Əminəm ki, bundan sonra da bu gözəl tədbirlərdə sizinlə bərabər iştirak edəcəyik.
Eyni zamanda, bu gün Şirvan şəhərinin inkişafı ilə bağlı bir neçə kəlmə söz demək istərdim. Şirvan şəhərinin inkişafı təmin edilir. Bu gün növbəti açılışlar olacaqdır. Mən dəfələrlə Şirvan şəhərində olmuşam. Əvvəllər də burada sosial obyektlər, zavodlar tikilmişdir. Bu gün də Şirvan üçün çox vacib olan içməli su layihəsi icra ediləcəkdir. Biz bunun açılışını qeyd edəcəyik. Böyük Olimpiya İdman Kompleksi, hərbi zavodlar açılır. Əvvəlki dövrlərdə Diaqnostika Mərkəzi açılmışdır. Yəni, Şirvan şəhərinin uğurlu inkişafı üçün hər şey edilir və əminəm ki, burada işlər bundan sonra da yaxşı gedəcəkdir.
Bir daha, əziz dostlar, bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun”.
* * *
Sonra “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev çıxış edib. Eyni zamanda, şəhər ictimaiyyətinin nümayəndələri adından Tofiq Hüseynov çıxış edərək göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq edib.
Sonda xatirə şəkli çəkdirilib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Şirvan-Muğan qrup su kəmərindən Şirvan şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib.
Dövlətimizin başçısı Şirvan-Muğan qrup su kəmərinin texniki göstəricilərini və Şirvan şəhərinin su təchizatı sisteminin baş planını əks etdirən stendlərlə tanış olub.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov yeni layihə barədə Prezident İlham Əliyevə ətraflı məlumat verib.
Prezident İlham Əliyevə tikintisi davam edən Şirvan-Muğan qrup su kəməri layihəsi çərçivəsində görülən işlər barədə də məlumat verilib.
Stendlərlə tanışlıqdan sonra dövlətimizin başçısı ötən il iyulun 16-da təməlini qoyduğu Şirvan-Muğan qrup su kəmərindən Şirvan şəhərinə içməli suyun verilməsini təmin edən qurğunu işə salıb.
Sonra Prezident İlham Əliyev kəmərin və şəhərin su şəbəkəsinin inşaatçıları ilə görüşüb, tapşırıq və tövsiyələrini verib.
* * *
İyulun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şirvan Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.
Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.
Bu kompleksin təməli Prezident İlham Əliyevin 2010-cu ilin aprelində Şirvana səfəri zamanı qoyulub.
Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.
Kompleksdə yaradılan şəraitlə tanışlıq zamanı dövlət başçısına, həmçinin, Olimpiya Hərəkatı Muzeyinin, eləcə də Əl Oyunları Sarayının əsaslı təmir və yenidənqurma layihələri barədə məlumat verilib.
Prezident İlham Əliyev Şirvan Olimpiya İdman Kompleksində yaradılmış şəraiti yüksək qiymətləndirib.
* * *
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyulun 1-də Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat Birliyinin Şirvan “Araz” zavodunun tərkibindəki döyüş sursatlarının utilizasiya mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı döyüş sursatlarının utilizasiya mərkəzinin maketi ilə tanış olub.
Müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib ki, Polşanın “Yakuş” şirkəti ilə birlikdə yaradılan mərkəzin ümumi sahəsi 12 hektardır. Mərkəz xüsusiyyətlərinə görə bir-birindən təhlükəsiz məsafələrdə yerləşdirilib və mühafizə sipərləri ilə əhatə olunan 24 obyektdən ibarətdir. Buraya utilizasiya proseslərini həyata keçirmək üçün modul tipli 20 konteyner, transformator yarımstansiyası, müxtəlif növ partlayıcı maddələr və utilizasiya məmulatları saxlanılan anbarlar, zərərsizləşdirmə kamerası, kompressor binası, döyüş sursatlarının texniki vəziyyətinin qiymətləndirilməsi sahəsi və s. daxildir.
Ali Baş Komandan İlham Əliyev utilizasiya mərkəzinin fəaliyyətini əks etdirən filmə baxıb. Mərkəz müxtəlif çaplı mərmili atəş yığımlarının, artilleriya minalarının, qumbaraların, radioaktiv mərmilərin, partladıcıların, siqnal və işıqlandırıcı patronların sökülməsi, tərkib hissələrinə ayrılması, tullayıcı və partladıcı atımların presləmə və əritmə üsulu ilə çıxarılaraq toplanması, yenidən forma dəyişikliyi verilərək qablaşdırılması üçün nəzərdə tutulub.
Prezident İlham Əliyev mərkəzi işə salıb.
Ali Baş Komandan utilizasiya prosesini izləyib.
Sonra Prezident İlham Əliyev Şirvan “Araz” zavodunun döyüş sursatlarının doldurulması mərkəzinə gəlib. Ali Baş Komandan burada mərkəzin fəaliyyətini əks etdirən filmə baxıb.
Bildirilib ki, mərkəzin ümumi sahəsi 4 min kvadratmetrdir. Burada 60, 82 və 120 millimetrlik minaların gövdələrinin partladıcı maddələrlə doldurulması üçün xüsusi avadanlıq quraşdırılıb.
Dövlətimizin başçısı mərkəzi işə salıb.
İş prosesi ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verilib ki, doldurma mərkəzində 60 millimetr çaplı minaların gövdələrinə trotil maddəsinin presləmə yolu ilə, 82 və 120 millimetr çaplı minaların gövdələrinə isə trotil, trotil-dinitronaftalin partladıcı maddə qarışığının şnekləmə üsulu ilə doldurulması həyata keçirilir. Mərkəz texnologiyaya uyğun tələb olunan istehsal və nəzarət avadanlığı ilə təchiz edilib. İstehsalat sahəsində dörd xətt quraşdırılıb. Hazırlıq, köməkçi və doldurma işlərini yerinə yetirmək üçün təhlükəsiz iş şəraitini təmin edən sahələr hazırlanıb. Birinci xətdə 60 millimetrlik minanın, ikinci lent şəkilli xətdə 82 və 120 millimetrlik minaların sökülməsi və doldurmaya hazırlanması işlərini aparmaq, üçüncü konveyer xəttində 120 millimetr çaplı mərmilərin, dördüncüdə isə 60 və 82 millimetr çaplı mərmilərin yığılması üçün texnoloji iş sahələri yaradılıb.
Dövlətimizin başçısına məlumat verilib ki, doldurma mərkəzi il ərzində birnövbəli iş rejimində 20 min ədəd 60 millimetr çaplı, 40 min ədəd 82 millimetr çaplı və 40 min ədəd 120 millimetr çaplı mərmilərin doldurulması və yığılmasını təmin edən istehsal gücünə malikdir.
“Araz” zavodunun kapsulların hazırlanması sahəsi müxtəlif növ alışdırıcı kapsulların istehsalı üçün nəzərdə tutulub. Kapsulların doldurulması, dozalaşdırılması, yoxlanılması və qablaşdırılması ən müasir texnoloji avadanlıqla avtomatik rejimdə həyata keçirilir. Mərkəzdə il ərzində birnövbəli iş rejimində 40 milyon kapsul istehsalı nəzərdə tutulub.
* * *
İyulun 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin Şirvanda telemexanika zavodunun iriçaplı patronların istehsalı mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı mərkəzi işə salıb və istehsal prosesini izləyib.
Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycan Prezidentinə məlumat verib ki, burada il ərzində üçnövbəli iş rejimində üç növdə 7 milyon patron istehsalı nəzərdə tutulub. Mərkəzdə quraşdırılmış 106 dəzgahın yarıdan çoxu Avropa ölkələrində hazırlanmış xüsusi texnoloji avadanlıqdır. Yeni istehsal sahəsində avtomatlaşdırılmış mexaniki emal, ştamplama, termokimyəvi emal, texniki nəzarət, pirotexniki və partlayıcı maddələrin preslənməsi sahələri, yığım xətləri və laboratoriya fəaliyyət göstərir. Burada 264 nəfər ixtisaslı mütəxəssisin işlə təmin olunması nəzərdə tutulub. İşçilərə xarici mütəxəssislər tərəfindən xüsusi təlimlər keçirilib.
Zavoddakı nəzarət-sınaq mərkəzi üçün yeni inzibati bina müəssisədə istehsal olunan xüsusi təyinatlı məmulatların taktiki-texniki xarakteristikalarının, iqlim dəyişmələrinə, nəqliyyat silkələnməsinə dözümlülüyün yoxlanılması üçün nəzərdə tutulub. Burada atəş sınaqları aparmaq üçün üç sahə yaradılıb. Sınaq atışları zamanı müxtəlif ölçülü güllələrin ballistik xüsusiyyətlərinin - təzyiq, sürət və atəşləmə sıxlığının yoxlanılması mümkündür.
Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirib, kollektivə uğurlar arzulayıb.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Şirvan şəhərindəki Bayraq Meydanında yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısı Bayraq Meydanında yaradılmış şəraiti yüksək qiymətləndirib.

Paylaş:
Baxılıb: 1053 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30