Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasına səfər edib
14.08.2013 [09:14]
Avqustun 13-də Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizə səfərə gələn Rusiya Federasiyasının Prezidenti Vladimir Putini qarşılayıb.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
Sonra Azərbaycan və Rusiya prezidentləri arasında təkbətək görüş olub.
Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək deyib: “Hörmətli Vladimir Vladimiroviç! Sizi görməyə çox şadam! Azərbaycana xoş gəlmisiniz! Əminəm ki, səfəriniz münasibətlərimizə əlavə impuls verəcəkdir. Əlaqələrimiz çox dinamik, müsbət və uğurla inkişaf edir. Münasibətlərimiz bir çox sahələri əhatə edir. Bu gün həm gündəlikdə duran ikitərəfli münasibətləri, həm də regional məsələləri müzakirə etmək imkanımız olacaqdır. Gündəliyimiz kifayət qədər genişdir. İqtisadiyyatda gözlədiyimizdən də çox yaxşı nəticələr vardır. Ənənəvi olaraq humanitar sahədə də yaxşı nəticələr və perspektivlər mövcuddur. Başqa sözlə, münasibətlərimiz çox uğurla inkişaf edir. Sizin səfərinizin əlaqələrimizin inkişafında əlbəttə ki, xüsusi yeri vardır. Əminəm ki, səfərdən sonra əlaqələrimizin müsbət dinamikası davam edəcəkdir. Bir daha Sizi ürəkdən salamlayıram. Xoş gəlmisiniz!”.
* * *
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin deyib: “İlham Heydər oğlu! Dəvətə görə dərin təşəkkür edirəm! Həqiqətən ölkələrimiz arasında münasibətlər kifayət qədər uğurla inkişaf edir. Dünya iqtisadiyyatındakı çətin vəziyyətə baxmayaraq, ötən il əmtəə mübadiləsinin artımı 48 faizdən çox olub - təqribən 50 faiz. Bu, bizim üçün rekordlardan biridir. Rusiya Azərbaycan ilə ticari-iqtisadi əlaqələrdə liderlərdəndir və ikinci yeri tutur, ticarət dövriyyəsi artır. Həm Rusiya, həm Azərbaycan tərəfindən ticarət dövriyyəsinin strukturu kifayət qədər sanballıdır. Əlaqələrimiz bir çox sahələr üzrə inkişaf edir. Burada tam əminliklə demək olar ki, bu əlaqələr şaxələndirilmiş xarakter daşıyır və təşəbbüslərin çoxluğu, o cümlədən Azərbaycan tərəfindən humanitar sahənin inkişafına yönələn təşəbbüslər sevindiricidir. Mən bilirəm ki, burada Sizin şəxsi təşəbbüsləriniz də vardır. Biz bu gün hamısını müzakirə edəcəyik. Mən əminəm ki, bugünkü görüşümüz münasibətlərimizin inkişafına kömək edəcəkdir. Mənimlə buraya böyük komanda - əməkdaşlığımızın istiqamətləri üzrə aparıcı nazirlər gəlib. Odur ki, işimiz məzmunlu, böyük, maraqlı və əhəmiyyətli olacaqdır. Çox sağ olun!”.
* * *
Avqustun 13-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyası Prezidenti Vladimir Putinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Azərbaycan Prezidenti İlham Əliyev qonaqları salamlayaraq deyib: “Hörmətli Vladimir Vladimiroviç! Hörmətli qonaqlar! Bir daha sizi Azərbaycanda ürəkdən salamlamaq istəyirəm! Xoş gəlmisiniz! Sizin səfəriniz bizim üçün böyük əhəmiyyət kəsb edir. Bu gün artıq danışıqlarda qarşılıqlı maraq doğuran məsələlərin geniş spektri üzrə fikir mübadiləsi apardıq.
Münasibətlərimizin gündəliyi çox genişdir. Əməkdaşlıq çoxplanlı və çoxtərəflidir, demək olar ki, bütün sahələri əhatə edir. İqtisadi əlaqələr, humanitar sahə, nəqliyyat, regional təhlükəsizlik və bütün məsələlər üzrə mövqelərimiz oxşardır. Əlbəttə ki, ikitərəfli münasibətlər və regional siyasətin mühüm məsələlərini Sizinlə müzakirə etmək imkanı çox vacibdir. Çox şadam ki, Sizi böyük və möhtərəm nümayəndə heyəti müşayiət edir. Nümayəndə heyətinin belə tərkibdə olmasının özü sübut edir ki, bizim önəm verdiyimiz məsələlər böyük əhəmiyyət kəsb edir. Əminəm ki, bu səfər ölkələrimiz arasında gələcək dostluq münasibətlərinə bütün istiqamətlərdə təkan verəcək, ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaqdır. Bir daha xoş gəlmisiniz!”.
* * *
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin çıxış edərək deyib: “İlham Heydər oğlu, dəvətə görə çox sağ olun! Rusiya-Azərbaycan münasibətlərinin inkişafına göstərdiyiniz diqqətə görə təşəkkür edirəm! Mən əsas məsələ, humanitar istiqamətlər barədə daha çox danışmaq istərdim. İndicə kiçik tərkibdə danışarkən biz bu məsələyə lazımi diqqət yetirdik. Mən bir daha qeyd etmək istərdim ki, Azərbaycanda rus dilinin inkişafına və tədrisinə lazımi diqqət göstərilir, rusdilli məktəblər və Rusiyanın ali təhsil müəssisələrinin filialları da fəal işləyir. Bu, mühüm məsələdir. Çünki bu, bütün digər istiqamətlərdə iş üçün şərait yaradır.
Bütün digər məsələlərlə bağlı bizdə yüksəliş göz qabağındadır. Biz artıq qeyd etmişik ki, dünya iqtisadiyyatındakı çətinliklərə baxmayaraq, əmtəə dövriyyəmiz artır. Keçən il demək olar ki, 50 faiz, yəni 48 faizdən çox artıb. Bu, bizim qarşılıqlı fəaliyyətimizin çox gözəl göstəricisi, potensialıdır. Həqiqətən də Rusiya nümayəndə heyətinin tərkibində xeyli nazirlər vardır, onların çoxu əsas aparıcı nazirliklərin və idarələrin nümayəndələridir. Mən ümid edirəm ki, biz bu gün belə geniş tərkibdə əməkdaşlığımızı daha da intensivləşdirmək üçün nələr etməli olduğumuzla bağlı fikir mübadiləsi aparacağıq. Əminəm ki, bütün bu işlər bizim gələcək fəaliyyətimiz üçün faydalı və perspektivli olacaqdır. Çox sağ olun!”.
* * *
Avqustun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşündən sonra Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olub.
“Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Neftyanaya kompaniya “Rosneft” Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında Saziş”i və “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Neftyanaya kompaniya “Rosneft” Açıq Səhmdar Cəmiyyəti arasında neft nəqlinin əsas şərtləri”ni Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və “Neftyanaya kompaniya “Rosneft” Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri İqor Seçin imzalayıblar.
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Məsələləri üzrə Nazirliyi arasında 2013-2015-ci illər dövrü üçün kompleks əməkdaşlıq planı”nı Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə naziri Vladimir Puçkov imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Aviasiya axtarışı və xilasetmə sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Rusiya Federasiyasının nəqliyyat naziri Maksim Sokolov imzalayıblar.
“Rusiya-Azərbaycan dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) - “Yaraq-qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri rayonunda Samur çayı üzərindən avtomobil körpüsü tikilməsi haqqında Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Saziş”i Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədov və Rusiya Federasiyasının nəqliyyat naziri Maksim Sokolov imzalayıblar.
“2015-ci ilə qədər olan dövrdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında humanitar sahədə Əməkdaşlıq Proqramı”nı Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov imzalayıblar.
* * *
Azərbaycan-Rusiya sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyevin bəyanatı: “Hörmətli Vladimir Vladimiroviç!
Hörmətli qonaqlar! Xanımlar və cənablar!
Rusiya Prezidentini Azərbaycanda bir daha səmimi qəlbdən salamlamaq istəyirəm. Bugünkü səfər bizim münasibətlərimizin nə dərəcədə dinamik, uğurlu inkişaf etdiyini, ölkələrimizin və xalqlarımızın amallarına nə dərəcədə uyğun olduğunu bir daha nümayiş etdirir.
Səfər çərçivəsində biz münasibətlərimizin çox geniş gündəliyini nəzərdən keçirdik, qarşılıqlı maraq doğuran bütün məsələləri müzakirə etdik və münasibətlərimizin gələcək inkişaf yollarını qeyd etdik.
Rusiya ilə Azərbaycan arasında münasibətlər dostluğa, mehriban qonşuluğa, xalqlarımızın tarixinə, onların ortaq taleyinə, bu gün isə həm də qarşılıqlı maraqlara, möhkəm bazaya əsaslanır.
Siyasi sahədə münasibətlərimizin necə inkişaf etməsindən çox razıyıq. Biz beynəlxalq təşkilatlarda dostlar, tərəfdaşlar kimi əməkdaşlıq edirik. Bu gün bu məsələyə xüsusi diqqət yetirildi. Biz bir-birimizi beynəlxalq qurumlarda dəstəkləyirik və gələcəkdə də beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək siyasətini davam etdirəcəyik.
Bu gün biz regional problemləri də, ilk növbədə, regional təhlükəsizlik məsələlərini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələləri də müzakirə etdik.
Bildiyiniz kimi, Azərbaycan torpaqlarının işğalı 20 ildən çoxdur ki, davam edir. İşğal altında olan ərazi mahiyyət etibarilə həyat üçün yararsızdır. Dağıdıla biləcək nə varsa hamısı dağıdılmışdır. Ərazimizin 20 faizi işğal edilmişdir. Beynəlxalq təşkilatların qətnamələri yerinə yetirilmir. BMT Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrinin bizim ərazidən çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir, onlar kağız üzərində qalır. Ona görə də bu məsələnin tezliklə həll edilməsi regionun bütün ölkələrinin maraqlarına uyğundur.
Bu məsələnin həlli tarixi ədalətə, beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qərarlarına və qətnamələrinə əsaslanmalıdır. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin tənzimlənməsi məsələlərində mühüm rol oynayır. Bir daha qeyd etmək istəyirəm ki, münaqişənin tezliklə tənzimlənməsi regionda sabitliyə, müəyyənliyə və əməkdaşlığa gətirib çıxarar.
Biz ölkələrimiz arasında əmtəə dövriyyəsinin artmasını böyük məmnunluqla qeyd etdik. Dünyada iqtisadi və maliyyə böhranının davam etdiyi şəraitdə bu, xüsusilə xoşdur. Əmtəə dövriyyəsinin strukturu çox müsbətdir. Hərbi-texniki sahədə fəal əməkdaşlıq müşahidə olunur. Mətbuatda hərbi-texniki əməkdaşlığın həcmi barədə vaxtaşırı verilən məlumatlar heç də həmişə reallığı əks etdirmir. Deməliyəm ki, bu gün Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın həcmi 4 milyard dollarla ölçülür və bu göstərici artmaqdadır. Əminəm ki, gələcəkdə bu əməkdaşlıq fəal şəkildə davam edəcəkdir. Azərbaycan artıq haqlı olaraq dünyada ən yaxşı texnikadan biri sayılan Rusiya texnikasının alıcıları olan aparıcı ölkələr sırasına daxildir.
Bu gün biz enerji təhlükəsizliyi ilə bağlı məsələləri ətraflı müzakirə etdik. Ölkələrimiz bu istiqamətdə elektroenergetika sahəsində çox fəal əməkdaşlıq edir. Neft-qaz əməliyyatları sahəsində mühüm sazişlər imzalanmışdır. Bu gün imzalanmış sazişlər Rusiyanın və Azərbaycanın dövlət strukturları arasında neft-qaz sahəsində əməkdaşlığın yeni səhifəsidir. Əminəm ki, bu əməkdaşlıq çox uğurlu və səmərəli olacaqdır.
Ölkələrimiz enerji resurslarının istehsalçıları və ixracatçılarıdır. Təbii ki, maraqlarımız üst-üstə düşür. Güman edirəm ki, regional energetika problemləri çərçivəsində çox şey bizim fəal qarşılıqlı əlaqələrimizdən, səylərimizi əlaqələndirməyimizdən asılı olacaqdır. Biz qəti surətdə əməkdaşlıq, iqtisadi və siyasi inkişafın bu mühüm istiqamətində Rusiya ilə qarşılıqlı əlaqələri möhkəmləndirmək əzmindəyik.
Bu gün nəqliyyat infrastrukturu barədə də saziş imzalandı. Bu istiqamətdə də fəal əməkdaşlıq edirik.
Hesab edirəm ki, humanitar sahədə Rusiya ilə Azərbaycan arasında münasibətlər nümunə ola bilər. Bir daha, mətbuatın qarşısında bizim nə barədə danışdığımızı qeyd etməliyəm: Azərbaycanda tədrisin rus dilində həyata keçirildiyi 335 məktəb vardır. Bu məktəblərin 15-də tədris sırf rus dilindədir, bizim 27 universitetdə rus dilində tədris aparılır.
Tədrisin rus dilində olduğu orta, orta ixtisas və ali məktəblərdə təhsil alanların sayı 100 min nəfərdən çoxdur. Bu, bizim rus dilinə, rus mədəniyyətinə, rus ədəbiyyatına münasibətimizin mühüm göstəricisidir. Azərbaycanda keçmişin bütün müsbət ənənələri qayğı ilə qorunub saxlanılır.
Əlbəttə, münasibətlərimizin bugünkü dinamik inkişafı humanitar sahədə yaxşı nəticələrə şərait yaradır. Humanitar sahədə əməkdaşlıq çox güman ki, bizim münasibətlərimizin - dostluq, mehriban qonşuluq, qarşılıqlı maraqlara, hörmətə, etimada söykənən, proqnozlaşdırıla bilən və sabit münasibətlərin əsasıdır.
Əlbəttə, Rusiya Prezidentinin Azərbaycana səfəri ilk növbədə, bizim münasibətlərimizin yüksək səviyyədə olmasına dəlalət edir və eyni zamanda, ölkələrimiz arasında hərtərəfli münasibətlərin gələcək inkişafına güclü təkan verir.
Hörmətli Vladimir Vladimiroviç, bir daha xoş gəlmisiniz! Sizi ölkəmizdə görməyə həmişə şadıq”.
Prezident Vladimir Putinin bəyanatı: “Çox sağ olun!
Hörmətli İlham Heydər oğlu! Hörmətli həmkarlar, dostlar!
Artıq çoxdandır ki, Azərbaycanda olmamışam. Axırıncı dəfə 2006-cı ildə olmuşam. O vaxtdan xeyli vaxt keçib. Azərbaycan sürətlə, əzmlə dəyişir, yüksək sürətlə inkişaf edən dinamik ölkəyə çevrilir. Azərbaycan iqtisadiyyatı inkişaf sürətinə görə dünyada ən yüksək göstəricilərdən birinə malikdir. Bu, xoşdur. Biz dostlarımıza uğurlar arzulayırıq.
Azərbaycan Rusiyanın çoxdankı, ənənəvi və etibarlı tərəfdaşıdır. Biz Qafqaz regionunda, Xəzər regionunda, MDB çərçivəsində, aparıcı beynəlxalq strukturlarda sıx qarşılıqlı fəaliyyət göstəririk. Bu əməkdaşlığın əsası ölkələrimiz, dövlətlərimiz və xalqlarımız arasında möhkəm dostluq, qarşılıqlı hörmət ənənələridir.
Biz Rusiya ilə Azərbaycanın strateji tərəfdaşlığının mühüm istiqamətlərini ətraflı müzakirə etdik, onun gələcək inkişafına, ilk növbədə, əlbəttə, ticari-iqtisadi sahədə inkişafa dair planlar cızdıq.
Bununla əlaqədar qeyd edə bilərəm ki, dünya iqtisadiyyatında məlum tənəzzülə baxmayaraq, bizim ticari münasibətlərimiz inkişaf edir, özü də uğurla inkişaf edir. Keçən il bu sahədə artım, müxtəlif hesablamalara görə 37 faizdən 47 faizə qədər olmuşdur. Bu, indiki dövrdə ölkələrimiz arasında münasibətlərdə aşkar görünən rekordlardan biridir.
Rusiya ənənəvi olaraq Azərbaycan ilə ticarət dövriyyəsində aparıcı yerlərdən birini tutur. Biz ikinci yerdəyik. Birinci yeri İtaliya tutur. Lakin biz yaxşı bilirik ki, bu, əsasən İtaliya və Avropa bazarına karbohidrogen xammalı satışı hesabına yaranmışdır, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi isə qat-qat artıq dərəcədə tarazlaşmış, mütəxəssislərin təbirincə desək, nəcib xarakter daşıyır. Burada maşınlar, avadanlıq, ərzaq, bir sözlə, həm Azərbaycan iqtisadiyyatı üçün, həm də Rusiya Federasiyasının iqtisadiyyatı üçün həyati əhəmiyyətli məhsullardan söhbət gedir.
Bu cür yüksək göstəricilər əldə edilməsinə regionlararası və sərhədyanı intensiv əlaqələr çox kömək edir. Bunu demək kifayətdir ki, Rusiya Federasiyasının 70-dən çox regionu Azərbaycan ilə sıx işgüzar əlaqələr saxlayır.
Qeyd etməliyəm ki, Azərbaycanda 500-dən çox Rusiya şirkəti işləyir, onların fəaliyyəti sosial-iqtisadi inkişaf üçün ən mühüm sahələrin geniş spektrini əhatə edir - yanacaq-energetika kompleksi, avtomobil sənayesi, maliyyə, sığorta fəaliyyəti, səhiyyə. Yaxşı məlumdur ki, bunlar faktiki məişət səviyyəsidir, lakin əslində böyük iqtisadi əhəmiyyət kəsb edir. Hamı yaxşı bilir ki, Rusiyada kifayət qədər çoxlu Azərbaycan vətəndaşı işləyir, onların sayı bir milyondan artıqdır, Rusiya vətəndaşlığı olan azərbaycanlıları da nəzərə alsaq bu, iki milyondan çoxdur.
Rusiya və Azərbaycan energetika sahəsində iri beynəlxalq oyunçulardır. Bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlıq da həyata keçiririk. İndi hamısını təkrarlamayacağam, bu sahədə işlərin həcmi çox böyükdür və getdikcə genişlənir. Siz indicə Rusiyanın “Rosneft” dövlət şirkəti ilə Azərbaycanın müvafiq tərəfdaşları arasında sazişlərin imzalanmasında iştirak etdiniz.
Yanacaq-energetika kompleksi sahəsində kooperasiyanın yeni istiqamətləri və formatları mənimsənilir. Bildiyiniz kimi, mən bunu artıq demişdim, bu gün sazişlər imzalanmışdır, lakin onların 15 il, bəlkə də 20 il üçün perspektivi vardır. Yəni, qarşıdakı uzun illər üçün əməkdaşlığa yaxşı baza hazırlanır.
Dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsində humanitar əlaqələr də xüsusi rol oynayır. İndiki səfər çərçivəsində 2015-ci ilə qədər olan dövrdə bu sahədə dövlətlərarası əməkdaşlıq proqramı təsdiq edilmişdir. Biz oktyabrın 31-dən noyabrın 1-dək Bakıda keçiriləcək III Bakı Beynəlxalq Humanitar Forumuna hazırlıq məsələlərini müzakirə etdik. Əminliklə demək olar ki, 2011-ci ildən bəri nisbətən qısa dövr ərzində bu forum ictimai həyatda çox böyük hadisəyə çevrilmişdir.
Danışıqlarda Xəzər regionu çərçivəsində problemlərin həllinə də böyük diqqət yetirdik. Biz bu regionun sülh, əməkdaşlıq regionu olmasında maraqlıyıq. Burada hələ həll edilməmiş problemlər çoxdur. Onlar təhlükəsizlik, sərhədlərin delimitasiyası, Xəzər dənizi sisteminin bioloji müxtəlifliyinin qorunub saxlanması və sair məsələlərə aiddir. Biz çox istəyirik ki, bütün bu məsələlər həll edilsin və təbii ki, bütün Xəzəryanı dövlətlərin maraqları nəzərə alınmaqla həll edilsin.
Səciyyəvi haldır ki, Rusiyanın Xəzər donanmasının gəmilər dəstəsinin Bakıya dostluq səfəri də bizim danışıqlarla eyni vaxta təsadüf edir. Bu dəstənin tərkibində “Dağıstan” raket gəmisi və “Volqodonsk” kiçik artilleriya gəmisi də vardır. İlin sonunda Azərbaycan dənizçiləri Həştərxana cavab səfəri etməyi planlaşdırırlar.
Təbii ki, danışıqların gedişində biz aktual beynəlxalq məsələlərə, o cümlədən əlbəttə, Dağlıq Qarabağ probleminə də toxunduq. Vurğulamaq istəyirəm ki, bu münaqişə yalnız siyasi vasitələrlə tənzimlənə bilər və Rusiya münaqişənin tezliklə tənzimlənməsinə fəal kömək edir.
Son olaraq qeyd etmək istərdim ki, apardığımız danışıqlar ölkələrimiz arasında hərtərəfli əməkdaşlığı möhkəmləndirmək əzmində olduğumuzu bir daha nümayiş etdirdi.
Mən bütün azərbaycanlı dostlarımıza, həmkarlarımıza səmimiyyətə, qonaqpərvərliyə, bizim bugünkü görüşün işgüzar tərzdə keçməsinə və artıq qazanılmış nəticələrə görə bir daha təşəkkür edirəm.
Diqqətinizə görə çox sağ olun”.
* * *
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 13-də Azərbaycan Respublikasına səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Rusiya Federasiyasının Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Azərbaycan-Rusiya hökumətlərarası iqtisadi komissiyanın həmsədri Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
* * *
Avqustun 13-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Respublikasına səfəri başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Rusiya Federasiyasının Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Azərbaycan-Rusiya hökumətlərarası iqtisadi komissiyanın həmsədri Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13

