Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı və Qəbələ rayonlarına səfər edib
15.08.2013 [08:44]
Avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı əvvəlcə İsmayıllı şəhərinin mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov Prezident İlham Əliyevə Ulu öndərin adını daşıyan mədəniyyət və istirahət parkında yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. Bu istirahət mərkəzində qısa müddətdə böyük abadlıq-quruculuq işləri görülüb, fəvvarələr quraşdırılıb, yaşıllıq salınıb.
Prezident İlham Əliyev parkda yaradılmış şəraitdən razılığını bildirib.
Avqustun 14-də İsmayıllı şəhərində yeni avtovağzal istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avtovağzalın açılışında iştirak edib.
Dövlətimizin başçısı avtovağzalın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılmış şəraitlə tanış olub.
Dövlətimizin başçısı əhaliyə xidmət göstərəcək yeni taksilərə və avtobuslara baxıb.
Prezident İlham Əliyev avtovağzalda yaradılmış şəraiti yüksək qiymətləndirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Mərasim iştirakçılarını salamlayan Prezident İlham Əliyev deyib: “Bu gün gözəl tədbirdir. Biz İsmayıllıya içməli suyun verilməsini qeyd edirik. Bu münasibətlə sizi təbrik edirəm. Çox vacib layihədir, böyük layihədir.
Su insan üçün əsas məsələdir. Şadam ki, İsmayıllıda da içməli su və kanalizasiya layihəsi icra edilir. Biz indi suyun verilməsini qeyd edəcəyik və bundan sonra İsmayıllı şəhərinin təmiz, keyfiyyətli, içməli su ilə təminatı artıq həll olunacaqdır.
Digər infrastruktur layihələri də icra edilir. Qazlaşdırma da uğurla aparılmışdır. Şəhər tamamilə qazlaşdırılıb, kəndlərdə də qazlaşdırma gedir. Əsas infrastruktur layihələri bunlardır və bunları biz həll edirik. Şadam ki, İsmayıllıda bu istiqamətdə işlər yaxşı gedir. Rayon inkişafdadır, böyük dəyişikliklər vardır. Əminəm ki, rayon bundan sonra da bu templə inkişaf edəcək, rayonda mövcud olan bütün məsələlər öz həllini tapacaq və artıq tapmaqdadır.
İnfrastruktur layihələri, insanların işlə təmin edilməsi məsələləri həll edilir. Bu gün yeni tikiş fabrikinin açılışını qeyd edəcəyik. Rayonun kompleks şəkildə inkişafı ilə bağlı konkret tədbirlər planı vardır. Yeni rəhbərlik işə çox böyük fəallıqla və çox böyük həvəslə başlamışdır. Yeni rəhbərlik təyin olunanda qarşıya bir neçə vəzifə qoyulmuşdu. İlk növbədə, rayonun sosial-iqtisadi inkişafını sürətləndirməli idik və artıq biz bunu görürük. Eyni zamanda, insanları narahat edən problemlər öz həllini tapmalı idi. İnsanlara diqqət, qayğı göstərilməlidir. Mənim bütün icra başçıları qarşısında qoyduğum əsas məsələlər bunlardır. Hər bir vəzifə sahibi, hər bir rəhbər işçi, ilk növbədə, insanlara qulluq etməlidir, onların qayğıları ilə yaşamalıdır, insanların rahat yaşaması üçün əlindən gələni etməlidir. Bu bizim siyasətimizdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bax, bu layihə də sırf sosial xarakter daşıyır. Buraya qoyulan investisiyalar çox böyük investisiyalardır. Qazlaşdırma, su xətləri, kanalizasiya, yollar, sosial obyektlərin tikintisi böyük vəsait tələb edir. Bu vəsaiti Azərbaycan dövləti büdcə hesabına ödəyir ki, insanların rahat yaşaması üçün daha da yaxşı imkanlar yaransın.
Sosial siyasət əsas məsələdir. Sosial siyasət təkcə sosial obyektlərin tikintisi ilə məhdudlaşmır. Sosial siyasət o deməkdir ki, siyasətimizin mərkəzində insan olmalıdır. Bu da var, bunu biz təmin edirik. Biz öz iqtisadi gücümüzü sosial sahəyə yönəldirik və bu məsələlərə kompleks şəkildə yanaşırıq. Məktəb, xəstəxana tikintisi. İsmayıllıda da xəstəxana tikilir və yaxın zamanlarda istifadəyə veriləcəkdir. Su layihələri və digər sosial məsələlər. Əlbəttə, yeni rəhbərlik qarşısında bir vəzifə də qoyulmuşdur ki, biz İsmayıllının müasir şəhərə çevrilməsinə nail olmalıyıq. Burada böyük quruculuq, abadlıq işləri aparılır, yollar genişlənir, gözəl binalar tikilir. Bu hələ görülən işlərin birinci mərhələsidir. Əminəm ki, bu yüksək templər saxlanılacaq və yaxın zamanlarda İsmayıllı ölkəmizin qabaqcıl rayonlarından birinə çevriləcəkdir. Buna nail olmaq üçün bütün imkanlar, gözəl potensial, rayonun öz potensialı, böyük imkanlar vardır. Burada zəhmətkeş, vətənpərvər insanlar yaşayır, dövlət qayğısı var, dövlət vəsaiti ayrılır, eyni zamanda, özəl sektor da fəal iştirak edir.
Bax, bu yanaşma hesab edirəm ki, ölkəmizdə son illərdə əldə edilən uğurların əsas şərtidir. Dövlət investisiyaları, sahibkarlığın dəstəyi və özəl qurumların həm biznes, həm də sosial sahələrə göstərdiyi diqqət yeni bir ab-hava yaradır. Əminəm ki, bundan sonra İsmayıllıda yalnız inkişaf olacaqdır, böyük nailiyyətlər olacaqdır, insanlar rahat yaşayacaqlar və öz işi ilə, öz zəhməti ilə dövlətçiliyimizi möhkəmləndirəcəklər.
İsmayıllını müasir turizm mərkəzinə çevirmək üçün imkanlar vardır - gözəl təbiəti, iqlimi, Bakıya yaxınlığı. Bütün bu əsas məsələlər, infrastruktur layihələrinin artıq icra edilməsi. Yəni, bu fürsət əldən verilməməlidir. İsmayıllı doğrudan da ən qabaqcıl rayona çevrilməlidir. Buna imkanlar vardır.
Azərbaycan dövləti buna nail olmaq üçlün öz səylərini göstərir. Yerli icra orqanları yeni prinsiplər əsasında işləyirlər və bilirəm ki, bu, əhali tərəfindən də dəstəklənir. Bütün ictimaiyyət, fəallar bir amal ətrafında birləşməlidir ki, rayonda işlər daha da sürətlə getsin, ölkəmiz daha da güclənsin və Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənsin.
Bax, bu layihə son illər ərzində atılmış addımların nəticəsidir və bir daha demək istəyirəm ki, içməli su layihəsi insanların sağlamlığı üçün əsas şərtdir. Bunu biz edirik və bundan sonra da belə gözəl layihələrin sayı artacaqdır. Sizi bir daha bu gözəl hadisə münasibətilə təbrik edirəm”.
Talıstan kənd tam orta məktəbinin direktoru Aydın Əzizov İsmayıllının sosial iqtisadi inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə rayon ictimaiyyəti adından minnətdarlığını bildirib.
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə çərçivəsində görülən işlər barədə məlumat verib.
Daha sonra dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə söhbət edib.
Prezident İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.
Layihə çərçivəsində İsmayıllı şəhərində əhalinin gün ərzində adambaşına 180 litr fasiləsiz içməli su ilə təmin olunması nəzərdə tutulub. Bundan başqa, dörd su anbarı inşa edilib. Həmçinin 31 min nəfər əhaliyə xidmət edə biləcək çirkab sutəmizləyici qurğunun daha müasir qurğu ilə əvəz olunması üçün layihədə müvafiq dəyişikliklər edilib. Qurğunun tikinti işləri davam etdirilir.
Prezident İlham Əliyev layihənin uğurla tamamlanması ilə bağlı tapşırıqlarını verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də İsmayıllı rayonuna səfəri çərçivəsində tikiş fabrikinin açılışında iştirak edib.
Dövlətimizin başçısına məlumat verilib ki, müəssisədə Yaponiya, Çin, Rusiya, Almaniya və Türkiyə istehsalı olan ən müasir avadanlıq quraşdırılıb. Müəssisənin yaradılması İsmayıllıda məşğulluğun artırılmasına mühüm töhfədir. Fabrikin həyətində geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıq zolağı salınıb.
Dövlətimizin başçısı fabrikin kollektivi ilə söhbət edib.
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, həmçinin, İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak edib. Dövlətimizin başçısı əvvəlcə yolun texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərə və videofilmə baxıb.
Məlumat verilib ki, son dövrlərdə paytaxtla yanaşı, bölgələrdə də yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlərin miqyası artıb. Bu gün respublika əhəmiyyətli yollarla bərabər, rayon və kənddaxili yollar müasir səviyyədə inşa edilir. Yeni inşa olunan belə yollardan biri də İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yoludur. Yol ən müasir səviyyədə qısa müddətdə inşa olunub.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Dövlətimizin başçısı yeni yolda avtomobili idarə edib.
Avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Sumağallı kəndi yaxınlığında inşa edilən “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışında iştirak edib.
Prezident İlham Əliyevə stansiyanın inşası, fəaliyyəti və layihənin əsas komponentləri barədə də məlumat verilib. Bildirilib ki, stansiyanın tikintisinə 2011-ci ildə başlanılıb. Əsas və köməkçi avadanlığın təchizatı, eləcə də bütün tikinti-quraşdırma işləri “Azenco” şirkəti tərəfindən həyata keçirilib. Stansiyanın tikintisində 100 nəfər çalışıb. Tikinti işləri zamanı burada suqəbuledici quraşdırılıb, hər birinin uzunluğu 2115 metr, diametri isə 800 millimetr olan üç boru çəkilib, stansiya binası inşa edilib.
Prezident İlham Əliyev idarəetmə mərkəzindən stansiyanı işə salıb. Azərbaycan Prezidenti yaradılmış şəraitdən razılığını bildirib, tapşırıqlarını verib.
* * *
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllıya səfərini başa çatdıraraq Qəbələ rayonuna gəlib.
Dövlətimizin başçısı Qəbələ şəhərindəki Heydər Əliyev parkında Ümummilli liderin abidəsinin önünə gül dəstəsi qoyub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələyə səfəri çərçivəsində “Aqro Kompleks Qəbələ” MMC-nin aqrar-sənaye kompleksinin açılışında iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə kompleksin sərgisi ilə tanış olub.
Sonra Prezident İlham Əliyev kompleksin inzibati binasında müəssisənin maketinə baxıb.
Prezident İlham Əliyevə məlumat verilib ki, müəssisə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsinin bəhrəsidir. Qəbələ rayonunun Vəndam kəndində yaradılan aqrar-sənaye kompleksinin ümumi sahəsi 26 hektardır. Müəssisəyə südlük və ətlik istiqamətli heyvandarlıq kompleksləri, müasir suvarma sisteminin tətbiqinə əsaslanan əkinçilik təsərrüfatı və aqroservis daxildir.
Prezident İlham Əliyev kompleksdə yaradılmış şəraiti yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Qəbələyə səfəri çərçivəsində Heydər Əliyev Konqres Mərkəzinin açılışında iştirak edib.
Əvvəlcə Qəbələ rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən dövlətimizin başçısı İlham Əliyev deyib: “Xoş gördük, Qəbələdə açılışlar davam edir. Hər dəfə Qəbələdə olarkən yeni obyektlərin, istirahət zonalarının, sosial obyektlərin açılışında iştirak edirəm. Bu gün də Qəbələdə Heydər Əliyev Konqres Mərkəzinin açılışını qeyd edirik. Bu, çox əlamətdar hadisədir. Bu Konqres Mərkəzi Ulu öndər Heydər Əliyevin adını daşıyır. Heydər Əliyev müstəqil Azərbaycanın banisidir, onun qurucusudur. Məhz onun fəaliyyəti nəticəsində bu gün Azərbaycan uğurla inkişaf edir. Onun zəhməti və fəaliyyəti nəticəsində Azərbaycan 90-cı illərin əvvəllərində o ağır vəziyyətdən şərəflə çıxa bilmişdir, inkişaf yoluna qədəm qoymuşdur. Biz isə onun yolunu davam etdiririk.
Azərbaycan bu gün ən sürətlə inkişaf edən ölkələrin sırasındadır. Həm ölkəmizin iqtisadiyyatı, siyasi potensialı, eyni zamanda, bölgələri inkişaf edir. Qəbələdə belə möhtəşəm binaların, sarayların yaradılması əlbəttə, onu göstərir ki, Azərbaycan sözün əsl mənasında müasir dövlətdir, güclü dövlətdir. Bizim bölgələrimiz də paytaxtdan geri qalmamalıdır. Mən bu vəzifəni bir neçə il bundan əvvəl qarşıya qoymuşam ki, bütün şəhərlər gərək inkişaf etsin və bölgələrdə şərait böyük şəhərlərdə olan şəraitə uyğun olsun.
Qəbələdə, ümumiyyətlə, son illər ərzində böyük quruculuq, inkişaf işləri gedir. Siz bunun şahidisiniz, bu işlərin iştirakçılarısınız. Bu gün böyük aqrokompleksin fəaliyyəti ilə tanış olmuşam. Bu gün, eyni zamanda, yeni otelin açılışı gözlənilir. Artıq bir neçə beşulduzlu otel fəaliyyət göstərir. Bu otellərin fəaliyyəti, eyni zamanda, Beynəlxalq Aeroportun tikilməsi artıq Qəbələni beynəlxalq mərkəzə çevirir. Dünyada indi Qəbələ haqqında kifayət qədər geniş məlumatlar vardır. Burada keçirilən beynəlxalq tədbirlər, siyasi, mədəni tədbirlər Qəbələnin şöhrətini bütün dünyaya yayır. Burada ənənəvi musiqi festivalı keçirilir. Bu yaxınlarda növbəti festival keçirilmişdir. Dünyanın aparıcı musiqiçiləri, ifaçılar, bəstəkarlar Qəbələyə toplaşırlar. Qəbələnin və Azərbaycanın mədəni həyatına bu festivalın fəaliyyəti böyük töhfədir.
Bu günlərdə isə Qəbələdə Türkdilli Dövlətlərin Dövlət Başçılarının Zirvə Görüşü keçiriləcək. Bu zirvə görüşünün Qəbələdə keçirilməsi əlbəttə ki, vacib məsələdir. Keçən dəfə Azərbaycanda bu zirvə görüşü 2009-cu ildə Naxçıvanda keçirilmişdir. Naxçıvan da, Qəbələ də Azərbaycanın qədim diyarıdır. Bu şəhərlərin böyük tarixi vardır. Bu dəfə yenə də növbə Azərbaycana çatanda mən qərar qəbul etdim ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti zirvə görüşü Qəbələdə keçirilsin. Həm qonaqlar Azərbaycanla daha da geniş şəkildə tanış olacaqlar, həm Qəbələ üçün bu tədbirin keçirilməsi əhəmiyyət daşıyır. Bir də ki, burada istənilən beynəlxalq tədbirin keçirilməsi üçün imkanlar vardır. Belə möhtəşəm konqres zalları heç də hər bir ölkədə tikilmir. Aeroport, bir neçə beşulduzlu otel, digər otellər, turizm mərkəzləri, keçən dəfə burada olarkən mədəniyyət mərkəzinin açılması onu göstərir ki, doğrudan da, burada çox böyük işlər görülür. Həm dövlət öz vəsaitini ayırır, bütün infrastruktur layihələri dövlət hesabına icra edilir, eyni zamanda, özəl qurumlar həm biznes sahəsinə, həm də ki, sosial obyektlərə investisiya qoyurlar. Bu, çox sevindiricidir. Çünki biznesin sosial məsuliyyətli məsələləri dünyada geniş müzakirə olunur. Bəzi ölkələrdə böyük bizneslə məşğul olanlar sosial məsələlərə o qədər də diqqət yetirmir. Azərbaycanda isə mənim tövsiyələrimlə biznes qurumları da öz sosial məsuliyyətini dərk edir və sosial məsələlərin həllinə də kömək göstərirlər. İndi Qəbələdə keçən illərdə görülmüş işləri siz məndən yaxşı bilirsiniz. Sadəcə olaraq onu qeyd etmək istəyirəm ki, infrastruktur, sosial obyektlər, aeroport, yollar, qazlaşdırma, elektriklə təchizat, turizm kompleksləri - bütün bunlar düşünülmüş siyasətin nəticəsidir.
Qəbələ artıq beynəlxalq turizm mərkəzinə çevrilibdir. Burada dağ xizək kurortu da yaradılır. Eyni zamanda, Qəbələnin sənaye potensialı da artır. İş yerləri, yeni müəssisələr, zavodlar, fabriklər açılır. Bu fabriklər, zavodlar müxtəlif sahələri əhatə edir. Qəbələnin timsalında biz Azərbaycan bölgələrinin uğurlu inkişafını görürük. Burada görülən işlər yüksək qiymətə, təqdirə layiqdir. Mən bu işləri alqışlayıram. Əminəm ki, gələcəkdə də Qəbələ şəhəri, Qəbələ rayonu uğurla inkişaf edəcəkdir.
Sizə isə cansağlığı, xoşbəxtlik, yeni uğurlar arzulayıram”.
Rayon sakini Arifə Babayeva Qəbələnin sürətli inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə qəbələlilərin minnətdarlığını çatdırıb.
Daha sonra dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib, konfrans zalı ilə tanış olub.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Qəbələdə “Qafqaz Karvansaray” otel kompleksinin açılışında da iştirak edib.
Daha sonra Prezident İlham Əliyev yenidən qurulan Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ-Oğuz hissəsinin açılışında iştirak edib.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verib ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolu Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşir və respublikanın ən böyük turizm marşrutlarından olan yolun bir hissəsidir. Uzunluğu 42 kilometr olan yolun 20 kilometri Qəbələ rayonunun, 22 kilometri isə Oğuz rayonunun ərazisinə düşür.
Qeyd olunub ki, avtomobil yolu respublikamızın şimal-qərb rayonları ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin iqtisadiyyatın və turizmin inkişafında mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
* * *
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 14-də Oğuz və Şəki rayonlarında da səfərdə olub.
Xəbər lenti
Hamısına baxAnalitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16

