Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Oğuz rayonuna və Şəki şəhərinə səfər edib

Azərbaycan Prezidenti İlham Əliyev Oğuz rayonuna və Şəki şəhərinə səfər edib

16.08.2013 [09:29]

Xəbər verdiyimiz kimi, avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oğuz rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı Oğuz şəhərinin mərkəzindəki Heydər Əliyev parkında Ümummilli liderin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Oğuz rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov Heydər Əliyev parkında aparılan quruculuq və abadlıq işləri barədə dövlətimizin başçısına məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Oğuzda inşa edilən Heydər Əliyev Mərkəzində tikinti işlərinin gedişi ilə tanış olub.
Dövlətimizin başçısına məlumat verilib ki, Oğuzda Ulu öndərin adını daşıyan prospektdə inşa edilən Heydər Əliyev Mərkəzi şəhərin görünüşünü daha da zənginləşdirəcək.
Prezident İlham Əliyev Mərkəzdə tikinti işlərinin gedişi ilə tanışlıqdan sonra müvafiq tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev daha sonra, Oğuz şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib.
Əvvəlcə dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev deyib: “Bu gün gözəl gündür. Gözəl tədbir keçirilir, bu gün Oğuz şəhərinin içməli su ilə təminatı həll olunur. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Əminəm ki, bu layihə Oğuz əhalisinin rahat yaşaması üçün növbəti töhfə olacaqdır.
İçməli su-kanalizasiya layihələri ölkəmizdə müxtəlif yerlərdə icra edilir və son aylar ərzində bu iş daha da geniş vüsət almışdır. Biz keçən həftə Kürdəmirdə, bu gün isə İsmayıllıda içməli su layihələrinin açılışını qeyd etmişik, indi isə Oğuzda. Bundan sonrakı aylarda hələ ki, içməli su ilə tam şəkildə təmin olunmayan bütün başqa bölgələrdə də bu layihələr icra ediləcəkdir. Biz vətəndaşları içməli su ilə təmin edəcəyik. İnsanların sağlamlığı, rahat yaşaması üçün çox vacib layihələrdir. Bilirəm ki, Oğuz rayonunda içməli su-kanalizasiya problemi uzun illərdir insanları narahat edirdi. Biz bu məsələni birdəfəlik həll etmişik və bundan sonra Oğuzda içməli su problemi olmayacaqdır.
Eyni zamanda, kəndlərdə də su xətləri çəkilir. Mənə verilən məlumata görə, bir neçə kənddə artıq içməli su problemi həll edilmişdir. Gələcəkdə Azərbaycanda bu problem tamamilə aradan qaldırılmalıdır. Bu, böyük layihələrdir, böyük vəsait, texniki peşəkarlıq tələb edən layihələrdir. Ancaq Azərbaycan dövləti güclü dövlətdir. Bu layihələrin icra edilməsi onu göstərir ki, biz istənilən məsələni həll edə bilərik və regionların sosial-iqtisadi inkişafı artıq reallıqdır. Hər bir yerdə, hər bir bölgədə, hər bir şəhərdə infrastruktur layihələri icra edilir, insanların rahat yaşaması üçün işlər görülür, iş yerləri açılır.
Mən Oğuzda dəfələrlə olmuşam, bundan əvvəlki səfərlərimdə müxtəlif açılışlarda iştirak etmişəm. Yadımdadır, xəstəxananın, Olimpiya Kompleksinin açılışını bərabər qeyd etmişdik. Keçən dəfə burada olarkən böyük parkın açılışını qeyd etdik. Bu gün su layihəsi artıq istifadəyə verilir, Heydər Əliyev Mərkəzi tikilir, yaxın zamanlarda yəqin ki, bir daha görüşəcəyik. Yəni, biz Oğuz rayonunun timsalında Azərbaycanın dinamik inkişafını görürük - sosial obyektlər tikilir, eyni zamanda, iş yerləri açılır. Səfərlərimin birində qlükoza zavodunun açılışında da iştirak etmişdim və zavodun gələcək fəaliyyəti ilə bağlı göstərişlər də verilmişdir. Yəni, Oğuzda sənaye, iş yerləri layihələri icra edilir, sosial obyektlər, - indi uşaq bağçası açılacaqdır, - su layihələri, qazlaşdırma artıq şəhərdə həll olunubdur, təbii qaz var, kəndlərdə də bu xətlər çəkilir. Bax, budur bizim yanaşmamız. Hər bir bölgədə bu layihələr icra edilir, icra ediləcəkdir. Elə etməliyik ki, insanları narahat edən bir dənə də olsun məsələ qalmasın. O cümlədən kənd yollarının, körpülərin tikintisi. Burada kənd yollarının tikintisinə vəsait ayrılmışdır, körpü tikilmişdir. İndi buraya gələrkən Qəbələ-Oğuz yolunun rəsmi açılışını qeyd etmişik, artıq bu yol neçə vaxtdır ki, istifadədədir, çox rahat, gözəl yoldur. Ondan sonra Şəki-Qax yolu açılışa hazırdır. Bu yol da məsafəni təxminən 2 dəfə qısaldır və yol şimal-qərb sərhədimizə qədər uzanır. İnsanlar Bakıdan ta Balakənə qədər rahat yoldan istifadə edirlər, lazım olan yerlərdə yol genişlənib. Yəni, onu demək istəyirəm ki, bütün infrastruktur layihələri icra edilir - su, kanalizasiya, elektrik enerjisi, qazlaşdırma, kənd yolları, məktəblər, xəstəxanalar, Olimpiya Kompleksi, mədəniyyət obyektləri. Bundan artıq nə ola bilər?! İş yerləri açılır. Ona görə dinamik inkişaf budur. Azərbaycanın reallıqları bundan ibarətdir. Biz bütün dövrlərdə, müstəqilliyin son 20 ili ərzində inamla irəliyə gedirik, öz gücümüzü artırırıq, iqtisadiyyatımızı gücləndiririk. Bizim çox ciddi sosial siyasətimiz vardır. Bax, bu layihə sosial siyasətin əlamətidir.
Bir daha sizi bu gözəl hadisə münasibətilə, deyə bilərəm ki, tarixi hadisə münasibətilə təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik və yeni uğurlar arzulayıram”.
Rayon ictimaiyyəti adından çıxış edən Mərkəzi Xəstəxananın həkimi İradə Məmmədova diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edib.
Sonra Prezident İlham Əliyev Oğuz şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sistemlərinin yaradılması layihəsinə, sxemlərə baxıb.
Dövlətimizin başçısı mərasim iştirakçıları ilə söhbət edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, həmçinin, dövlət vəsaiti hesabına tikilən 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Dövlətimizin başçısına məlumat verilib ki, burada genişmiqyaslı tikinti-abadlıq işləri aparılıb, uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün lazımi şərait yaradılıb. Binanın foyesi və otaqlarında Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara qayğısını əks etdirən fotolara geniş yer verilib. Körpələr evi-uşaq bağçasının ərazisində əyləncə qurğuları quraşdırılıb və müxtəlif guşələr yaradılıb. Müasirliyi ilə seçilən yeni uşaq bağçasının binası sürətlə inkişaf edən Oğuz şəhərinə əlavə yaraşıq verir.
Azərbaycan Prezidentinə məlumat verilib ki, körpələr evi-uşaq bağçanın binasının inşasına 2012-ci ildə başlanılıb. İkimərtəbəli binanın ümumi sahəsi 1510 kvadratmetrdir. Körpələr evi-uşaq bağçasında 26 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulub. Burada uşaqların mənalı istirahəti, onların dünyagörüşünün və hazırlıq səviyyələrinin artırılması üçün hər cür şərait yaradılıb. Uşaqların istirahət otaqlarında müxtəlif nağıl və cizgi filmlərinin əsas səhnələrinin böyük fotoları yer alıb.
Prezident İlham Əliyev körpələr evi-uşaq bağçasında yaradılan şəraitdən razılığını bildirib, müvafiq tapşırıqlarını verib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Oğuza səfərini başa çatdıraraq Şəkiyə gəlib.
Dövlətimizin başçısı xalqımızın Ümummilli lideri Heydər Əliyevin Şəki şəhərinin mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Prezident İlham Əliyevə Ulu öndər Heydər Əliyevin abidəsinin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Bildirilib ki, son dövrlərdə bu ərazidə abadlıq işləri aparılıb, yaşıllıq zolağı daha da genişləndirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Şəkidə Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun açılışında iştirak edib.
Ümumi uzunluğu 30 kilometr, hərəkət hissəsinin eni 6 metr olan avtomobil yolunun yenidən qurulmasına 2012-ci ilin dekabrında başlanıb. Prezident İlham Əliyevin ölkəmizin avtomobil yollarının yenidən qurulması ilə bağlı verdiyi tapşırıqlar əsasında inşa olunan bu yolun mühüm əhəmiyyəti var. Çünki bu yol həm də bır sıra rayonlararası magistral avtomobil yollarına birləşir.
Dövlətimizin başçısı yeni yolda avtomobili idarə edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə də tanış olub.
Əvvəlcə dövlətimizin başçısı teatrın həyətində Şəki ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev deyib: “Yenidən Şəkidə olmağımdan çox şadam. Artıq hər il Şəkiyə gəlirəm, burada gedən işlərlə tanış oluram. Görürəm ki, Şəkidə işlər yaxşı gedir. Bu gün buraya gəlməzdən əvvəl kənd yolunun açılışını qeyd etdik. Bu da çox gözəl hadisədir. Kəndlərə gedən bütün yollar indi abad olmalıdır. Bu məqsədlə həm dövlət büdcəsindən, Prezidentin ehtiyat fondundan mütəmadi qaydada vəsait ayrılır. Bütün bölgələrdə, o cümlədən Şəki rayonunda kənd yollarının tikintisi gedir. Həm şəhər gözəlləşir, abadlaşır, həm də kəndlərdə işlər gedir. Bir sözlə, son illərdə Şəkinin dinamik inkişafı çox sevindirici haldır.
Əvvəlki səfərlərimdə sizinlə bərabər müxtəlif açılışlarda iştirak etmişik. Artıq bu dəfə Dram Teatrının təmiri ilə tanış olacağıq. Keçən dəfə Şəkidə olarkən bu teatra baxış proqramda yox idi. Sonra yoldaşlar məsləhət gördülər”.
AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov: “Cənab Prezident, hamımız təşəkkür edirik. Proqramdan çıxdınız, gəldiniz M.F.Axundzadənin vətəninə layiq təzə bir teatr açdınız. Sizə eşq olsun. Hamımız minnətdarıq”.
Prezident İlham Əliyev: “Sağ olun! Yəni, əslində proqram şərti xarakter daşıyır. Əslində görüləsi işlər görülməlidir. Şəkinin mədəni həyatının daha da dolğun şəkildə təmin edilməsi üçün əlbəttə ki, teatra yeni həyat verilməli idi. Tanış olduğum mənzərə çox acınacaqlı idi. Hətta mən soruşdum ki, artistlər burada tamaşaları necə səhnəyə qoyurlar? Amma hazırda gördüyüm bu gözəl işlər məni sevindirir. İçəridə də gedən işlərlə tanış olacağam və gələn ayın sonuna qədər teatr istifadəyə veriləcəkdir.
Şəki teatrının çox böyük ənənələri vardır. Azərbaycanda tanınır və eyni zamanda, xatırlayıram ki, 1980-ci illərdə Moskvada oxuyarkən mən Şəki teatrının tamaşasında da olmuşdum. O da özlüyündə bir göstərici idi. Çünki mərkəzi şəhər olmayan şəhərin teatrının Sovet İttifaqının paytaxtında - Moskvada tamaşaları təqdim edilməsi əlbəttə ki, teatrın potensialından xəbər verirdi. Yəni, ənənələr var, siz bu ənənələri qoruyursunuz.
Əlbəttə, teatrın binasının təmiri hesab edirəm ki, çox vacib məsələdir. Şəki teatrı üçün gözəl bina olmalıdır. Bu bina da indi, bundan sonra əlli il, bəlkə ondan da çox xidmət göstərəcəkdir. Bu teatrın təmiri, bərpası hesab edirəm ki, son illər Azərbaycanda bu sahədə görülən işlərin əlamətidir. Bildiyiniz kimi, Bakı şəhərində bütün teatrlar, bütün muzeylər əsaslı təmir edilibdir. Yeni muzeylər, teatrlar tikilib açılır, o cümlədən bölgələrdə. Yəni, Azərbaycanın mədəni həyatı bütün dövrlərdə çox zəngin idi və xalqımız üçün çox vacib idi. Bu gün də belədir, humanitar sahəyə, mədəniyyət sahəsinə çox böyük diqqət göstərilir. Təsadüfi deyil ki, Azərbaycanda bu istiqamətdə görülən işlər beynəlxalq birlik tərəfindən də qiymətləndirilir. Azərbaycanda - Bakıda, başqa yerlərdə musiqi festivallarının, beynəlxalq muğam müsabiqəsinin, beynəlxalq mədəniyyətlərarası dialoq forumlarının keçirilməsi humanitar sahənin nə qədər vacib olduğunu göstərir. Əlbəttə, teatr sənətinin Azərbaycanda çox böyük tarixi vardır. Müsəlman aləmində ilk teatr, ilk opera məhz Azərbaycanda yaranmışdır. Bu, bizim böyük sərvətimizdir. Biz bunu qorumalıyıq və gələcək nəsillər üçün saxlamalıyıq. Çünki hər bir ölkənin inkişafı təkcə iqtisadi göstəricilərlə ölçülmür. Azərbaycanın mədəni həyatı kifayət qədər zəngindir.
Bizim, ümumiyyətlə, çox zəngin mədəniyyətimiz vardır. Şəkinin də Azərbaycan tarixində, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi yeri vardır. Şəki Azərbaycanda və deyə bilərəm yəqin ki, bölgədə və dünyada öz gözəlliyi ilə seçilən bir şəhərdir. Burada əlbəttə ki, təbiət və memarlıq, qədim və tarixi binalar, Şəkinin şəhərsalma qaydaları gözəl bir mənzərə, bir vəhdət yaradır. Təsadüfi deyil ki, Şəkinin mədəniyyəti ilə maraqlananların sayı getdikcə artır. Həm daxili turizm artır, həm xaricdən gələn qonaqların sayı. Burada artıq yeni gözəl mehmanxanalar yaranmaqdadır. Gözəl şərait yaradılır. Yəni, Şəkinin Azərbaycan tarixində öz layiqli yeri vardır. Əlbəttə ki, Xan sarayı Azərbaycan mədəniyyətinin dəyəridir və onun böyük sərvətidir.
Bu gün biz, eyni zamanda, “Şəki Xanlarının evi”nin təmirdən sonra istifadəyə verilməsini qeyd edəcəyik. Bu da çox əlamətdar hadisədir ki, Şəkinin tarixi və zəngin mədəniyyəti qorunsun, saxlanılsın, gələcək nəsillərə ötürülsün və Şəki dünya miqyasında tanınan bir şəhərə çevrilsin. Şəki buna layiqdir. Həm tarix, mədəniyyət, özünəməxsus həyat tərzi, mətbəx - bax, bütün bu amillər Şəkinin gözəl xüsusiyyətləridir. Siz şəkililər, əlbəttə, bunu məndən yaxşı bilirsiniz. Amma onu da bilirsiniz ki, Azərbaycanın demək olar ki, bütün yerlərində Şəkiyə çox böyük hörmət və maraq vardır. İstərdim ki, Azərbaycanın bütün vətəndaşları vaxt tapıb Şəkiyə səfər etsinlər. İndi şərait yaxşılaşır, yollar da çəkilir və nəqliyyat vasitələri müasirləşdirilir. Ona görə də gələcəkdə daxili və xarici turizm inkişaf edəcəkdir. Biz gərək Şəkidə gələcəkdə beynəlxalq tədbirlərin sayını da artıraq. Əlbəttə ki, görülən işlərin arasında teatrın öz yeri vardır.
Əvvəlki səfərlərimdə, digər açılışlarda bərabər iştirak etmişik. Keçən dəfə şəhər xəstəxanasının açılışını qeyd etmişik. Olimpiya Mərkəzi, digər obyektlər, tarixi obyektlər bərpa olunub. Bir daha demək istəyirəm ki, bu teatr da böyük ənənələrə malikdir. Əminəm ki, bu ənənələr burada bundan sonra da yaşayacaqdır. Bir daha sizi salamlayıram və təbrik edirəm”.
Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının direktoru Hikmət Nəbili rayon ictimaiyyətinin minnətdarlığını çatdırıb.
Görülən işlərlə tanış olan Azərbaycan Prezidenti binanın təmirdən əvvəlki vəziyyətini əks etdirən fotolara da baxıb.
Yenidənqurma işləri ilə tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzulayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəkiyə səfəri çərçivəsində “Şəki Xanlarının evi”nin açılışında da iştirak edib.
Son illərdə ölkədə mədəniyyət sahəsi də yüksək səviyyədə dövlət qayğısı ilə əhatə olunub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva regionlara səfərləri zamanı mədəniyyət obyektləri ilə də yaxından tanış olurlar. Dövlətimizin başçısı lazım gəldikdə onların yenidən qurulması ilə bağlı tapşırıqlarını verir. Xatırladaq ki, 2006-cı il aprel ayının 13-də Prezident İlham Əliyevin Şəkiyə səfəri zamanı uzun illər ərzində əsaslı təmir edilməyən və yararsız vəziyyətə düşmüş “Şəki Xanlarının evi”nin təmir edilməsi barədə dövlətimizin başçısının tapşırığına əsasən XVIII əsrə aid bu tikili yenidən qurulub.
Dövlətimizin başçısı binanın, Heydər Əliyev və M.F.Axundzadə prospektlərinin bərpadan əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxıb.
Bina ilə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, “Şəki Xanlarının evi”nin bərpası işlərinə 2012-ci ilin noyabrında başlanılıb. Altı otaqdan, dörd dəhlizdən və iki eyvandan ibarət bina çiy kərpicdən tikilib, pəncərələri şəbəkə üsulu ilə düzəldilib. Ərazisi 700 kvadratmetr olan binanın yenidən qurulması Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında aparılıb. Otaqlardan biri xüsusi rəsmlərlə bəzədilib və qonaq otağı kimi nəzərdə tutulub.
Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirib.
Sonda xatirə şəkli çəkdirilib.

Paylaş:
Baxılıb: 1126 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30