/ / Azərbaycan Prezidenti İlham Əliyev Bakının Bilgəh qəsəbəsində müharibə və əmək əlilləri üçün pansionatda tikilmiş yeni korpusun açılışında iştirak edib, burada aparılan yenidənqurma işləri ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev Bakının Bilgəh qəsəbəsində müharibə və əmək əlilləri üçün pansionatda tikilmiş yeni korpusun açılışında iştirak edib, burada aparılan yenidənqurma işləri ilə tanış olub
02.10.2013 [10:22]
Oktyabrın 1-də – Beynəlxalq Ahıllar Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Bilgəh qəsəbəsində müharibə və əmək əlilləri üçün pansionatda tikilmiş yeni korpusun açılışında iştirak edib, burada aparılan yenidənqurma işləri ilə tanış olublar.
Prezident İlham Əliyevin əhalinin sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərməsi digər sosial qruplar kimi əlillərin də həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpa olunmasına şərait yaradıb. Əlilliyi olan şəxslərlə bağlı qanunvericilik son illərdə təkmilləşdirilib, bu çərçivədə 10-dək yeni hüquqi-normativ akt qəbul edilib. Azərbaycan Respublikası BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub, bununla da ölkədə əlillərin insan hüquq və azadlıqlarından tam və bərabər imkanlarla yararlanmasına sadiq olduğunu ifadə edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Prezident İlham Əliyevə məlumat verib ki, pansionat ötən əsrin 60-cı illərində inşa edilib. Uzun illər burada təmir işlərinin görülməməsi səbəbindən kompleksə daxil olan binalar yaşamaq üçün yararsız vəziyyətə düşüb və yenidənqurma işlərinin aparılması zərurətə çevrilib. Pansionatda aparılan yenidənqurma işləri çərçivəsində 7 hektar ərazi abadlaşdırılıb, ümumi sahəsi 10 min kvadratmetrdən çox olan yeni korpus inşa olunub.
Binada yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, yeni korpusda 170 nəfərin yaşaması üçün hər cür şərait yaradılıb. Mövcud korpus isə əsaslı təmirdən sonra 130 nəfərə xidmət göstərəcək. Yenidənqurma işləri tam başa çatdıqdan sonra pansionatda 300 nəfərə xidmət göstərmək mümkün olacaq. Qeyd edilib ki, yeni korpusdakı otaqlardan 160-ı bir nəfərlik, beşi iki nəfərlikdir. Ölkədə daha iki belə müəssisə fəaliyyət göstərir. Onlardan biri Gəncədə, digəri isə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonundadır.
Bildirilib ki, burada yaşayan insanların tibbi problemlərinin həlli daim nəzarətdə saxlanılır, onların sağlamlığına xüsusi diqqət göstərilir.
Binada yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva pansionatda yaşayan ahıl insanlarla görüşüblər.
Prezident İlham Əliyev çıxış edərək deyib: “Sizi salamlayıram. Bu gün bildiyiniz kimi, dünyada Ahıllar Günü qeyd edilir. Biz bu gündə əmək və müharibə veteranları üçün pansionatın yenidən qurulmasını qeyd edirik.
Bu pansionat 1960-cı illərdə tikilmişdir. 1998-ci ildə Ulu öndər Heydər Əliyev buraya gəlmişdir, veteranlarla görüşmüşdür. İndi bu pansionata yeni həyat verilir. Yeni korpus tikilmişdir. Əvvəlki korpus əsaslı təmir edilmişdir. Burada çox gözəl şərait yaradılmışdır. İndi burada 300 veteran yaşaya və dincələ bilər. Hər cür şərait vardır. Burada çox gözəl, müasir standartlar tətbiq edilib, gözəl bir otelə oxşayır.
Əslində, belə də olmalıdır. Çünki Azərbaycanda veteranlara həmişə böyük hörmət olub. Ümumiyyətlə, cəmiyyətimizin çox möhkəm dayaqları vardır və dövlətimizin də əsasları milli dəyərlərdən ibarətdir. Azərbaycan cəmiyyətində bütün dövrlərdə yaşlı nəslə, ağsaqqallara, ağbirçəklərə böyük hörmət olubdur.
Biz bu ənənələri yaşatmalıyıq. Elə etməliyik ki, gənc nəsil də bu ruhda, milli ruhda böyüsün, milli dəyərlər əsasında öz həyatını qursun və sizdən nümunə götürsün. Siz Azərbaycan üçün, ölkəmiz üçün müxtəlif dövrlərdə böyük xidmətlər göstərmisiniz, işləmisiniz və bu gün ahıl yaşlarınızda dövlət tərəfindən təmin edilmisiniz.
Bu pansionatın yenidən qurulması, bax belə müasir səviyyədə işlərin görülməsi Azərbaycan dövlətinin güclü sosial dövlət olduğunu təsdiqləyir. Mən bu barədə dəfələrlə fikirlərimi bölüşmüşəm, bir daha demək istəyirəm ki, dövlətimiz sosial dövlətdir. Sosial dövlət o dövlətdir ki, sosial sahəyə, insanlara böyük diqqət göstərilir və siyasətinin mərkəzində vətəndaş dayanır.
Bu gün müstəqil Azərbaycanda sosial dövlət anlayışı tam şəkildə təmin edilir. İldən-ilə artan pensiyalar, maaşlar, ünvanlı sosial yardım, - 120 min ailə sosial yardım alır, - son on il ərzində yoxsulluq təxminən on dəfə aşağı düşmüşdür. Köçkünlərə olan münasibət. Hər il 20 min köçkün yeni evlərə, mənzillərə köçürülür. Yaşlı nəslə olan münasibət Azərbaycanı tam şəkildə sosial dövlət kimi təcəssüm etdirir.
Güclü sosial siyasət bundan sonra da davam etdiriləcəkdir. Xüsusilə yaşlı nəslə, ağsaqqallara, ağbirçəklərə daim diqqət göstərilməlidir və göstəriləcəkdir. Belə gözəl müəssisələrin yenidən qurulması və bütün işlərin müasir səviyyədə təşkili Azərbaycan dövlətinin siyasətini və iradəsini əks etdirir.
Biz bütün sahələrdə nümunəvi ölkə olmalıyıq. Elə etməliyik ki, ölkəmiz hər bir sahədə güclənsin və vətəndaşlar daha da yaxşı yaşasınlar. Əlbəttə, inkişaf etmiş ölkələrdə yaşlı nəsil üçün evlər, pansionatlar, sanatoriyalar tikilir. Ancaq bizdən olan fərq ondan ibarətdir ki, orada bütün xidmətlər pulludur. Kimin pulu var gedir orada yaşayır, kimin pulu yoxdursa, necə deyərlər, qalır ağır vəziyyətdə.
Burada isə dövlət bütün xərcləri öz üzərinə götürmüşdür. Yəni, sizin bütün təminatınız, burada yaradılan bütün şərait və gələcəkdə bu pansionatın istismarı - bütün işlər dövlətin hesabına görüləcəkdir. Bu, bir daha göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, Azərbaycan insanıdır. Vaxtilə neft kapitalını insan kapitalına çevirmək şüarımız bu gün reallaşır.
Mən bu əziz gündə sizi ürəkdən salamlayıram. Çox şadam ki, bu günü biz sizinlə bərabər qeyd edirik. Əminəm ki, bu yeni korpusda və təmirdən çıxmış köhnə korpusda veteranlarımız rahat yaşayacaqlar”.
Sonra pansionatın sakini Mirabutalıb Talıbov çıxış edərək deyib: “Cənab Prezident.
Hörmətli Mehriban xanım.
İcazə verin, mən sizi pansionatın kollektivi adından salamlayım və “Xoş gəlmisiniz!” deyim.
Bəli, hörmətli Prezident, ataya, anaya rəhmət qazandıran övlad Sizin kimi olar. Allah Sizi saxlasın. Allah Sizin üstünüzdən əskik olmasın, Sizə ömür versin.
Siz Azərbaycan xalqının rifahı üçün nələr etməmisiniz? İlbəil pensiyalarımız artır. Elə bu yaxın günlərdə pensiyalarımız artdı. Biz xoşbəxt ahıllarıq. Ona görə ki, Sizin kimi Prezidentimiz, dayağımız vardır. Allah Sizi bizim üstümüzdən əksik etməsin. Var olasınız”.
Prezident İlham Əliyev: “Mən tanış oldum, otaqlar da rahatdır, genişdir. Bütün şərait vardır. Böyük ərazidir, 7 hektar. Şəhərdə yerləşir, Bilgəh qəsəbəsi də Bakının bir hissəsidir. İndi şəhərə getmək üçün də yaxşı imkanlar vardır, problem yoxdur.
Əsas odur ki, siz rahat yaşayasınız. Siz buna layiqsiniz. Çünki uzun illər ölkəmiz üçün, xalqımız üçün işləmisiniz. Bu gün dövlət sizin bütün qayğılarınızı öz üzərinə götürür və sizin üçün sizə layiq olan şəraiti yaradır.
Azərbaycan nadir ölkələrdəndir ki, bu sahədə çox ciddi praktiki addımlar atılır. Ahıllar üçün evlər tikilir - Bakıda, Gəncədə, Naxçıvanda belə evlər vardır. Ondan sonra uşaq evləri. Demək olar ki, onların tam əksəriyyəti təmir edilibdir. Burada həm dövlət öz sözünü deyir, eyni zamanda, ictimai təşkilatlar da, iş adamları da kömək göstərirlər. Mən xüsusilə, Heydər Əliyev Fondunun fəaliyyətini vurğulamaq istəyirəm. Məhz Fondun xətti ilə bax bu sahəyə diqqət artırılmışdır. Demək olar ki, bütün uşaq evlərində gözəl təmir işləri aparılmışdır, xəstə uşaqlar üçün internatlarda da işlər görülür. Sosial cəhətdən az təmin edilən vətəndaşlar üçün dövlət öz köməyini əsirgəməməlidir. Yəni, sosial ədalət bu deməkdir.
Əlbəttə, bu gün Azərbaycan ölkələrin əksəriyyəti kimi, iqtisadiyyatını bazar iqtisadiyyatı əsasında qurmuşdur və böyük uğurlar əldə etmişdir. Ancaq, eyni zamanda, sosial siyasət daim diqqət mərkəzindədir. Çünki biz insanlar üçün çalışırıq. Çalışırıq ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar. Kimin imkanı var imkanları daha da artıq olsun, kimin imkanı yoxdursa dövlət öz dəstəyini göstərməlidir. Azərbaycan vətəndaşları və yaşlı nəsil bilir ki, onların arxasında güclü dövlət dayanır. O dövlət ki, onları heç vaxt darda qoymaz və hər bir məsələdə onlara arxa-dayaq olacaqdır.
Çünki belə də olmalıdır. Bax bu siyasət gələcəkdə davam etdirilməlidir ki, Azərbaycanda sosial ədalət heç vaxt pozulmasın və bizim ənənələrimiz davam etsin. Buna da, ağsaqqalların sözlərinə də böyük ehtiyac vardır. Çünki bu gün dünya dəyişir, qloballaşır, bəzi ənənəvi dəyərlər itib gedir. Buna yol vermək olmaz. Çünki hər bir cəmiyyətin əsasları onun dəyərləridir. Dəyərlər üzərində qurulan cəmiyyətlər sağlam cəmiyyətlərdir. Biz elə etməliyik ki, gənclərimiz bax bu ruhda - milli ruhda böyüsün, milli adət-ənənələrə sadiq olsunlar. Ona görə dövlət tərəfindən yaşlı nəslə göstərilən bu qayğı bilavasitə cəmiyyətdə də bu məsələlərə diqqəti artırır. Sizin üçün isə yeni bir şərait yaradılıbdır və əminəm ki, rahat yaşayacaqsınız”.
Pansionatın sakini İlyas İskəndərov Ulu öndər Heydər Əliyevin xatirəsinə ümumxalq məhəbbətindən danışaraq deyib: “Cənab Prezident, fəxr edirəm ki, mənim Heydər Əliyev kimi Prezidentim olub. O, həmişə mənim ürəyimdə yaşayır. Evdə Ulu öndərin böyük bir şəklini asmışam. Həmişə o şəklə baxıb fəxr edirəm.
Mən Sizdən çox razıyam. Mənim bir ayağım yoxdur, bir qolum da şikəstdir. Özüm də 19 ildir ki, bu pansionatda yaşayıram. Mən buranın vəziyyətindən çox razıyam. 2006-cı ildə pensiyalar artandan sonra mən dörd il pensiyamı yığıb özümə bir avtomobil də almışam”.
Prezident İlham Əliyev: “Çox yaxşı”.
Daha sonra Kubra İslamova çıxış edərək deyib: “Cənab Prezident, Mehriban xanım, bizim təzə evimizə xoş gəlmisiniz. Gələn ayaqlarınız var olsun. Biz bu evi Sizin sayənizdə əldə etdik. Allah Sizi bizim üzərimizdən əksik etməsin. Sizin sayənizdə Bakı çiçəklənir, işıqlanır, yeni körpülər tikilir. Siz hər şəraiti yaratmısınız. Mehriban xanımın sayəsində də çoxlu məktəblər, uşaq bağçaları tikilmişdir. Allah Sizə cansağlığı versin”.
Prezident İlham Əliyev: “Çox sağ olun. Çox işlər görülübdür. Dediyiniz kimi, körpülər, binalar, şəhərlər tikilib. Ancaq bu işlərin içərisində əlbəttə ki, sosial məsələlər həmişə mənim üçün prioritet olub. Çünki hər şey insanlar üçündür. İnsanlar rahat, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşasınlar. Yaxşı dolanışıq olsun, işlə təmin edilsinlər. Pensiyaçı yaxşı pensiya alsın. Kimin imkanı yoxdursa dövlət də onları öz himayəsinə götürsün və onlara qulluq etsin. Ona görə belə olan halda cəmiyyətdə də müsbət ab-hava yaşanır. Bu gün bizim cəmiyyətimiz sağlam cəmiyyətdir. Bu, çox böyük üstünlükdür. Sakitlik, əmin-amanlıq, sabitlik. Görün bu gün dünyanın müxtəlif yerlərində nələr baş verir!? Toqquşmalar, müharibələr, dava-dalaş, təxribatlar, fəlakətlər. Fəlakətlər burada da oldu. Keçən il zəlzələ, ondan sonra daşqın oldu. Biz bütün bu sınaqlardan şərəflə çıxdıq. Orada minlərlə ev tikildi. Zəlzələdən sonra bir il ərzində dövlət hesabına dörd mindən çox ev tikildi. Yəni, dövlət insanların bütün ehtiyaclarını ödəməlidir. Kim ki ağır vəziyyətə düşür, dövlət mütləq öz əlini uzatmalıdır. Zəlzələ, təbii fəlakət baş verdi, evlər dağıldı. İnkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə dövlət deyir ki, get sığorta şirkətindən pulunu al, evin sığortalanıb, get pulunu al. Amma bizdə belə deyildir. Burada dövlət bütün yükü öz üzərinə götürür. Bax, bu sahədə də, ahıllar üçün tikilən ev, uşaq evləri, xəstə uşaqlar üçün internatlar, xəstəxanalar, məktəblər - bütün bunlar böyük vəsait tələb edən layihələrdir.
Bu gün dövlət güclüdür. Bu gün dünyada güclü Azərbaycan dövləti vardır ki, öz sözünü deyir və öz vətəndaşlarını daim müdafiə edir. Sizi bir daha təbrik edirəm”.
* * *
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxSiyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47

