Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynaya rəsmi səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynaya rəsmi səfər edib

19.11.2013 [09:22]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Ukraynaya rəsmi səfərə gəlib.
Azərbaycanın və Ukraynanın dövlət bayraqlarının dalğalandığı Kiyevin Borispol hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Ukraynanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
Milli geyimli qızlar dövlətimizin başçısına duz-çörək təqdim ediblər.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstələri təqdim olunub.
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kiyev şəhərindəki “Naməlum əsgər” abidəsini və “Qolodomor” qurbanlarının - 1930-cu illərdə aclıqdan həlak olanların xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Prezident İlham Əliyev Ukrayna paytaxtının hündür nöqtəsindən qədim Kiyevin mənzərəsini seyr edib.
Azərbaycan Prezidentinə Ukrayna paytaxtında görülən işlər barədə məlumat verilib.
Dünən Kiyevdə, Ukrayna Prezidenti Administrasiyasının binası qarşısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Azərbaycanın və Ukraynanın dövlət bayraqları ilə bəzədilmiş meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyevi Ukrayna Prezidenti Viktor Yanukoviç qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Hərbi orkestrin ifasında Azərbaycanın və Ukraynanın dövlət himnləri səslənib.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Prezident İlham Əliyev Ukrayna əsgərlərini salamlayıb.
Azərbaycan nümayəndə heyəti Prezident Viktor Yanukoviçə, Ukraynanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi prezidentlərin qarşısından keçib.
Dünən Kiyevdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin təkbətək görüşü olub.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Qarşılıqlı səfərlərin, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsinə mühüm töhfə verdiyi diqqətə çatdırılıb.
Söhbət zamanı Azərbaycan-Ukrayna əməkdaşlığının genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib, ölkələrimiz arasında münasibətlərin daha da genişləndiriləcəyinə əminlik ifadə olunub.
Noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin təkbətək görüşündən sonra iki ölkənin Prezidentləri Şurasının dördüncü iclası olub.
İclasda Azərbaycan və Ukrayna nümayəndə heyətlərinin üzvləri də iştirak ediblər.
Ukrayna Prezidenti Viktor Yanukoviç və Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış ediblər.
Prezident Viktor Yanukoviç deyib: “Çox hörmətli İlham Heydər oğlu.
Hörmətli iclas iştirakçıları, həmkarlar, dostlar.
Biz sizinlə bu masa arxasında dəfələrlə görüşmüşük. Bizim onlarla birgə müxtəlif tədbirlərimiz olub və bu gün növbəti dəfə Ukraynanın paytaxtı Kiyevdə toplaşmışıq. Bu, Prezident İlham Heydər oğlu Əliyevin Azərbaycanda keçirilən prezident seçkilərindən sonra Ukraynaya ilk səfəridir.
Çox hörmətli İlham Heydər oğlu, mən nümayəndə heyətimizin və Ukrayna xalqının adından Sizi prezident seçkilərindəki növbəti parlaq qələbəniz münasibətilə təbrik etmək istəyirəm. Əlbəttə ki, Sizə möhkəm cansağlığı, Sizdə həmişə olan ruh yüksəkliyi, yeni enerji, dost Azərbaycan xalqına sabitlik və tərəqqi arzulamaq istərdim.
Biz bu gün növbəti iclasımızı keçirərək bu iclası yüksək qiymətləndiririk. Biz Ukraynaya, Ukrayna xalqına olan hörmətə görə Azərbaycan Prezidentinə minnətdarıq. Əlbəttə ki, bu, bizə xoşdur. Çünki biz münasibətlərimizin müxtəlif dövrlərini, ölkələrimizin yaşadığı çətin vaxtları xatırlayırıq. Dostlar həmişə çətin anlarda tanınır. Biz Ukraynanın çox mürəkkəb vəziyyətdə olduğunu yaxşı xatırlayırıq və o zaman Heydər Əliyev Ukraynaya təmənnasız yardım göstərilməsi qərarını qəbul etdi. Müstəsna şərait yaradıldı və neft verildi. Faktiki olaraq Siz o zaman energetikamızı, kənd təsərrüfatımızı xilas etdiniz. Bu, əlbəttə ki, unudulmur.
Bizim təklifimiz vardır. Biz İlham Heydər oğlu ilə məsləhətləşdik ki, komissiyaların həmsədrlərini dinləyək. Çünki bilirik ki, komissiya hazırlaşıb, məsələlər alt qruplar səviyyəsində işlənilib.
İlham Heydər oğlu, əgər etiraz etmirsinizsə mən sözü Sizə vermək istəyirəm”.
Prezident İlham Əliyev deyib: “Çox sağ olun, çox hörmətli Viktor Fyodoroviç.
Əziz dostlar, əvvəlcə Viktor Fyodoroviç, məni yenidən Ukraynaya rəsmi səfərə dəvət etdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Məni prezident seçkilərindəki qələbəm münasibətilə səmimi təbriklərinizə görə Sizə minnətdarlığımı bildirirəm. Siz telefonla zəng edib məni təbrik edən ilk şəxslərdən biri olmusunuz. Bu, münasibətlərimizin, əməkdaşlığımızın əlamətidir. Mən ölkələrimiz arasında əlaqələrimizin möhkəmləndirilməsi işinə töhfə verən münasibətlərimizi, dostluğumuzu çox yüksək qiymətləndirirəm. Ukrayna bizim üçün dost, tərəfdaş, etibar edilməli olan ölkədir, etibarlı tərəfdaşdır. Sizin simanızda Ukrayna inkişaf və sabitlik dövrü yaşayır. Mənim Sizin dövlətinizin inkişafı üçün həyata keçirdiyiniz böyük planlardan xəbərim vardır. Əminəm ki, Sizin rəhbərliyinizlə Ukrayna bundan sonra da tərəqqi, suverenliyin möhkəmləndirilməsi, mühüm sosial infrastruktur və iqtisadi məsələlərin həlli yolu ilə gedəcəkdir. Biz Sizin dostlarınız kimi buna çox sevinirik. Öz tərəfimizdən çalışırıq ki, münasibətlərimiz bundan sonra da dərin məzmun kəsb etsin.
Ölkələrimiz arasında bir çox istiqamətlərdə sıx qarşılıqlı əlaqələr mövcuddur. Komissiyaların növbəti və Prezidentlər Şurasının bugünkü iclası da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsinin daha bir addımıdır. Həm siyasi, həm energetika, həm iqtisadi sahələrdə artıq yaxşı nəticələr və yaxşı perspektivlər vardır. Buna görə gələcək inkişaf yolumuzu müəyyənləşdirmək və artıq gördüyümüz işlərə yekun vurmaq üçün mən bugünkü Şurada həmsədrlərin məruzələrini, sonra isə yəqin ki, nazirlərin rəyini dinləmək barədə təklif olunan formatı müsbət hesab edirəm.
Bir daha qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm. Dünən də, bu gün də biz Sizinlə ikitərəfli, regional məsələlərlə bağlı ətraflı müzakirələr apardıq. Bir daha səmimi qəbula görə çox sağ olun”.
Noyabrın 18-də Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının dördüncü iclasından sonra dövlət başçılarının təltif edilməsi mərasimi olub.
Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın “Azadlıq ordeni” ilə təltif olunması barədə Prezident Viktor Yanukoviçin Sərəncamı oxunub.
Ukrayna Prezidenti Viktor Yanukoviç “Azadlıq ordeni”ni Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edib.
Sonra Ukrayna Prezidenti Viktor Yanukoviçin Azərbaycan Respublikasının “Heydər Əliyev ordeni” ilə təltif olunması barədə Prezident İlham Əliyevin Sərəncamı oxunub.
Prezident İlham Əliyev “Heydər Əliyev ordeni”ni Prezident Viktor Yanukoviçə təqdim edib.
Dünən Kiyevdə, Prezident İlham Əliyevin və Prezident Viktor Yanukoviçin təltif edilməsi mərasimindən sonra Azərbaycan-Ukrayna sənədlərinin imzalanma mərasimi olub.
Noyabrın 18-də Kiyevdə Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviç mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident Viktor Yanukoviçin bəyanatı: “Hörmətli cənab Prezident!
Hörmətli xanımlar və cənablar!
Bu gün biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev başda olmaqla Azərbaycanın ali nümayəndə heyətini növbəti dəfə qəbul edirik. Bizim görüşlərin keçdiyi ənənəvi qarşılıqlı anlaşma şəraitini qeyd etmək mənə xüsusilə xoşdur. Şübhəsiz, bizim səmimi və konstruktiv dialoqumuz Kiyev ilə Bakı arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına və dərinləşməsinə kömək edir.
Ukrayna və Azərbaycan Respublikası Prezidentləri Şurasının bugünkü növbəti, dördüncü iclasında biz bundan əvvəlki iclasdan sonrakı dövrdə görülmüş işlərə yekun vurduq, praktiki olaraq bütün mühüm istiqamətlər üzrə gələcək ikitərəfli əməkdaşlıq planlarını hərtərəfli müzakirə etdik. Bizim siyasi dialoqun inkişafı və dinamikası barədə Azərbaycan Prezidenti ilə fikirlərimiz və baxışlarımız eynidir. Biz hesab edirik ki, Ukrayna-Azərbaycan Birgə Hökumətlərarası Komissiyasının doqquzuncu və onuncu iclasları arasında keçən dövrdə biz ticari-iqtisadi münasibətləri xeyli yaxşılaşdırmışıq. Bu gün biz öz hökumətlərimizə qəti mesaj veririk ki, qazanılmış nailiyyətlərlə əsla kifayətlənmək olmaz. Biz münasibətlərimizi təkmilləşdirməkdə davam etməliyik. Biz bir sıra layihələri birlikdə həyata keçirmək niyyətindəyik. Əlbəttə, münasibətlərimizi, xüsusən ticari-iqtisadi münasibətlərimizi uzunmüddətli planlaşdırmaya keçməliyik. Hesab edirəm ki, məsələyə məhz bu cür yanaşma strateji tərəfdaşlığın maksimum konkret məzmun kəsb etməsinə şərait yaradacaqdır.
Ukrayna enerji daşıyıcılarının nəql edilməsi üçün etibarlı tranzit ölkə, Azərbaycan isə onların etibarlı təchizatçısı kimi çıxış edir. Energetika sahəsində qarşılıqlı fəaliyyət prioritet məsələlərdən biridir və ölkələrimiz karbohidrogenlərin Avropa istiqamətində nəql edilməsi məsələlərində öz səylərini birləşdirmək üçün hər cür imkana malikdirlər. Bu və digər məsələlərdə qarşılıqlı fəaliyyət dövlətlərimizin Qara dəniz-Xəzər regionunda mövqelərinin möhkəmlənməsinə kömək edəcəkdir. Biz həm də genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi sahəsində iki dövlət qarşısında yaranan imkanları müzakirə edirik.
İlham Heydər oğlu ilə birlikdə qlobal və regional gündəlikdə duran aktual məsələlərin əksəriyyəti barədə Kiyevin və Bakının yanaşmalarının üst-üstə düşməsini məmnuniyyətlə qeyd etmişik. Ölkələrimiz beynəlxalq təşkilatlar - BMT, habelə bu il Ukraynanın sədrlik etdiyi ATƏT çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycan Prezidentinin bu səfərinin yekunlarına əsasən xarici siyasət, kənd təsərrüfatı, mədəni-humanitar sahələrdə ikitərəfli sazişlər imzalanmışdır. Sözsüz ki, bugünkü yüksək səviyyəli ikitərəfli danışıqlar çərçivəsində qəbul edilmiş qərarlar Ukrayna-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsinə səmərəli şərait yaradacaqdır.
Əlbəttə, bu gün məmnuniyyətlə qeyd edirik ki, Azərbaycan Prezidenti özünün ilk dövlət səfərini Ukraynaya etmişdir. Biz İlham Heydər oğlunu seçkilərdə layiqli qələbəsi və növbəti müddətə Prezident seçilməsi münasibətilə təbrik edirik. Bu, sabitlik əlaməti, Azərbaycan xalqının öz liderinə ən yüksək etimadının əlamətidir. Əlbəttə, Ukrayna-Azərbaycan münasibətlərinin ənənələrinə görə biz bu münasibətləri daim təkmilləşdirməyə, ticari-iqtisadi, humanitar və başqa sahələrdə yeni nailiyyətlər qazanmağa borcluyuq.
Azərbaycan və Ukrayna xalqlarının ənənəvi münasibətləri bizim ikitərəfli münasibətlərin inkişafı üçün bünövrədir”.
Prezident İlham Əliyevin bəyanatı: “Sağ olun, hörmətli cənab Viktor Fyodroviç!
Hörmətli nümayəndə heyətinin üzvləri!
Hörmətli mətbuat nümayəndələri!
Mən ilk növbədə Sizin gözəl ölkənizə səfərə dəvətə, mənə və Azərbaycan nümayəndə heyətinin üzvlərinə göstərilən qonaqpərvərliyə, eləcə də prezident seçkilərində qələbə münasibətilə təbriklərə görə, Ukrayna Prezidenti Viktor Fyodoroviç Yanukoviçə təşəkkürümü bildirmək istərdim.
Qeyd etmək istərdim ki, mənim bu səfərim inauqurasiya mərasimindən bir ay sonra baş tutur. Fikrimcə, bu fakt özü çox şeyə dəlalət edir. Ukrayna Azərbaycan üçün yaxın tərəfdaş, etibarlı tərəfdaş, dost ölkə və strateji tərəfdaşdır. Bizim münasibətlərimiz praktiki olaraq iqtisadiyyatın bütün sahələrini, sosial sahəni əhatə edir. Viktor Fyodoroviçin qeyd etdiyi kimi, biz beynəlxalq təşkilatlarda fəal qarşılıqlı əlaqə saxlayırıq.
Fürsətdən istifadə edib Ukraynanı ATƏT-də artıq başa çatmaqda olan uğurlu sədrliyi münasibətilə təbrik etmək, həmçinin bildirmək istərdim ki, bu il Azərbaycanın BMT Təhlükəsizlik Şurasında üzvlüyü də başa çatır. Bu, bizim ölkələrimizin nüfuzunun göstəricisidir. Biz dünya siyasətinin qlobal məsələlərinin həllində fəal iştirak edir və buna öz töhfəmizi veririk. Ukrayna və Azərbaycan müstəqil xarici siyasət kursunu həyata keçirən ölkələrdir. Bizim ölkələr öz aralarında fəal qarşılıqlı əlaqə saxlayır, bütün beynəlxalq təşkilatlarda həmişə bir-birini dəstəkləyir.
Bu gün biz qarşılıqlı maraq doğuran məsələlərin geniş spektrini - iqtisadi və humanitar sahələrlə bağlı məsələləri müzakirə etdik. Bizim yaxşı planlarımız, nazirliklər səviyyəsində yaxşı əlaqələrimiz vardır. Yanacaq-energetika sektorunun məsələləri bizim münasibətlərin gündəliyində həmişə xüsusi yer tutmuşlar. Bu gün biz gələcəkdə bu sahədə hansı yolla daha sıx kooperasiya qura biləcəyimizi müzakirə etdik. Çünki bizim fəal qarşılıqlı əlaqə saxlaya biləcəyimiz istiqamətlər çoxdur. Azərbaycan enerji ehtiyatlarının istehsalçısı kimi, Ukrayna isə istehlakçısı və tranzit ölkə kimi bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayırlar. Buna görə də Xəzər və Qara dəniz regionlarının əməkdaşlığı, o cümlədən energetika sahəsində əməkdaşlıq məhz bizim birgə fəaliyyətimizin nəticəsidir. Azərbaycan uzun illərdir ki, öz enerji ehtiyatlarının Qara dəniz, Aralıq dənizi bazarlarına və dünya bazarlarına etibarlı nəql olunmasını və çatdırılmasını təmin edir.
Hərbi-texniki sahədə də yaxşı əməkdaşlıq ənənələri vardır. Biz burada da etibarlı tərəfdaşlarıq və bir-birimizi çoxdan sınamışıq. Hesab edirəm ki, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün potensial vardır. Müştərək elmi araşdırmalar sahəsində də yaxşı perspektivlər vardır.
Bu gün imzalanmış sazişlər də əsas diqqəti, bizim fikrimizcə, yaxşı potensialın olduğu sahələrə yönəldir. Bunlar regionlararası əməkdaşlıq məsələləridir. Zənnimcə, bizim regionların yaxınlaşması üzrə səylərimizi artırmalıyıq və qardaşlaşmış şəhərlər kimi yaxşı praktikaya ciddi münasibət bəsləməliyik. Aqrar siyasətlə bağlı məsələlər bizim üçün əlbəttə, Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından vacibdir. Bu sahədə Ukraynanın həm istehsal, həm də ixrac potensialı çox böyükdür.
Başqa sözlə desək, əməkdaşlığın bir sıra sahələrində bizim yaxşı, müsbət nəticələrimiz vardır. Deməliyəm ki, Azərbaycanda Ukraynanı tanıyırlar, sevirlər. Bakı Slavyan Universitetində Ukrayna dili öyrənilir. Yəni, humanitar sahədə də bütün işlərimiz yaxşıdır. Bu gün biz humanitar sahədə münasibətlərimizin daha da inkişaf etdirilməsi, o cümlədən ölkələrimizin mədəniyyət günlərinin keçirilməsi yollarını müəyyən etdik ki, mədəniyyətlərarası dialoq inkişaf etsin. Bunun üçün yaxşı perspektivlər vardır.
Deməliyəm ki, səfərin nəticələrindən çox məmnunam. Viktor Fyodoroviçlə biz regional, beynəlxalq problemlərin ən mühüm məsələlərinə dair ətraflı fikir mübadiləsi apardıq. Viktor Fyodoroviçin qeyd etdiyi kimi, baxışlarımız üst-üstə düşür. Biz dostuq, tərəfdaşıq və güman edirəm ki, bu səfərin yekunlarına əsasən tərəfdaşlığımız daha yüksək səviyyəyə çatacaqdır.
Qonaqpərvərliyə görə Viktor Fyodoroviçə bir daha təşəkkür etmək, qardaş Ukrayna xalqına firavanlıq və tərəqqi diləmək istəyirəm.
Təşəkkür edirəm”.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Kiyevdə, onun üçün ayrılmış dövlət iqamətgahında Ukraynanın Baş naziri Nikolay Azarov ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Ukrayna arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın dinamik inkişaf etdiyi qeyd olunub, bütün istiqamətlərdə səmərəli qarşılıqlı fəaliyyətin mövcudluğu vurğulanıb. Birgə layihələrin müzakirəsinin ticarət dövriyyəsinin genişlənməsi baxımından əhəmiyyətinin qeyd edildiyi görüşdə bu sahədə yaxşı perspektivlərin olduğu bildirilib. Azərbaycan məhsullarının, o cümlədən kənd təsərrüfatı məhsullarının Ukrayna bazarına çıxarılması, taxılçılıq, heyvandarlıq və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğu diqqətə çatdırılıb.
Ölkələrimizin tikinti sektorunda yaxşı perspektivlərin olduğu bildirilən görüşdə sənaye, infrastruktur sahələrində də əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib. Energetika sahəsində əməkdaşlıq üçün yaxşı imkanların mövcudluğundan, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ukraynada uğurlu fəaliyyətindən məmnunluq bildirilib.
Ukraynaya Azərbaycan investisiyalarının qoyulması sahəsində imkanların araşdırılmasının mümkünlüyü qeyd edilib.
Görüşdə Azərbaycan ilə Ukrayna arasında humanitar əməkdaşlığın uğurla inkişaf etdiyi diqqətə çatdırılıb.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Ukrayna parlamentinin binasında Ali Radanın sədri Vladimir Rıbak ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyəti qeyd edilib.
Söhbət zamanı parlamentlərarası əməkdaşlığın, dostluq qruplarının əlaqələrimizin inkişafındakı rolu vurğulanıb. Azərbaycan ilə Ukraynanın beynəlxalq təşkilatlarda, o cümlədən beynəlxalq parlament qurumlarında birgə uğurlu əməkdaşlığının həyata keçirilməsindən məmnunluğun ifadə edildiyi görüşdə əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.
* * *
Noyabrın 18-də Ukraynaya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kiyevdəki Heydər Əliyev Parkında görülən işlərlə tanış olub.
Park bu il aprelin 25-də - Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində açılıb.
Prezident İlham Əliyev Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin parkda ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Dövlətimizin başçısı parkı gəzib.
Parkda Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən kompozisiya elementləri yüksək peşəkarlıqla işlənib. Burada işıqlandırmadan tutmuş nadir “Şeyx Səfi” xalısının surətinədək hər şey fərdi sifariş əsasında Ukrayna, İtaliya, Almaniya və Azərbaycanda hazırlanıb. Parkın inşaat kompozisiyası Azərbaycanın qədim rəmzləri olan Bakının Qala divarları, Şirvanşahlar dövlətinin gerbi, “Şeyx Səfi” xalısının maketləri əsasında qurulub. Parkın landşaft kompozisiyası isə dövlətimizin coğrafi şəraitinin və florasının müxtəlif elementləri ilə tamamlanır.
Yeni salınan parkda aparılan yaşıllaşdırma işləri zamanı əsasən Azərbaycan florasına məxsus nadir ağaclara və bitkilərə üstünlük verilib. Bu da parkın özünəməxsusluğunu artıran amillərdir.
Sonda xatirə şəkli çəkdirilib.
* * *
Noyabrın 18-də Kiyevdəki “Qəbullar evi”ndə Ukrayna Prezidenti Viktor Yanukoviç tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilib.
Dövlət başçıları qəbulda çıxış ediblər.
* * *
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Kiyevin Borispol hava limanında Prezident İlham Əliyevi Ukraynanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.
* * *
Noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasına işgüzar səfərə gəlib.
Vyananın Şvexat Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi Avstriyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Paylaş:
Baxılıb: 1000 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30