Danışıqlar nəticə vermədi...
14.04.2026 [09:56]
İslamabadda “pat” vəziyyəti
ABŞ və İran razılıq əldə etmədi - ikinci raund olacaqmı?
Hazırda dünyanın əsas diqqət mərkəzində olan Yaxın Şərq müharibəsinin yekunlaşmasını hədəfləyən 11 aprel danışıqları ürəkaçan nəticələrlə yekunlaşmadı. Qeyd edək ki, ABŞ və İran nümayəndə heyətləri arasında keçən 3 raundluq danışıqlar prosesində əsas detallar üzrə - Hörmüz boğazının açılması və atəşkəs şərtləri barədə fundamental razılıq əldə edilməyib. Xarici nəşrlərin yazdığına görə, İranın irəli sürdüyü “10 maddəlik sülh planı” və ABŞ-ın əsasında “qeyd-şərtsiz geri çəkilmə” tələbləri əks olunan 15 maddəlik sülh planı arasında kompromis əldə olunmayıb.
Konsensus alınmadı...
Yayılan məlumatlara görə, İslamabad danışıqları zamanı bir neçə məsələ xüsusilə diqqət mərkəzində olub. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, razılıq əldə olunmayan məsələlərə Hörmüz boğazına nəzarət, nüvə məsələləri, təzminatlar, sanksiyaların ləğvi və regiondakı münaqişəyə qəti son qoyulması daxildir. Bəqayi qeyd edib ki, danışıqların uğuru birbaşa Vaşinqtonun niyyətlərinin ciddiliyindən və maksimalist yanaşmanı və qanunsuz tələbləri rədd etməsindən asılıdır. Onun sözlərinə görə İran və ABŞ bir sıra məsələlərdə qarşılıqlı anlaşma əldə ediblər, lakin 2 və ya 3 vacib məsələdə fikir ayrılığı yaranıb və buna görə də razılıq əldə edilməyib. O, həmçinin bildirib ki, danışıqlar inamsızlıq şəraitində gedib və heç kim bir sessiyada razılığa gəlinəcəyini də gözləmirdi.
Vens: Biz kifayət qədər güzəştə getmişik
ABŞ tərəfi də görüşün neqativ sonluqla nəticələndiyini bildirib. ABŞ-ın vitse-prezidenti C.D.Vens deyib ki, “İranlılarla bir sıra mənalı müzakirələr apardıq. Bu, yaxşı xəbərdir. Pis xəbər isə odur ki, biz razılığa gələ bilməmişik”. Vens bildirib ki, ABŞ hələ İranın nüvə silahı proqramından imtina etmək istəyini görməyib: “Sadəcə olaraq, iranlıları şərtlərimizi qəbul etməyə vadar edə bilməmişik. Düşünürəm ki, kifayət qədər çevik olmuşuq. Biz kifayət qədər güzəştə getmişik. Prezident (ABŞ-ın Donald Tramp-red.) bizə dedi ki, biz buraya ən yaxşı niyyətlərlə gəlməli və razılaşma əldə etmək üçün əlimizdən gələni etməliyik. Biz bunu etdik, amma təəssüf ki, heç bir irəliləyiş əldə edə bilməmişik. Qırmızı xətlərimiz, onları nəyə razı salmağa hazır olduğumuz və nəyə razı salmadığımız barədə çox aydın şəkildə danışdıq və bunu mümkün qədər aydın şəkildə bildirdik. Və onlar şərtlərimizi qəbul etməməyi seçdilər”.
Vens qeyd edib ki, ABŞ İrana son və ən əlverişli təklifini verdikdən sonra İslamabaddan ayrılır. Onun sözlərinə görə, bundan sonra qərar Tehranındır.
Tramp Hörmüz boğazını blokadaya alır
ABŞ Prezidenti Donald Tramp İslamabad danışıqlarına sosial media platforması “Truth Social”da iki paylaşımla münasibət bildirib. Həmin paylaşımlarda o, ABŞ-ın “Hörmüz boğazına girməyə və ya çıxmağa çalışan bütün gəmiləri blokadaya almağa” başlayacağını və “blokadanın tezliklə başlayacağını” bildirib. Tramp “müəyyən bir məqamda” boğazdan sərbəst naviqasiya ilə bağlı razılaşma əldə ediləcəyinə əmin idi - bildirib ki, “İran sadəcə “Orada bir yerdə mina ola bilər” deyərək bunun qarşısını aldı ki, bu minaların yerini onlardan başqa heç kim bilmir” deyib.
Tramp həmçinin yazıb ki, o, “ABŞ Hərbi Dəniz Qüvvələrinə beynəlxalq sularda İrana rüsum ödəmiş hər bir gəmini müəyyən etməyi və saxlamağı əmr edib” və ABŞ Hərbi Dəniz Qüvvələri “boğazda iranlılar tərəfindən qoyulmuş minaları məhv etməyə” başlayacaq. “İran Hörmüz boğazını açacağına söz verib, lakin bu vədi qəsdən yerinə yetirməyib”, Tramp deyib. “Bu, dünyanın bir çox insanı və ölkəsi üçün narahatlıq, pozuntu və əzab yaradıb. Onlar söz verdiyindən, bu BEYNƏLXALQ SU YOLUNUN açılması prosesinə başlamalıdırlar və ən qısa zamanda!”
Tramp yazıb ki, “görüş yaxşı keçdi, əksər məqamlarda razılıq əldə edildi, lakin həqiqətən vacib olan bir məqamda - nüvə məsələsində razılıq əldə olunmadı”. “Təxminən 20 saatlıq” danışıqlardan sonra “yalnız bir vacib məsələ ortaya çıxdı - İran nüvə ambisiyalarindan güzəşt etməyə hazir deyil!”
Tramp onu da qeyd edib ki, “Bir çox cəhətdən razılaşdırılmış məqamlar hərbi əməliyyatlarımızı sona qədər davam etdirməkdən daha yaxşıdır, lakin bütün bu məqamlar nüvə enerjisinin bu cür qeyri-sabit, mürəkkəb və gözlənilməz insanların əlinə keçməsinə icazə verməklə müqayisədə əhəmiyyətsizdir”.
Trampın paylaşımlarına cavab olaraq, İran İslam İnqilabı Keşikçiləri Korpusu İran təhlükəsizlik qüvvələrinin Hörmüz boğazına tam nəzarət etdiyini bildirib. Bəyanatda deyilir: “Düşmən səhv addım atsa, özünü boğazda ölümcül bir girdabda tapacaq”.
ABŞ Prezidenti Donald Tramp İranın danışıqlar masasına qayıdıb-qayıtmamasından narahat olmadığını bildirib. O, bu barədə Endryus Hərbi Hava Qüvvələri Bazasına eniş etdikdən sonra jurnalistlərə danışıb: “Onların danışıqlar masasına qayıdıb-qayıtmamalarının mənim üçün fərqi yoxdur. Əgər qayıtmasalar, mənim üçün problem deyil”.
Ağ Ev rəhbərinin sözlərinə görə, “İran çox pis vəziyyətdədir” və çarəsizdir.
Əraqçi: Proses blokadaya salınıb
İranın xarici işlər naziri Abbas Əraqçi da Vaşinqtonla danışıqların gedişi ilə bağlı sərt açıqlama verib. Nazir bildirib ki, son 47 ildə ən yüksək səviyyədə aparılan intensiv danışıqlar çərçivəsində İran ABŞ ilə müharibəyə son qoymaq üçün “xoş niyyətlə” masa arxasına əyləşib.
Əraqçinin sözlərinə görə, tərəflər artıq “İslamabad Anlaşma Memorandumu”nun imzalanması ərəfəsində olub. Lakin məhz bu mərhələdə ABŞ tərəfindən maksimalist tələblər irəli sürülüb, şərtlər davamlı dəyişdirilib və proses blokadaya salınıb.
Nazir vurğulayıb ki, bu vəziyyət Vaşinqtonun əvvəlki təcrübələrdən nəticə çıxarmadığını göstərir: “Xoş niyyət xoş niyyət doğurur, düşmənçilik isə düşmənçilik doğurur”.
Qalibaf: ABŞ İran xalqı qarşısında borcludur
İran parlamentinin spikeri və Tehranın danışıqlar üzrə məsul komandasının rəhbəri Məhəmməd Baqir Qalibaf da ABŞ-a sərt xəbərdarlıq edib. O bildirib ki, Vaşinqton mövcud vəziyyətdən çıxış yolu axtarırsa, bunun yeganə yolu İran xalqının etimadını qazanmaqdır. Qalibafın sözlərinə görə, ABŞ İran xalqı qarşısında borcludur və bu günə qədər etdiklərini “kəffarə etməsi” üçün hələ çox iş görməlidir.
“Əgər siz müharibəni seçsəniz, biz döyüşəcəyik; əgər ağıl və məntiqlə gəlsəniz, biz də ağıl və məntiqlə cavab verəcəyik. Heç bir təhdid qarşısında geri çəkilməyəcəyik. Əgər onlar yenidən bizim iradəmizi sınamaq istəsələr, onlara daha ağır dərs verəcəyik”, - deyə o vurğulayıb.
İran parlamentinin spikeri əlavə edib ki, təhdidlər İran xalqına heç bir təsir göstərmir. Onun sözlərinə görə, Tehran bunun sadəcə şüar olmadığını praktikada sübut edib və bütün dünya bunu öz gözləri ilə görüb.
Qalibaf həmçinin bildirib ki, İran xalqı 47 ildən artıq inqilab dövründə - istər döyüş meydanlarında, istər iqtisadi sanksiyalar, istərsə də siyasi təzyiqlər şəraitində - heç vaxt təhdid qarşısında geri çəkilmədiyini dəfələrlə nümayiş etdirib.
İran Hörmüzü bağladı...
Bu arada Hörmüz boğazı ilə bağlı yeni detallar məlum ollub. İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının rəsmisi Hörmüz boğazı və körfəz sularındakı dəniz nəqliyyatı ilə bağlı dünya iqtisadiyyatını lərzəyə gətirəcək bəyanatla çıxış edib. İran komandanlığı Fars və Oman körfəzlərindəki limanların təhlükəsizliyinə dair “hamı və ya heç kim” prinsipini elan edib. Bəyanatda kəskin şəkildə vurğulanıb ki, düşmən dövlətlərlə əlaqəsi olan gəmilərin Hörmüz boğazından keçmək hüququ yoxdur və bundan sonra da olmayacaq. Bu, birbaşa ABŞ və onun hərbi müttəfiqlərinin tankerlərinə qarşı yönəlmiş qadağadır.
Yeni Ali Dini lider Müctəba Xameneinin nümayəndəsi Hakim İlahi isə bildirib ki, Amerika gəmiləri Fars körfəzini tərk etməlidir: “Onların mövcudluğu sabitliyə töhfə vermir və regional ölkələr gəmilərin təhlükəsizliyini özləri təmin edə bilərlər”.
“Amerika gəmiləri niyə Fars körfəzindədir? Onlar orada nə edirlər? Onlar regionu tərk etməlidirlər. Biz bütün gəmilərin təhlükəsizliyini özümüz təmin edə bilərik”, - “Times of India” qəzeti onun fikirlərini bölüşüb. H. İlahinin sözlərinə görə, Hörmüz boğazında vəziyyət ABŞ və İsrailin İrana qarşı təcavüzü səbəbindən gərgin olaraq qalır. “Biz boğazın açıq olmasını istəyirik, amma oradakı mövcud vəziyyət əlverişsizdir”, - deyə o vurğuladı.
İlahi beynəlxalq ictimaiyyəti münaqişənin sona çatmasına kömək etməyə çağırıb. “Dünya liderlərindən və sülh və ədalət axtaran bütün millətlərdən birləşməyi və müharibəni dayandırmağı xahiş etməyə məcburuq. Müharibə olmazsa, böhran da olmayacaq”, - deyə o bildirib.
Qərb ABŞ-a qarşı - blokadaya qoşulmur...
ABŞ isə İranın Hörmüzü bağlamasının ardından “blokada” yaradacağını bəyan edib. Bu isə bəzi Qərb dövlətləri tərəfindən qəbul edilməyib. Fransanın Xarici İşlər Nazirliyi nəzdində Avropa məsələləri üzrə nazir-nümayəndə Benjamin Haddad LCI telekanalının efirində ölkəsinin Yaxın Şərqdəki gərginliklə bağlı rəsmi və qəti mövqeyini açıqlayıb. Fransa ABŞ-ın Hörmüz boğazı ilə bağlı irəli sürdüyü hərbi təşəbbüsü dəstəkləməkdən imtina edib və Parisin bu məsələdə öz müstəqil yolunu seçdiyini bəyan edib. Benjamin Haddad vurğulayıb ki, Fransa Yaxın Şərqdə deskalasiya və danışıqlar yoluna üstünlük verir. Paris hesab edir ki, ilk növbədə İranın nüvə proqramı ilə bağlı diplomatik həll tapılmalı, yalnız bundan sonra naviqasiya azadlığı müzakirə olunmalıdır. Fransa rəsmisi qeyd edib ki, Hörmüz boğazında gəmilərin keçidinin təmin edilməsi hərbi əməliyyatlar çərçivəsində deyil, “müharibədən sonra” reallaşmalıdır.
Birləşmiş Krallıq da Hörmüz boğazının blokadası üçün hərbi gəmilər göndərməyəcəyini, lakin bölgəyə minatəmizləyən gəmilər yerləşdirəcəyini bəyan edib. Bildirilib ki, Böyük Britaniya Hörmüz boğazının ABŞ tərəfindən blokadaya alınmasında iştirak etməyəcək. Bu barədə “Sky News” məlumat yayıb. Britaniya hökumətinin sözçüsü bildirib ki, Hörmüz boğazından keçid üçün rüsum tətbiq olunması qəbuledilməzdir. O, həmçinin qeyd edib ki, rəsmi London gəmiçilik azadlığını qorumaq məqsədilə geniş koalisiya yaratmaq üçün Fransa və digər tərəfdaşlarla təcili şəkildə işləyir.
Təmas davam edə bilər...
Amma danışıqların davam edəcəyi də istisna olunmur. Belə ki, Vaşinqtonla Tehran arasında diplomatik prosesin davamı ilə bağlı yeni iddia gündəmə gəlib. “The Wall Street Journal” nəşrinin rəsmi mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ və İran arasında danışıqların ikinci raundu yaxın bir neçə gün ərzində baş tuta bilər. Məlumata əsasən, tərəflər arasında sərt bəyanatların səslənməsinə baxmayaraq, diplomatiya üçün imkan pəncərəsi hələ də açıq qalır. Qeyd edək ki, prosesdə vasitəçi qismində iştirak edən rəsmi İslamabad da Vaşinqton və Tehran arasındakı danışıqlar prosesi çərçivəsində vasitəçilik missiyasını bundan sonra da həyata keçirmək niyyətində olduğunu bəyan dib. Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin İslamabadda keçirilən ABŞ-İran danışıqlarının yekunlarına dair bəyanatında deyilir. Qeyd olunub ki, hər iki tərəfin atəşkəs rejimi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə ümid edilir. “Ümid edirik ki, hər iki tərəf davamlı sülhə nail olmaq üçün müsbət məcrada fəaliyyət göstərməyə davam edəcək... Bütün tərəflərin atəşkəs üzrə öhdəliklərini yerinə yetirməsi son dərəcə vacibdir”, - bəyanatda bildirilib.
Bundan əlavə, Pakistan tərəfi “qarşıdan gələn günlərdə İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları arasında dialoqa kömək göstərilməsində rol oynamağa davam etmək” istəyini təsdiqləyib.
“Axios” mənbələrə istinadən məlumat verib ki, Misir, Pakistan və Türkiyədən olan vasitəçilər, 21 aprelə, yəni atəşkəsin bitməsinə qədər fikir ayrılıqlarını həll etmək və sülh razılaşmasına nail olmaq üçün yaxın günlərdə ABŞ və İranla yeni danışıqlar mərhələsi təşkil etmək istəyirlər.
Məlumatı CBS də təsdiqləyib. Bildirilib ki, Pakistan İran və ABŞ-ı danışıqlar masasına qaytarmaq üçün diplomatik səylərini artırıb. CBS News bu məlumatı Pakistanın yüksək vəzifəli rəsmisinə istinadən yayıb. Rəsmi şəxsin sözlərinə görə, həftəsonu danışıqlarında irəliləyiş olmasa da, Pakistan hakimiyyəti iki tərəf arasında davamlı əməkdaşlığın perspektivlərinə nikbin yanaşır. Rəsmi həmçinin qeyd edib ki, İslamabad həm Vaşinqton, həm də Tehranla fəal şəkildə əlaqə saxlayır və onları ən qısa zamanda dialoqu bərpa etməyə çağırır. Əsas məqsəd atəşkəs bitməzdən əvvəl məqbul bir razılaşmaya nail olmaqdır. Hazırda danışıqların ikinci mərhələsini mümkün qədər tez təşkil etmək üçün səylər göstərilir. Məlumata görə, diplomatik təşəbbüslər Pakistanın Baş naziri Şahbaz Şərifin birbaşa göstərişi ilə həyata keçirilir.
Livan-İsrail danışıqları başlayır...
ABŞ-İran danışıqlarının neqativ ab-havada keçməsi Livan-İsrail məsələsini də açıq saxlayır. Qeyd edək ki, aprelin 14-də ABŞ-ın himayəsi altında Vaşinqtonda Livan-İsrail danışıqlarının ilkin mərhələsi keçiriləcək və orada atəşkəs razılaşmasının əldə edilməsinə yönəlmiş sülh danışıqlarının başlama tarixi müəyyən ediləcək. Nümayəndə heyətlərinə Livan və İsrailin ABŞ-dakı səfirləri Nada Hammadeh-Movvad və Yexiel Layter rəhbərlik edəcək.
“Hizbullah” isə Livan və İsrail arasında qarşıdan gələn görüşdən müsbət nəticələr gözləmir. Hərəkatın siyasi şurasının sədr müavini Mahmud Kummati bunu “Vesti”yə verdiyi müsahibədə bildirib. O, vurğulayıb ki, hazırda “Livanda atəşkəsi təmin edən İrandır”. “Biz (Livan və İsrail arasındakı görüşdən) Livanla bağlı müsbət nəticələr gözləmirik. Biz Livanla İsrail düşməni arasında birbaşa danışıqları qəti şəkildə rədd edirik. Biz onları qətiyyən qəbul etmirik”, - Kummati əlavə edib.
Bu arada “Al-Monitor” mənbələrə istinadən məlumat yayıb ki, İsrail hakimiyyəti ABŞ-da Livanla keçiriləcək danışıqlar zamanı “Hizbullah” milislərini tərksilah etməkdə uğur qazana biləcəklərinə inanmır. İsrail Baş naziri Benyamin Netanyahu əvvəllər bildirib ki, 14 apreldə Livan tərəfi ilə danışıqlar zamanı yəhudi dövləti Hizbullahı təkcə cənub sərhəd bölgələrində deyil, həm də ölkə daxilində tərksilah etməyə çalışacaq. Lakin portalın İsrail Xarici İşlər Nazirliyindəki mənbələri qeyd edir ki, buna diplomatik dialoq yolu ilə nail olmaq praktik olaraq mümkün deyil.
“Al-Monitor”a görə, İsrail danışıqlar qrupu ABŞ-ın vasitəçiliyi ilə “Hizbullah”ı zəiflətməyi, İsrail ərazilərinin atəşə tutulmasına son qoyulmasını hədəfləyib. İsrail Livan ordusunun hələ də “Hizbullah”ı tərksilah etmək üçün kifayət qədər güclü olmadığını bildirib. Portal qeyd edir ki, İsrail danışıqlar qrupunun rəhbəri, ölkənin ABŞ-dakı səfiri Yexiel Layterin ciddi diplomatik danışıqlarda təcrübəsi yoxdur. Dialoqun birinci mərhələsində müəyyən irəliləyiş əldə olunarsa, Netanyahu ötən ilin noyabr ayında istefa verən keçmiş strateji planlaşdırma naziri Ron Dermeri növbəti danışıqlar raunduna göndərə bilər.
Sadiq İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 Aprel 11:34
İqtisadiyyat
15 Aprel 11:26
İqtisadiyyat
15 Aprel 11:25
İqtisadiyyat
15 Aprel 11:25
Sosial
15 Aprel 11:24
Gündəm
15 Aprel 10:58
İqtisadiyyat
15 Aprel 10:33
Analitik
15 Aprel 10:21
Analitik
15 Aprel 10:13
Gündəm
15 Aprel 09:55
Analitik
15 Aprel 09:32
Sosial
15 Aprel 09:23
Ədəbiyyat
15 Aprel 09:17
Sosial
15 Aprel 08:51
Mədəniyyət
15 Aprel 08:33
Gündəm
15 Aprel 08:10
Dünya
14 Aprel 23:11
Dünya
14 Aprel 22:46
Dünya
14 Aprel 22:34
Dünya
14 Aprel 22:18
Dünya
14 Aprel 21:50
Xəbər lenti
14 Aprel 21:23
Dünya
14 Aprel 21:10
Dünya
14 Aprel 20:49
Xəbər lenti
14 Aprel 20:40
Dünya
14 Aprel 20:32
Dünya
14 Aprel 20:17
Dünya
14 Aprel 19:55
İdman
14 Aprel 19:20
Sosial
14 Aprel 19:05
Gündəm
14 Aprel 18:12
Siyasət
14 Aprel 17:54
YAP xəbərləri
14 Aprel 17:53
Elanlar
14 Aprel 17:52
YAP xəbərləri
14 Aprel 17:30
Hadisə
14 Aprel 16:41
Sosial
14 Aprel 16:38
Hadisə
14 Aprel 16:27
Elanlar
14 Aprel 16:16
Sosial
14 Aprel 16:14
YAP xəbərləri
14 Aprel 16:09
YAP xəbərləri
14 Aprel 15:59
Dünya
14 Aprel 15:37
YAP xəbərləri
14 Aprel 14:57
Sosial
14 Aprel 14:35
Gündəm
14 Aprel 14:29
Hadisə
14 Aprel 14:25
Gündəm
14 Aprel 14:21
Siyasət
14 Aprel 14:05
Dünya
14 Aprel 13:35
Dünya
14 Aprel 13:24
Gündəm
14 Aprel 13:02
YAP xəbərləri
14 Aprel 12:35
Gündəm
14 Aprel 12:25
Sosial
14 Aprel 12:21
İqtisadiyyat
14 Aprel 12:13
Hadisə
14 Aprel 12:09
İqtisadiyyat
14 Aprel 11:50
Gündəm
14 Aprel 11:38
İdman
14 Aprel 11:33
Siyasət
14 Aprel 11:15
YAP xəbərləri
14 Aprel 11:14
İqtisadiyyat
14 Aprel 11:10
Siyasət
14 Aprel 10:57
Gündəm
14 Aprel 10:32
İqtisadiyyat
14 Aprel 10:19
Dünya
14 Aprel 10:12
Sosial
14 Aprel 10:08
Gündəm
14 Aprel 09:56
Ədəbiyyat
14 Aprel 09:30

