Prezident İlham Əliyev NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşüb
16.01.2014 [15:41]
Azərbaycan Prezidenti İlham Əliyevin Belçikaya işgüzar səfəri başa çatıb
AzərTAc xəbər verir ki, yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüsseldə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
* * *
Yanvarın 15-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşü olub.
NATO-nun baş katibi Anders Foq Rasmussen Prezident İlham Əliyevi alyansın mənzil-qərargahında qarşılayıb.
Sonra rəsmi foto çəkdirilib.
Anders Foq Rasmussen dövlətimizin başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib və Ona fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyevin NATO-ya, özünün isə 2012-ci ildə Bakıya etdiyi səfərləri xatırlayan Anders Foq Rasmussen keçirilən görüşlər zamanı səmərəli müzakirələrin aparıldığını deyib. NATO-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini deyən baş katib Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatları zamanı Azərbaycanın tranzit, maliyyə yardımı və digər sahələrdə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. NATO-nun baş katibi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin, o cümlədən Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi baxımından mühüm ölkə olduğunu deyib, əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.
Prezident seçkilərində qələbəsi münasibətilə təbrikə görə minnətdarlığını bildirən dövlətimizin başçısı İlham Əliyev NATO-Azərbaycan əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində fəal iştirak etməsinin önəmini vurğulayıb. NATO ilə əlaqələrin Azərbaycanın Avratlantik strukturlara inteqrasiyasının mühüm tərkib hissəsi olduğunu deyən dövlətimizin başçısı əməkdaşlığın gələcəkdə də genişləndiriləcəyinə ümidvar olduğunu vurğulayıb.
* * *
Dünən, həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşü başa çatdıqdan sonra mətbuat konfransı keçirilib.
Baş katib Anders Foq Rasmussen və Prezident İlham Əliyev əvvəlcə mətbuata bəyanatlarla çıxış ediblər.
NATO-nun baş katibi Anders Foq Rasmussenin bəyanatı: “Cənab Prezident.
Brüsselə bir daha xoş gəlmisiniz.
Bu gün keçirdiyimiz görüş NATO-nun və Sizin tərəfdaşlığımıza olan sadiqliyinizi əks etdirir. Bu, o deməkdir ki, biz Cənubi Qafqaz regionuna sadiqik və sadiq qalacağıq. Azərbaycan Avropanın enerji təhlükəsizliyi, Qafqazda isə sülh və sabitlik üçün həyati əhəmiyyət kəsb edən ölkədir. Eyni zamanda, Azərbaycan NATO üçün vacib və əhəmiyyətli tərəfdaşdır. Biz qoşunlarınızın Əfqanıstanda aparılan əməliyyatlara verdiyi qətiyyətli dəstəyə görə minnətdarıq. Biz, həmçinin NATO-nun əməliyyatlarına hava məkanından istifadə və tranzit marşrutları formasında verilən siyasi dəstəyə görə təşəkkür edirik. Nəhayət, Əfqanıstanın təhlükəsizlik qüvvələrinin təlimlərinə verdiyiniz xeyirxah dəstəyinizə görə də “Çox sağ olun” deyirik.
Cənab Prezident, 2014-cü ildən sonra əfqan təhlükəsizlik qüvvələri üçün təlim keçirmək, məsləhətlər vermək və yardım etmək kimi Əfqanıstandakı yeni missiyamıza verəcəyiniz davamlı dəstəyə görə minnətdaram. Bu, Sizin Avratlantik təhlükəsizliyin dəstəklənməsinə açıq şəkildə sadiq olduğunuzu göstərir.
Bu gün biz NATO ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsini müzakirə etdik. Biz siyasi dialoqumuzu, o cümlədən enerji təhlükəsizliyi və terrorçuluğa qarşı mübarizə kimi strateji məsələlərin müzakirəsini möhkəmləndirmək əzmindəyik. İslahatların davam etdirilməsi, həmçinin Azərbaycan üçün əhəmiyyətlidir. NATO Sizə yardımı davam etdirəcəkdir. İnanıram ki, biz tərəfdaşlığımızın bir çox sahələri üzrə dialoqumuzu və əməkdaşlığımızı dərinləşdirə bilərik.
Bu ay biz “Sülh naminə tərəfdaşlıq” Proqramımızın iyirminci ildönümünü qeyd edirik. Sülh naminə tərəfdaşlığımız demokratik dəyərlərə və prinsiplərə sadiqliyə əsaslanır. Azərbaycan əvvəldən bu proqramın güclü tərəfdarı olub.
Cənab Prezident, bizim dialoq və əməkdaşlıq üçün möhkəm çərçivəmiz vardır. Bu gün biz möhkəm və uzunmüddətli tərəfdaşlığımızı davam etdirmək barədə razılığa gəldik”.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı: “Çox sağ olun, cənab baş katib. Dəvətinizə görə minnətdaram. NATO-ya yenidən gəlməyimə və NATO ilə Azərbaycan arasında strateji dialoqa aid müzakirələrimizi davam etdirməyə çox şadam.
Bu, mənim NATO-nun mənzil-qərargahına artıq beşinci səfərimdir. Bu fakt əməkdaşlığımızın səviyyəsini göstərir. Bu əməkdaşlıq illəri və bizim NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramına iyirmi il ərzində üzv olmağımız göstərir ki, münasibətlərimiz artıq strateji əməkdaşlıq səviyyəsinə qalxıb.
Eyni zamanda, cənab baş katib, Sizin 2012-ci ildə Azərbaycana etdiyiniz səfəri və apardığımız müzakirələri xatırlayıram. Bu gün əməkdaşlığımıza dair bir çox məsələlər ətrafında müzakirələrimizi davam etdirdik. Cənab baş katibin qeyd etdiyi kimi, biz Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrində iştirakımıza aid məsələləri müzakirə etdik. Biz 2014-cü ildən sonrakı dövrdə Əfqanıstanda təhlükəsizliyin təmin edilməsinə sadiq qalacağıq. Bu gün məhvetmə gücünə malik olmayan malların demək olar ki, 40 faizi Əfqanıstana Azərbaycan ərazisi vasitəsilə aparılır. Azərbaycandan keçən marşrut ən etibarlı və təhlükəsiz marşrutdur. Bir sözlə, biz regionumuzda sülhü və sabitliyi təşviq etmək üçün səylərimizi davam etdirəcəyik.
Eyni zamanda, biz, həmçinin keçmişdə Kosovoda aparılan sülhməramlı əməliyyatlarda iştirak etmişik. Bizim NATO-nun sülhməramlı əməliyyatlarında iştirakımız əməkdaşlığımızın mühüm hissəsidir. Biz terrorçuluğa qarşı mübarizədə əməkdaşlıq edirik. Mən Silahlı Qüvvələrimizdə aparılan islahatlara NATO-nun verdiyi dəstəyə görə minnətdaram. Silahlı Qüvvələrimiz NATO standartlarına uyğunlaşdırılır. Biz, həmçinin NATO-nun yardımı, o cümlədən maliyyə dəstəyi ilə Azərbaycanda minalardan təmizlənmə layihələrini həyata keçiririk. Eyni zamanda, Azərbaycan Əfqanıstanın Milli Ordusunun Etimad Fonduna öz töhfəsini verir. Biz artıq 1 milyon avro məbləğində maddi yardım göstərmişik və daha 1 milyon avro yardım göstərəcəyik. Bu gün bildirmək istəyirəm ki, biz Əfqanıstanın Milli Ordusunun Etimad Fonduna əlavə 1 milyon avro ayıracağıq. Biz bu addımı Əfqanıstanda sülh və təhlükəsizliyə verdiyimiz töhfə kimi qiymətləndiririk.
Eyni zamanda, biz Dövlət Sərhəd Xidməti, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin akademiyalarında, həmçinin Diplomatik Akademiyada əfqan hərbçiləri üçün təlimlərimizi davam etdirəcəyik. Hesab edirəm ki, təlimlər və Əfqanıstanın yenidən qurulmasına göstərdiyimiz yardım Azərbaycanın verdiyi əlavə töhfə olacaqdır.
Biz bu gün, həmçinin Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdik. Ermənistan ilə Azərbaycan arasında münaqişə regional təhlükəsizliyə və sabitliyə əsas təhlükədir. Biz münaqişənin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə tezliklə nail olmalıyıq.
Bir aydan az müddət öncə Azərbaycan XXI əsrin layihəsi hesab oluna biləcək layihəyə imza atdı. Azərbaycan qazını istehlakçılara çatdıracaq nəqliyyat infrastrukturunun tikintisi bu yaxınlarda başlayacaqdır. Azərbaycan bu layihənin vaxtında həyata keçirilməsi üzrə təşəbbüsü irəli sürüb və məsuliyyəti öz üzərinə götürüb. Bu, enerji şaxələndirilməsi, enerji təhlükəsizliyi və əməkdaşlığı layihəsi olacaq və Avropanın ən iri infrastruktur layihəsinə çevriləcəkdir. Bu layihə iştirakçı ölklərin və şirkətlərin əlavə əlaqələndirmə səylərini tələb edəcəkdir. Əlbəttə ki, biz bu layihəni vaxtında həyata keçirmək məqsədilə Azərbaycanın ən mühüm enerji infrastrukturunun qorunmasını təmin etməliyik.
Bir sözlə, NATO ilə Azərbaycan arasında əməkdaşlıq uğurla davam edir. Bu gün biz baş katiblə həmin əməkdaşlığın perspektivlərini, bunun hansı yollarla dərinləşdirilməsini və gələcək münasibətlərimizin yeni formalarını müzakirə etdik. Gələcəkdə biz NATO-nun daha yaxın və etibarlı tərəfdaşı olmaq istəyirik və əminəm ki, bu, belə də olacaqdır.
Sağ olun, cənab baş katib”.
Sonra jurnalistlərin sualları cavablandırılıb.
Azərbaycan Televiziyasının əməkdaşı Nəsib Muxtarov: Sualım cənab baş katibədir. Siz artıq qeyd etdiniz ki, Azərbaycan-NATO münasibətləri uğurla inkişaf edir. Bu gün keçirilmiş görüş bu əlaqələrə əlavə bir töhfədir. Tərəfdaşlığımızın perspektivlərini necə görürsünüz? Sağ olun.
Anders Foq Rasmussen: Dediyim kimi, bizim artıq yaxşı işləyən tərəfdaşlığımız vardır. Lakin bununla belə, mən tərəfdaşlığımızın daha da inkişaf etdirilməsi potensialını da görürəm. Əməkdaşlığımızın bir hissəsi apardığımız birgə əməliyyatlardır. Prezidentin qeyd etdiyi kimi, olduqca vacibdir ki, biz birgə işləmək və əməliyyat aparmaq bacarığımızı inkişaf etdirək, daha doğrusu, silahlı qüvvələrimiz birgə işləmək bacarığını əldə etsin. Beləliklə, biz sülhməramlı əməliyyatlarda birgə iştirak edə bilərik. Bununla mən ikinci arqumentə gəlirəm: Silahlı Qüvvələr daxilində islahatları davam etdirməliyik. Bu, elə bir sahədir ki, NATO-nun yaxşı ekspert bilikləri var, bizim Azərbaycan ilə artıq gözəl əməkdaşlığımız qurulub və onu davamlı şəkildə inkişaf etdirməliyik.
Əlbəttə ki, enerji təhlükəsizliyi ümumi maraq doğuran böyük məsələdir. Onun strateji, daha sonra təhlükəsizlik aspektləri vardır. Bu sahədə də biz tərəfdaşlığımızı daha da inkişaf etdirə bilərik.
Sonda, icazə verin qeyd edim ki, bizim konkret praktiki əməkdaşlıq layihələrimiz vardır. Məsələn, biz partlamamış sursatların təmizlənməsi və yüz hektarlarla torpaqların bundan azad edilməsi üçün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik ilə əməkdaşlıq edirik. Bu, dünyada ən böyük belə layihələrdən biridir və Azərbaycan xalqının rifahına xidmət edən layihədir. Bu, gələcəkdə inkişaf etdirilə biləcək praktiki əməkdaşlığın digər konkret nümunəsidir.
Azadlıq Radiostansiyası: Mənim cənab Prezidentə iki sualım var. Dağlıq Qarabağ məsələsi ilə bağlı bu yaxınlarda Ermənistan Prezidenti ilə keçiriləcək görüşünüz barədə nə deyə bilərsiniz? Həmçinin ikinci sualım: ötən dəfə Siz burada - Brüsseldə söylədiniz ki, Azərbaycanda siyasi məhbus yoxdur. Cənab Məmmədov və cənab Məmmədli hələ də həbsxanadadırlar. Bununla belə Siz yenə də söyləyə bilərsinizmi ki, Azərbaycanda siyasi məhbus yoxdur? Sağ olun.
Prezident İlham Əliyev: Bəli, əlbəttə, bu, həmçinin Avropa Şurası Parlament Assambleyasının qərarında da təsdiqlənib. Ötən ilin dekabrında Avropa Şurasında bu məsələ ilə bağlı geniş müzakirələr aparıldı. Assambleyanın bəzi üzvləri tərəfindən Azərbaycanda siyasi məhbuslar haqqında irəli sürülmüş qətnamələr keçmədi. Assambleyanın əksər hissəsi bu qətnamələrə dəstək vermədi. Bu, o deməkdir ki, mənim ötən il burada, Avropa Komissiyasında söylədiklərim Avropanın və dünyanın ən mühüm təsisatlarından biri sayılan təşkilat tərəfindən təsdiqləndi. Azərbaycan artıq on ildən çoxdur ki, Avropa Şurasının üzvüdür. Biz Avropa İnsan Hüquqları Məhkəməsinin üzvüyük. Bu, öncədən onu təsdiqləyir ki, ölkəmizdə siyasi məhbus ola bilməz. Əgər kiməsə qeyri-ədalətli münasibət göstərilibsə həmin şəxs Avropa Məhkəməsinə müraciət edə bilər. Biz Avropa Məhkəməsinin qərarlarına hörmətlə yanaşırıq. Həmçinin bildirmək istəyirəm ki, siyasi məhbus tərifi mövcud deyil. Fikrimizcə, əgər siyasi məhbus tərifi Avropa Parlamenti və ya Avropa Şurası tərəfindən müəyyən edilsə, bu, yaxşı ideya olardı. Belə olan halda kiminsə siyasi məhbus olması və ya olmamasını müəyyən etmək çox asan olardı. Ona görə, fikrimcə, verdiyiniz suala ən yaxşı cavab Avropa Şurası Parlament Assambleyasının 2013-cü ilin yanvarında qəbul etdiyi qərarı ola bilər.
Qarabağ məsələsinin həllinə aid suala gəldikdə, biz nikbin olmaq istəyirik. Çünki münaqişənin başlanğıcından çox vaxt ötür və uzun müddətdir ki, torpaqlarımız işğal altındadır. Bu, iyirmi ildən artıqdır ki, davam edir. BMT-nin Təhlükəsizlik Şurasının erməni qoşunlarının torpaqlarımızdan qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən qətnamələri Ermənistan tərəfindən yerinə yetirilməyib. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və o, bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Yəqin ki, bilirsiniz, Dağlıq Qarabağın inzibati hüdudlarından kənarda yerləşən bir neçə rayon da iyirmi ildən çoxdur ki, işğal altındadır. Erməni təcavüzü nəticəsində bir milyon insan evsiz qalıb.
Mənim Ermənistan prezidenti ilə son görüşüm əvvəlki görüşlə müqayisədə ola bilsin ki, daha nikbin keçib. Ermənistanın danışıqlara getməməsi səbəbindən danışıqlar prosesində uzun durğunluq yaşandı. Biz yenə də tərəddüd edirik: Ermənistan tərəfi danışıqlar prosesində səmimidir, yoxsa sadəcə mövcud status-kvonu qoruyub saxlamağa çalışır. Bununla belə, Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri olduqca aydın şəkildə bəyan etdilər ki, mövcud status-kvo qəbuledilməzdir. Biz bunu Ermənistana ciddi mesaj kimi qəbul edirik, çünki status-kvonu dəyişmək üçün onlar bizim ərazilərimizdən çıxmağa başlamalıdırlar. Baxarıq, xarici işlər nazirlərinə göstəriş verilib. Bizim Vyanada keçirilmiş görüşdən sonra onlar da artıq görüşüblər. Ümidvarıq ki, onlar bu ayın sonunda və ya gələn ay yenidən görüşəcəklər. Ermənistanın danışıqlar prosesində nə dərəcədə səmimi olduğunu görəcəyik. Ümidvarıq ki, əgər Ermənistanda məsələyə real yanaşılarsa, biz onu tezliklə həll edə bilərik.
Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) müxbiri Vüqar Seyidov: Sualım cənab baş katibədir. Son illər ərzində dinc nümayişçilərə qarşı zorakılıqdan istifadə edilməsi, özünüifadə azadlığına qoyulan məhdudiyyətlər, miqrantlara qarşı ayrı-seçkilik kimi mənfi meyllər, əfsuslar olsun ki, Avropada, o cümlədən NATO-nun üzvü olan dövlətlərdə artmaqdadır. Azərbaycanda hətta kiçik bir insident baş verdikdə Avropa dərhal reaksiya verir. Sizin fikrinizcə, bu, ikili standart yanaşma deyilmi?
Anders Foq Rasmussen: Xeyr, ikili standart kimi hər hansı yanaşma mövcud deyildir. Bütün NATO ölkələrində də siyasi məsələlər əsaslı müzakirə mövzusudur. Digər ölkələrlə apardığımız tərəfdaşlığa gəldikdə, biz dialoqumuzda bir sıra fundamental prinsiplərə əsaslanırıq. Həmin prinsiplərə uyğunluq məsələlərin açıq və səmimi şəkildə müzakirəsi tərəfdaşlığımızın tərkib hissəsidir. Bir sözlə, siz bunu ikili standart kimi qəbul etməməlisiniz. Əslində, biz bununla bir-birimizə daha ciddi yanaşırıq. Hazırda bu sahədə öz ölkələrimizdə də mühüm müzakirələr aparılır. Oxşar müzakirələri, həmçinin tərəfdaşlarımızla da aparırıq, çünki biz onlara hörmətlə yanaşırıq. Biz tərəfdaşlığımızı gücləndirmək istəyirik və bu məqsədlə bizim azad və açıq dialoqa ehtiyacımız vardır. Mən bu cür açıq söhbətin bir neçə dəqiqədən sonra Prezident ilə NATO Şurası arasında da aparılmasını gözləyirəm və bu, tərəfdaşlığımızın daha da gücləndirilməsinə zidd deyil, əksinə.
* * *
Yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun Şimali Atlantika Şurasında üzv dövlətlərin NATO yanında daimi nümayəndələri ilə görüşüb.
Görüşdə çıxış edən NATO-nun baş katibi Anders Foq Rasmussen Azərbaycan-NATO əməkdaşlığının uğurla inkişaf etdiyini bildirib, Prezident İlham Əliyevin budəfəki səfərinin qarşılıqlı əlaqələrə mühüm töhfə verdiyini vurğulayıb.
Sonra Prezident İlham Əliyev çıxış edib. Azərbaycan dövlətinin başçısı NATO-Azərbaycan əlaqələrinin yaxşı tarixə malik olduğunu söyləyib və bu əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib, hazırda Azərbaycan hərbçilərinin Əfqanıstanda sülhyaratma əməliyyatlarında fəal iştirak etdiklərini deyib. Prezident İlham Əliyev son illərdə ölkəmizin sürətlə inkişaf etdiyini, iqtisadi baxımdan böyük uğurlar qazandığını, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlətimizin başçısı Ermənistanın Azərbaycana təcavüzü və işğalın ağır nəticələrindən söhbət açıb, danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə məlumat verib.
NATO-nun Şimali Atlantika Şurasında üzv dövlətlərin NATO yanında daimi nümayəndələri çıxışlarında Azərbaycanın NATO ilə əməkdaşlığının uğurla inkişaf etdiyini bildiriblər, ölkəmizin Əfqanıstandakı sülhyaratma əməliyyatlarında fəal iştirakını vurğulayıblar. Daimi nümayəndələr Azərbaycanın tranzit, maliyyə yardımı və digər sahələrdə bu prosesə xüsusi töhfə verdiyini bildiriblər. Onlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini diqqətə çatdırıblar. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu xüsusi qeyd edən daimi nümayəndələr artıq bu sahədə uğurlu əməkdaşlığın qurulduğunu, Trans-Anadolu, Trans-Adriatik və “Şahdəniz-2” kimi iri enerji layihələrinin bu prosesə mühüm töhfə verdiyini bildiriblər.
* * *
Bununla da Prezident İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri başa çatıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09

