Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanın ardıcıl və prinsipial mövqeyi

Azərbaycanın ardıcıl və prinsipial mövqeyi

10.07.2026 [11:35]

Sülh prosesində əsas gözlənti Ermənistan Konstitusiyasından ölkəmizə qarşı ərazi iddialarının çıxarılmasıdır

Azərbaycanın 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında qazandığı qələbələr sayəsində Cənubi Qafqaz coğrafiyasında yeni reallıqlar yaranıb. Bu reallıqlar Ermənistanın işğalçılıq siyasəti aparması səbəbindən onilliklər boyunca davam edən münaqişədən sonra regionda davamlı sülhün, əməkdaşlığın və təhlükəsizliyin təmin olunması üçün münbit zəmin formalaşdırıb.

Hazırda Cənubi Qafqaz heç vaxt olmadığı qədər sülhə yaxındır. Belə ki, Azərbaycanla Ermənistan arasında tənzimləmə prosesi artıq yekun mərhələyə daxil olub və tərəflər bu mərhələnin də keçilməsi, etimad quruculuğunun möhkəmlənməsi üçün addımlar atırlar. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında sülh prosesinin hazırkı vəziyyəti ilə bağlı mühüm məqamlara diqqət çəkib.

Zəngəzur (TRİPP) dəhlizinin yaradacağı imkanlar...

C.Bayramovun verdiyi mühüm açıqlamalardan biri Zəngəzur dəhlizi (TRIPP) ilə bağlıdır. Nazir bu mövzuda optimist danışıb. Bildirib ki, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsi ilə bağlı əldə olunmuş razılaşmaya əsasən, bu prosesdə Amerika Birləşmiş Ştatları (ABŞ) da iştirak edir. Bu istiqamətdə, ilk növbədə, danışıqlar ABŞ ilə Ermənistan arasında aparılır. Çünki söhbət Ermənistan ərazisindən gedir. Eyni zamanda, reallıq ondan ibarətdir ki, həmin dəhlizin həm giriş, həm də çıxış nöqtələri Azərbaycan Respublikasının ərazisidir. “Danışıqların gedişi və ümumilikdə proses barədə amerikalı tərəfdaşlarımız tərəfindən mütəmadi şəkildə məlumatlandırılırıq. Bir neçə ay əvvəl Ermənistan tərəfi ilə ABŞ arasında ilkin sənəd də imzalanmışdı. Bizə verilən məlumata görə, proses davam edir və hazırda sənədlərin hazırlanması mərhələsi gedir. Bu dəhlizlə bağlı söhbət dəmir yolundan, avtomobil yolundan, elektrik kabellərindən, o cümlədən boru kəmərlərindən də gedə bilər”,- deyə nazir əlavə edib.

Zəngəzur dəhlizi (TRIPP marşrutu) ilə bağlı ən mühüm razılaşma ötən il avqustun 8-də Vaşinqtonda, Ağ Evin oval kabinetində - dünyanın bir nömrəli ofisində Azərbaycan, Ermənistan və ABŞ liderlərinin birgə iştirakı  ilə  baş tutan görüşdə əldə olunub. Belə ki, həmin görüşdə aparılan müzakirələrin nəticəsi olaraq regionda kommunikasiyaların blokdan çıxarılması razılaşdırılıb. Bununla bağlı liderlərin imzaladığı Birgə Bəyanatda konkret müddəalar yer alıb. Dünyanın siyasi, iqtisadi və hərbi güc mərkəzi sayılan ABŞ-ın Prezidenti D.Trampın şahidliyi ilə imzalanan sənəddə oxuyuruq: “Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir”.

Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları birgə Bəyanatdan da göründüyü kimi, regionda kommunikasiyaların blokdan çıxarılması ilə bağlı Azərbaycanın lap əvvəldən ortaya qoyduğu və əsaslandırdığı mövqe birmənalı çəkildə nəzərə alınıb. Respublikamız bu məsələdə təkid etməkdə tam haqlıdır. Naxçıvan Muxtar Respublikiası Azərbaycanın ayrılmaz hissəsidir. Bu bölgə Ermənistanın ötən əsrin doxsanıncı illərinin əvvəllərində respublikamıza qarşı başladığı işğalçılıq siyasətinə görə blokada şəraitinə düşdü. Artıq 30 ildən çoxdur ki, Naxşıvan əhalisi çətin vəziyyətdə qalıb. Bu regionun vətəndaşları respublikamızın paytaxtına və digər bölgələrinə gedib-gəlmək üçün hava nəqliyyatından  və İran ərazisindən keçən marşrutdan istifadə etmək məcburiyyətindədirlər. Zəngəzur dəhlizinin yaradılması ilə Naxçıvan əhalisinin onilliklər boyunca çəkdikləri əzab-əziyyətə nəhayət son qoyulacaq. Eyni zamanda, Zəngəzur dəhlizi (TRIPP marşrutu ) fəaliyyətə başladıqdan sonra Azərbaycanın tranzit imkanları daha da genişlənəcək.

Həmçinin Zəngəzur dəhlizinin (TRIPP marşrutunun) yadaılması bütün region dövlətlərinin, o cümlədən də Ermənistanın da mənafeyinə uyğundur.

Azərbaycan sülh sazişinin yekunlaşması üçün üzərinə düşən bütün işləri tamamlayıb

XİN rəhbərinin verdiyi mühüm açıqlamalardan biri də sülh prosesinin gedişi ilə bağlıdır. C.Bayramov bildirib ki, sülh sazişinin yekunlaşdırılması ilə bağlı Azərbaycan tərəfinin üzərinə düşən bütün işlər artıq həyata keçirilib və tamamlanıb. O bildirib ki, artıq sülh sazişinin mətni paraflanıb və ictimaiyyət üçün açıqlanıb. Bu gün həmin mətnin həm preambulası, həm də 17 maddəsi hər kəs üçün açıqdır. “Azərbaycanın mövqeyi bu məsələdə hər zaman ardıcıl və prinsipial olub. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycanın əsas gözləntisi Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Bundan sonra sülh sazişinin imzalanması üçün heç bir əlavə maneə qalmayacaq və sənəd növbəti gün imzalana bilər”, - deyə nazir vurğulayıb.

İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra regionda tənzimləmə prosesinə məhz Azərbaycanın təşəbbüsü ilə başlanıb. Azərbaycan həm müharibənin qalib tərəfidir, həm də sülh quruculuğuna təkan verən dövlətdir. Dünya tarixindən bəllidir ki, müharibələrin qalib tərəfi olan dövlətlər bir qayda olaraq məğlub tərəfə öz şərtlərini diktə edirlər. Qalib Azərbaycan belə davranmadı, 10 noyabr 2020-ci il tarixində Ermənistan üçün kapitulyasiya sənədi hesab edilən üçtərəfli bəyanat imzalandıqdan sonra müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq əzmini ortaya qoydu. Azərbaycanın müharibə başa çatandan sonra Ermənistana ünvanladığı 5 bənddən ibarət sülh paketində qalib dövlətin hansısa ambisiyları yer almırdı, əksinə bu sənəd sırf beynəlxalq hüquq və dünyada qəbul olunmuş norma və prinsiplər nəzərə alınmaqla hazırlanmışdı. Sonrakı mərhələdə Ermənistandakı revanşist qüvvələrin və onların xaricdəki havadarlarının manipulyativ davranışlar sərgiləmələrinə rəğmən, Azərbaycan bütün belə  əsassız müqavimət cəhdlərinin qarşısını aldı və beləliklə də sülhə doğru böyük yol keçmək, nəzərdə tutulan bütün  müddəaların razılaşdırılması mümkün oldu.

Ötən ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin, eləcə də ABŞ Prezidentinin iştirakı ilə “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in hər iki ölkənin xarici işlər nazirləri tərəfindən paraflanması əslində Azərbaycanın sülh gündəliyinin beynəlxalq səviyyədə təsdiqi idi. Sənədin mətnində əsas müddəalardan biri ərazi bütövlüyü ilə bağlıdır. Burada vurğulanır ki, Azərbaycan və Ermənistan bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmət edirlər.

Vaşinqton görüşü sülh prosesində keyfiyyətcə yeni bir mərhələ açıb və Prezident İlham Əliyevin bildirdiyi kimi, hazırda regionda sülh reallıqdır. Tərəflər bunun nəticələrini hiss edirlər. O cümlədən Azərbaycan sülh prosesinə sadiqliyini nümayiş etdirərək öz ərazisindən Ermənistana tranzit yüklərin daşınmasına razılıq verib. Eyni zamanda, Azərbaycandan Ermənistana starteji enerji məhsulları göndərilir. Həmçinin iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin mütəmadi görüşləri ilə etimad quruculuğu istiqamətində zəruri addımlar atılır.

Hazırda yekun sülh sazişinin imzalanmasına yeganə maneə Ermənistan konstitusiyasıdır. Azərbaycan qalıcı sülh mövqeyindən çıxış edir. Bunun üçün isə yalnız sülh sazişini imzalamaq yetərli deyil. Qalıcı sülh üçün fundamental hüquqi baza olmalıdır. Ancaq Ermənistanın hazırkı konstitusiyası bu bazanı təmin etmir. Bu da onunla bağlıdır ki, Ermənistanın əsas qanununun preampula hissəsində açıq-aşkar respublikamıza qarşı ərazi iddialarının yer aldığı müddəalar var. Belə bir vəziyyətdə hansı məntiqlə qalıcı sülhdən danışmaq mümkündür? Buna görə də sülh təşəbbüsünün müəllifi olan Azərbaycan Ermənistan konstitusiyasının dəyişdirilməsini yekun sənədin imzalanması üçün əsas şərtlərdən biri kimi irəli sürüb. Ermənistan konstitusiya dəyişikliyinə getməklə sülh prosesinə nə qədər sadiq olduğunu ortaya qoyacaq. Bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda imzalana bilər.

Eksklav kəndlər məsələsi həllini tapacaq

Azərbaycan XİN rəhbərinin diqqət çəkdiyi məsələlərdən biri də iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi ilə bağlıdır. Nazir bildirib ki, delimitasiya prosesi və demarkasiya istiqamətində iş davam edir. Bunun üçün hər iki ölkə tərəfindən xüsusi komissiyalar yaradılıb. Komissiyalara Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri rəhbərlik edir. Müxtəlif dövlət qurumlarının nümayəndələrindən ibarət bu komissiyaların fəaliyyəti mütəmadi şəkildə davam etdirilir.

C.Bayramov bildirib ki, aparılan işlərin ilkin müsbət nəticələrinin də şahidi olmuşuq. Ötən illərdə təxminən 13 kilometrlik dövlət sərhəd xətti delimitasiya edilib. Daha sonra qısa müddət ərzində həmin ərazidə demarkasiya işləri də həyata keçirilib.

Bundan əlavə, komissiyaların fəaliyyətini tənzimləyən və gələcək işini müəyyən edən bir sıra normativ aktlar həm Azərbaycan, həm də Ermənistan tərəfindən razılaşdırılmış şəkildə qəbul olunub və hər iki ölkədə təsdiqlənib. “Eyni zamanda, razılaşdırılıb ki, delimitasiya prosesi şimaldan cənuba - Azərbaycan-Ermənistan sərhədinin Gürcüstanla birləşmə nöqtəsindən başlayaraq İran sərhədinədək davam etdirilsin. Təbii ki, bu proses çərçivəsində eksklav kəndlərlə bağlı məsələlər də öz həllini tapacaq”, - deyə C. Bayramov əlavə edib.

Proses Azərbaycan və Ermənistan arasında 2024-cü ilin aprel ayında koordinatların dəqiqləşdirilməsi və Qazax-Tavuş bölgəsində ilk sərhəd dirəyinin quraşdırılması ilə başlayıb. 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Delimitasiya Məsələləri Komissiyasının səkkizinci iclası keçirilib. Komissiyanın iclası zamanı bir sıra məsələlər, o cümlədən Qazax rayonunun əvvəllər işğal olunmuş dörd kəndinin Azərbaycan tərəfinə qaytarılması barədə razılıq əldə edilib. Bunlar  Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı yaşayış məntəqələridir.

Sərhədlərin müəyyənləşdirlməsi istiqamətində işlər davam etdirilir.  Cari il aprelin 29-da Ermənistan Respublikasında, Ağverəndə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclası keçirilib. Məmnunluqla qeyd olunub ki, komissiyaların 13-cü iclası növbəti dəfə tərəflərdən birinin ərazisində - Ermənistan Respublikasında, Ağverəndə baş tutub.

Görüş zamanı tərəflər delimitasiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı təşkilati və texniki məsələlər üzrə ətraflı fikir mübadiləsi aparıblar və delimitasiya işlərinin həyata keçirilməsi qaydasına dair təlimat layihələrinin mətnlərini razılaşdıraraq mübadilə ediblər.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 50 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Ankaradan BƏYANAT!!!

10 İyul 09:52  

Analitik

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31