Azərbaycan Prezidenti İlham Əliyev Ağdaş rayonuna səfər edib
02.05.2014 [09:25]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Ağdaş rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı əvvəlcə Ağdaş şəhərinin mərkəzində xalqımızın Ümummilli lideri Heydər Əliyevin yeni ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov Prezident İlham Əliyevə Ulu öndərin abidəsi ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.
* * *
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaşda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Mərkəzlə tanışlıqdan sonra dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Mərasim iştirakçılarını salamlayan Prezident İlham Əliyev deyib: “Sabahınız xeyir olsun.
Sizi ürəkdən salamlayıram. Bu gün biz Ağdaş rayonunda yenidən görüşürük. Mən Ağdaş rayonunda dəfələrlə olmuşam. Bu dəfə də burada görülən işlərlə tanış olacağam. Biz bu gün ilk növbədə Heydər Əliyev Mərkəzinin açılışını qeyd edirik. Bu, gözəl hadisədir. Möhtəşəm Mərkəzdir. Həm memarlıq, həm də daxili dizayn baxımından göz oxşayır. Bu gözəl Mərkəz bir memarlıq abidəsidir. Eyni zamanda, Mərkəzdə yerləşən studiyalar, dərnəklər əlbəttə ki, onun funksional əhəmiyyətini də artıracaqdır.
Belə mərkəzlərin bölgələrdə açılması həm Azərbaycan xalqının Ulu öndərə olan ehtiramının təzahürüdür, eyni zamanda, mərkəzlərdə Heydər Əliyevin keçdiyi yolla bağlı ekspozisiyalar quraşdırılır, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi üçün gördüyü işlər, müasir Azərbaycan tarixi öz əksini tapır. Bu mərkəzlərdəki sənədlər, fotomateriallar, ekspozisiyalar bizim yaxın tariximizi əks etdirir.
Mərkəzlərin böyük mənəvi funksiyaları vardır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdə, bildiyiniz kimi, çox ağır vəziyyətdə idi. Demək olar ki, müstəqilliyimiz əldən gedirdi, xaos, anarxiya hökm sürürdü, vətəndaş müharibəsi başlamışdı.
Azərbaycan xalqının tələbi ilə Ulu öndərin hakimiyyətə gəlməsi nəticəsində bütün xoşagəlməz hallara son qoyuldu və Azərbaycan inkişaf yoluna qədəm qoydu. Beləliklə, 1993-cü ildən bu günə qədər ölkəmiz inkişaf və sabitlik dövrü yaşayır. Hər bir ölkənin inkişafı üçün sabitlik başlıca şərtdir. Bu gün Azərbaycanın uğurlu inkişafı məhz əldə edilmiş sabitliyin nəticəsidir.
Biz Ulu öndərin siyasətinə sadiqik. Azərbaycan Onun qoyduğu yolla gedir və uğurla gedir. Son 20 ilin inkişafı onu göstərir ki, bu, düzgün yoldur. Başqa yol ola bilməz. Azərbaycan bu gün dünya miqyasında çox etibarlı ölkə, tərəfdaş kimi tanınır. Bizim beynəlxalq nüfuzumuz artır. Xarici siyasətimizin təməlini də Heydər Əliyev qoymuşdur. Bu siyasət müstəqillik əsasında qurulur. Bu gün bizim iqtisadi imkanlarımız artdıqca əlbəttə ki, dünyada, beynəlxalq arenada istənilən məsələ ilə bağlı sözümüzü açıq ifadə edirik. Bizim hər bir məsələ ilə bağlı prinsipial mövqeyimiz vardır və bu mövqe ədalətə əsaslanır.
Bu gün Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirilməsi üçün də öz rolunu oynayır. Azərbaycan nəinki bölgədə, dünya miqyasında bir mərkəzə çevrilibdir. Demək olar ki, hər həftə beynəlxalq tədbirlər keçirilir. Yüzlərlə, minlərlə yüksək vəzifəli qonaq Azərbaycana gəlir. Hər bir qonaq bilirəm ki, böyük təəssüratlarla öz vətəninə qayıdır. Çünki bizdə olan inkişafa, quruculuğa, abadlığa bu gün dünyada nadir hallarda rast gəlmək olur.
Bütün bunları biz özümüz yaratmışıq, Azərbaycan xalqı yaradıbdır. Biz Ulu öndərin qoyduğu yolla gedirik. Biz bütün bu nailiyyətləri Azərbaycan xalqının zəhməti, istedadı hesabına əldə etmişik. Biz bu nailiyyətləri ildən-ilə möhkəmləndiririk.
Əlbəttə ki, iqtisadi sahədə aparılan islahatlar bizim gücümüzü artırmışdır. Əgər bu, olmasa idi, biz asılı vəziyyətə düşər, xarici maliyyə qurumlarının kreditlərindən asılı olardıq.
Ancaq bu gün Azərbaycan özü bəzi ölkələrə kreditlər verir. Azərbaycan özü xaricə investisiyalar qoyur. Bu gün dünyada hələ də yaşanan iqtisadi-maliyyə böhranı Azərbaycan kimi ölkələrin əhəmiyyətini böyük dərəcədə artırır. Çünki bizim iqtisadi siyasətimiz milli maraqlar üzərində qurulub, düşünülmüş siyasətdir. Həm islahatlar aparılır, həm də insanların rifah halının yaxşılaşması üçün işlər görülür. Bir sözlə, Azərbaycan bu gün öz iqtisadi gücünü artırır. Təsadüfi deyildir ki, Azərbaycan son 10 il ərzində dünyada ən sürətlə inkişaf edən ölkə kimi artıq qəbul edilib. İqtisadi inkişaf hər bir sahəyə müsbət təsir göstərir.
Bu il üçüncü regional inkişaf proqramı da qəbul edilmişdir. 2004-cü ildə birinci, 2009-cu ildə ikinci və bu il üçüncü proqram qəbul edilib. Bu proqram çox dəqiqdir, müfəssəldir. Hər bir məsələ orada öz əksini tapıb. Hər bir rayonun inkişafı da o proqramda nəzərə alınıbdır. Hər bir rayonun, hər bir kəndin problemi həll olunandan sonra ölkəmizdə heç bir problem qalmayacaqdır.
Əvvəlki dövrlərdə də iki proqramın icrası nəticəsində Ağdaş rayonunda böyük işlər görülmüşdür. Bax, burada yerləşən Olimpiya İdman Mərkəzini, böyük xəstəxananı, bütün bu sosial obyektləri biz bir yerdə açmışıq və onlar insanlara xidmət göstərir. Rayonda sosial infrastrukturun yaradılması, məktəblərin tikintisi davam edir. Bilirəm, hələ də qəzalı, yararsız vəziyyətdə məktəblər vardır, ancaq tədricən onlar da təmir olunacaqdır. Beləliklə, üçüncü proqramın icrası nəticəsində 2018-ci ilə qədər sosial infrastrukturla, ümumiyyətlə, infrastruktur layihələri ilə bağlı heç bir problem qalmamalıdır.
Ağdaşda infrastruktur layihələri icra edilir, qazlaşdırma aparılır. Kəndlərin əksəriyyəti qazlaşdırılıbdır. Növbəti illərdə Ağdaşda qazlaşdırma 100 faizə çatmalıdır. Hər bir yaşayış məntəqəsində təbii qaz olmalıdır. Şəhərdə də köhnə borular dəyişdiriləcək və beləliklə, qaz təsərrüfatı ən yüksək səviyyədə olacaqdır. İçməli su layihələri icra edilir. Əminəm ki, bu məsələ də yaxın gələcəkdə tam şəkildə öz həllini tapacaqdır. Kənd yolları tikilir. Biz bu gün bir neçə kəndi birləşdirən kənd yolunun açılışını qeyd edəcəyik.
Yəni, insanların normal yaşaması üçün bütün şərait yaradılır və şəhər də gözəlləşir, abadlaşır. Bax bu yer, şəhərin yeni sahəsidir, yeni inkişaf zonasıdır. Yadımdadır, burada birinci tikilən Olimpiya Mərkəzi olmuşdur. Ondan sonra xəstəxana tikildi, daha sonra meydan yaradıldı. İndi isə Heydər Əliyev Mərkəzi, İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının inzibati binaları açılır. Yəni, bura bir mərkəz olubdur. Ağdaşın ənənəvi mərkəzi vardır. Orada da abadlıq işləri aparılır. Ancaq bu, yeni mərkəzdir. Görün, bütün işlər nə qədər böyük səliqə ilə, zövqlə görülübdür, ağaclar əkilir, qazonlar salınır. Bu binalar da memarlıq nümunəsidir.
Bu gün Azərbaycan elə bir səviyyədədir ki, hər bir rayon mərkəzi, hər bir şəhər dünyanın aparıcı şəhərlərindən geri qalmamalıdır. Çünki Azərbaycan vətəndaşları daha da yaxşı həyata layiqdirlər. Biz hakimiyyət olaraq bu şəraiti yaradırıq və yaratmalıyıq.
Bu gün, eyni zamanda, burada sənaye müəssisələrinin açılışı nəzərdə tutulur. Bu il bilirsiniz ki, Azərbaycanda “Sənaye ili”dir. Bizim gələcək iqtisadi inkişafımız sənaye ilə bağlıdır. Qeyri-neft sənayesi ilə bağlıdır ki, biz bu sahəni daha da inkişaf etdirək. Kənd təsərrüfatı, emal sənayesi - bütün bunlar həm iş yerlərinin açılmasına gətirib çıxarır, həm milli gəlirimizi artırır, ümumiyyətlə, ölkəmizin inkişafı üçün lazım olan məsələlərdir.
Yəni, hər bir sahə diqqət mərkəzindədir, elə də olmalıdır, elə də olacaqdır. Əminəm ki, Ağdaşda bundan sonra daha da gözəl işlər görüləcəkdir. Ancaq bu günə qədər görülən işlər hesab edirəm ki, təqdirəlayiqdir. Bu nailiyyətlər münasibətilə sizi ürəkdən təbrik edirəm və sizə yeni uğurlar arzulayıram. Sağ olun”.
* * *
Ağdaşdakı Maqsud Şeyxzadə adına texniki, təbiət və humanitar təmayüllü gimnaziyanın direktoru Şəhla Hacıbalayeva rayona göstərdiyi qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edərək deyib: “Möhtərəm cənab Prezident.
İcazə verin, Sizi ağdaşlılar adından ürəkdən salamlayım. Ağdaşa xoş gəlmisiniz. Bu gün Ağdaşın müasir, gözəl bir guşəsinə toplaşmışıq. Sizin bizə bəxş etdiyiniz bu abad məkan rayonumuzun simasını daha da gözəlləşdirib. Bu gün burada Azərbaycan xalqının Ümummilli lideri, tarixi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə açılışına toplaşdığımız Mərkəz hər birimizdə qürur hissi yaradır.
Möhtərəm cənab Prezident, əminliklə deyə bilərik ki, Azərbaycanın inkişaf etmiş ölkələr sırasına qoşulmasından qürur duyan gənclərimiz bu gün açılışında iştirak etdiyimiz Mərkəzdə Heydər Əliyevin azərbaycançılıq məfkurəsini daha dərindən mənimsəyəcək və burada öz maraqlarına uyğun məşğuliyyət tapacaqlar. Bu gün bizim qarşımızda duran əsas məsələ müasir müstəqil Azərbaycanda doğulub zəngin Azərbaycanda yetkinlik yaşına çatmış gənclərimizə ölkəmizi sevdirmək, Ulu öndərimizin Vətən uğrunda gördüyü böyük işləri onlara aşılamaq, onlarda vətənpərvərlik ruhunun daha da yüksəlməsinə nail olmaqdan ibarətdir.
Biz hər bir gəncimizə dərk etdirməliyik ki, əgər Ulu öndərimiz olmasaydı, müstəqil Azərbaycanımız da olmazdı. Çünki Ulu öndər Vətənimizi parçalanmaqdan qorudu, qardaş qırğınının qarşısını aldı, böyük, möhtəşəm bir Azərbaycan dövlətini yaratdı ki, bu gün onu bütün dünya tanıyır. Bu gün Ulu öndərimizin Vətən səmasından müstəqil Azərbaycanımızı seyr edən müqəddəs ruhu rahatdır. Çünki Siz Ulu öndərimizin yolu ilə gedirsiniz, ölkəmizi inkişaf etdirirsiniz, onu ən yüksək zirvələrə ucaldırsınız. Son 10 ildə ölkəmiz Sizin rəhbərliyiniz ilə ağlagəlməz inkişaf yolu keçmişdir. Həyata keçirdiyiniz bütün tədbirlərin mahiyyətində insan amili, insanlarımızın, vətəndaşlarımızın sosial rifahı durur. Bax elə dünən müharibə əlillərinin, müharibə iştirakçılarının və onların ailələrinin sosial təminatlarını gücləndirmək məqsədilə sərəncamlar imzalamısınız.
Möhtərəm cənab Prezident, bu gün müstəqil Azərbaycanımız böyük inkişaf yolu ilə uğurla irəliləyir. Artıq Azərbaycanımızın haqq səsini bütün dünya eşidir. Sizin bu yaxınlarda Praqada etdiyiniz çıxışınız hər birimizin qəlbini qürur hissi ilə doldurdu. Böyük fəxr hissi ilə, qürur hissi ilə Sizin çıxışınızı oxuduq. Siz bütün dünyaya sübut etdiniz ki, Azərbaycan müstəqil, möhkəm, qürurlu bir dövlətdir. O, heç bir zaman əyilməyəcək, o, heç bir zaman heç kimin qarşısından geri çəkilməyəcəkdir.
Cənab Prezident, Siz ölkəmizin hansı guşəsində olursunuzsa, ora az bir müddət ərzində gülüstana çevrilir, insanların qəlbinə sevinc, rahatlıq hissi hakim kəsilir. Bunu abad kəndlər, şəhərlər, ucalan binalar, salınan yollar, körpülər, yeniləşən parklar, bağlar, xiyabanlar, minlərlə-milyonlarla insanların Sizə ünvanlanan alqışları təsdiq edir. Bu inkişaf yolu Ağdaşımızdan da yan keçməmişdir. Bu gün ölkəmizdə yeni-yeni layihələr həyat keçirilir, infrastruktur obyektləri istifadəyə verilir. Bu gün gördüklərimdən duyduğum qürur, sevinc, iftixar hissini söz ilə ifadə etməkdə çətinlik çəkirəm. Ona görə də fikrimi rayonumuza əvvəlki səfəriniz zamanı dediyiniz sözlərlə bildirirəm: “Ağdaş indi müasir, gözəl bir rayona çevrilmişdir. Burada istirahət etmək, yaşamaq, işləmək üçün bütün şərait vardır”. Bütün bunları bizim üçün Siz yaratmısınız, möhtərəm cənab Prezident. Buna görə də ağdaşlılar adından bir daha Sizə dərin minnətdarlığımızı bildirir, bu işlərin görülməsində Sizinlə çiyin-çiyinə çalışan xalqımızın sevimlisi Mehriban xanıma, bütün ailə üzvlərinizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycanımızın müstəqilliyi naminə apardığınız böyük işlərdə uğurlar arzu edirik.
Cənab Prezident, biz Sizinlə fəxr edirik, biz Sizinlə qürur duyuruq, Sizə inanır, Sizə arxalanırıq. Tanrı Sizi qorusun!”.
* * *
Rayon Ağsaqqallar Şurasının sədri Rafiq Nəbiyev də Prezident İlham Əliyevə ağdaşlıların təşəkkürünü çatdıraraq deyib: “Var olun, üzünüzdən bu təbəssüm əskik olmasın. Biz həqiqətən Sizinlə fəxr edirik. Allah Sizə yar olsun!”.
* * *
Sonda xatirə şəkli çəkdirilib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Ağdaş Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib.
Azərbaycan Prezidenti otaqlarda yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyev əhaliyə yüksək xidmət göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Yeni Azərbaycan Partiyası ölkəmizin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rol oynayır. Azərbaycanın əsas və aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası bütün bu məsələlərdə yaxından iştirak etməklə xalqın partiyası olmasını aydın nümayiş etdirir. Ümummilli lider, partiyanın yaradıcısı Heydər Əliyev deyib: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”.
Bu gün bu fikrin nə qədər doğru olması özünü daha aydın büruzə verir. Yeni Azərbaycan Partiyası ölkənin tərəqqisinə, dövlətçiliyin möhkəm təməllər üzərində qurulmasına çox mühüm töhfələr verir. Bu gün partiyanın sıralarının genişlənməsi və fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması şübhəsiz ki, cəmiyyətdə bu siyasi quruma olan ehtiram və hörmətdən, onun nüfuzundan qaynaqlanır.
Yeni Azərbaycan Partiyasının ümumi məqsədlər və amallar naminə uğurlu fəaliyyətində partiyanın rayon təşkilatlarının da rolu danılmazdır. Respublikanın bütün bölgələrində inşa olunan YAP rayon təşkilatlarının inzibati binaları müasirliyi ilə seçilməklə yanaşı, həm də inşa olunduğu şəhərin gözəlliyini artırır. Bu binalarda ən yüksək səviyyədə işləmək üçün hər cür şərait yaradılır.
Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının yeni inzibati binası da bu baxımdan mühüm əhəmiyyətə malikdir. Bina orijinal layihə, maraqlı memarlıq quruluşu ilə Ağdaş şəhərinin gözəlliyini daha da artırır.
Azərbaycan Prezidentinə məlumat verilib ki, ikimərtəbəli, 17 otaqlı binanın inşasına 2012-ci ilin avqust ayında başlanılıb. İşlərin yüksək keyfiyyətlə və qısa müddətdə görülməsi üçün bütün qüvvələr səfərbər olunub. Bina müasir inventar və avadanlıqla təchiz edilib.
Binanın foyesində Ulu öndər, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin büstü qoyulub. Burada Ümummilli liderin və Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası ilə bağlı fəaliyyətlərini əks etdirən maraqlı fotolardan ibarət guşələr var. Müxtəlif tədbirlərin keçirilməsi üçün akt zalı da yaradılıb. İnzibati otaqlar binanın ikinci mərtəbəsində yerləşir.
Hazırda YAP Ağdaş rayon təşkilatının 16 min nəfər üzvü var. Onların 51 faizini qadınlar, 43 faizini gənclər təşkil edir.
* * *
Ağdaşda yeni tikilmiş meyvə emalı zavodu mayın 1-də istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısı Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Ağdaş rayonuna səfərləri zamanı əhali ilə keçirdikləri görüşə və müxtəlif obyektlərin açılışlarında iştiraklarına həsr olunmuş fotostendə baxıb.
Sonra Prezident İlham Əliyev zavodu işə salıb.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Ağdaş rayonuna səfəri çərçivəsində Ləki dəmir yolu vağzalının yeni binasının açılışında iştirak edib.
Dövlətimizin başçısı vağzal binasının əvvəlki görüntülərini əks etdirən fotostendə baxıb. Burada Azərbaycan Prezidentinə Ağdaş-Qəbələ avtomobil yolunun yenidən qurulması layihəsinin sxemi təqdim edilib.
Nəqliyyat naziri Ziya Məmmədov məlumat verib ki, 28 kilometr uzunluğunda yol yenidən qurulacaq və dördzolaqlı olacaq.
Prezident İlham Əliyev: Dördzolaqlı olsa, onda gərək ağaclar qırılsın. Dörd zolağa ehtiyac yoxdur, ağaclar heyifdir. Qətiyyən olmaz. Yaxşı ki, mən gəldim və bu sxemi gördüm.
Bildirilib ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin balansında olan Ləki dəmir yolu vağzalının əvvəlki binası 1897-ci ildə inşa olunub. Uzun müddət əsaslı təmir işləri aparılmadığından vağzal binasının sökülərək yenisinin inşası zərurəti yaranıb. Yeni vağzal binasının tikintisinə 2013-cü ilin yanvarında başlanılıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin Dəmir Yollarının və Texniki Qurğularının Təmir-Tikinti Departamenti tərəfindən inşa olunan vağzal binasında müasir standartlara uyğun xidmət göstərilməsi üçün hər cür şərait var. Gözləmə salonunda sərnişinlər üçün bütün rahatlıq yaradılıb. Burada Ümummilli lider Heydər Əliyevin büstü qoyulub, Ulu öndərin və Prezident İlham Əliyevin Ağdaşa səfərlərini əks etdirən fotoguşə quraşdırılıb.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Ağdaş rayonuna səfəri çərçivəsində Gilan yem emalı zavodunun açılışında iştirak edib.
Prezident İlham Əliyev müəssisədə yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, zavod özündə 2 fabriki birləşdirir.
Dövlətimizin başçısı müəssisəni işə salıb.
Bildirilib ki, quşçuluq və maldarlıq təsərrüfatları üçün yem istehsalı sahəsi tanınmış xarici şirkətlərin texnologiyası və avadanlığı əsasında qurulub.
Azərbaycan Prezidenti istehsal prosesini izləyib, müəssisənin hazır məhsullarına baxıb.
Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirib, tövsiyə və tapşırıqlarını verib.
* * *
Mayın 1-də Ağdaşda Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısı yolun texniki göstəricilərini əks etdirən stendə baxıb.
Azərbaycan Prezidenti yolun rəmzi açılışını bildirən lenti kəsib, yeni yolda avtomobili idarə edib.
Sonra Prezident İlham Əliyev sakinlərlə görüşüb.
Sakinlər: Xoş gəlmisiniz. Həmişə Siz gələsiniz.
Prezident İlham Əliyev: Təzə yoldan istifadə edirsiniz?
Sakinlər: Bəli, çox rahatdır, gözəldir. Sizin sayənizdə bu problemimiz də həll olundu. Allah Sizi qorusun.
Prezident İlham Əliyev: Təbrik edirəm.
Sakinlər: Sağ olun. Böyük problem idi. Böyük iş görülüb.
Prezident İlham Əliyev: Əlbəttə, böyük işdir. Burada göstərilən şəkillərdə gördüm ki, əvvəlki yol hansı vəziyyətdə idi. O yolu necə getdiyinizi təsəvvür etmək çətindir.
Sakin: Hörmətli Prezident, mən Zərdab rayonundanam. Bu yol ilə Veys baba ziyarətgahına üç saata gedib gəlirdim. Çox sağ olun. Sizə çox minnətdarıq. İndi yollarımız çox gözəl çəkilibdir.
Sakin: Cənab Prezident, Allah Sizi qorusun. Biz Sizdən çox razıyıq.
Prezident İlham Əliyev: İndi bu yol Zərdaba qədər gedir.
Sakinlər: Bəli, Zərdaba qədər gedir. Neçə kənd varsa hamısının sakinləri Sizə duaçıdır.
Prezident İlham Əliyev: Mənə dedilər ki, 11 kəndin 20 min əhalisi uzunluğu 34 kilometr olan bu yoldan istifadə edir.
Sakin: Cənab Prezident, bu yoldan Zərdab camaatı da istifadə edir. Çox təşəkkür edirik. Sizə minnətdarıq. Mehriban xanıma minnətdarıq. Sizə möhkəm cansağlığı diləyirik.
Prezident İlham Əliyev: Yol rahatlıq, müasirlik, mədəniyyət, rahat həyat deməkdir. İndi görün, necə gözəl yol çəkilibdir. Azərbaycanın bütün kənd yolları bax bu səviyyədə olacaqdır. Hər il dövlət büdcəsindən, Prezidentin ehtiyat fondundan böyük vəsait ayrılır, hər bir rayonda, hər bir bölgədə kənd yolları çəkilir. Ağdaşın da bütün kənd yolları belə olmalıdır. Ağdaşda 71 kənd vardır. Biz indi burada 11 kəndi birləşdirdik. Bundan başqa, Ləki-Ağdaş yolu da tikilmişdir. Gələcəkdə yeni kənd yolları da tikiləcəkdir. Sizi bir daha təbrik edirəm.
Sakinlər: Allah Sizi qorusun. Bütün bu işlərə görə Sizə minnətdarıq. Sizə cansağlığı arzu edirik. Ömrünüz uzun olsun. Təkcə yola görə deyil, yaratdığınız bütün şəraitə görə Sizə təşəkkür edirik.
Sakin: Yol salmaq savab işdir. Siz isə görün nə qədər yol çəkdirmisiniz. Bu xalqın xeyir-duası Sizə bəsdir. Xalq Sizinlədir.
Prezident İlham Əliyev: Sağ olun. Mən də xalq üçün çalışıram, işləyirəm. Mənim əsas məqsədim xalqa xidmət etməkdir.
Sakinlər: Çox sağ olun. Allah Sizə cansağlığı versin. Sizin yaratdığınız bu əmin-amanlıq, gözəl işlər xalqın rifahı, dolanışığı üçündür. Biz Sizin uğurlu, cəsarətli xarici siyasətinizlə fəxr edirik.
Biz həmişə gözəl yolları şəhərdə görürdük. İndi öz kəndimizdə, öz rayonumuzda görürük. Biz inanırıq ki, Siz Qarabağımızı da qansız-qadasız qaytaracaqsınız. Biz Sizə inanırıq.
Prezident İlham Əliyev: İnşallah. Sağ olun.
Sakin: Xalq Sizi ürəkdən sevir. Ağsaqqallar adından, bütün ağdaşlılar adından Allahdan Sizə, ailənizə dualar edirik. Sizin Ağdaşa diqqətiniz çox böyükdür. Allah Sizdən razı olsun. Xalqın duaları Sizi qoruyacaqdır. Siz xalqın Prezidentisiniz, hər bir vətəndaşın Prezidentisiniz.
Prezident İlham Əliyev: Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, xalq üçün işləyirəm, yaşayıram. Mənim başqa amalım yoxdur. Bu bölgələrdə, ucqar rayonlarda belə inkişafı, belə gözəl işləri görəndə ürəyim sevinir. Mənim üçün ən böyük mükafat sizin yaxşı yaşamağınızdır.
Sakinlər: Çox sağ olun. Siz çox gözəl sözlərə layiqsiniz. Cənab Prezident, atanızın vəsiyyətlərini Siz 200 faiz yerinə yetirirsiniz. Sizə təşəkkür edirik.
Prezident İlham Əliyev: Sağ olun. Təşəkkür edirəm.
Sakinlər: Sağ olun.
* * *
Sonda xatirə şəkli çəkdirilib.
* * *
Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaşda Bayraq Meydanında yaradılan şəraitlə tanış olub.
Bayraq Meydanının ərazisində geniş abadlıq işləri görülüb, yaşıllıq zolağı salınıb və müasir işıqlandırma sistemi quraşdırılıb. Ağdaş sakinlərinin istirahəti üçün meydanda hər cür şərait yaradılıb.
* * *
Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 220 kilovoltluq “Ağdaş” elektrik yarımstansiyasının açılışında iştirak edib.
“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat verib ki, “Ağdaş” yarımstansiyasının inşası, onun 110 kilovoltluq şəbəkəyə birləşdirilməsi, 220 kilovoltluq ikidövrəli “Abşeron yarımstansiyası - Mingəçevir Su Elektrik Stansiyası” hava xəttinin tikintisi” layihəsi Prezidentin 2009-cu il 14 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində həyata keçirilən ən mühüm layihələrdən biridir. Fiziki və mənəvi cəhətdən köhnəlmiş, istismar resurslarını tamamilə başa vurmuş 220 kilovoltluq 1-ci və 2-ci Mingəçevir hava xətləri bu layihəyə əsasən yeni xətlərlə əvəz olunub və yeni 220 kilovoltluq “Ağdaş” yarımstansiyası inşa edilib. Xəttin inşasında istifadə edilən xüsusi gücləndirilmiş, qalvanizə edilmiş dayaqlar, elektrik naqilləri, yarımstansiyanın metal konstruksiyaları və digər köməkçi avadanlıqlar Sumqayıt Texnologiyalar Parkında istehsal olunub. Yarımstansiyada ən müasir elektrik avadanlığı quraşdırılıb. Bu, respublikada sayca 13-cü 220 kilovoltluq yarımstansiyadır. Yarımstansiyanın şəbəkəyə birləşdirilməsi üçün 60 kilometrdən artıq 110 kilovoltluq hava xətti çəkilib. Bu da ətraf rayonları elektrik enerjisi ilə etibarlı təmin etmək imkanlarını artıracaq.
Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.
* * *
Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaşa səfəri çərçivəsində Heydər Parkında aparılan yenidənqurma işləri ilə tanış olub.
Prezident İlham Əliyevin park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən Ağdaşda da yenilənən Heydər Parkı, ilk növbədə rayon sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edir. Müasir tələblər səviyyəsində qurulan və Ağdaşın mərkəzi hissəsinə xüsusi yaraşıq verən bu park Azərbaycanın tərəqqisi, ölkəmizin və onun bölgələrinin inkişafını bir daha sübut edir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09

