Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Vyetnama dövlət səfəri edib

Azərbaycan Prezidenti İlham Əliyev Vyetnama dövlət səfəri edib

20.05.2014 [09:15]

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Vyetnam Sosialist Respublikasına dövlət səfərinə gəlib.
Azərbaycanın və Vyetnamın dövlət bayraqlarının dalğalandığı Hanoyun Noi Bai Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Vyetnamın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
Sonra qısa protokol söhbəti olub.
Vyetnam Sosialist Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 19-da Hanoyda Milli Qəhrəman və Şəhid Monumentini ziyarət ediblər.
Dövlətimizin başçısı abidənin önünə əklil qoyub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 19-da Hanoyda Vyetnamın sabiq Prezidenti Ho Şi Minin mavzoleyini ziyarət ediblər.
Dövlətimizin başçısı Vyetnam Sosialist Respublikasının qurucusu Ho Şi Minin xatirəsinə dərin ehtiramını bildirib, mavzoleyin önünə əklil qoyub.
Mayın 19-da Vyetnam Sosialist Respublikasının Prezident sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanqın məhdud tərkibdə görüşü olub. Görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanqın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Vyetnam Prezidenti Truonq Tan Sanq deyib: “Hörmətli cənab Prezident. İcazə verin, nümayəndə heyətinin adından Sizi Vyetnam torpağında dövlət səfərinə gəlməyinizlə bağlı bir daha salamlayaq. Siz bizim köhnə və yaxın dostumuzsunuz. Ümidvarıq ki, səfəriniz uğurlu olacaqdır. Siz özünüzə çox yaxın olan bir ölkədəsiniz və ümid edirəm ki, burada özünüzü Vətəninizdəki kimi hiss edəcəksiniz. Sizin səfəriniz Vyetnam ilə əlaqələrin inkişafına daha güclü təkan verəcəkdir”.
Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Təşəkkür edirəm cənab Prezident. Nümayəndə heyətimizin üzvləri özlərini Sizin gözəl ölkənizdə çox yaxşı hiss edirlər. Fürsətdən istifadə edərək Sizi də münasib bir vaxtda Azərbaycana səfərə dəvət edirəm. Biz münasibətlərimizi yüksək qiymətləndiririk və əminəm ki, səfər ikitərəfli əməkdaşlığa daha güclü rəvac verəcəkdir. Əminəm ki, səfərin çox yaxşı nəticələri olacaqdır. Səfər nəticəsində siyasi əlaqələr daha da möhkəmlənəcəkdir”.
Geniş tərkibdə görüşdə Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanq Ulu öndər Heydər Əliyevin vaxtı ilə Sovet İttifaqı rəhbərliyində olduğu dövrdə bu ölkəyə səfərini xatırlayıb. Ümummilli lider Heydər Əliyevin şəxsən Vyetnama göstərdiyi diqqətin Vyetnam xalqı tərəfindən dərin minnətdarlıqla xatırlandığını bildirib.
Görüşdə Azərbaycan ilə Vyetnam arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən beynəlxalq təşkilatlarda əməkdaşlıq, energetika, elm, təhsil, turizm, investisiyaların qoyulması və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan-Vyetnam sənədlərinin imzalanması mərasimi olub.
Hanoyda sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanq mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident Truonq Tan Sanqın bəyanatı: “Hörmətli cənab Prezident İlham Əliyev.
Əziz dostlar.
İcazə verin, Vyetnamda dövlət səfərində olan cənab Prezidenti və Azərbaycan nümayəndə heyətinin üzvlərini hərarətlə salamlayım.
Mən çoxtərəfli və qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi və genişləndirilməsinə güclü təkan verən cənab Prezidentin səfərini yüksək qiymətləndirirəm. Cənab Prezident İlham Əliyevlə açıq, etimad və əməkdaşlıq mühitində faydalı və səmərəli danışıqlar apardıq. Biz bir daha bildirdik ki, ölkələrimiz arasındakı ənənəvi dostluq əlaqələri daim möhkəmlənəcək və inkişaf edəcəkdir. Vyetnam Azərbaycanın bizim xalqımıza göstərdiyi dəstəyi və çox qiymətli köməyi xatırlayır və yüksək qiymətləndirir”.
Ölkələrimiz arasında siyasi, ticari-iqtisadi və digər sahələrdə əməkdaşlığın möhkəmləndirməsi üçün geniş imkanların olduğunu bildirən Vyetnam Prezidenti Truonq Tan Sanq deyib: “Tərəflər bu müsbət meylli fəaliyyəti davam etdirməli, bütün sahələrdə, xüsusən də yüksək səviyyədə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin sayını artırmalı, əvvəllər imzalanmış sazişləri, həmçinin bir qədər əvvəl əməkdaşlıq barədə imzalanmış vacib sənədləri səmərəli həyata keçirməlidirlər. Biz cənab Prezidentlə Vyetnam-Azərbaycan əlaqələrini, xüsusən də ticari-iqtisadi və investisiya sahələrində inkişaf üzrə tədbirləri müzakirə etdik və razılaşdırdıq. Belə qənaətə gəldik ki, tərəflər güclü istiqamətləri inkişaf etdirməli, eyni zamanda, əmtəə mübadiləsinin artırılması, o cümlədən neft-qaz sahəsini prioritet, strateji və uzunmüddətli istiqamət hesab edərək fəal addımlar atmalıdırlar. Azərbaycan və Vyetnam informasiya mübadiləsi, birbaşa əlaqələrin qurulması və səmərəli əməkdaşlıq formalarının axtarışı sahələrində hər iki ölkənin biznes dairələrinə kömək edəcəkdir. Vyetnam bank işi, daşınmaz əmlak, turizm, yüngül sənaye kimi perspektivli sahələrə investisiya qoymaq üçün azərbaycanlı sahibkarlara əlverişli şərait yaratmağa hazırdır”.
Beynəlxalq tədbirlərdə, xüsusən də BMT-də ölkələrimiz arasında sıx və səmərəli əməkdaşlığın olduğunu vurğulayan Prezident Truonq Tan Sanq Azərbaycan-Vyetnam münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edərək bildirib: “Mən qəti əminəm ki, hər iki tərəfin iradəsi və ümumi səyləri nəticəsində Vyetnam ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətləri gələcəkdə daha da genişlənəcək, hər iki tərəfə fayda gətirəcəkdir”.
Prezident İlham Əliyevin bəyanatı: “Hörmətli cənab Prezident.
İlk növbədə mənə və Azərbaycan nümayəndə heyətinin üzvlərinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram. Əminəm ki, mənim səfərim iki ölkə arasındakı münasibətlərə yeni təkan verəcəkdir. Fürsətdən istifadə edərək Sizi, cənab Prezident, Sizin üçün münasib olan vaxtda Azərbaycana rəsmi səfərə dəvət edirəm.
Bu gün biz Vyetnam-Azərbaycan əlaqələrinin müxtəlif aspektlərini geniş müzakirə etdik. Biz bu münasibətlərə xüsusi əhəmiyyət veririk. Keçən il Vyetnamda Azərbaycan səfirliyi açılmışdır. Bu, ikitərəfli münasibətlərimizin inkişafında öz müsbət rolunu oynayır. Biz beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Bu gün söhbət əsnasında qərara gəldik ki, bundan sonra da üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyəcəyik.
Mən cənab Prezidentə regionda baş verən hadisələr haqqında məlumat verdim. Xüsusilə regional təhlükəsizlik üçün ən böyük təhdid olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında mövqeyimi bildirdim. İyirmi ildən çoxdur ki, Ermənistan Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağı və ətraf 7 bölgəni işğal altında saxlayır. Bu işğal nəticəsində bir milyon azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasına dair bəyanat vardır. Ancaq buna baxmayaraq, Ermənistan buna məhəl qoymur və torpaqlarımızı işğal altında saxlamaqda davam edir. Bu münaqişə bölgə üçün ən böyük təhlükədir və ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
Bu gün ikitərəfli iqtisadi əlaqələrimizə böyük diqqət göstərildi, vaxt ayrıldı. Ticarət dövriyyəsi iki ölkə arasında 400 milyon dollara çatmışdır. Bu gün biznes forum keçiriləcəkdir. Azərbaycandan 50-dən çox şirkət rəhbəri bu biznes forumda iştirak edəcəkdir. Əminəm ki, forum zamanı kontraktlar da müzakirə ediləcək və beləliklə, forumun nəticəsi ikitərəfli ticarət dövriyyəsinin artırılmasında özünü göstərəcəkdir.
Əlbəttə ki, bu gün neft-qaz sektorunda mümkün olan əməkdaşlıq haqqında fikir mübadiləsi aparılmışdır. Azərbaycan nefti Vyetnama ixrac edilir. Biz bu ixracın artırılması ilə bağlı əlavə tədbirlər görəcəyik. Neft-qaz və digər sektorlara qarşılıqlı investisiyaların qoyuluşu ilə bağlı fikir mübadiləsi aparılmışdır. Əminəm ki, yaxşı nəticələr olacaqdır.
Humanitar sahədə əməkdaşlığımızı dərinləşdirmək üçün çox gözəl perspektivlər vardır. Xüsusilə təhsil, mədəniyyət, turizm sahələrində əməkdaşlığın inkişafı üçün çox gözəl imkanlar vardır. Bir sözlə, ikitərəfli gündəliyimiz kifayət qədər genişdir, müxtəlif sahələri əhatə edir. Şübhə etmirəm ki, səfərin nəticələri çox müsbət olacaq və bizim dostluğumuz və əməkdaşlığımız uğurla inkişaf edəcəkdir.
Cənab Prezident, Sizə bir daha təşəkkür edirəm”.
Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hanoyda ölkəmizin ali təhsil müəssisələrinin vyetnamlı məzunları və vaxtilə Azərbaycanda təhsil alan vyetnamlı tələbələrlə görüşüb.
Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Milli Assambleyasının sədri Nquyen Sinh Hanq, Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının baş katibi Nquyen Phu Tronq, Vyetnam Sosialist Respublikasının Baş naziri Nquyen Tan Danq ilə görüşüb.
Mayın 19-da Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanq və xanımı Mai Thi Hanh tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib.
Vyetnam Prezidenti Truonq Tan Sanq və Azərbaycan Prezidenti İlham Əliyev çıxış ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri mayın 19-da başa çatıb.

Paylaş:
Baxılıb: 778 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30