Azərbaycan Prezidenti İlham Əliyev Ağdam və Bərdə rayonlarına səfər edib
07.08.2014 [09:53]
Prezident İlham Əliyev: Bu gün gəlmişəm ki, sizinlə birlikdə bu səngərlərdə olum, sizə Öz sözümü deyim və Azərbaycan xalqını buradan əmin edim ki, Azərbaycan Ordusu Azərbaycan dövlətini qoruyur və öz məqsədinə çatacaq
Avqustun 6-da Azərbaycan Prezidenti İlham Əliyev Ağdam və Bərdə rayonlarına səfər edib.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev əvvəlcə Ağdamdakı “N” saylı hərbi hissəyə gəlib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.
Məlumat verilib ki, təmas xəttində yerləşən bu hərbi hissədə əsgərlərin və zabitlərin xidməti üçün hərtərəfli şərait yaradılıb.
Ali Baş Komandan İlham Əliyev komanda müşahidə məntəqəsindən düşmənin mövqelərini izləyib.
Sonra Prezident döyüş tapşırığını yerinə yetirərkən xüsusilə fərqlənmiş bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim edib.
Dövlət başçısı hərbçilərlə görüşüb və döyüşdə fərqlənmiş hərbi qulluqçular qarşısında çıxış edib: “Bu gün təmas xəttində vəziyyətlə tanış oluram. Müdafiə Nazirliyi müntəzəm olaraq operativ məlumat verir. Vəziyyət tam nəzarət altındadır. Bizim mövqelərimiz möhkəmdir, güclüdür və təmas xəttində Azərbaycan ordusu tam üstünlüyü əldə edib.
Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir. Biz bundan sonra da öz döyüş potensialımızı artıracağıq. Hazırda Azərbaycan ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Son vaxtlar əldə etdiyimiz silah, texnika deməyə əsas verir ki, biz istənilən vəzifəni icra edə bilərik.
Son vaxtlar həm Azərbaycanda müasir silah və texnika istehsal olunur, eyni zamanda, xarici mənbələrdən aldığımız avadanlıq, texnika, silah-sursat ən müasir standartlara cavab verir. Hava hücumuna qarşı ən müasir qurğular əldə edilibdir. Ordumuzda ən güclü artilleriya qurğuları vardır. Böyük dəqiqliyə və çox böyük dağıdıcı qüvvəyə malik olan raket sistemləri, döyüş və nəqliyyat helikopterləri, döyüş təyyarələri, zirehli texnika, tanklar - bütün bunlar bu gün Azərbaycan ordusunun potensialını təşkil edən amillərdir. Bu gün Azərbaycan ordusu Dağlıq Qarabağdakı istənilən obyekti məhv edə bilər. Bunu biz də bilirik, Azərbaycan xalqı da, düşmən də bilməlidir. Bu gün ancaq Azərbaycan dövlətinin siyasəti sayəsində bölgədə sabitlik hələ ki, təmin edilibdir. Azərbaycan sabitləşdirici ölkədir. Biz bu gün öz imkanlarımızı artıraraq daha da güclü orduya malik oluruq və bu ordu istənilən vaxtda, istənilən vəzifəni icra edə bilər.
Bu gün təmas xəttində olarkən son günlər ərzində baş vermiş hadisələri də yada salırıq. Düşmən, erməni işğalçı qüvvələri bir həftə bundan əvvəl qorxaqcasına, namərdcəsinə gecə vaxtı bizim mövqelərimizə hücum etmişlər. Biz itki vermişik, əsgərlərimiz şəhid olmuşlar. Allah bütün şəhidlərə rəhmət eləsin, onların ailələrinə, yaxınlarına səbir versin. Ancaq, eyni zamanda, düşmən layiqli cavab aldı. Həmişə olduğu kimi, erməni tərəfi öz itkilərini gizlədir. Ancaq biz bilirik ki, onlarla işğalçı məhv edilmişdir və bu əməliyyatlarda xüsusi rəşadət, cəsarət, peşəkarlıq göstərən əsgər, gizir və zabitlər bu gün bu masa arxasında əyləşmişlər. Mən onları təltif etmişəm. Göstərdiyiniz cəsarətə görə, peşəkarlığa görə sizə Azərbaycan xalqı adından Öz minnətdarlığımı bildirmək istəyirəm və əminəm ki, bundan sonra da bütün döyüş tapşırıqlarını ləyaqətlə icra edəcəksiniz.
Bu gün düşmən panikadadır, isterikadadır. Biz bunu bilirik. Bizim kifayət qədər imkanlarımız var ki, qarşı tərəfdə nələr baş verdiyini bilək. Biz tam şəkildə hərbi və mənəvi üstünlüyü əldə etmişik. Biz öz torpağımızdayıq. Bir həftə bundan əvvəl həlak olmuş şəhidlərimiz öz torpağında şəhid olmuşlar. Sual olunur: erməni əsgərinin - işğalçı qüvvələrin əsgərinin Ağdam ərazisində nə işi var? Bu gün Ermənistanın faşist rəhbərliyi, hərbi xunta öz ölkəsini uçuruma aparır. Onlar bizim torpaqlarımızı işğal ediblər, eyni zamanda, bütün Ermənistanı işğal ediblər. Erməni xalqı kriminal, korrupsioner rəhbərlikdən öz canını qurtarmalıdır. Əks təqdirdə Ermənistanı böyük fəlakətlər gözləyir. Əgər Ermənistan faşist dövləti öz çirkin əməllərindən əl çəkməsə, erməni dövlətinin mövcudluğu sual altına düşə bilər.
Bu gün biz yaxşı bilirik ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı bizim tarixi torpağımızdır. Biz azərbaycanlılar o torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Həmişə belə olub, bu gün də belədir, sabah da belə olacaq. Sadəcə olaraq, 1990-cı illərin əvvəllərində baş vermiş hadisələr nəticəsində müvəqqəti olaraq torpaqlarımız işğal altına düşmüşdür. Ancaq biz öz suverenliyimizi bərpa edəcəyik. Bütün işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada, Xankəndidə Azərbaycan bayrağı qaldırılacaqdır. Bu, bizim məqsədimizdir. Bu məqsədə doğru gedirik və biz bu məqsədə çatmaq üçün daha da güclü ordu yaratmalıyıq.
Bu gün ölkəmizin iqtisadi, siyasi potensialı Ermənistandan qat-qat artıqdır, üstündür. Son illər ordu quruculuğu sahəsində görülən işlər nəticəsində biz hərbi üstünlüyü də əldə etmişik və öz potensialımızı getdikcə daha da artıracağıq. Münaqişənin həlli yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkündür. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Tarixi, əzəli Azərbaycan torpağıdır. Beynəlxalq hüquq normaları bizim mövqeyimizi dəstəkləyir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Biz heç vaxt Azərbaycan torpağında ikinci qondarma “erməni dövləti”nin yaradılmasına imkan verməyəcəyik, öz ərazi bütövlüyümüzü bərpa edəcəyik: ya sülh yolu ilə, ya hərbi yolla. Biz hər iki varianta hazırıq. Son həftə ərzində və ondan əvvəlki dövrdə təmas xəttində müşahidə olunan mənzərə onu deməyə əsas verir ki, biz istənilən varianta hazırıq. Necə ki, siyasi və iqtisadi meydanda ermənilərə qalib gəlmişik, döyüş meydanında da onlara qalib gəlməyə qadirik. Biz güclü hərbi potensiala malikik. Artıq bu, müxtəlif vaxtlarda nümayiş etdirilib. Hərbi təlimlərdə və paradlarda bizim texnikamız nümayiş etdirilir. Amma bizim ən böyük gücümüz əsgərlərimizin cəsarəti, vətənpərvərliyidir. Bu gün Azərbaycanda elə gözəl gənc nəsil yetişib ki, onların hamısı Ali Baş Komandanın əmrini gözləyir. Son hadisələr də bunu göstərir. Hətta hərb işindən kənarda olan insanlar da öz fikirlərini, istəklərini bildirirlər, könüllü olaraq cəbhə bölgəsinə getmək istəyirlər. Bu, məni çox sevindirir və onu göstərir ki, Azərbaycanda vətənpərvərlik ruhu yüksəkdir. Mənəvi üstünlük bizim tərəfimizdədir. Ermənistandan isə son hadisələrdən sonra əhali kütləvi köçə başlamışdır. Onsuz da son illər ərzində Ermənistanı orta hesabla ildə 70-80 min vətəndaş həmişəlik tərk edirdi. Ancaq son günlər ərzində bu köç daha da güclü olmuşdur. Yəni onlar bizdən qorxurlar, panikadadırlar. Özləri etiraf edirlər ki, xarici yardım olmadan Ermənistanın müstəqilliyini saxlaya bilməzlər. Açıq şəkildə etiraf edirlər ki, xarici qüvvələrə güvənirlər. Biz isə öz xalqımıza, öz gücümüzə güvənirik. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik və etməliyik. Azərbaycan xalqı öz ordusunu sevir, ona inanır, güvənir. Siz ordumuzun inkişafında böyük xidmətlər göstərmisiniz. Bizim, əlbəttə, bütün hərbi hissələrimizdə xidmət edən əsgər, gizir və zabitlər çox böyük qiymətə layiqdirlər. Ancaq sizin əməliyyatlarınızın, xüsusi təyinatlı bölmələrdə xidmət edən əsgər və zabitlərimizin xüsusi xidməti vardır. Siz hər an öz həyatınızı risk altına salırsınız, böyük qəhrəmanlıq göstərirsiniz. Mən bunu yüksək qiymətləndirirəm və istəyirəm Azərbaycan xalqı da bilsin ki, bizim necə gözəl döyüşçülərimiz, qəhrəmanlarımız var.
Sizin gələcək fəaliyyətiniz uğurlu olacaqdır. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda yaşayırıq. Bura Azərbaycan torpağıdır. Buradan bir neçə kilometr məsafədə yerləşən Ağdam şəhəri də Azərbaycan torpağıdır, Xankəndi də, Şuşa da, bütün digər işğal edilmiş torpaqlar da. Ağdam şəhərini erməni quldurları, vəhşiləri yerlə-yeksan ediblər. Buradan Ağdam şəhərinin qalıqları açıq-aydın görünür. İki binadan başqa bütün binalar dağıdılıb. Biz Ağdam şəhərini bərpa edəcəyik. İşğal edilmiş, dağılmış bütün şəhərləri bərpa edəcəyik. Biz o torpaqlara qayıdacağıq, biz bu fikirlə yaşayırıq və yaşayacağıq. Münaqişə öz həllini tapmayana qədər daim öz prinsipial mövqeyimizi nümayiş etdirəcəyik və təmas xəttində üstünlük daim bizdə olacaqdır.
Göstərdiyiniz qəhrəmanlığa görə sizi bir daha təbrik edirəm, sizə öz minnətdarlığımı bildirmək istəyirəm.
Mən hərbi hissələrdə tez-tez oluram. Təmas xəttində də, bu bölgədə də, digər mövqelərdə də olmuşam. Bir daha demək istəyirəm ki, mənə operativ məlumat verilir. Ancaq bu gün gəlmişəm ki, sizinlə birlikdə bu səngərlərdə olum, sizə Öz sözümü deyim və Azərbaycan xalqını buradan əmin edim ki, Azərbaycan Ordusu Azərbaycan dövlətini qoruyur və öz məqsədinə çatacaq. Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik.
Sizi şərəfli xidmətinizdə bir daha salamlayıram və sizə bu şərəfli işdə yeni uğurlar arzulayıram”.
Mayor İmanov çıxış edərək təşəkkürünü bildirib: Cənab Ali Baş Komandan, silahdaşlarım adından orduya göstərdiyiniz qayğıya görə Sizə təşəkkür edirik. Hər an verdiyiniz hər bir əmri yerinə yetirməyə hazırıq.
Prezident İlham Əliyev: Sağ olun.
Mayor İmanov: Sağ olun. Azərbaycan Respublikasına xidmət edirəm!
* * *
Əsgər və zabitlər Ali Baş Komandan ilə xatirə şəkli çəkdiriblər.
Sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev operativ müşavirə keçirib.
Dövlət başçısına cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edilib.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müvafiq tapşırıqlarını verib.
* * *
Prezident İlham Əliyev Ağdam rayonunda 632 məcburi köçkün ailəsi üçün salınan yeni qəsəbənin açılışında iştirak edib.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevə yeni salınmış qəsəbə barədə məlumat verib.
Azərbaycan Prezidenti qəsəbədəki mənzillərdən birində yaradılmış şəraitlə tanış olub.
Dövlət başçısı qəsəbənin uşaq bağçasında da olub və burada yaradılan şəraitlə maraqlanıb.
Prezident İlham Əliyev yeni qəsəbədə çövgan oyununu izləyib.
Dövlət başçısı qəsəbədəki 135 nömrəli tam orta məktəbdə də olub.
Yeni qəsəbə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib: “Əziz dostlar, mən sizi ürəkdən salamlayıram. Bu gün çox gözəl bir gündür. Ağdam rayonunda yeni qəsəbə istifadəyə verilir. Çox gözəl qəsəbədir. Burada ağdamlılar yaşayacaqlar. Bütün şərait yaradılıb, - 632 ev, məktəb, uşaq bağçası, tibb məntəqəsi, yollar, - lazımi infrastruktur yaradılıbdır ki, insanlar burada rahat yaşasınlar.
Burada vətəndaşlar indiyədək çox ağır şəraitdə yaşayıblar. Yeraltı qazmalarda, qamış evlərdə uzun illər əziyyət çəkiblər. İndi onların həyatında yeni dövr başlayır, burada rahat yaşayacaqlar. Ancaq, əlbəttə, hər bir məcburi köçkün bir arzu ilə yaşayır ki, öz doğma kəndlərinə, şəhərlərinə qayıtsın. Əminəm ki, o gün də gələcək və o günü yaxınlaşdırmaq üçün biz əlimizdən gələni edirik.
Eyni zamanda, məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üçün dövlət əməli-praktiki addımlar atır. Dövlət Proqramı qəbul olunmuşdur, sonra proqrama əlavələr edilmişdir və son illər ərzində 80-dən çox qəsəbə tikilmişdir. Bütün qəsəbələrdə ən yüksək standartlar tətbiq olunur, ən yaxşı şərait yaradılır, vətəndaşlar müasir evlərdə, hündürmərtəbəli binalardakı mənzillərdə yaşayırlar və Azərbaycan dövləti bundan sonra da məcburi köçkünlərin problemlərinin həlli üçün addımlar atacaqdır.
Hazırda məcburi köçkünlərdən 190 mini yeni evlərə, mənzillərə köçürülübdür. Ağdam rayonunda isə bu qəsəbə sayca 18-cidir. Artıq yeni tikilmiş 17 qəsəbədə vətəndaşlar yaşayır. Ağdam rayonunun əhalisi indi 190 min nəfərdir. Onlardan 90 mini artıq Ağdam rayonunda məskunlaşmışdır. Bu, çox sevindirici haldır. Çünki vaxtilə bu qəsəbələrin yaradılması o məqsədi güdürdü ki, sakinlər öz kəndlərində yaşaya bilməsələr də, Ağdam rayonunda yaşasalar, doğma kəndlərinə daha yaxın olarlar.
Azərbaycan dövləti məcburi köçkünlərin problemləri ilə mütəmadi qaydada məşğuldur və bu məsələlərin həlli üçün böyük vəsait ayrılır. Qaçqınlara, köçkünlərə ayrılan vəsait artır. Hər il ancaq tikinti işlərinə 300 milyon manat vəsait ayrılır ki, bu vəsaitdən istifadə edilərək qəsəbələr salınır və son illərdə hər il ən azı 20 min köçkün yeni evlərə köçürülür, onların şəraiti yaxşılaşır. Yəni, bir sözlə, biz hər il demək olar ki, bir kiçik şəhər yaradırıq və bunu davam etdirəcəyik. Əminəm ki, növbəti illərdə bu proses daha da sürətlə gedəcək. Çünki ölkəmizin maliyyə vəziyyəti yaxşıdır, yaxşılaşır və ən ağır vəziyyətdə yaşayanlar üçün biz, ilk növbədə, bu addımları atmalıyıq.
Köçkünlər arasındakı yoxsulluq da aşağı düşür, məşğulluq artır, iş yerləri açılır. Yəni bu işlər ardıcıllıqla davam etdiriləcək və bu il hələ bir neçə qəsəbənin açılışı gözlənilir. Gələn il də bu proses davam etdiriləcək.
Bütövlükdə, Ağdam rayonunun inkişafı ilə bağlı son illərdə böyük işlər görülmüşdür. Sosial obyektlər, məktəblər tikilir. Hər bir qəsəbədə gözəl məktəb tikilib. Bu məktəb də çox gözəl, böyük məktəbdir. Eyni zamanda, kəndlərdə olan məktəblər təmir olunur, Olimpiya kompleksi, rayon xəstəxanası, doğum evi, uşaq xəstəxanası tikilibdir. İnfrastruktur layihələri icra edilir.
Ağdamda demək olar ki, qazlaşma 100 faizə yaxındır. Əvvəlki dövrdə, ümumiyyətlə, qaz yox idi. İndi mənə məlumat verildi ki, cəmi bir kəndə qaz verilmir və oraya da veriləcək. Beləliklə, 100 faiz qazlaşma təmin ediləcək. Elektrik enerjisi ilə təchizat yaxşıdır. İçməli su məsələləri həll olunur, artezian quyularının qazılması prosesi davam etdirilir. Kənd yolları abadlaşır, tikilir. Bir müddət əvvəl Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına bir neçə kəndi birləşdirən yol çəkilmişdir. Bilirəm ki, yol çəkilişinə yenə də ehtiyac var. Ona görə də əlavə tədbirlər görüləcək, yeni sərəncam imzalanacaq ki, biz qalan yolları da abadlaşdıraq. Bir sözlə, rayonun inkişafı üçün əlimizdən gələni edirik, edəcəyik. Ağdam rayonunun çox böyük potensialı vardır. Bu gün də bu potensial ölkəmiz üçün lazımdır.
Ağdamlılar müharibə zamanı böyük itkilər vermişlər. Ən çox şəhidi olan rayon Ağdam rayonudur. Ağdamlılar böyük qəhrəmanlıq göstərmişlər. Ağdamdan olan Milli qəhrəmanlarımız xalqımız üçün qürur mənbəyidir və bu gün Azərbaycan Ordusu öz mövqelərini möhkəm qoruyur.
Mən bu gün səhər düşmənlə təmas xəttində idim. Orada vəziyyətlə tanış olurdum. Mənə müntəzəm olaraq məlumat verilir. Ancaq təmas xəttində olarkən vəziyyətlə əyani şəkildə tanış oluram, müvafiq göstərişlər verilir. Son günlər ərzində erməni işğalçı qüvvələrinin hücumları nəticəsində bizim ordumuz itkilər vermişdir, bir neçə hərbçi şəhid olmuşdur. Allah onlara rəhmət eləsin! Ancaq, eyni zamanda, deyə bilərəm ki, onların qanı yerdə qalmayıb. Azərbaycan Ordusu düşmənə çox böyük zərbə vurmuşdur. Bizdə olan məlumata görə, onlarla işğalçı məhv edilmişdir. Ermənilər həmişə olduğu kimi öz itkilərini gizlədirlər. Ancaq həqiqət ondan ibarətdir ki, bu hadisələrdə yenə də Azərbaycan Ordusu üstün olmuşdur və bu hadisələrdə biz qələbə qazanmışıq. Bu, həmişə belə olacaq.
Azərbaycan Ordusu güclü ordudur. Bu gün Azərbaycan vətəndaşlarının, xüsusilə cəbhəyanı bölgələrdə yaşayan vətəndaşların təhlükəsizliyi tam şəkildə təmin edilir və əlbəttə ki, bizim ordumuz istənilən vəzifəni icra etməyə qadirdir. Bu gün hərbçilərlə müşavirə keçirildi. Müvafiq tapşırıqlar verilmişdir ki, tezliklə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin.
Bizim ərazi bütövlüyümüz bərpa olunacaq. Bunu deməyə əsas verən bir neçə amil var. Bütün bunlar ictimaiyyət üçün də bəllidir. Azərbaycan güclənir, möhkəmlənir. Dağlıq Qarabağ, işğal edilmiş torpaqlar bizim əzəli torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb, yaradıb və yaşayacaqdır. Beynəlxalq hüquq nöqteyi-nəzərindən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və heç vaxt qondarma “Dağlıq Qarabağ” müstəqil qurum kimi tanınmayacaq. Azərbaycan dövləti heç vaxt imkan verməyəcək ki, öz ərazisində ikinci qondarma “erməni dövləti” yaransın. Birinci erməni dövləti Azərbaycanın tarixi torpaqlarında yaradılıbdır. O vaxt 1918-ci ildə Azərbaycan hakimiyyəti böyük güzəşt etmişdir. Ancaq düşmən bunun qədrini bilməmişdir və bizə qarşı ərazi iddiaları davam etmişdir.
Əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərində Azərbaycanda yaşanan xaos, böhran, anarxiya bu vəziyyətə gətirib çıxarıb. Torpaqlarımızın bir hissəsi işğal altına düşmüşdür. Ancaq, eyni zamanda, Füzuli istiqamətində bir neçə kəndi geri qaytara bilmişik və indi orada həyat canlanır, quruculuq-abadlıq işləri aparılır. Yəni biz hazırda işğal altında olan torpaqlara qayıdandan sonra da bütün şəhərlərimizi, kəndlərimizi bərpa edəcəyik.
Bu gün Azərbaycanda hər bir rayonda böyük quruculuq işləri aparılır. Gələcək perspektivlərimiz də çox müsbətdir. Biz ancaq inkişaf yolu ilə gedəcəyik. Baxmayaraq ki, dünyanın müxtəlif yerlərində indi böhran yaşanır: iqtisadi, ya hərbi və siyasi böhran. Azərbaycan sabitlik məkanıdır, sabitlik adasıdır. Biz hazırda işğal altında olan torpaqlara qayıdandan sonra bütün şəhərlərimizi, o cümlədən Ağdam şəhərini bərpa edəcəyik. İndi şəhər erməni vəhşiləri tərəfindən tamamilə dağıdılıb və yerlə bir edilib. Bizim tarixi abidələrimiz, məscidlərimiz, əcdadlarımızın qəbirləri erməni faşistləri tərəfindən dağıdılıbdır. Biz, Ağdamı da, bütün başqa rayonları da bərpa edəcəyik. Biz o torpaqlara qayıdacağıq. Azərbaycan xalqı - həm yaşlı nəsil, eyni zamanda, gənclər bu arzularla yaşayır. Son hadisələr bir də onu göstərdi ki, cəmiyyətdə vətənpərvərlik ruhu çox yüksəkdir. Yüzlərlə müraciətlər olunur, cəbhə bölgəsinə Azərbaycanın digər bölgələrindən gənclər təşrif buyurur, öz arzularını ifadə edirlər. Onlar könüllülər kimi ərazi bütövlüyümüzün bərpasında iştirak etmək istəyirlər. Hesab edirəm ki, hələ buna ehtiyac yoxdur. Azərbaycan ordusu bu bölgədə ən güclü ordudur. Həm döyüş qabiliyyəti, həm də peşəkarlıq, hərbi-texniki təchizat ən yüksək səviyyədədir. Sadəcə olaraq hələ ki, danışıqlar prosesi davam edir. Müəyyən ümidlər var. Baxmayaraq ki, ağdamlılar da bütün ölkə vətəndaşları kimi vasitəçilərin fəaliyyətindən narazıdırlar. Biz də narazıyıq. Çünki vasitəçilərin əsas missiyası münaqişənin həllidir. Vasitəçilərin missiyası məsələnin dondurulması və yaxud da etimad tədbirlərinin gücləndirilməsi deyil. Onların içində ən böyük etimad tədbiri işğalçı qüvvələrin torpaqlarımızdan çıxması ola bilər. Hər halda, bu gün Azərbaycan ordusu öz gücünü göstərərək, danışıqlar prosesinə də müsbət təsir edir. Çünki düşmən açıq-aydın görür ki, bizim qabağımızda dura bilməyəcək. Əgər Azərbaycan ordusu hərəkətə keçərsə, düşmənin vəziyyəti çox ağır ola bilər. Bunu biz də bilirik, düşmən və vasitəçilər də bilir. Ona görə hesab edirəm ki, son günlər ərzində yaşanan hadisələr beynəlxalq vasitəçiləri də hərəkətə gətirəcək. İşğalçı dövlətə açıq-aydın siqnal verilməlidir ki, artıq bu işğala son qoyulmalıdır.
Müxtəlif bölgələrdə, postsovet məkanında, bildiyiniz kimi, buna oxşar münaqişələr var. Ancaq bu münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. BMT Təhlükəsizlik Şurasından ali qurum yoxdur. Bu ən yüksək, mötəbər dünya qurumudur. Bu qurum erməni silahlı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnamə qəbul etmişdir. Onların heç biri icra edilmir. Onlar icra edilməlidir. İşğalçı qüvvələr bizim torpağımızdan çıxmalıdır. Ondan sonra sülh bərpa oluna bilər.
Hazırda biz sülh şəraitində yaşamırıq, atəşkəs şəraitində, ancaq müharibə şəraitində yaşayırıq. Bunu hamı bilməlidir. Müharibə bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Ancaq ikinci mərhələ də başlana bilər. Heç kim bunu istisna edə bilməz. Biz müharibə istəmirik, biz sülh istəyirik. Ancaq, eyni zamanda, biz torpaqlarımızı istəyirik. Ermənistan, əlbəttə ki, indiki vəziyyəti, status-kvonu saxlamaq istəyir. Vasitəçilərin də əsas istəyi və fəaliyyətinin əsas mahiyyəti ondan ibarətdir ki, müharibə başlamasın. Biz də müharibə istəmirik. Kim istəyər ki? Ancaq biz onlardan fərqli olaraq, torpağımızı istəyirik. Dədə-baba torpağımızı geri istəyirik. Biz bu istəkdə haqlıyıq. Haqq, ədalət, həm də beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir. Ona görə nə sülh, nə hərb vəziyyəti davam edə bilməz. Bunu hamı, Azərbaycan vətəndaşları da, düşmən də bilməlidir. Ümid edirəm, son günlər düşmənə vurulan zərbələr onlar üçün də bir siqnal olacaq ki, bu dözülməz vəziyyət davam edə bilməz.
Biz bundan sonra da ölkəmizi inkişaf etdirəcəyik. Bütün istiqamətlər üzrə konkret proqramlar, planlar var və icra edilir. Azərbaycan bu gün dünya miqyasında iqtisadi inkişaf templərinə görə lider dövlətdir. Regionlarda vəziyyət günü-gündən yaxşılaşır. Bütün bölgələrin, xüsusilə də cəbhəyanı bölgələrin inkişafı diqqət mərkəzindədir. Bugünkü açılış da bunun bariz nümunəsidir.
Mən bir daha sizi ürəkdən salamlayıram və burada yaşayacaq köçkünləri təbrik etmək istəyirəm ki, onlar müvəqqəti də olsa, - çünki bu, müvəqqəti yaşayış yeridir, - rahat, gözəl şəraitdə yaşayacaqlar”.
* * *
Görüşdə iştirak edən rayon ictimaiyyətinin nümayəndələri və incəsənət xadimləri göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda xatirə şəkli çəkdirilib.
* * *
Prezident İlham Əliyev Bərdə şəhərində yeni salınan Heydər Əliyev parkında görülən işlərlə tanış olub.
Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev görülən işlər haqqında dövlətimizin başçısına məlumat verib.
Prezident İlham Əliyev park-bulvar kompleksinin tikintisi ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxSosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11

