Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana rəsmi səfər edib
06.11.2015 [09:57]
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Gürcüstana rəsmi səfərə gedib.
Azərbaycanın və Gürcüstanın dövlət bayraqlarının dalğalandığı Tbilisi Beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini Gürcüstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli liderinin abidəsini ziyarət edib.
Dövlətimizin başçısı abidənin önünə əklil qoyub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstana rəsmi səfəri çərçivəsində Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət edib.
Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyev Qəhrəmanlar Memorialının önünə əklil qoyub.
Sonra Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 5-də Gürcüstan Prezidentinin iqamətgahında rəsmi qarşılanma mərasimi olub.
Azərbaycanın və Gürcüstanın dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyevi Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili qarşılayıb.
Sonra prezidentlər xarici ölkələrin Tbilisidə akkreditə olunan səfirləri ilə görüşüblər.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
Tbilisidə rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin təkbətək görüşü olub.
Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Azərbaycan Prezidentinin Gürcüstana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından önəmi vurğulanıb. Ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı beynəlxalq, ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tbilisidə təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin geniş tərkibdə görüşü olub.
Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili deyib: “Zati-aliləri cənab Prezident.
Hörmətli nümayəndə heyəti.
İcazə verin, Sizi Tbilisidə bir daha ürəkdən salamlayım. Bu səfəri mən şəxsən çox intizarla gözləyirdim. Bizim mehriban qonşuluğumuz və strateji əməkdaşlığımız nümunəvidir.
Cənab Prezident, mən əminəm ki, Sizin bu rəsmi səfəriniz Azərbaycan və Gürcüstan əlaqələrinin dərinləşməsinə yeni təkan verəcək”.
* * *
Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Çox sağ olun, hörmətli cənab Prezident.
Göstərilən qonaqpərvərliyə görə Sizə minnətdaram. Yenidən Gürcüstanda olmağımdan çox məmnunam. Əminəm ki, səfərimin nəticələri iki ölkə arasındakı əlaqələrin inkişafına çox müsbət təsir göstərəcək.
Bizim üçün Gürcüstan çox yaxın ölkədir, strateji tərəfdaşdır. Biz müxtəlif sahələrdə uğurla əməkdaşlıq edirik və bu əməkdaşlıq getdikcə daha da dərinləşir. Çox istəyirik ki, ikitərəfli əlaqələr daha da sürətlə inkişaf etsin və bütün sahələri əhatə etsin.
Gündəlikdə duran məsələlər çoxdur. Hər məsələ ilə bağlı konkret proqramlar var və icra mexanizmləri də mövcuddur. İndi biz bu məsələləri geniş tərkibdə məmnuniyyətlə müzakirə edəcəyik”.
Görüşdə iqtisadiyyat, infrastruktur, energetika, dəmir yolu, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında müzakirələr aparılıb.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikası Prezidentinin və Gürcüstan Prezidentinin Birgə Bəyannaməsi imzalanıb.
Bəyannaməni Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili imzalayıblar.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident Giorgi Marqvelaşvilinin bəyanatı: “Əvvəla, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Gürcüstana səfər etdiyi üçün təşəkkürümü bildirirəm. Bu səfər çox mühüm səfərdir. Bizim ölkələrimiz arasında strateji əməkdaşlığın və gələcək əlaqələrimizin dərinləşməsi baxımından çox vacib bir səfərdir. Bizim xalqlar arasında mövcud münasibətlər ölkələrimizi strateji tərəfdaşa çevirmişdir. Bu da öz növbəsində həm Azərbaycan, həm Gürcüstan, həm də bütövlükdə Qafqaz regionu üçün çox böyük rol oynamışdır.
Bugünkü görüşdə bizi birləşdirən strateji əməkdaşlıq barədə də söhbət etdik. Görüşdə, həmçinin Xəzər dənizi ilə Qara dənizi birləşdirən əməkdaşlıq haqqında da fikir mübadiləsi apardıq. Nəqliyyat və enerji dəhlizi layihələrinin və bu sahədə əməkdaşlığın da dərinləşməsi barədə söhbət etdik. Biz Birgə Bəyannaməni imzaladıq. Bu da öz növbəsində bizim təhlükəsizlik, iqtisadiyyat, ticarət, tranzit və mədəniyyət sahələrində əlaqələrimizin genişlənməsinə töhfə verəcək”.
Giorgi Marqvelaşvili ölkələrimiz arasındakı əlaqələrin mehriban qonşuluq münasibətlərinə söykəndiyini vurğulayaraq deyib: “Sözsüz ki, bu əlaqələr hökumətlər arasında da davam edir, birgə layihələr həyata keçiririk. Biz Azərbaycana təkcə tərəfdaşlıq münasibətlərinə görə deyil, həm də Gürcüstanda bir çox layihələri həyata keçirdiyinə görə minnətdarlığımızı bildiririk. Azərbaycan hər zaman Gürcüstana nəinki iqtisadi, həmçinin humanitar sahələrdə də dəstək verir. Hər bir gürcü yaxşı bilir ki, Azərbaycan bizə hansı yardımları göstərir. Bunlara misal olaraq, uşaq bağçaları, kilsələr, idmançılarla bağlı xeyriyyə layihələrinin həyata keçirilməsinə verilən dəstəyi və köməyi qeyd edə bilərik. Bu əməkdaşlığa görə də biz Azərbaycana öz təşəkkürümüzü bildiririk. Gürcü xalqı da hər zaman dost Azərbaycan xalqının yanında olacaq”.
Gürcüstan Prezidenti Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdikləri layihələrin Avropa üçün mühüm əhəmiyyət daşıdığını bildirib, enerji və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətlərindən danışıb. Giorgi Marqvelaşvili Azərbaycan Prezidenti ilə regiondakı hazırkı vəziyyət barədə fikir mübadiləsi apardıqlarını söyləyib. Gürcüstan dövlətinin başçısı Azərbaycanda keçirilən parlament seçkilərinə toxunaraq bildirib: “Bir daha Azərbaycanda çox uğurla keçən parlament seçkiləri münasibətilə şəxsən İlham Əliyevi və azərbaycanlı dostlarımızı təbrik edirəm. Seçkilərdən keçən qısa zaman kəsiyində ölkəmizə səfər etdiyi üçün cənab Prezidentə təşəkkürümü bildirirəm. Bütün bunlar Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlərin bariz nümunəsidir və bizim əməkdaşlımızın genişlənməsinə yeni perspektivlər açır”.
Prezident İlham Əliyevin bəyanatı: “Çox sağ olun, hörmətli cənab Prezident.
Hörmətli xanımlar və cənablar.
İlk növbədə mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Qardaş Gürcüstan torpağında yenidən olmağımdan çox məmnunam.
Hörmətli cənab Prezident, Siz də qeyd etdiniz ki, bu yaxınlarda Azərbaycanda parlament seçkiləri keçirilmişdir. Seçkilərdən sonra mənim ilk rəsmi səfərim qardaş Gürcüstana həyata keçirilir. Bu, özlüyündə ikitərəfli əlaqələrə nə qədər böyük qiymət verməyimizi ifadə edən bir haldır.
Bu gün imzaladığımız Birgə Bəyannamə əlaqələrimizin inkişaf perspektivlərini müəyyən edir. Bizim əlaqələrimizin təməlində xalqlarımızın birliyi, birgə tariximiz və qardaşlığımız dayanır. Bəyannamədə isə inkişaf perspektivləri haqqında çox konkret müddəalar əksini tapmışdır. Demək olar ki, Gürcüstan və Azərbaycan bütün sahələrdə sıx əməkdaşlıq edir. Biz beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik. Bütün məsələlərdə, xüsusilə ölkələrin ərazi bütövlüyü ilə bağlı məsələlərdə bir-birimizə daim dəstək, arxa oluruq. Beynəlxalq təşkilatlarda gələcək əməkdaşlıq üçün də çox gözəl imkanlar var. Əminəm ki, iki ölkə gələcəkdə də bir-birinin mövqeyini daim dəstəkləyəcək.
Bəyannamədə münaqişələrin həlli ilə bağlı da çox dəqiq ifadələr əksini tapıb. Bütün münaqişələr, o cümlədən Gürcüstan və Azərbaycan ərazilərində baş vermiş münaqişələr ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı çərçivəsində həllini tapmalıdır. Beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında öz həllini tapmalıdır. Uzun illərdir ki, Azərbaycanın əzəli, tarixi torpağı - Dağlıq Qarabağ və ətrafda yerləşən yeddi rayon işğal altındadır. Əfsuslar olsun ki, bu münaqişə bu günə qədər həllini tapmayıb, baxmayaraq, bütün mötəbər beynəlxalq təşkilatlar bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı qərar və qətnamələr qəbul etmişlər.
Bizim iqtisadi sahədə çox uğurlu əməkdaşlığımız var. Çox istəyirik ki, ticarət dövriyyəsi daha da artsın və əlbəttə, qarşılıqlı maraq kifayət qədər böyükdür. Azərbaycan Gürcüstana böyük həcmdə sərmayə qoyur. Gürcüstan sərmayə qoyuluşu üçün çox cazibədar ölkədir. Sizin ölkənizdə çox gözəl sərmayə iqlimi yaradılmışdır. Bu münasibətlə Sizi ürəkdən təbrik etmək istəyirəm.
Əlbəttə, bu gün biz enerji və nəqliyyat məsələlərini geniş şəkildə müzakirə etdik. Bir daha öz iradəmizi ortaya qoyduq ki, bu məsələlər, bu layihələr tezliklə həllini tapsın. Xüsusilə, “Cənub” qaz dəhlizi ki, bu gün uğurla icra edilir. Əgər vaxtilə Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft-qaz kəmərləri tikilməsəydi bu gün “Cənub” qaz dəhlizi üçün heç bir əsas olmayacaqdı. “Cənub” qaz dəhlizinin bu gün həm Gürcüstan, həm Azərbaycan, həm Avropa üçün böyük iqtisadi və siyasi mənası vardır. Bu layihə uğurla icra edilir. Əminəm ki, Azərbaycan qazı artıq 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya daha böyük həcmdə çatdırılacaq. Bu, çox böyük layihədir. Hesab edirəm ki, bu gün Avropada reallaşan ən böyük energetika layihəsidir. “Cənub” qaz dəhlizinin reallaşmasına ən azı 45 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur.
Azərbaycanın çox zəngin və böyük qaz ehtiyatları vardır. Təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr səviyyəsindədir. Bu, o deməkdir ki, bundan sonra ən azı 100 il ərzində Azərbaycan həm özünü, həm qonşu ölkələri, eyni zamanda, Avropa ölkələrini böyük həcmdə təbii qazla təmin edə biləcək.
Əlbəttə ki, Gürcüstanın və Azərbaycanın birgə fəaliyyəti, gələcəkdə bir mövqedən çıxış etməyimiz bu dəhlizi çox etibarlı dəhliz kimi ortaya qoyacaq. Beləliklə, ölkələrimizin geosiyasi əhəmiyyəti artacaq. Əlbəttə ki, bizim gəlirlərimiz də çoxalacaq.
Bu gün geniş tərkibdəki görüşdə məlumat verdim ki, bu yaxınlarda Azərbaycanda tranzit yüklərlə bağlı Koordinasiya Şurası yaradılmışdır. Biz çox istəyirik ki, Gürcüstan və Azərbaycan yükdaşıma sahəsində bir mövqedən çıxış etsinlər. Biz ölkə ərazisindən keçən yüklərin həcmini böyük dərəcədə artırmaq üçün vahid tarif siyasəti apara bilərik. Bu, mümkündür. Hesab edirəm ki, gələcəkdə yük göndərməsi mümkün olan ölkələrdə birgə təqdimat mərasimləri də keçirilə bilər. Bu gün dünyada yüklər uğrunda mübarizə gedir. Əsas məsələ ondan ibarətdir ki, bu, sağlam mübarizə, sağlam rəqabət olsun. Əgər belə olarsa, onda Gürcüstanın və Azərbaycanın təklif etdiyi tranzit imkanları əlbəttə ki, üstünlük təşkil edəcək.
Əlbəttə, bu gün digər məsələlər də müzakirə edildi. Mən çox şadam ki, müzakirə olunan bütün məsələlərlə bağlı bizim heç bir fikir ayrılığımız yoxdur. Biz dostuq, qardaşıq. Mənim uğurlu səfərim bizim gələcək dinamik əməkdaşlığımız üçün də gözəl bir addımdır.
Bir daha mənə, nümayəndə heyətinə göstərdiyiniz diqqətə və qonaqpərvərliyə görə Sizə minnətdaram. Sağ olun”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin adından rəsmi ziyafət verilib.
Dövlət başçıları ziyafətdə çıxış ediblər.
Prezident Giorgi Marqvelaşvilinin çıxışı: “Zati-aliləri Azərbaycan Respublikasının Prezidenti.
Hörmətli qonaqlar.
Xanımlar və cənablar.
İcazə verin, Sizi bir daha salamlayım. Bizə dost olan Azərbaycan Respublikasından təşrif buyuran nümayəndə heyətini və Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevi burada qəbul etməkdən məmnunluq hissi keçirirəm.
Bu səfər Gürcüstan və Azərbaycan arasında strateji əməkdaşlığın, habelə tərəfdaşlığın dərinləşməsinə doğru atılan növbəti addımı təcəssüm etdirir”.
Prezident Giorgi Marqvelaşvili qeyd edib ki, Gürcüstan və Azərbaycan xalqlarının ortaq tarixi, ən önəmlisi bu tarix boyunca xalqlarımız tərəfindən əsası qoyulan və münasibətlərimizin möhkəm təməlini əks etdirən nadir dostluq əlaqələri var. Gürcüstan dövlətinin başçısı bildirib: “Bu möhkəm dostluq münasibətləri Azərbaycanın və Gürcüstanın sabiq rəhbərləri cənab Heydər Əliyevə və cənab Eduard Şevardnadzeyə regional əməkdaşlıq üçün çox əhəmiyyətli strateji layihələri həyata keçirmək işində mühüm dəstək olub. Bu səylər bizim ölkələrə və ümumilikdə, regiona geosiyasi əhəmiyyət verdi. Bu önəmli təşəbbüsün həyata keçirilməsinə başlanmasından demək olar ki, iyirmi il ötür. Həmin müddət ərzində möhkəm dostluq və yaxın əməkdaşlığımız sayəsində biz çoxsaylı çağırışlara lazımınca cavab verə bilmişik”.
Gürcüstan Prezidenti ölkəsində yaşanan çətin anlarda Azərbaycan xalqının və dövlətinin göstərdiyi qardaşlıq köməyinin gürcü xalqı tərəfindən daim rəğbətlə xatırlandığını vurğulayıb. Sonra Giorgi Marqvelaşvili Prezident kimi Bakıya ilk səfərini xatırlayaraq deyib: “Cənab Prezident, mən heç vaxt Sizin və Azərbaycan xalqının dostluq ruhu ilə aşıb-daşan səxavətli qonaqpərvərliyinizi unutmayacağam. Səmimi görüşlərimiz və müzakirələrimiz zamanı bizə göstərdiyiniz həmişə hiss olunan səmimi münasibətə görə Sizə təşəkkürümü bildirirəm.
Hazırda biz müasir Azərbaycanın daha da inkişaf etdiyinin şahidiyik. Bu yenidənqurma prosesində Prezident İlham Əliyevin rolu vacib və əhəmiyyətlidir. Bunu müvəffəqiyyətlə baş tutan son parlament seçkiləri bir daha sübuta yetirdi. Fürsətdən istifadə edərək, dost ölkənin daha da inkişaf etməsi və çiçəklənməsi istiqamətində atılan bu vacib addım münasibətilə cənab Prezidenti və Azərbaycan xalqını təbrik etmək istəyirəm. Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük uğurlara imza atacaq.
Hörmətli cənab Prezident, Sizi əmin edirəm ki, Gürcüstan həmişə dost Azərbaycanın yanında olacaq. Bizim strateji əməkdaşlığımız dəyişməz olaraq qalır”.
Prezident Giorgi Marqvelaşvili Azərbaycanın enerji ehtiyatlarının və məhsullarının Avropaya nəqli üçün daha çox imkanların yaradılmasına Gürcüstanın böyük önəm verdiyini diqqətə çatdırıb. Gürcüstan ilə Avropa İttifaqı arasında azad ticarət üzrə razılaşmadan ümumi nailiyyət kimi faydalanmağa çalışmaqla Azərbaycan sərmayəçilərı və iş adamlarının bu imkanlardan yararlanmasını təmin etməyə Gürcüstanın maraqlı olduğunu söyləyərək deyib: “Cənab Prezident, əminəm ki, Sizin Gürcüstana etdiyiniz bugünkü səfər dövlətlərimiz arasında siyasi, iqtisadi, enerji, ticarət, nəqliyyat, təhsil və humanitar sahələrdə əməkdaşlığın daha da inkişaf etməsi üçün yeni imkanlar yaradacaq. Bu, Gürcüstan və Azərbaycan arasında tərəfdaşlığın daha da dərinləşməsinə yeni təkan verəcək.
Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqının və respublikasının rifahına xidmət edəcək bütün işlərinizdə uğurlar arzu edirəm”.
* * *
Prezident İlham Əliyevin çıxışı: “Hörmətli cənab Prezident.
Xanımlar və cənablar.
İlk növbədə səfər zamanı mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.
Gözəl ölkənizi yenidən ziyarət etməyimdən çox məmnunam. Ölkələrimiz və xalqlarımız uzun əsrlər boyu mehriban qonşuluq və dostluq şəraitində yaşamışlar. Müstəqillik qazandıqdan sonra da biz bu münasibətləri strateji tərəfdaş olaraq uğurla davam etdiririk. Azərbaycan ilə Gürcüstan arasında yüksək siyasi dialoq mütəmadi qarşılıqlı səfərlərlə müşayiət olunur. Mən keçən ilin fevral ayında Sizin Azərbaycana rəsmi səfəriniz, həmçinin həmin ilin may ayında Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli Sammitində iştirak etmək üçün mənim Gürcüstana səfərim zamanı keçirdiyimiz görüşləri, apardığımız fikir mübadiləsini xoş təəssüratlarla xatırlayıram. Hesab edirəm ki, yüksək səviyyəli səfərlər gündəlikdə olan məsələlərin müzakirəsi və həlli üçün faydalıdır.
Bu gün də biz ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrimizin bir çox aspektlərini nəzərdən keçirdik. Əminəm ki, keçirdiyimiz görüşlər və apardığımız müzakirələr, həmçinin imzaladığımız Birgə Bəyannamə əməkdaşlığımızın inkişafına və genişlənməsinə töhfə verəcəkdir. Bizim siyasi, iqtisadi, enerji, nəqliyyat, sərmayə qoyuluşu, humanitar və digər sahələrdə uğurlu əməkdaşlığımızın gözəl nailiyyətləri var. Amma hesab edirəm ki, iqtisadi əlaqələrimizi daha da genişləndirmək, ticarət dövriyyəsini daha da artırmaq üçün potensial böyükdür.
Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından və Gürcüstanda əsas investorlardan biridir. Azərbaycan şirkətləri Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkətlər sırasında yer alır. Birgə həyata keçirdiyimiz irimiqyaslı enerji, nəqliyyat layihələri, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, “Cənub” qaz dəhlizi, Bakı-Tbilisi-Qars ölkələrimizin nəinki regionda, hətta dünyada əhəmiyyətini və nüfuzunu artırır. Bu layihələr regionun inkişafına xidmət etməklə yanaşı, tarixi İpək Yolunun bərpasına mühüm töhfədir. Azərbaycan öz tərəfdaşları ilə birgə Avropanın enerji daşıyıcılarına olan tələbatının ödənilməsində mühüm rol oynayır. Biz artıq etibarlı tərəfdaş olduğumuzu sübut etmişik, birgə səylərimizlə həyata keçirdiyimiz neft-qaz və nəqliyyat infrastrukturunun fasiləsiz, davamlı və təhlükəsiz fəaliyyətinin təmin edilməsi isə bütün tərəflər üçün mühüm əhəmiyyət kəsb edir.
Humanitar sahədə də münasibətlərimiz uğurla davam etməkdədir. Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər bu sahədə əlaqələrin inkişafında körpü rolunu oynayır. Bu baxımdan onların vətəndaşı olduqları ölkənin ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması, xalqlarımız və ölkələrimiz arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi üçün çox əhəmiyyətlidir.
Ölkələrimiz BMT, ATƏT, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edir. Beynəlxalq və regional təşkilatlarda qarşılıqlı dəstəyə əsaslanan çoxtərəfli əməkdaşlığımızın davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Məlum olduğu kimi, regionun inkişafı üçün ən böyük təhlükə mənbəyi həll olunmamış münaqişələrdir. Azərbaycan 20 ildən çoxdur ki, Ermənistanın hərbi təcavüzünə məruz qalmışdır və bunun nəticəsində ərazilərimizin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Beynəlxalq təşkilatlar münaqişə ilə bağlı öz mövqeyini bildirmişlər. BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılması ilə bağlı 4 qətnaməsi, ATƏT, Avropa Şurasının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Lakin işğalçı Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur, beynəlxalq təşkilatların qərarlarına riayət etmir. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun həll olunmalıdır.
Hörmətli cənab Prezident, Gürcüstana səfər etməyimdən məmnun olduğumu bir daha bildirir, qardaş Gürcüstan xalqına yeni uğurlar arzulayıram”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

