/ / Azərbaycanda həyata keçirilən sosial siyasətə uyğun olaraq əhalinin gəlirləri də davamlı olaraq artır
Azərbaycanda həyata keçirilən sosial siyasətə uyğun olaraq əhalinin gəlirləri də davamlı olaraq artır
06.02.2016 [10:04]
Prezident İlham Əliyev: Bildiyiniz kimi, bu il maaşlar, pensiyalar, sosial müavinətlər qaldırılmışdır. Bu da bizim sosial siyasətimizin əsasını təşkil edir
Hazırda qlobal miqyasda yaşanan çətinliklərin - geosiyasi gərginliklərin artmasının, iqtisadi aktivliyin zəifləməsinin və ölkələrin gəlirlərinin azalmasının fonunda meydana çıxan yeni çağırışlardan biri də sosial sfera ilə bağlıdır. Yaranmış vəziyyətdə milli dövlətlər əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, məşğulluğunun təmin edilməsinə, gəlirlərinin artırılmasına daha artıq dərəcədə diqqət yetirməli və daha təsirli tədbirlər görməlidirlər. Bu baxımdan Azərbaycanın nümunəsi kifayət qədər önəmlidir. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, ilk növbədə, geniş sosial məzmunu ilə diqqəti cəlb edir. Bu sahədə dövlət siyasəti ona istiqamətləndirilib ki, respublikamızda sosial sfera dünyanın inkişaf etmiş ölkələrindəkindən geri qalmamalı, insanların sosial müdafiəsi ən dolğun şəkildə təmin olunmalıdır. Bu strateji hədəflərə uyğun olaraq ölkə miqyasında geniş sosial infrastruktur layihələri icra edilir, insanların yaşayış səviyyəsinin yüksəlməsinə, sosial müdafiəsinin gücləndirilməsinə yönələn kompleks tədbirlər reallaşdırılır. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində Azərbaycanda həyata keçirilən siyasətin mahiyyətini bir daha diqqətə çatdıraraq vurğulayıb: “Azərbaycanda güclü sosial siyasət aparılır, aparılacaq və imkan daxilində bütün sosial proqramlar daha da geniş şəkildə icra ediləcək”.
Azərbaycanın dinamik iqtisadi inkişafı insanların mənafeyinə yönələn güclü sosial siyasət həyata keçirməyə etibarlı zəmin yaradır
Qlobal miqyasda müşahidə edilən arzuolunmaz tendensiyalara baxmayaraq, hazırda Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində özünün dinamik iqtisadi inkişaf dövrünü yaşayır. Son 12 ildə respublikamızda ümumi daxili məhsul istehsalı 3 dəfədən çox artıb ki, bu da bütün dünya üzrə rekord göstəricidir. Uğurlu iqtisadi inkişaf dinamikası qlobal miqyasda yeni gərginliklər yaşandığı 2015-ci ildə də davam edib. Belə ki, il ərzində qlobal təsirlər nəticəsində inkişaf templəri müəyyən qədər azalsa da, bütövlükdə götürdükdə ölkəmiz iqtisadi potensialını artırmağa nail olub, o cümlədən respublikanın aqrar sektorunda 6,7 faiz, qeyri-neft sənayesində 8,4 faiz artıma nail olunub. Respublikamızın sərmayə cəlbediciliyini saxlaması əsas məqamlardan biridir. İl ərzində daxili və xarici mənbələrdən ölkəyə 20 milyard dollar civarında investisiyalar yönəldilib ki, bu da kifayət qədər yüksək göstəricidir.
Azərbaycanda ardıcıl olaraq həyata keçirilən sosial məzmunlu siyasət də məhz ölkənin iqtisadi potensialının ilbəil genişlənməsinə əsaslanır.
İldən-ilə güclənən iqtisadiyyat respublikamızda sosial sahəyə daha böyük diqqət göstərilməsinə və bu istiqamətdə ardıcıl layihələrin reallaşdırılmasına geniş imkanlar açır. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkədə iqtisadi təşəbbüslər reallaşdırılarkən mütləq sosial məsələlər nəzərə alınır. Dövlət başçısı ölkəmizi fərqləndirən bu cəhətə diqqət çəkərək deyib: “... İslahatları apararkən biz hər zaman sosial məsələləri yadda saxlamalıyıq. Unutmamalıyıq ki, biz xalq üçün çalışırıq. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Onun problemlərini biz həll etməliyik. Ona görə bizim bütün səylərimiz, o cümlədən iqtisadi inkişaf bu məqsədə qulluq etməlidir”.
Ölkəmizdə iqtisadi potensialın gücləndirilməsi və sosial proqramların yerinə yetirilməsi siyasəti paralel şəkildə həyata keçirilir. Azərbaycan sosial dövlət olduğunu artıq tarixə dönən 2015-ci ildə də təsdiqləyib. Dünyadakı mənzərədən fərqli olaraq, ötən il Azərbaycanda nəinki heç bir sosial layihə təxirə salınmayıb, əksinə, ölkəmiz bu sahədə yeni təşəbbüslərlə çıxış edib. Əlamətdar haldır ki, respublikamızda sosial sahəyə yönələn vəsaitlərin həcmi indiki gərginliklər şəraitində də artırılır. Əgər 2015-ci ildə sosial sahə üzrə xərclər dövlət büdcəsinin 27,6 faizi qədər idisə, cari ildə sosial istiqamətə yönələn xərclər büdcə vəsaitlərinin 36,1 faizini təşkil edəcək. Ötən il respublikamızda 60-a yaxın tibb müəssisəsi tikilib, 20-dən çox məktəb təmir edilib və hazırda 23 məktəbdə təmir işləri aparılır, çoxlu sayda uşaq bağçalarının tikintisi davam etdirilir. Bir sözlə, Dövlət İnvestisiya Proqramında bir sıra sosial layihələr nəzərdə tutulub. Prezident İlham Əliyev xərclərin azalmasına baxmayaraq, cari ildə bütün sosial proqramların yerinə yetiriləcəyini xüsusi olaraq nəzərə çatdırıb: “2015-ci ildə bütün sosial proqramlar icra edilmişdir. Mən bir daha demək istəyirəm, baxmayaraq ki, bu il də bizim maliyyə vəziyyətimiz əvvəlki illərdəki kimi deyil, bir dənə də olsun sosial proqram ixtisar edilməyəcək”.
Əhalinin gəlirlərinin davamlı olaraq artması diqqət mərkəzindədir
Ölkəmizdə həyata keçirilən dərin məzmunlu sosial siyasət, eyni zamanda, əhalinin gəlirlərinin davamlı olaraq artmasında təzahür edir. Respublikamızda milli iqtisadiyyatın sosialyönümlülüyünün təmin olunması nəticəsində əhalinin real gəlirlərinin orta illik artım tempi iqtisadi artım tempini orta hesabla 8,3 faiz bəndi üstələyib, ölkəmizdə yoxsulluq səviyyəsi 5 faizə enib. Qeyd edək ki, hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb. Yoxsulluq səviyyəsinin kəskin şəkildə aşağı düşdüyü Azərbaycan BMT-nin Davamlı İnkişaf Məqsədlərinə dair milli məsləhətləşmələrin aparılması üçün seçilmiş ölkələr sırasına daxil edilib.
Son 12 il ərzində respublika iqtisadiyyatının 3 dəfədən çox genişlənməsi fonunda, həmçinin əhalinin həyat səviyyəsi, rifah göstəriciləri də nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. Bunu statistik göstəricilər də təsdiqləyir. Bəhs olunan dövrdə ölkəmizdə əhalinin gəlirləri 7 dəfəyə yaxın artaraq 2003-cü ildəki 5,7 milyard manatdan 2015-ci ilin əvvəlində 39,3 milyard manata, adambaşına düşən gəlirlər 6 dəfəyə yaxın artmaqla 707,2 manatdan 4180,6 manata çatıb. Ötən ilin yanvar-noyabr aylarında isə əhalinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 5,7 faiz, əhalinin hər nəfərinə düşən gəlirlər 4,4 faiz artıb.
Ölkəmizdə əmək haqlarının davamlı olaraq artırılması kimi gözəl ənənənin formalaşması əhalinin maddi təminatının möhkəmlənməsində mühüm rol oynayır. 2003-cü illə müqayisədə işçilərə əmək ödənişlərinin ümumi məbləğində, 2015-ci ilin əvvəlinə olan məlumata əsasən, 6,6 dəfədən çox artım baş verib.
Orta aylıq əməkhaqqının məbləği isə 5,6 dəfədən çox, o cümlədən 2015-ci ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,6 faiz artıb. Hazırda MDB məkanında ən yüksək orta aylıq əməkhaqqı göstəricisi məhz Azərbaycandadır. Ölkəmizin MDB məkanında ən yüksək orta aylıq əməkhaqqı göstəricisinə malik olması müvafiq qurumların hesabatlarında da vurğulanır. Bu baxımdan, MDB Dövlətlərarası Statistika Komitəsinin yaydığı məlumat da xarakterikdir. Qurumun məlumatında vurğulanır ki, Azərbaycan orta aylıq əməkhaqqının səviyyəsinə görə MDB məkanında lider mövqeyi bölüşür.
Ölkəmizdə əmək pensiyaları da mütəmadi qaydada artırılır. Respublika üzrə əmək pensiyaçılarının sayı 2015-ci ilin əvvəlində 1 milyon 290 min 900 nəfər olub və yanvar-dekabr aylarında 5 min nəfər və ya 0,4 faiz artaraq, ilkin məlumatlara əsasən, 1 yanvar 2016-cı il tarixində 1 milyon 295 min 900 nəfər təşkil edib. Hazırda respublikamızda əmək pensiyalarının orta aylıq məbləği 176,03 manat, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 196,08 manat təşkil edir.
Ölkədə əhalinin gəlirlərinin, o cümlədən də pensiyaların və əmək haqlarının artırılması tendensiyası cari ildə də davam etdirilir. Manatın devalvasiyasından ötən müddətdə ölkədə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində silsilə tədbirlər reallaşdırılır. Dövlət başçısının müvafiq sərəncamları ilə pensiyaların və əmək haqlarının 10 faiz qaldırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılmış önəmli addımdır. Prezident İlham Əliyev maaşların, pensiyaların artırılmasının ölkədə həyata keçirilən siyasətin əsasını təşkil etdiyini vurğulayıb: “Bildiyiniz kimi, bu il maaşlar, pensiyalar, sosial müavinətlər qaldırılmışdır. Bu da bizim sosial siyasətimizin əsasını təşkil edir”.
Müvafiq kateqoriyadan olan ailələrə verilən ünvanlı dövlət sosial yardımının məbləği 7 faiz artıb
Azərbaycanda sosial sahədə dövlət siyasəti ona istiqamətləndirilib ki, ölkənin dinamik iqtisadi inkişafından əhalinin bütün təbəqələri, ələlxüsus da xüsusi qayğıya ehtiyacı olan insanlar bəhrələnə bilsinlər. Belə məqsədyönlü siyasətin nəticəsidir ki, respublikamızda aztəminatlı ailələr və xüsusi qayğıya ehtiyacı olan vətəndaşlar hərtərəfli dövlət dəstəyi ilə əhatə olunublar. Prezident İlham Əliyevin paytaxtın Nərimanov rayonunda gözdən əlillər üçün inşa olunan yaşayış binasının istifadəyə verilməsi mərasimində sakinlərlə görüşündə qeyd etdiyi kimi, dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənir.
Ölkəmizdə məqsədyönlü sosial siyasətin tərkib hissəsi olaraq sosial öhdəliklərin yüksək səviyyədə yerinə yetirilməsi təmin edilir, həmçinin xüsusi qayğıya ehtiyacı olan insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl proqramlar reallaşdırılır. Eyni zamanda, ölkədə aztəminatlı ailələrə verilən müavinətlərin məbləği də ilbəil artırılır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində respublikamızda ünvanlı dövlət sosial yardımlarının artmasından məmnunluğunu ifadə edərək bildirib: “İnsanlara daha da böyük məbləğdə ünvanlı dövlət sosial yardımı verilmişdir. Bu sahədə də islahatlar aparılıb və bu yardımı alan insanların sayı azalıb. Bunun hesabına həqiqətən bu yardıma möhtac olan ailələrə daha da böyük məbləğdə yardım verilir. Bu gün 112 min ailə, təqribən 500 minə yaxın insan hər ay dövlətdən orta hesabla 152 manat yardım alır və il ərzində verilən bu məbləğ 7 faiz artmışdır”.
Hazırda ölkə əhalisinin 23 faizi pensiya, sosial müavinət və Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə təmin olunur. Ötən il 463 min nəfərədək şəxs aylıq və birdəfəlik sosial müavinətlə, 54,6 min nəfərdən çox insan Azərbaycan Prezidentinin aylıq təqaüdü, 15 min nəfər səyyar və stasionar şəkildə sosial xidmətlərlə təmin edilib. Həmçinin 2015-ci ildə 400 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxs “Naz-LİFAN” markalı minik avtomobili, 281 müharibə əlili və şəhid ailəsi mənzillə təmin olunub. Gözdən əlil şəxslərə 132 mənzilli, dövlət uşaq müəssisələrini bitirən və valideyn himayəsindən məhrum kimsəsiz gənclərə 120 mənzilli yaşayış binası təqdim edilib. Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 13,5 mindən çox şəxsə bərpa müalicə və protez-ortopedik xidmətlər göstərilib, 265 nəfər xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib. İl ərzində 13,6 min nəfərdən çox əlilliyi olan şəxs və şəhid ailəsi birdəfəlik maddi yardımla təmin olunub. Eyni zamanda, 5,2 min nəfərə yaxın əlilliyi olan şəxsin yollayışlarla sanator-müalicə müəssisələrinə və sağlamlıq-istirahət mərkəzlərinə göndərilməsi təmin olunub. Əlamətdar haldır ki, sosial təminat sisteminin əhatə dairəsi də getdikcə genişlənib. Son illərdə beşdən çox uşağı olan qadınların uşaqlarının hər birinə görə aylıq sosial müavinətin, I qrup əlilliyə görə sosial müavinət alan şəxslərə, Əfqanıstanda beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinə də Prezidentin aylıq təqaüdünün təyin olunaraq ödənilməsi həyata keçirilir.
ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara dövlət dəstəyi ədalət prinsipinə əsaslanır
Ölkəmizdə müvafiq kateqoriyadan olan ailələrə və şəxslərə müavinətlərin təyin olunmasında və ödənilməsində dövlətin nümayiş etdirdiyi siyasi iradə ondan ibarətdir ki, bu sahədə şəffaflıq və ədalət prinsipi tam şəkildə təmin olunmalıdır. Son illərdə tibbi-sosial ekspertiza sahəsində şəffaflığın təmin olunması məqsədilə institusional islahatlar da daxil olmaqla həyata keçirilən tədbirlər bu sahədə daha ədalətli yanaşmanı təmin edir və dövlətin qayğısından, ilk növbədə, buna daha çox ehtiyacı olan insanlar bəhrələnirlər. Görülən tədbirlərin nəticəsində sosial müavinət alan ailələrin sayı 20 faizədək, eyni zamanda, ilkin əlillik təyin edilmiş şəxslərin sayı 3600 nəfər, təkrar əlil hesab edilənlərin sayı isə 3 min nəfər azalıb. Yeri gəlmişkən, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) yaradılması üçün müvafiq texniki infrastrukturun hazırlanması işləri yekunlaşdırılıb. Yeni sistem vətəndaşlara ünvanlı dövlət sosial yardımı üzrə sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxış imkanı yaradacaq. Ünvanlı sosial yardımların təyinatı prosesində məmur-vətəndaş təmaslarının minimuma endirilməsi üçün bu sahənin tam avtomatlaşdırılması islahat tədbirlərinin əsasını təşkil edib. Bununla əlaqədar müraciətlərin elektron qaydada qəbulunu və yardımların avtomatik şəraitdə təyinatını nəzərdə tutan sistem formalaşdırılıb. Bu sistem vətəndaşların infoköşklərdən etdikləri elektron müraciətlərin VEMTAS vasitəsilə qəbul edilməsinə imkan verir. Bu müraciətlər əsasında vətəndaşların ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması üçün lazımi arayış və məlumatlar artıq onlardan şəxsən yox, müvafiq dövlət qurumlarından elektron formada əldə olunacaq. Sonra əhalinin sosial müdafiəsi mərkəzləri həmin ailələrin maddi-məişət şəraitinin müayinəsini aparacaq və nəticələrin VEMTAS-a ötürülməsini təmin edəcək. Məhz bundan sonra müraciət edən ailəyə yardımın təyin olunması ilə bağlı qərar qəbul ediləcək. Qeyd edək ki, artıq ünvanlı dövlət sosial yardımı üzrə avtomatlaşdırılmış sistemin iki pilot rayonda - Bakının Yasamal və Binəqədi rayonlarında sınaq işlərinə başlanılıb.
Qeyd olunanlar bir daha təsdiqləyir ki, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara dövlət dəstəyi ədalət prinsipinə əsaslanır və ardıcıl xarakter daşıyır. Prezident İlham Əliyev paytaxtın Nərimanov rayonunda gözdən əlillər üçün inşa olunan yaşayış binasının istifadəyə verilməsi mərasimində sakinlərlə görüşündə ehtiyacı olan insanların problemlərinin həll edilməsinin, ədalətin tam şəkildə təmin olunmasının aparılan islahatların əsas məqsədi olduğunu xüsusi vurğulayaraq deyib: “Deyə bilərəm ki, son illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ciddi islahatlar aparılır. Bu islahatların bir məqsədi var ki, ehtiyacı olan insanların problemləri həll edilsin, ədalət tam şəkildə təmin olunsun”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxHadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10

