Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Sosial məsələlərin həlli ilə bağlı bütün proqramlar icra ediləcək

Sosial məsələlərin həlli ilə bağlı bütün proqramlar icra ediləcək

03.02.2017 [09:47]

Prezident İlham Əliyev: ...Bizim siyasətimizin məqsədi ölkəmizi gücləndirməkdir, müstəqilliyimizi möhkəmləndirməkdir və dayanıqlı inkişafa nail olmaqdır
Son 13 ildə Azərbaycan həyata keçirilən məqsədyönlü siyasət sayəsində öz iqtisadi potensialını əhəmiyyətli dərəcədə genişləndirib. Ölkəmizin iqtisadi inkişaf dinamikası qlobal reytinq agentliklərinin hesabatlarında da yüksək qiymətləndirilir. Dünya İqtisadi Forumunun “2016-2017-ci illər üzrə qlobal rəqabətlilik hesabatı”nda respublikamız mövqeyini bir neçə pillə möhkəmlədərək 138 ölkə arasında 37-ci mövqedə qərarlaşıb və MDB məkanında liderlik mövqeyini yenə də qoruyub saxlayıb. Bu, o deməkdir ki, Azərbaycan dünyanın ən güclü, ən yüksək rəqabətqabiliyyətli iqtisadiyyata malik 40 ölkəsi sırasında yer alır.
Hər bir ölkədə uğurlu iqtisadi inkişafın səmərəliliyi isə ilk növbədə sosial sferanın adekvat şəkildə diqqət mərkəzində saxlanılması ilə ölçülür. Bu mənada məmnunluqla qeyd edə bilərik ki, Azərbaycanda rasional iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır. Prezident İlham Əliyevin siyasi iradəsi ilə dövlət siyasəti ona istiqamətləndirilib ki, respublikamızda sosial sfera dünyanın inkişaf etmiş ölkələrindəkindən geri qalmamalıdır. Bu strateji kursa uyğun olaraq Azərbaycanda ardıcıl surətdə insanların rifah halının yüksəlməsinə, həyat şəraitinin yaxşılaşmasına, müxtəlif xidmətlərə olan ehtiyaclarının dolğun şəkildə ödənilməsinə, maddi təminatlarının möhkəmlənməsinə yönələn layihələr həyata keçirilir. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində ölkəmizdə sosial məsələlərin həllinin prioritet təşkil etdiyini diqqətə çatdıraraq vurğulayıb: “Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, bizim siyasətimizin məqsədi ölkəmizi gücləndirməkdir, müstəqilliyimizi möhkəmləndirməkdir və dayanıqlı inkişafa nail olmaqdır. Əlbəttə, məqsədimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın. Yəni, biz bütün bu işləri onun üçün edirik ki, xalqımız daha da yaxşı yaşasın. Ona görə sosial məsələlərin həlli bütün proqramlarda nəzərdə tutulmuşdur, həm maaşların, pensiyaların, sosial müavinətlərin, ünvanlı sosial yardımın artırılması və eyni zamanda, sosial infrastrukturun yaradılması qarşımıza məqsəd kimi qoyulmuşdur”.
icbari tibbi sığorta ilə bağlı əhəmiyyətli addımlar atılmaqdadır
Son illərdə ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq davamlı şəkildə həyata keçirilən genişməzmunlu sosial siyasətin fonunda səhiyyə sahəsində reallaşdırılan islahatlar xüsusilə diqqəti cəlb edir. Əhalinin gündəlik həyatı, bilavasitə sağlamlığı ilə bağlı olan səhiyyə sahəsində yeniliklər istər bu sahədə qanunvericilik bazasının daha da möhkəmləndirilməsində, istərsə də müasir infrastrukturun qurulmasında və kadr hazırlığına diqqətin daha da artırılmasında öz əksini tapıb. Səhiyyədə aparılan islahatlar bu sahədə vəziyyətin əsaslı şəkildə dəyişdirilməsinə, bütövlükdə əhalinin sağlamlığı ilə bağlı olan sistemin fəaliyyətinin daha səmərəli qurulmasının təmin edilməsinə yönəldilib. Səhiyyə Nazirliyi tərəfindən hazırlanan səhiyyə sisteminin islahatları konsepsiyasında səhiyyənin qanunvericilik bazasının gücləndirilməsi, sistemin maliyyələşdirilməsinin və idarə olunmasının təkmilləşdirilməsi, tibb müəssisələri şəbəkəsinin fəaliyyətinin səmərələşdirilməsi, ilkin tibbi-sanitariya yardımının yaxşılaşdırılması, farmakologiya və təhsil sistemində islahatların aparılması, özəl sektorun inkişafı və digər istiqamətlərdə zəruri dəyişikliklərin aparılması nəzərdə tutulur. Bütün bu hədəflərə çatmaq üçün artıq bir sıra struktur və institusional islahatlar reallaşdırılıb və bu istiqamətlərdə işlər davam etdiriləcək.
Səhiyyə sektorunda aparılan islahatlar çərçivəsində ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə başlanılması da böyük aktuallıq daşıyır. Məlumdur ki, icbari tibbi sığorta müasir yanaşma kimi hazırda inkişaf etmiş əksər ölkələrdə geniş tətbiq edilir. Dövlət siyasətinin bütün istiqamətləri üzrə müasirləşmə kursu seçən Azərbaycan da məhz bu yolla gedərək səhiyyədə icbari tibbi sığortanın tətbiqinə qərar verib. Prezident İlham Əliyevin 15 fevral 2016-cı il tarixli müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnaməsi təsdiqlənib. Əsasnamədə qeyd olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqini təmin edən, baza (əsas xidmətlər) zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən icra hakimiyyəti orqanıdır.
Respublikamızda icbari tibbi sığortanın tətbiqinə cari ildən pilot layihə kimi Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində başlanılıb. Prezident İlham Əliyev “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” 29 noyabr 2016-cı il tarixli müvafiq Fərman imzalayıb. Pilot layihənin tətbiqi üzrə tədbirlər planına əsasən, ilk növbədə müvafiq xəstəxanalar icbari tibbi sığorta sistemində işləmək üçün hazırlanmalıdır. Bəlli olduğu kimi, tibb müəssisələri indiyədək dövlət büdcəsindən maliyyələşirdi. Amma icbari tibbi sığorta tətbiq edilən pilot ərazilərdəki xəstəxanalar publik hüquqi şəxsə çevriliblər. Pilot ərazilərdəki tibb müəssisələri yeni maliyyələşmə prinsipi əsasında işləyəcəklər. Yəni xəstəxana göstərdiyi xidmətin sayına müvafiq vəsait qazanacaq. Bu amil xəstəxana rəhbərliklərindən vəsaitlərdən səmərəli və məqsədyönlü istifadə etməyi tələb edir. Tibb müəssisələri çalışacaqlar ki, əhaliyə həm keyfiyyətli tibbi xidmət göstərsinlər, həm də xəstəxanada göstərilməyən tibbi xidmətlərin təşkilinə, kadr potensialının güclənməsinə səy göstərsinlər.
Pilot layihənin reallaşdırılması çərçivəsində Yevlax Rayon Mərkəzi Xəstəxanasının və Yevlax Şəhər Uşaq Xəstəxanasının bazalarında mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Yevlax Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının bazasında isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxs yaradılıb. Hər iki pilot ərazidəki xəstəxanaların təsdiq edilmiş nizamnamələrinə uyğun olaraq, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə və Yevlax Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə direktor təyin edilib.
Cari ildə əsas vəzifə Mingəçevir şəhərində və Yevlax rayonunda pilot layihənin uğurla həyata keçirilməsini təmin etməkdən ibarətdir. İlin sonunda layihə müxtəlif meyarlar baxımından qiymətləndiriləcək. Qeyd edək ki, tibbi sığorta üzrə baza xidmətlər zərfinə 1800-dən çox müayinə, müalicə, diaqnostik prosedur, cərrahiyyə əməliyyatı və digər tibbi xidmətlər daxildir. Bir sıra laboratoriya müayinələri, MRT, KT, rentgen kimi müayinələr də tibbi sığorta təminatına daxil ediləcək. Terapevtik müalicələrin çox hissəsi icbari tibbi sığorta tərəfindən qarşılanacaq. Tibbi sığorta zərfinə həmçinin cərrahiyyə əməliyyatları, o cümlədən müəyyən bahalı əməliyyatlar da daxil edilib. Əgər bir il ərzində pilot layihənin icrası zamanı problemlər ortaya çıxmasa, onda 2018-ci ilin əvvəlindən ölkə üzrə icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqinə başlamaq mümkün olacaq. Azərbaycanın dövlət başçısı 2017-ci ildə bütün sosial proqramların, o cümlədən də icbari tibbi sığortanın tətbiqi ilə bağlı qarşıya mühüm vəzifələr qoyub. Bununla bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev vurğulayıb: “Sosial məsələlərin həlli ilə bağlı bütün proqramlar icra ediləcək. 2017-ci ildə icbari tibbi sığorta ilə bağlı önəmli addımlar atılmalıdır. Artıq Mingəçevir şəhərində və Yevlax rayonunda pilot layihə icra edilməyə başlayıb”.
Təhsil Nazirliyinin xətti ilə 130-a yaxın məktəbdə təmir və tikinti işləri aparılacaq
Ölkənin inkişafından, paytaxtda və bölgələrdə aparılan quruculuq-abadlıq işlərindən söhbət açarkən məktəblərin, gənclər mərkəzlərinin və bu qəbildən olan digər sosial təyinatlı obyektlərin inşasını və yaxud yenidən qurulmasını xüsusi vurğulamaq gərəkdir. Dövlət əhalinin həyat təminatı ilə bağlı sahələrdə bu və ya digər layihələrin həyata keçirilməsinə böyükhəcmli sərmayələr yönəldir.
Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, respublikanın hər yerində məktəb tikintisinin geniş vüsət alması təqdirəlayiqdir. Güclü müasir infrastrukturun yaradılması təhsil sahəsində uğurların əsasını təşkil edir. Müvafiq Dövlət proqramlarının icrası nəticəsində son 13 ildə Bakı şəhərində və respublikanın bölgələrində 3000-dən çox yeni məktəb tikilib və yaxud əsaslı təmir edilib. Bunun nəticəsində təxminən 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb.
Ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində yeni proqramın icrasına başlanılıb. Respublikamızda 44 rayonu əhatə edən azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəbləri modul tipli məktəblərlə əvəzlənəcək. Nazirlər Kabinetinin qərarı ilə ötən il 6 belə məktəbin quraşdırılması üçün Təhsil Nazirliyinə 2 milyon manat vəsait ayrılıb. Növbəti illərdə bu yolla şagird sayı 100-dək olan bütün qəzalı azkomplektli məktəblərin problemini birdəfəlik həll etmək mümkündür.
Sosial infrastrukturun, o cümlədən də təhsil infrastrukturunun yenilənməsi ilə bağlı tədbirlər cari ildə də həyata keçiriləcək. Bununla bağlı bir sıra layihələr hazırlanıb və dövlət büdcəsində lazımi qədər vəsait nəzərdə tutulub. Prezident İlham Əliyev təhsil infrastrukturunun yenilənməsi ilə bağlı qarşıda duran vəzifələrə diqqət çəkərək deyib: “Sosial infrastruktur layihələri ilə bağlı artıq konkret tapşırıqlar var. Təhsil Nazirliyinin xətti ilə bu il təxminən 130-a yaxın məktəbdə təmir və tikinti işləri aparılmalıdır. Bakı Şəhər İcra Hakimiyyəti isə bu il və gələn il Bakıda təmirə ehtiyacı olan qalan məktəblərdə də təmir işlərini yekunlaşdırmalıdır. Artıq bir neçə ildir ki, bu proqram icra edilir”.
bu il Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman kompleksləri istifadəyə veriləcək
Müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycanın qısa müddətdə böyük uğur qazandığı sahələrdən biri də idmandır. Tam qətiyyətlə demək mümkündür ki, artıq idman Azərbaycanda kütləvi hal alıb və cəmiyyətin ayrılmaz bir hissəsinə çevrilib.
Azərbaycanın bütün dünyada yüksək səviyyəli idman ölkəsinə çevrildiyini idmançılarımızın beynəlxalq səviyyəli yarışlarda ildən-ilə daha uğurlu nəticələr qazanmaları bir daha təsdiqləyir. 2015-ci ilin yayında Bakıda keçirilən birinci Avropa Oyunları bütövlükdə Azərbaycan idmanının təntənəsinə çevrildi desək, əsl həqiqəti ifadə etmiş olarıq. Dünyanın 50 ölkəsindən təxminən 6 min atletin qatıldığı birinci Avropa Oyunlarında Azərbaycan idmançıları 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanmağa müvəffəq oldular. Yarışlarda respublikamız Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Ukrayna,Türkiyə kimi yüksək idman nailiyyətləri olan ölkələri geridə qoyaraq Rusiyadan sonra qitə ikincisi oldu.
Müstəqillik illərində Azərbaycan idmançılarının Olimpiadalarda çıxışları da uğurlu olub. Əgər Azərbaycan müstəqil ölkə kimi Atlanta Olimpiadasında bir, Sidneydə üç, Afinada beş, Pekində yeddi, Londonda 10 medal qazanmışdısa, Rio-2016 Olimpiadasında medalların sayını daha da artırıb. Belə ki, Braziliyanın paytaxtında keçirilən son Olimpiadada 56 atletlə təmsil olunan Azərbaycan komandası 18 (1 qızıl, 7 gümüş və 10 bürünc) medal qazanıb.
Son illərdə respublikamızda idmanın inkişafında müasir idman infrastrukturunun rolu böyükdür. Hazırda ölkəmiz idman infrastrukturu təminatı baxımından dünyanın inkişaf etmiş ölkələrindən geri qalmır. Ölkəmizin böyük uğurla ev sahibliyi etdiyi Birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində həyata keçirilən layihələr respublikamızın idman infrastrukturunu əhəmiyyətli dərəcədə zənginləşdirib. Birinci Avropa Oyunlarına hazırlıq məqsədilə 5 müasir idman qurğusu - Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və möhtəşəm Olimpiya Stadionu inşa edilib.
Ölkəmizin idman infrastrukturunun yenilənməsindən söhbət açarkən paytaxt Bakıda və bölgələrdə müasir Olimpiya İdman Komplekslərinin inşasını da xüsusi vurğulamaq lazımdır. Prezident İlham Əliyevin təşəbbüsü əsasında inşası bütün ölkə boyu geniş vüsət alan Olimpiya İdman kompleksləri gənclərin asudə vaxtlarını mənalı keçirmələrində və idmanın kütləviliyinin artmasında vacib rol oynayır. Təsadüfi deyil ki, bir vaxtlar yerlərdə Olimpiya İdman Komplekslərində ilk məşqlərə başlayan yeniyetmələr sonralar böyük idmana gələrək müxtəlif beynəlxalq yarışlarda ölkəmizin idman şərəfini layiqincə qoruyublar. İndiyədək respublikanın bölgələrində 40-dək belə idman qurğusu istifadəyə verilib. Hazırda daha bir neçə Olimpiya İdman Kompleksinin tikintisi uğurla davam etdirilir. Qarşıda duran vəzifələrdən söhbət açan Prezident İlham Əliyev vurğulayıb: “Gənclər və İdman Nazirliyi bu il Abşeron və Ağcabədi Olimpiya İdman komplekslərini istifadəyə verməlidir. Hazırda inşası gedən digər Olimpiya komplekslərində də işlər davam etdirilməlidir”.
Bu il Bakıda yataqxanalarda məskunlaşan məcburi köçkünlərin köçürülməsi prosesi başlayacaq
Ölkəmizdə həyata keçirilən genişməzmunlu sosial siyasətin mühüm istiqamətlərindən birini də Ermənistanın işğalı nəticəsində doğma ev-eşiklərindən didərgin düşən qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin ardıcıl şəkildə aradan qaldırılması təşkil edir. Bu baxımdan qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülən işləri xüsusi qeyd etmək lazımdır. İndiyədək müvafiq Dövlət proqramları çərçivəsində qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına və digər sosial ehtiyaclarının ödənilməsinə 6,2 milyard manatdan çox vəsait sərf olunub. Dövlət Neft Fondunun vəsaiti hesabına müasir standartlara cavab verən 3,2 milyon kvadratmetr sahəsi olan 95 yaşayış kompleksi salınıb, 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub.
Qaçqınlar və məcburi köçkünlər üçün salınan qəsəbələrdə müasir sosial infrastrukturun yaradılması da təqdirəlayiq haldır. Qeyd edək ki, qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan soydaşlarımız üçün salınan yeni yaşayış məntəqələrində bütün texniki infrastrukturla yanaşı, 150 məktəb, 58 mədəniyyət mərkəzi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi, 2 Olimpiya İdman Kompleksi tikilib.
Deyilənlərdən də göründüyü kimi, Azərbaycanın genişməzmunlu sosial siyasətinə uyğun olaraq qaçqın və məcburi köçkünlərin bu və ya digər ehtiyaclarının ödənilməsinə maksimum diqqət göstərilməsi davamlı xarakter daşıyır. 2016-cı ilin proqramına uyğun olaraq, Füzuli rayonunda 400 məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınıb. Ölkəmizdə bütün çadır şəhərciklərinin ləğv edilməsindən sonra növbə fin evlərində və digər uyğunlaşdırılmış tikililərdə müvəqqəti sığınacaq tapan qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına çatıb və hazırda bu istiqamətdə intensiv iş aparılır. Bundan başqa, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə yeni yaşayış binalarının tikintisi nəzərdə tutulur. Bu il həmçinin Bakıda yataqxanalarda məskunlaşan köçkünlərin köçürülməsi prosesi başlayacaq. Prezident İlham Əliyev bununla bağlı tapşırıq verildiyini nəzərə çatdırıb: “Eyni zamanda, tapşırıq verilmişdir ki, Bakıda yataqxanalarda məskunlaşan köçkünlərin köçürülməsi prosesi də bu il başlasın. Artıq müvafiq göstərişlər verilib, layihələr hazırlanır və əlavə vəsait ayrılacaq ki, biz bu il və bundan sonrakı illərdə bu yataqxanalarda yaşayan vətəndaşlarımızın mənzil şəraitini yaxşılaşdıraq”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 959 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31