Naxçıvan qədim və zəngin tarixə malik Azərbaycan torpağıdır
06.08.2009 [01:47]
Naxçıvan Azərbaycanın qədim tarixə malik torpağıdır. Bu gün istər geosiyasi mövqeyi, istər zəngin tarixi keçmişi, mədəni irsi, istərsə də mövcud iqtisadi potensialı ilə Naxçıvan Muxtar Respublikasının əhəmiyyəti inkar olunmazdır. Naxçıvan bütün tarixi dövrlərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi onun tarixi taleyini birgə yaşayıb və yaşamaqda davam edir. Erməni işğalları nəticəsində Naxçıvanın Azərbaycanın digər torpaqlarından ayrı salınması, son 20 ilə yaxın müddətdə isə Muxtar Respublikanın ermənilər tərəfindən blokadaya alınması onu böyük çətinliklərlə üz-üzə qoyub. Lakin uzun sürən ağır blokada şəraiti Naxçıvanın və onun əhalisinin iradəsini qıra bilməyib, əksinə, daha da mətinləşdirib. Məhz Naxçıvanda həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində, ermənilər Qarabağdakı işğalçılıq siyasətini burada reallaşdıra bilməyiblər. Naxçıvan bu gün dinamik inkişaf edən qədim Azərbaycan torpağı, türk yurdudur. Bunu bütün tarixi mənbələr, mədəniyyət və ənənələr də sübuta yetirir.
Naxçıvan Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Hətta arxeoloji qazıntılar zamanı bu qədim torpaqda ilk insan məskənlərinə də rast gəlinib. Naxçıvan eyni zamanda dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. Bu torpaqda Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi formalaşıb. “Naxçıvan” sözünün mənşəyini alimlər müxtəlif cür izah edirlər. Xalq etimologiyasına və tarixi qaynaqlara görə, “Naxçıvan” “Nəqşi -cahan”, yəni, “dünyanın naxışı”, “dünyanın bəzəyi” sözlərindən yaranıb. Xalq arasında geniş yayılmış digər bir rəvayətə görə, “Naxçıvan” toponimi Nuh peyğəmbərlə, daha doğrusu, “dünya tufanı” ilə bağlıdır. “Nuhçuvan”-”Nuh tərəfdarlarının məskəni”, “Nuhun diyarı” deməkdir. O da qeyd olunmalıdır ki, Nuh peyğəmbərin qəbri də Naxçıvan şəhərindədir.
Tarixi mənbələrdə Naxçıvanın yaranması tarixi ilə bağlı da məlumatlar müxtəlifdir. Bir çox mənbələrdə göstərilir ki, Şərqdə və bütün dünyada ən qədim şəhərlərdən biri hesab olunan bu qədim məkanın əsası e.ə. 1539-cu ildə qoyulub. Sistemləşdirilmiş yazılı mənbələr, Naxçıvan ərazisindən arxeoloji qazıntılar zamanı əldə olunan arxeoloji materiallar, məşhur Gəmiqaya qayaüstü yazıları və bu ərazidəki digər abidələr bir daha sübut edir ki, Naxçıvan şəhərinin 5 min ilə yaxın yaşı var.
Tarixin müxtəlif dövrlərində böyük istilalara məruz qalan Naxçıvan bu hücumlardan böyük zərər çəkib. E. ə. 633-cü ildə skiflərin hücumuna məruz qalan Naxçıvan sonrakı dövrlərdə ərəblərin və digər istilaçıların hücumları ilə üzləşib. Lakin bütün bunlara baxmayaraq, Naxçıvan öz iqtisadi, mədəni inkişafını davam etdirib və Şərqin əsas mərkəzlərindən biri hesab olunub. Elə bu səbəbdən də Naxçıvan ölkəmizdə bir-birini əvəz edən tarixi dövlətlərin bir çoxunun mərkəzi elan olunub.
Və nəhayət, 1826-28-ci illər Rusiya-Iran müharibəsi zamanı Naxçıvan rus qoşunları tərəfindən işğal olunub (1827-ci il, 27 iyun), Türkmənçay müqaviləsinə (1828) əsasən, Rusiyaya ilhaq edilib. Bundan sonra Naxçıvan vilayətinin (1828-40), sonra isə Naxçıvan qəzasının mərkəzi olub. 1841-ci ildə Naxçıvan qəza mərkəzinə çevrilib.
Təəssüf ki, Azərbaycanın bütün digər şəhər və rayonlarının keçmişdə yaşadığı acı hadisələri Naxçıvan da yaşayıb. ötən əsrin əvvəllərində Azərbaycanda hakimiyyətə gələn bolşeviklərin dəstəyi ilə erməni millətçilərinin həyata keçirdiyi soyqırımı siyasəti Naxçıvanda da kütləvi qanlı qırğınlarla müşahidə olunub. 1917-ci ilin sonlarından ermənilərin Naxçıvana qarşı ərazi iddialarının xüsusilə güclənməsi 1918-ci ilin əvvəllərində real təhlükəyə çevrilib, nizami daşnak silahlı dəstələri Naxçıvanın bir çox kəndlərini dağıdaraq, dinc əhaliyə divan tutub. 1918-ci il mayın 26-28-də Gürcüstan, Azərbaycan və Ermənistan öz müstəqilliklərini elan etdikdən sonra Ermənistanın daşnak hökuməti Naxçıvanı özünə ilhaq etmək siyasəti yeritməyə, Naxçıvanda dinc azərbaycanlı əhaliyə divan tutmağa başlayıb. Lakin ermənilər Naxçıvanı Azərbaycandan qoparmaq cəhdlərini uzun müddət davam etdirsələr də, yerli əhalinin inadlı müqaviməti və türk əsgərlərinin bölgəyə daxil olması onların bu məkrli niyyətlərini həyata keçirmələrinə imkan verməyib.
1918-ci ildə imzalanmış Mudros sülh müqaviləsinə əsasən, türk qoşunları bölgədən çıxarıldıqdan sonra, noyabrda erməni-daşnak quldurlarından qorunmaq məqsədilə Araz-Türk Respublikası yaradılıb və Naxçıvan şəhəri onun mərkəzi elan olunub. Lakin bu da çox davam etməyib. 1919-cu ilin əvvəllərində Naxçıvanı tutan ingilislər Araz-Türk Respublikasını tanımaqdan imtina ediblər. Daşnaklar iyulda ingilislərin yardımı ilə Naxçıvanı tutsalar da, ingilislərin buranı tərk etməsilə Naxçıvan Milli Komitəsinin hərbi hissələri erməni-daşnak qüvvələrini qovmağa nail olub. Lakin 1920-ci ilin aprel aynın 28-də qırmızı ordu Azərbaycanı işğal etdikdən sonra sovetlər iyulun 28-də Naxçıvanda öz hakimiyyətlərini qurublar.
Bütün bu proseslər isə yeni bir siyasi durumun meydana gəlməsini şərtləndirirdi. Artıq Azərbaycan sovet hakimiyyətinin tərkibində idi, Zəngəzur isə Ermənistana verilmişdi. Naxçıvan tamamilə Azərbaycandan ayrı salınmışdı. Bu isə təbii olaraq, Naxçıvanın muxtariyyəti məsələsini gündəliyə gətirdi. Və nəhayət, 1924-cü il fevralın 9-da Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Diyarı Naxçıvan Muxtar Respublikasına çevrildi. Naxçıvan Muxtar Respublikası yaradıldıqda onun sahəsi Naxçıvanın tarixi ərazisinin 5988 km2 -ni əhatə edirdi. 1929-1930-cu illərdə və sonra Muxtar Respublikanın ərazisinin bir hissəsi sovet hakimiyyəti tərəfindən ermənilərə verildi. Nəticədə Naxçıvan Muxtar Respublikasının ərazisi 5365 km2-ə qədər azaldıldı.
Onu da qeyd edək ki, bu qədim torpaq böyük şəxsiyyətlər yetişdirib. ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevi, həmçinin, Əcəmi Naxçıvani kimi memarı, Nəcməddin Naxçıvani, Hinduşah Naxçıvani və Nəsrəddin Tusi kimi filosofları, Həsən Əliyev və Yusif Məmmədəliyev kimi böyük alimləri, İsmayıl Naxçıvanski, Hüseyn xan Naxçıvanski və Cəmşid Naxçıvanski kimi hərbi xadimləri, Məhəmməd Tağı Sidqi, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid və Məmməd Səid Ordubadi kimi ziyalı-yaradıcı insanları məhz bu torpaq Azərbaycan xalqına bəxş edib.
Sovet hakimiyyəti dönəmində isə Naxçıvan MR Azərbaycan Respublikasının tərkibində özünəməxsus inkişaf yolu keçib, sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında böyük nailiyyətlər əldə edib. Lakin bunlarla yanaşı, Naxçıvan sovet bolşevik terrorunun, zorakı kollektivləşmənin, 30-cu illər repressiyalarının ağır fəsadlarını da yaşayıb. Xüsusilə, 60-cı illərin ortalarınadək Naxçıvanda vəziyyət daha ağır olub. Amma 1970-ci illərin əvvəllərindən başlayaraq, Naxçıvan inikşaf etməyə başlayıb. Naxçıvan MSSR qabaqcıl sənaye, kənd təsərrüfatı, elm və mədəniyyətə malik güclü diyara çevrilib. Bu dövrlər ərzində Naxçıvanda 45 min nəfərlik yaşayış massivləri tikilib. Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olması, bütün digər regionlar kimi Naxçıvanda da böyük inqilabi inkişafa zəmin yaradıb. Ulu öndər Heydər Əliyevin apardığı siyasət, milliləşdirmə nəticəsində Naxçıvanın görkəmi, çöhrəsi tamamilə dəyişib.
Amma 1980-ci illərin sonlarında respublikada mürəkkəbləşən siyasi vəziyyət fonunda Naxçıvanda da proseslər ürəkaçan səviyyədə deyildi. Sovet İmperiyasının süqut etdiyi bir ərəfədə ittifaq rəhbərlərinin ikiüzlü siyasəti, erməniləri müdafiə etmələri, milli münaqişələrə rəvac verirdi. 1990-cı il yanvar ayının 19-da ermənilər işğal etdikləri ərazilərdən Naxçıvan MR-nin Sədərək qəsəbəsinə təcavüzə başladılar. SSRİ-nin başında duranların riyakarlığı səbəbindən Naxçıvan MSSR o zaman üçün misli-bərabəri olmayan qərar qəbul edərək SSRİ-nin tərkibindən çıxdığını elan etdi. Naxçıvan Muxtar Respublikasının Ermənistan təcavüzündən mətanətlə müdafiə edilməsində, son dərəcə çətin vəziyyətdə idarə olunmasında Ulu öndər Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrü, Onun bütün Azərbaycanın gələcəyi üçün müstəsna əhəmiyyət kəsb edən bir sıra təşəbbüslər irəli sürərək qərarlar qəbul etməsi Azərbaycanın tarixinin ən parlaq səhifələrindəndir. O zaman Muxtar Respublika rəhbərliyinin milli istiqlaliyyət yollarında atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanaraq dəstəkləndi və respublikada gedən siyasi proseslərə öz müsbət təsirini göstərdi. 1990-cı ilin noyabr ayının 17-də keçirilmiş Naxçıvan MSSR Ali Sovetinin 1-ci sessiyasının qərarı ilə “Sovet”, “Sosialist” sözləri Muxtar Respublikanın adından çıxarıldı, Ali Sovetin adının dəyişdirilib, Ali Məclis adlandırılması qərara alındı, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə qəbul edilmiş üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının da bayrağı kimi qəbul olundu. Ali Məclis eyni addımın Azərbaycan Respublikasında da atılması barədə qanunvericilik təşəbbüsü ilə çıxış etdi. Elə həmin vaxtdan Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının ali qanunvericilik orqanı Qarabağda vəziyyət, Bakıda fövqəladə vəziyyətin aradan götürülməsi, habelə, 1990-cı il 19-20 yanvar hadisələrinə siyasi qiymət verilməsi haqqında qərarlar qəbul etdi. Muxtar Respublika ərazisində Kommunist Partiyasının yerli orqanlarının fəaliyyətinin dayandırılması, Naxçıvan əhalisinin SSRI-nin saxlanılması barədə referendumda iştirakdan imtina etməsi, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə mühüm qərarlar qəbul olundu.
Təsadüfi deyil ki, Naxçıvan Muxtar Respublikası bu gün mövcudluğu, bugünkü yaşayışı və nicatı üçün 1990-93-cü illərdə ümummilli lider Heydər Əliyevin burada yaşayıb-işləməsinə, siyasi fəaliyyət göstərməsinə borcludur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvana gəlməsi, 1990-93-cü illərdə burada yaşayıb fəaliyyət göstərməsi bu bölgəni erməni təcavüzündən xilas etdi. Sovet İttifaqının dağılmasından sonra Naxçıvan MR-in Ermənistanın təcavüzündən müdafiə edilməsində, son dərəcə çətin vəziyyətdə bölgənin idarə olunmasında Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti, müstəsna əhəmiyyət kəsb edən qərarların qəbul edilməsi tariximizin ən parlaq səhifələrindəndir.
Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə Azərbaycanda hakimiyyətə gəldikdən sonra da Onun fəaliyyətində Naxçıvan MR-in inkişafı, təhlükəsizliyinin təmin olunması prioritet istiqamətlərdən olub. Ulu öndər mütəmadi olaraq, Naxçıvana səfərlər edir, burada görülən işlərlə yerində tanış olur, qısa müddət ərzində böyük inkişafa nail olurdu.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasət bu gün də uğurla davam etdirilir. Biz bunu Naxçıvan MR-ə dövlətin diqqət və qayğısında da görürük. Ulu öndərin siyasi kursunun laiyqli davamçısı Prezident İlham Əliyev öz fəaliyyətində Muxtar Respublikanın inkişafını, təhlükəsizliyinin təmin olunmasını prioritet olaraq müəyyənləşdirib. Naxçıvan Muxtar Respublikasında yeni obyektlərin istifadəyə verilməsi, yeni tikililərin ucaldılması bir daha sübut edir ki, dahi lider Heydər Əliyevin quruculuq xətti inamla davam etdirilir. ölkə Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”ı həyatın bütün sahələrində sürətli inkişafa rəvac verib, regionlarda canlanma yaradıb. Biz bu inkişafı Naxçıvan Muxtar Respublikasında açıq-aşkar görə bilirik. Son bir neçə il ərzində Muxtar Respublikada böyük sənaye obyektləri, səhiyyə ocaqları, təhsil müəssisələri, məktəblər, diaqnostika mərkəzləri, idman-sağlamlıq kompleksləri tikilib istifadəyə verilib. Son 5 ildə Naxçıvan MR-də ümumilikdə 1236 müəssisə yaradılıb. 5 ildə açılmış iş yerlərinin sayı isə 37 mindən artıqdır. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”ının ikinci mərhələsinin icrası isə Muxtar Respublikanın inkişafını daha da sürətləndirəcək, bunun üçün yeni imkanlar açacaq.
Məlum olduğu kimi avqustun 3-də Prezident İlham Əliyev Naxçıvana səfər edib və bir sıra yeni obyektlərin - Naxçıvan şəhərində “Badamlı” mineral sular zavodunun, Şahmat Mərkəzinin, Doğum Mərkəzinin, Naxçıvan-Sədərək avtomobil yolunun, Şərur Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib. Kompleksin açılışından sonra Şərur rayon ictimaiyyəti ilə görüşündə dövlət başçısı Naxçıvanın inkişafını yüksək qiymətləndirib: “Bütövlükdə, Naxçıvan Muxtar Respublikasında gedən quruculuq-abadlıq işləri məni çox sevindirir. Mən hər il Naxçıvanda oluram və özüm bu gözəl hadisələrin şahidiyəm. Quruculuq-abadlıq işləri aparılır, yeni müəssisələr, zavodlar, səhiyyə ocaqları istifadəyə verilir. Bu gün gözəl Doğum Mərkəzinin açılışını qeyd etdik. Bu mərkəz dünya standartları səviyyəsindədir. Bu birmənalıdır və dünyanın istənilən ən inkişaf etmiş ölkəsindən o kompleksi, o mərkəzi görən adam bunu təsdiqləyə bilər. O mərkəz kimi, bu kompleks də insanların sağlamlığı üçündür.
Sənaye müəssisələri Muxtar Respublikanın iqtisadi inkişafına töhfə verir. Yəni, bax, hərtərəfli inkişaf bundan ibarətdir və Naxçıvanda həm sənaye potensialı artır, iqtisadiyyat artır və sosial obyektlər - məktəblər, xəstəxanalar, idman qurğuları, yollar tikilir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

