Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bu gün sürətlə inkişaf edən iki müstəqil dövlət - Gürcüstan və Azərbaycan öz aralarında bütün sahələrdə çox fəal əməkdaşlıq edirlər

Bu gün sürətlə inkişaf edən iki müstəqil dövlət - Gürcüstan və Azərbaycan öz aralarında bütün sahələrdə çox fəal əməkdaşlıq edirlər

20.07.2010 [11:05]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanda işgüzar səfərdə olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Gürcüstanda işgüzar səfərdə olub. AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs səmimiyyətlə qarşılayıblar.
İyulun 18-də Batumidə Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin təkbətək görüşü olub.
Görüşdə ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Yüksək səviyyədə qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edilib və əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. Görüşdə ikitərəfli və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Onun dəvətini qəbul edib Gürcüstana işgüzar səfərə gəldiyinə görə, dövlətimizin başçısına minnətdarlıq edən Mixeil Saakaşvili bildirib ki, ölkələrimiz arasında qarşıya qoyulan məqsədlərə nail olunub və bu səfər bütün sahələrdə əlaqələrin inkişafına imkan verəcək.
Prezident İlham Əliyev onu Gürcüstana dəvət etdiyinə görə Mixeil Saakaşviliyə təşəkkür edib. Dövlətimizin başçısı deyib ki, bu səfər bir çox məsələlərə dair fikir mübadiləsi aparmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Prezidenti vurğulayıb ki, səfər çərçivəsində aparılan danışıqlar gələcək əməkdaşlığın inkişafına təkan verəcək, ikitərəfli münasibətlərin və hökumətlərarası komissiyanın fəaliyyətinə töhfə olacaq.
Geniş tərkibdə görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin birgə mətbuat konfransı keçirilib. Dövlət başçıları bəyanatlarla çıxış ediblər.
Gürcüstan Prezidenti Mixeil Saakaşvili bildirib ki, bizim qurduğumuz uzunmüddətli əməkdaşlıq artıq Bakı və Batumi şəhərləri arasında da öz müsbət nəticəsini verib: “Bildiyiniz kimi, Bakıdan gəlmiş iş adamları Batumidə işləyir və eyni zamanda, Batuminin iş adamları Bakıda fəaliyyət göstərirlər. Batumi limanından çıxan gəmilər artıq yola düşmüşlər. Bu da Bakı ilə Tbilisi arasındakı əməkdaşlığın nəticəsidir. Bütün bunlar bizim qarşıya qoyduğumuz ümumi əməkdaşlıq proqramının bir hissəsidir. Hazırda Bakıda çox müsbət dəyişikliklər baş verir və biz bu dəyişiklikləri görməkdən çox şadıq. Eyni zamanda, Batumidə də inkişaf prosesləri gedir. çalışırıq ki, biz də hər bir sahədə inkişafa nail olaq. Bu gün biz danışıqlar apardıq və Batumidə Azərbaycan Dövlət Neft Şirkətinin ofisini açacağıq. Bu açılış tarixi bir binada baş verəcəkdir. Azərbaycan Prezidenti İlham Əliyevin razılığı ilə biz bu məqsədlə lazımi infrastruktur yaratmışıq və Batumidə bu ofisin uğurla fəaliyyət göstərəcəyinə tam əminik. Cənab Prezident, biz Sizin bu səfərinizdən çox məmnunuq, məhz bu münasibətlə Sizə öz təbriklərimizi çatdırırıq. Bizim dostluğumuz uzunmüddətli bir dostluqdur, böyük tarixi vardır və bir çox sınaqlardan keçmişdir”.
Prezident Mixeil Saakaşvili söyləyib ki, ölkələrimiz aramızda heç bir problem yoxdur: “Bizim münasibətlərimiz son illər ən yüksək səviyyəyə çatmışdır və biz bunu davam etdirməliyik. Təbii ki, bu münasibətlərin əsasını məhz Heydər Əliyev qoymuşdur. Biz bütün səylərimizlə çalışacağıq ki, əsrlər boyu xalqlarımızı bir-birinə bağlayan münasibətlər bundan sonra da inkişaf etsin. Heydər Əliyevin strateji baxışları nəticəsində bu münasibətlər daha da möhkəmlənmiş və İlham Əliyevin böyük səyləri sayəsində isə daha da güclənmişdir. Biz tam əminik ki, bu əlaqələr, bu münasibətlər daha da inkişaf edəcək, regionumuzda sabitliyə xidmət göstərəcəkdir”.
Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək vurğulayıb ki, Gürcüstanın uğurlu və sabit inkişafına böyük inam var: “Mən çox şadam ki, Gürcüstana investisiya qoyanların arasında Azərbaycan şirkətləri də vardır. Azərbaycan şirkətləri Gürcüstana böyük maraqla yanaşır, böyük həvəslə investisiyalar qoyurlar. Bu investisiyaların həcmi gündən-günə artır. Təbii ki, ilk investisiyalar energetika sektoruna qoyulubdur. Ancaq mən ümid edirəm ki, Azərbaycan şirkətləri başqa sahələrə də investisiyalar qoyacaqlar. Bizim aramızda olan əlaqələr zəngin tarixə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq, qardaşlıq şəraitində yaşamışlar, bir-birinə kömək etmişlər və həmişə birlikdə olmuşlar. Bu tarixi yaddaş bugünkü gün üçün də çox vacibdir. Bu gün sürətlə inkişaf edən iki müstəqil dövlət - Gürcüstan və Azərbaycan öz aralarında bütün sahələrdə çox fəal əməkdaşlıq edirlər. Bizim əməkdaşlığımız çoxşaxəlidir, bütün sahələri əhatə edir və bayaq qeyd etdiyim kimi, möhkəm tarixi zəmin əsasında qurulubdur. Bizim vəzifəmiz ondan ibarətdir ki, xalqlarımız arasında mövcud olan ənənəvi dostluq, qardaşlıq əlaqələrini inkişaf etdirək, yeni məna ilə zənginləşdirək və beləliklə, Gürcüstan-Azərbaycan strateji əməkdaşlığının imkanlarından maksimum şəkildə istifadə edək. Bizi birləşdirən böyük, nəhəng, dünya miqyaslı layihələr vardır. Biz bunları birlikdə icra etmişik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri bu gün nəinki Gürcüstanın və Azərbaycanın maraqlarını təmin edir, eyni zamanda, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi işinə də öz töhfəsini verir. Bu layihələrin uğurlu icrası nəticəsində biz dəmir yolu layihələrinə başladıq. Bu gün müzakirə etdiyimiz məsələlərdən biri də elektrik enerjisi sahəsindəki əməkdaşlıqdır. Biz başqa sahələrdə də əməkdaşlığa çox böyük maraqla və həvəslə baxırıq. Əminəm ki, nəzərdə tutduğumuz bütün məsələlər öz həllini tapacaqdır. Bunu deməyə əsas verən odur ki, biz bu günə qədər müəyyən etdiyimiz məsələləri birlikdə, güclü koordinasiya şəklində həll etmişik. Bu gün bölgədə mövcud vəziyyət və ikitərəfli əlaqələrimizin yüksək səviyyədə olması diktə edir ki, biz irəliyə baxmalıyıq, yeni layihələri aşkar etməliyik, onları icra etməliyik və beləliklə, Gürcüstanla Azərbaycan arasında əlaqələri daha da möhkəmləndirməliyik”.
Sonra prezidentlər jurnalistlərin suallarını cavablandırıblar.
İyulun 18-də Batumidə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs ilə birgə işgüzar nahar ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs Batumi şəhərinin görməli yerləri ilə tanış olublar.
* * *
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Gürcüstan Prezidentinin xanımı Sandra Elizabet Rulofs iyulun 18-də Batumidə Qonio Apsar tarix-memarlıq muzeyində olublar. Batuminin qədim abidələrindən olan, tarixi eramızdan əvvəl VIII-VII əsrlərə aid edilən Qonio Apsar qalası ilə tanışlıq zamanı məlumat verilib ki, erkən orta əsrlərdə bura romalıların yaşadığı şəhər - qala rolunu oynayırdı. Ərazisi 5 hektara yaxın olan bu qala romalılar üçün strateji siyasi və mədəni mərkəz idi. Orta əsrlərdə isə bu qala bizanslıların, daha sonra isə Osmanlı imperiyasının tərkibinə daxil olub. XIV əsrdə burada Gürcü knyazlığı yaradılıb. 1994-cü ildən muzey kimi fəaliyyət göstərən bu ərazidə müxtəlif vaxtlarda alimlərin iştirakı ilə geniş arxeoloji qazıntılar aparılıb. Mehriban xanımın diqqətinə çatdırılıb ki, muzeyin ən maraqlı yerlərindən biri burada mövcud olan saxsı su kəmərinin qalıqlarıdır. Muzeydə müxtəlif dövrlərə aid pul sikkələri, qızıl və gümüşdən hazırlanan bəzək əşyaları, qədim yunan və Roma dövrlərinə aid keramika nümunələri saxlanılır.
* * *
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva iyulun 18-də Batuminin görməli yerləri ilə tanış olub. Şəhərin mərkəzindəki saat qülləsi ilə tanışlıq zamanı Gürcüstan Prezidentinin xanımı Sandra Elizabet Rulofs məlumat verib ki, bu saatı Batuminin hər yerindən görmək mümkündür. Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Batuminin tarixi hissəsində olub. Mehriban xanıma Avropa meydanında Venesiya memarlığı üslubunda inşa olunan bina haqqında məlumat verilib. Qeyd olunub ki, son illərdə Batumidə geniş abadlıq-quruculuq işləri həyata keçirilir. Avropa meydanında aparılan yenidənqurma işləri də bunun bir tərkib hissəsidir. Mehriban xanım Əliyeva Batumidə həyata keçirilən infrastruktur layihələrinin eskizlərinə də baxıb.
* * *
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Gürcüstan Prezidentinin xanımı Sandra Elizabet Rulofs iyulun 18-də Batumidə Nobel qardaşlarının Texniki Muzeyində olublar. Mehriban xanımın diqqətinə çatdırılıb ki, XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakıda neft sənayesinin inkişafı qonşu Gürcüstanın da inkişafına təsir göstərib. O dövrdə Bakıda neft hasilatı ilə məşğul olan Nobel qardaşları “qara qızıl”ı Batumi vasitəsilə Avropa bazarlarına çıxarıblar. 1883-cü ildə Nobel qardaşları Batumidə bu məqsədlə neft terminalı da inşa ediblər. Həmin dövrdə Bakı-Batumi dəmir yolunun çəkilməsi isə nobellərin neft biznesinin daha da inkişafına böyük töhfəsi olub.
Nobel qardaşlarının vaxtilə evi olmuş bu muzeydə neft maqnatlarının Batumidəki fəaliyyətini əks etdirən müxtəlif fotolar və əşyalar toplanıb. Muzeydə, həmçinin, Balaxanıdakı neft mədənlərinin şəkilləri, Nobel qardaşlarının əlyazmaları da saxlanılır. Mehriban xanım Əliyeva muzeyin xatirə kitabına ürək sözlərini yazıb.
* * *
İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri başa çatıb. Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Batumi hava limanında Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs yola salıblar. Həmin gün axşam dövlətimizin başçısı Vətənə qayıdıb.

Paylaş:
Baxılıb: 1001 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30