Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Milli mətbuatımız öz inkişafının yeni mərhələsinə qədəm qoyub

Milli mətbuatımız öz inkişafının yeni mərhələsinə qədəm qoyub

24.07.2010 [03:33]

Azərbaycan jurnalistləri göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq edirlər
İki gün öncə Azərbaycan milli mətbuatının 135 yaşı tamam oldu. Bu münasibətlə ölkəmizin çeşidli bölgələrində keçirilən yubiley mərasimlərinə “Gülüstan” sarayında təşkil edilən bayram tədbiri ilə yekun vuruldu. Qeyd etmək yerinə düşər ki, bu tədbirlər Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 10-da imzaladığı “Azərbaycan mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam əsasında təşkil olundu. İstər tədbirlərin keçirilməsi, istərsə də dövlət başçısının milli mətbuatımızın 135 yaşının tamam olduğu gün, yəni, iyulun 22-də imzaladığı sərəncamlar əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan mətbuat siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla və yeni keyfiyyətdə davam etdirilməsini növbəti dəfə təsdiqləyir. Məlumat üçün deyək ki, həmin sərəncamlarla bir qrup mətbuat işçisinə fəxri adlar və mükafatlar verilib, bir sıra KİV orqanlarına birdəfəlik maliyyə yardımları edilib, həmçinin, Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrılıb.
Yəni, bu bir həqiqətdir ki, Prezident İlham Əliyevin mətbuat sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı bu sahənin sürətlə inkişaf etməsinə, mətbu orqanların fəaliyyətinin genişlənməsinə və peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olub. Məhz bunun nəticəsidir ki, hazırda milli mətbuatın bazasının möhkəmləndirilməsi, dövlət orqanları ilə mətbuat arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər planı həyata keçirilir.
Prezident İlham Əliyevin iyulun 22-də Mətbuat Şurasının yeni binasının açılışında iştirak etməsi isə bu qayğı və diqqətin daha bir bariz nümunəsidir. Mətbuat Şurasının sədri Əflatun Amaşovun da qeyd etdiyi kimi, əsaslı şəkildə və müasir üslubda yenidən qurulmuş ikimərtəbəli binada şura üzvlərinin və əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binanın ümumi tikinti sahəsi 700 kvadratmetrdir. Ətrafda abadlıq və yaşıllaşdırma işləri aparılıb, binada müasir işıqlandırma, havalandırma, yanğından mühafizə, rabitə sistemləri quraşdırılıb. Binada xidməti otaqlarla yanaşı, konfrans zalı, müraciətlərin qəbulu, monitorinq qrupu və komissiyalar üçün otaqlar yerləşir. Xidməti otaqlar müasir texniki vasitələr, kompyuterlər və mebellə təchiz olunub.
Əflatun Amaşov deyib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin yeni binanın açılış mərasimində iştirak etməsi təkcə Mətbuat Şurası üçün deyil, ölkə jurnalistikası, ümumilikdə, media ictimaiyyəti üçün son dərəcə əlamətdar hadisədir. MŞ sədri onu da əlavə edib ki, müasir tələblərə cavab verən belə bir binaya hətta ən inkişaf etmiş ölkələrin mətbuat şuraları həsəd apara bilər: “Biz bunu Azərbaycan jurnalistikasına dövlət başçısının bayram töhfəsi kimi qəbul edirik. Cənab Prezidentlə görüş zamanı da qeyd etdiyim kimi, bu, həm də ölkədə aparılan ardıcıl və məqsədyönlü media siyasətinin əyani nümunələrindəndir. Bu siyasətin təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycan jurnalistlərinin, bütövlükdə media ictimaiyyətinin Ulu öndəri daim ehtiramla xatırlamasının kökündə bir çox amillər dayanır. Müharibə vəziyyətində olan ölkədə 1998-ci ildə mətbuat üzərindəki senzura götürüldü. Bu addım o dövr üçün çox böyük cəsarət tələb edirdi. Növbəti addım media sahəsindəki qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı oldu. Qanunvericilik dünya standartlarına uyğun şəkildə təkmilləşdirildi. Mətbuata dövlət nəzarətini həyata keçirən Mətbuat və İnformasiya Nazirliyi ləğv edilərək mətbuatın özünütənzimləməsi mexanizminin tətbiqinə şərait yaradıldı. Azərbaycan MDB məkanında mətbuatın özünütənzimləmə funksiyasını rəsmiləşdirdi. Bu məkanda ilk Mətbuat Şurası yaradıldı. Həmin dönəmdə mətbuata dövlət qayğısı ilə bağlı digər çoxsaylı faktlar da mövcuddur. Kütləvi informasiya vasitələri məhsulları üzərindən əlavə dəyər vergisinin aradan qaldırılmasını, gömrük rüsumunun götürülməsini, qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının dövlət vəsaiti hesabına silinməsini və s. buna misal göstərmək olar”.
Əflatun Amaşovun sözlərinə görə, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ilk gündən mediaya dövlət qayğısının yeni nümunələrinin şahidiyik: “Qətiyyətlə demək olar ki, bu, keyfiyyətcə tam yeni bir mərhələdir. Azərbaycan dövlətinin iqtisadi imkanlarının artması mediaya dövlət qayğısını sistemli, uzunmüddətli strategiyaya çevirib. ölkədə KİV-lərə Dövlət Dəstəyi Konsepsiyası kimi mükəmməl bir sənəd qəbul olunub. Sənəddə nəzərdə tutulan vəzifələrin icrası məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun fəaliyyəti müstəqil mətbuatın inkişafını dəstəkləmək, stimullaşdırmaq, jurnalist əməyini qiymətləndirmək baxımından, xüsusilə, əhəmiyyətlidir. 2005-ci ildən “İnformasiya əldə etmək haqqında” mükəmməl qanuna malikik. Bu gün Azərbaycan mediası azaddır, müstəqildir. Baş verən hadisə və prosesləri hər hansı maneələrlə üzləşmədən cəmiyyətə çatdırır. Bu, demokratiyanın inkişafı baxımından çox böyük uğurdur, etibarlı təminatdır”.
Mətbuat Şurasının sədri əlavə edib ki, Prezident İlham Əliyevin hakimiyyəti dövründə media ilə bağlı çoxsaylı fərman və sərəncamlar imzalanıb: “Bunların hər biri müstəsna əhəmiyyətə malikdir. Məsələn, beş il bundan əvvəl milli mətbuat günü ərəfəsində Prezident İlham Əliyevin Sərəncamı ilə “Əməkdar Jurnalist” fəxri adı bərpa olundu. 140-a yaxın jurnalist müxtəlif dövlət təltiflərinə layiq görüldü. Media qurumlarına maddi yardımlar göstərildi. Möhtərəm Prezidentimizin iki gün öncə milli mətbuatımızın 135 illik yubileyi münasibətilə imzaladığı sərəncamlar isə mətbuat tariximizdə dərin izlər buraxacaq. Biz jurnalistlər bu diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk”.
Əflatun Amaşov son olaraq onu da qeyd edib ki, dövlət başçısının həmin görüşdə etdiyi çıxış Mətbuat Şurasının qarşısında əlavə məsuliyyət qoyur: “Bildiyiniz kimi, cənab Prezident çıxışı zamanı Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirdiyini söylədi. Dövlət başçısı dedi ki, Mətbuat Şurası yarandığı gündən ölkəmizdə dövlət qurumları ilə media arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün çox müsbət rol oynayıb. Jurnalistlərin hüquqlarının qorunması işində öz prinsipial mövqeyini həmişə bildirib və ümumiyyətlə, ölkədə söz azadlığının, demokratiyanın inkişafı istiqamətində çox böyük addımlar atıb. Bundan başqa, Prezident mətbuatı bir sıra məsələlərdə daha fəal rol oynamağa çağırdı. Biz Mətbuat Şurası olaraq gələcək fəaliyyətimizi məhz bu istiqamətdə qurmağa çalışacağıq”.
Qəzetimizə açıqlama verən Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov deyib ki, mətbuata diqqət və qayğı Ulu öndər Heydər Əliyevdən qalma çox gözəl bir ənənədir: “ümummilli liderimiz daima jurnalistlərlə təmasda olar, onların suallarını cavablandırar, KİV-ə qayğı göstərərdi. Ulu öndərin 2000-ci ildə imzaladığı Fərmanla Azərbaycan milli mətbuatının 125 illik yubileyi qeyd edildi. Beləliklə də, ümummilli lider hər beş ildən bir Azərbaycan milli mətbuatının yubileyini keçirmək kimi gözəl bir ənənənin əsasını qoydu. Möhtərəm Prezidentimiz, cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi mətbuat sahəsində də Ulu öndərin siyasətini uğurla davam etdirir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci ildə milli mətbuatımızın 130 illik yubileyi ölkə miqyasında yüksək səviyyədə qeyd olundu. Cənab Prezident “Əməkdar Jurnalist” adını bərpa etdi və həmin müddətdə 140-a qədər jurnalist dövlət mükafatına, həmçinin, fəxri adlara layiq görüldü, redaksiyalar mükafatlandırıldı. Milli mətbuatımızın bu günlərdə keçirilən 135 illik yubileyi də yüksək səviyyədə baş tutdu və böyük uğurla başa çatdı. Jurnalistlərə bir neçə yadda qalan və çox böyük mükafatlar verildi. Bunlardan biri isə Mətbuat Şurası üçün əsaslı şəkildə və müasir üslubda yenidən qurulmuş binanın ərməğan edilməsi oldu. Cənab Prezident açılış mərasimində iştirak etdi, Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə görüşdü. Məlumat üçün deyim ki, Mətbuat Şurasının sədri Əflatun Amaşovun məruzəsində jurnalistikanın problemləri ilə bağlı bir sıra məqamlar vurğulanırdı. Cənab Prezident bütün məsələlərə həssaslıqla yanaşdı. Sonra isə səslənən təkliflər və rəylərin hər biri haqqında çox qiymətli fikirlər söylədi. özünün dəyərli tövsiyələrini verdi və eyni zamanda, problemlərin həlli üçün konkret addımlar atıldı. Biz 22 iyul tarixində axşam Prezidentimiz tərəfindən imzalanan sərəncamlarla yenə də jurnalistlərin mükafatlandırıldığını, fəxri adların verildiyini, KİV-lərə birdəfəlik yardımların edildiyinin şahidi olduq. Bizlər üçün daha bir qiymətli hədiyyə isə jurnalistlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün Prezidentin ehtiyat fondundan 5 milyon manatın ayrılması oldu. Ulu öndər Heydər Əliyevdən qalmış gözəl ənənəni davam etdirdiyi üçün cənab Prezident İlham Əliyevə minnətdarıq. Prezidentimizin bütün hədiyyələri bizim üçün əziz və qiymətlidir. Lakin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 5 milyon manat vəsaitin ayrılması bizim üçün əsl bayram sürprizi oldu. Buna görə biz möhtərəm Prezidentimizə dönə-dönə minnətdarıq və buna öz əməli işimizlə, yaradıcılıq fəaliyyətimizlə cavab verəcəyik. Eyni zamanda, Mətbuat Şurasındakı çıxışı zamanı Prezidentimizin jurnalistlər qarşısında qoyduğu vəzifələri layiqincə, yüksək səviyyədə həyata keçirmək üçün bütün bilik və bacarığımızı əsirgəməyəcəyik”.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də öncə ölkədə aparılan quruculuq-abadlıq işləri, eyni zamanda, mətbuata xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq edib: “Hesab edirəm ki, əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən çox yüksək dinamik xətlə inkişaf etdirilir. “Azərbaycan mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamın icrası bütün regionlarda çox yüksək səviyyədə həyata keçirildi və reallaşdırıldı. Son olaraq isə iyulun 22-də Azərbaycan mətbuat tarixində və hər bir mətbuat işçisinin ürəyində əbədi yaşayacaq hadisələr baş verdi. öncə möhtərəm Prezidentimizin iştirakı ilə Mətbuat Şurasının əsaslı şəkildə və müasir üslubda yenidən qurulmuş binasının açılışı oldu. Hesab edirəm ki, bu yeni binanın istifadəyə verilməsi Prezident İlham Əliyev tərəfindən bütövlükdə Azərbaycan mətbuatına çox böyük diqqətin daha bir nümunəsi idi. Eyni zamanda, möhtərəm Prezidentimiz tərəfindən Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında imzalanmış Sərəncam Azərbaycan mətbuat tarixində xüsusi iz buraxacaq bir addımdır. Bundan başqa, Azərbaycan Prezidentinin digər sərəncamları ilə bir qrup mətbuat işçisinə fəxri adların və dövlət mükafatlarının verilməsi, həmçinin, KİV-lərə birdəfəlik maliyyə yardımların verilməsi dövlətin mətbuata xüsusi diqqət və qayğısının daha bir bariz nümunəsidir. Mən bir daha cənab Prezidentə həm öz adımdan, həm də bütövlükdə mətbuat işçiləri adından ürəkdən minnətdarlığımı bildirirəm. İyulun 22-də Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar, həmçinin, Mətbuat Şurasının yeni binasının açılışı Azərbaycanın milli mətbuatının formalaşması və daha da inkişaf etməsi üçün çox böyük bir töhfədir”.
Nadir AZƏRİ
Paylaş:
Baxılıb: 1005 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30