Azərbaycan və Türkiyə arasında dostluq-qardaşlıq münasibətləri uğurla inkişaf edir
17.08.2010 [09:36]
Dünən Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün təkbətək görüşü olub.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq bildirilib. Bu münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
Yüksək səviyyədə qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan dövlət başçıları Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin genişlənməsinə töhfəsini verəcəyini vurğulayıblar.
Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Azərbaycan dövlətinin başçısı İlham Əliyev görüş iştirakçılarına müraciətlə deyib: “Hörmətli cənab Prezident! Hörmətli qonaqlar! Mən sizi Azərbaycanda ürəkdən salamlayıram, xoş gəlmisiniz! Sizin səfərinizin çox böyük əhəmiyyəti vardır. Biz bu gün artıq Sizinlə təkbətək görüşdə ikitərəfli münasibətlərin böyük hissəsini müzakirə etdik. Bir daha görürük ki, Türkiyə ilə Azərbaycan arasında dostluq-qardaşlıq münasibətləri uğurla inkişaf edir, bütün sahələri əhatə edir və bu əməkdaşlığın çox gözəl nəticələri vardır. Həm ikitərəfli formatda, həm regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilibdir. Mən əminəm ki, səfər zamanı çox səmərəli müzakirələr keçiriləcəkdir. Həm nümayəndə heyətlərinin üzvləri bir-biri ilə əlaqədə olacaqlar və həm də biz gələcək birgə fəaliyyət haqqında planlarımızı müəyyən edəcəyik.
Bir daha demək istəyirəm ki, bu əlaqələr müxtəlif sahələri əhatə edir. Əminəm ki, hər bir istiqamətdə gözəl nəticələr olacaqdır. Bir daha xoş gəlmisiniz!”.
Türkiyə Prezidenti Abdullah Gül səmimi qəbula görə minnətdarlığını bildirərək deyib: “Sağ olun. Təşəkkür edirəm. Hörmətli qardaşım İlham Əliyevin dəvəti ilə bu səfəri həyata keçirməkdən böyük bir məmnunluq hissi duyuruq. Biz əslində öz vətənimizdə, ölkəmizdə, öz qardaşlarımızın arasındayıq. Azərbaycan ilə Türkiyə arasında dostluq-qardaşlıq münasibətləri, hamımızın bir millət olmaq ruhuna bağlılığımız hər şeydən əhəmiyyətlidir. Bugünkü təkbətək görüşümüzdə bütün bunları nəzərdən keçirdik, məsləhətləşdik. Siyasi-iqtisadi məsələləri, regionla bağlı təhlükəsizlik məsələlərini Sizinlə bərabər müzakirə etmək çox faydalı oldu. Bu mövzularda Sizinlə artıq vaxtaşırı fikir mübadiləsi aparmışıq. Türkiyə ilə Azərbaycan arasında münasibətləri adi protokol münasibətlərindən kənar görürük. Tez-tez görüşməyimizin, vaxtaşırı müzakirələr aparmağımızın həm xalqlarımız üçün böyük faydası olacaq, həm də bütün bölgəmizdə hər kəs görəcəkdir ki, Türkiyə ilə Azərbaycan daim hər sahədə çiyin-çiyinədir. Bu baxımdan bu səfərin çox faydalı olacağına inanıram. Belə isti avqust ayında bu səfəri həyata keçirdik. Qışda da Azərbaycana çox səfər etdik. Xəzərin küləkli, dalğalı olduğu vaxtlarda da yığıncaq keçirdik, görüşdük. Amma bugünkü görüşümüzün, nazirlərimizin öz aralarındakı görüşlərinin çox faydalı olacağına inanıram”.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Abdullah Gül “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”ni imzalayıblar.
Avqustun 16-da sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün mətbuat konfransı olub.
Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış edərək deyib ki, səfər nəticəsində əldə edilmiş razılaşmalar Türkiyə ilə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətlərinin inkişafı üçün çox mühüm rol oynayacaq: “Bizim dostluğumuzun, qardaşlığımızın böyük tarixi keçmişi vardır. Əsrlər boyu xalqlarımız bir yerdə, dostluq-qardaşlıq şəraitində yaşamışlar, həmişə bir-birinə dəstək olmuşlar. Bu gün ölkələrimiz arasındakı əlaqələr ən yüksək səviyyədədir. Bu əlaqələrin xüsusi əhəmiyyəti vardır və əlaqələrimiz bütün sahələri əhatə edir. Siyasi, iqtisadi, mədəni sahələrdə - bütün sahələrdə aramızda çox ciddi iş birliyi, əməkdaşlıq aparılır və bütün istiqamətlərdə yaxşı nəticələr vardır”.
Dövlətimizin başçısı İlham Əliyev vurğulayıb ki, imzalanmış strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə böyük tarixi əhəmiyyətə malik olan bir sənəddir: “Bu müqavilə gələcək fəaliyyətimizi müəyyən edir və bundan sonra, onilliklər ərzində Türkiyə ilə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətlərini müəyyən edəcəkdir. Qeyd etdiyim kimi, əlaqələrimiz çoxşaxəlidir, bütün sahələri əhatə edir. Bu gün biz Sizinlə iqtisadi və siyasi sahədəki əməkdaşlığımızı müzakirə etdik. Bu yaxınlarda Türkiyə-Azərbaycan biznes forumunun keçirilməsi iqtisadi sahədə çox mühüm bir hadisə idi. Biz nəinki qarşılıqlı yatırımların həcmini artırırıq, eyni zamanda, artıq üçüncü ölkələrdə birgə sərmayə qoyuluşu haqqında ciddi fikir mübadiləsi aparırıq və əminəm ki, bu sahədə yaxşı nəticələr ola bilər”.
Prezident İlham Əliyev söyləyib ki, bütövlükdə türk dünyasının birləşməsi üçün Türkiyə-Azərbaycan əlaqələrinin xüsusi yeri var: “Biz bütün başqa sahələrdə qardaş, dost kimi əməkdaşlıq edirik, iş birliyi aparırıq. Bu, bizim strateji xəttimizdir. Dahi liderlərimiz bu yolu bizə göstəriblər. Böyük öndər Mustafa Kamal Atatürkün kəlamı yadıma düşür. O, demişdir ki, Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir ki, Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir. Bax, bu kəlamlar bizə yol göstərir və bu yolda biz çiyin-çiyinə irəliləyirik və böyük zirvələri fəth edirik. Mən əminəm və şübhə etmirəm ki, bundan sonrakı dövrdə də həmişə olduğu kimi, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr yüksələn xətlə inkişaf edəcəkdir”.
Dövlətimizin başçısı İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi haqqında da məlumat verib: “Müzakirə etdiyimiz məsələlər arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də var idi. Bu barədə də biz çox geniş danışdıq və fikir mübadiləsi apardıq. Bildiyiniz kimi, uzun illər ərzində Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından didərgin salınıbdır, qaçqın-köçkün vəziyyətində yaşayır. Azərbaycanlılara qarşı Ermənistan tərəfindən etnik təmizləmə siyasəti aparılmışdır, bütün beynəlxalq hüquq normaları pozulmuşdur. Beynəlxalq təşkilatlar - BMT, Avropa Şurası, ATƏT, İslam Konfransı Təşkilatı, Avropa Parlamenti məsələnin həlli ilə bağlı çoxsaylı qətnamələr, qərarlar qəbul etmişdir və onların hamısı Azərbaycanın ərazi bütövlüyünün bərpasını qeyd-şərtsiz tələb edir. Əfsuslar olsun ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi məsələnin həlli üçün imkan yaratmır. Ancaq Azərbaycan bundan sonra da ərazi bütövlüyünün bərpası üçün bütün lazımi tədbirləri görəcək, öz siyasi və diplomatik səylərini artıracaqdır. Əminəm ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır”.
Türkiyə Prezidenti Abdullah Gül bəyanatla çıxış edərək deyib ki, özümüzü evimizdə hiss edirik: “Azərbaycana nə zaman gəlsək daim bu hissləri yaşamışıq və hər gəlişimizdə Azərbaycanın inkişaf etdiyini, gücləndiyini, daha da irəliyə parladığını görmək bizi xoşbəxt etməkdədir. Sizin də dediyiniz kimi, biz bir millətin ayrı-ayrı iki dövlətiyik. Bu iki ayrı dövlətin bir millət anlayışına uyğun şəkildə həmrəylik, əməkdaşlıq və qardaşlıq hissləri ilə dolu olması vacibdir”.
Prezident Abdullah Gül söyləyib ki, imzalanan strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqaviləyə müvafiq olaraq həmrəyliyimizi gücləndirərək inkişaf etdirəcəyik: “Qafqazın sabit və təhlükəsiz bir bölgə olması üçün həyata keçirilməli olan tədbirlər barədə bu gün yenə ətraflı müzakirələr apardıq. Dağlıq Qarabağ probleminin həlli, Azərbaycanın işğal altındakı torpaqlarında işğalın sona çatdırılması - bütün bunların Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını müzakirə etdik. Bunu müzakirə edərək, qısa müddət ərzində bu problemin həllinin zəruri olduğuna inanırıq. Milyonlarla köçkünün, qaçqının çox çətin şəraitdə yaşadığını bilirik. Əslində bütün dünya bu həqiqəti görməlidir. Uzun illərdir, 18 ildir ki, dünyada bu problemə kifayət qədər diqqət yetirilmədi. ümid edirik ki, artıq bunun da zamanı gəlib çatmışdır və bütün bu məsələlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəkdir. Bu istiqamətdə fəaliyyətimizə və müzakirələrimizə davam edəcəyik. çünki bu məsələni dondurulmuş şəkildə saxlamaq doğru deyildir”.
Sonra dövlət başçıları jurnalistlərin suallarını cavablandırıblar.
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 20:34
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
İqtisadiyyat
26 Avqust 18:10
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Mədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58

