Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Əhalinin gəlirləri artmaqda davam edir

Əhalinin gəlirləri artmaqda davam edir

21.08.2010 [09:58]

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təmkinli, qətiyyətli, çevik və düşünülmüş iqtisadi strategiya nəticəsində sosial islahatların miqyası daha da genişlənib və əhalinin rifah halının yaxşılaşması bu siyasətin əsas məzmununu təşkil edib
Azərbaycanda davam edən iqtisadi inkişaf 2010-cu ilin ötən yeddi ayı ərzində daha da sürətlənib və bütün makroiqtisadi sahələrdə artım meylləri müşahidə olunub. Qeyd olunan dövrdə respublikamızda ümumi daxili məhsul (üDM) istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artaraq 23,2 milyard manata çatıb. Milli məhsulun hər nəfərə düşən həcmi isə 2600 manat (3235,5 dollar) təşkil edib. üDM-in strukturunda əsas yer sənaye bölməsinin payına düşüb. Sənaye məhsulunun çəkisi milli məhsulda 56 faizə yaxın olub. Bu tendensiya bir daha respublikamızda sənaye sektorunun yüksək inkişaf mərhələsinə daxil olduğunu və Azərbaycanın bölgədə sənaye ölkəsinə çevrildiyini təsdiqləyir.
ötən yeddi ay ərzində ölkəmizin iqtisadi inkişafında qeyri-neft sektoru xüsusi rol oynayıb. Bu sahədə məhsul istehsalının artım tempi neft bölməsi ilə müqayisədə 2 dəfə artıq olub. Belə ki, neft sektorunda artım dinamikası 2,3 faiz təşkil etdiyi halda, qeyri-neft bölməsində bu rəqəm 4,2 faizi ötüb. Onu da qeyd edək ki, bu müddət ərzində neftdən kənar sahələrə yönəldilən sərmayələrin həcmi də əhəmiyyətli dərəcədə artıb. Həm yerli, həm də xarici investorların qeyri-neft sektorundakı müxtəlif layihələrə böyük həcmdə sərmayə yatırmaları həmin sahənin inkişafını daha da stimullaşdırıb. Məsələn, hesabat dövründə ölkəmizə daxil olan 3,4 milyard dollar məbləğində xarici investisiyanın böyük bir hissəsi, yəni 2 milyard dolları qeyri-neft sektoruna yönəldilib. ümumiyyətlə, Azərbaycanda həyata keçirilən inkişaf və modernləşdirmə strategiyası respublikamızda iqtisadiyyatın artım dinamikasının davamlılığına və sosial inkişafın təmin edilməsinə səbəb olub. ölkəmizdə investisiya sahəsində həyata keçirilən tədbirlər bu bölmədə sərmayə cəlbediciliyinin yüksəldilməsinə impuls verib. Azərbaycanda iqtisadi fəallıq artmaqda davam edib və bu amil sərmayə proqramlarının davamlılığını təmin etmiş olub. ümumilikdə, ölkə iqtisadiyyatına yatırılan sərmayələrin 1,5 milyard dolları birbaşa investisiya qoyuluşlarından ibarət olub. Sərmayələrin 1,9 milyard dolları isə kreditlər və digər investisiyalar şəklində yönəldilib.
Azərbaycan iqtisadiyyatının sürətli inkişafı əhalinin gəlirlərinin artmasında da mühüm rol oynayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təmkinli, qətiyyətli, çevik və düşünülmüş iqtisadi strategiya nəticəsində sosial islahatların miqyası daha da genişlənib və əhalinin rifah halının yaxşılaşması bu siyasətin əsas məzmununu təşkil edib. Bu strategiya ötən dövr ərzində iqtisadi sahələrdə çalışan insanların pul gəlirlərinin artımı ilə yanaşı, sosial bölmələrdə təmsil olunan vətəndaşların rifah halının yaxşılaşmasına impuls verib. 2010-cu ilin yanvar-iyul aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 9,3 faiz artaraq 13,6 milyard manata, hər nəfərə düşən gəlirlər isə 8 faiz artaraq 1527,4 manata çatıb. Bu dövrdə hər ay adambaşına orta hesabla 218,2 manat (271,6 dollar) məbləğində gəlir düşüb ki, bu da 2009-cu ildəkindən 16,2 manat çoxdur.
Onu da qeyd edək ki, özəl bölmədə muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-iyul aylarında 5,3 faiz artaraq 316,3 manata çatsa da, digər bölmələrdə daha yüksək əmək haqqı artımı qeydə alınıb. Məsələn, sənaye, tikinti, nəqliyyat və digər sahələrdə əhalinin gəlirləri daha çox artıma məruz qalıb. Həmin sahələrdə işləyənlərin orta aylıq əmək haqqı 450-500 manat civarında olub. Tikinti sektorunda bu rəqəm 497 manat təşkil edib. Bu, ötən illə müqayisədə təxminən 12 faiz artım deməkdir. Əhalinin gəlirlərinin artım tempini ötən müddətdə istehlak bazarındakı qiymət indeksləri ilə müqayisə etdikdə, vətəndaşların hər ay sosial vəziyyətinin yaxşılaşması dinamikasını görmək olar. Məsələn, əhalinin adambaşına düşən gəlirləri 9,3 faiz artıb, inflyasiya isə 4 faiz təşkil edib. Bu isə əhalinin gəlirlərinin qiymət indeksi ilə nisbətdə 2 dəfə çox olmasının müqabilində sosial şəraitin yaxşılaşmasını şərtləndirir. Yəni, vətəndaşların gəlirlərinin artım tempi inflyasiyanı qabaqlayır və bu da sosial rifahın yaxşılaşması üçün əlavə stimul vermiş olur.
Yeri gəlmişkən, iyul ayında iyun ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,2 faiz, o cümlədən, ərzaq məhsullarının qiymətləri 0,7 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb. Əhalinin gəlirlərinin artması onların zəruri istehlak xərclərindən başqa digər sahələrə də pul xərcləməsi, eyni zamanda, əlavə gəlirlərini banklara yerləşdirməsinə imkan yaradıb. Belə ki, vətəndaşlar əldə etdikləri gəlirlərin 70,2 faizini son istehlak xərclərinə, 9,5 faizini vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf ediblər, qalan gəlirlər isə (18,6 faiz) kapital və əmanətlərin artırılmasına yönəldilib. ölkə əhalisinin ötən illə müqayisədə bu ilin müvafiq dövründə banklara yerləşdirdiyi əmanətlərinin həcmi 32,4 faiz artıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bazar iqtisadiyyatının inkişafı üçün bütün praktiki tədbirlər görülür və kompleks tədbirlərin davamlılığı respublikamızın iqtisadi gücünü artırmaqdadır. Həyata keçirilən düşünülmüş iqtisadi siyasət, liberallaşmanın struktur və keyfiyyət baxımından dərinləşməsi, rəqabət qabiliyyətinin təmin olunması, iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, əhalinin sosial rifahının yaxşılaşması ilə bağlı kompleks islahatlar ölkəmizin tərəqqisində yeni-yeni imkanlar açır.
Elbrus CƏFƏRLİ

Paylaş:
Baxılıb: 1099 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Sosial

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30